Məhkəmə qərarları › İş №2-2(104)-121/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-121/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-121/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-140/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-140/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqı olmaqla, cəmi 100500 manat məbləğində pul və 390,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 19,50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinie-2-2(115)-140/2025 saylı, xx.xx.2025-ci il qətnaməsini tam ləğv edərək, İddiaçı tərəfindən ona qarşı verilmiş “pul tələbinə” dair iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14166,66 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), Hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının, ödənilmiş 405 (dörd yüz beş ) manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 114 677 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli Borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 22 avqust 2021ci il tarixi qeyd edilsə də Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra edilməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi və 02 may 2024-cü il tarixində yazılı xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh 3 il ərzində hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. İddia ərizəsi verilən tarixə 22 iyun 2021-ci il tarixli Borc müqaviləsi üzrə cavabdehin öhdəliyi 100000 manat, eləcə də AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən 22 avqust 2021-ci il tarixdən hazırki tarixə kimi hesablanmış 14166,66 (on dörd min yüz altmış altı manat 66 qəpik) manat faiz borcu (əldən çıxmış fayda) təşkil edir (Hesablama: 100000x5%=5000/12=416,66x34=14166,66 manat). Maliyyə xəbərləri sahəsində ixtisaslaşmış “banko.az” və “marja.az” xəbər səhifələrindən əldə etdiyi məlumata əsasən müvafiq dövr üçün yəni 2021-2024-cü illər arasında Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların əmanət müqavilələri üzrə təklif etdiyi müddətin sonunda hesablanan faiz dərəcələri illik 5,5-10,5 faiz dərəcələri arasında dəyişir. Hesab edirlər ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 22 avqust 2021-ci il tarixdən hazırki tarixə kimi hesablanmış 14166,66 (on dörd min yüz altmış altı manat 66 qəpik) manat faiz borcunun tərəfimizdən tələb edilməsi əsaslı və ədalətlidir. Belə ki, cavabdeh tərəfindən borc məbləğindən 34 ay ərzində heç bir ödəniş edilməmişdir. Həmin vəsait bu dövrlər ərzində bankların birində əmanət hesabında qoyulduğu halda 14166,66 manat məbləğindən daha çox gəlir əldə etmək olardı. Eyni zamanda iddiaçı tərəfindən əlavə xərclər kimi Hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 500 (beş yüz) manat xidmət haqqı və məhkəməyə iddia ərizəsi vermək üçün 405 (dörd yüz beş) manat dövlət rüsumu ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2(013)-1887/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-1887/2024 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək, 22 iyun 2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), Hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 407 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 117156,74 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmə tərəfindən işin icraatı kobud prosessual pozuntuya yol verilərək aparılmışdır. Belə ki, İddiaçı tərəfindən ona qarşı verilmiş pul tələbinə dair iddia ərizəsində Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Hazırki işin kommersiya mübahisəsi olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3ci maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, məhkəmənin dəftərxanasına poçt vasitəsilə daxil olmuşdur. Bundan başqa, hazırki iddia ərizəsində cavabdehlə, yəni onunla mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, hazırki iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı göstərməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdehə, yəni ona göndərilməsini, həmçinin həmin sənədlərin cavabdeh tərəfindən alınmasını (cavabdehə çatdırılmasını) təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-cimaddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Lakin məhkəmə tərəfindən qeyd edilən xüsusatlar nəzərə alınmayaraq iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edərək baxmış və iş üzrə yekun qərar qəbul etmişdir. İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş pul tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində göstərilən 100000 (bir yüz min manat) manat məbləğində pul onun tərəfindən alınmayıb. Qəbzdə olan imza ona məxsus deyil, qəbz saxtadır. Birinci instansiya məhkəməsi zamanı bu fakt məhkəmənin diqqətinə çatdırılsa da, lakin məhkəməyə nəinki bunu araşdırmamış, bu məsələyə heç bir hüquqi mövqe bildirməmişdir. İş üzrə ekspertiza təyin etməklə bunu müəyyən etmək olar. Əgər bu hal müəyyən edilmiş olsa o zaman onun iddiaçıya heç bir borcunun olmadığı açıq-aşkar öz əksini tapmış olacaqdır. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, həmin tarixdə eyni notariat kontorunda iddiaçı ilə aralarında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğı-satqısı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə iddiaçı öz təsis payını 200000 (iki yüz min manat) manata ona satmışdır. Müqavilə üzrə iddiaçıya 100000 manatı ödəmiş, qalan 100000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirilmişdir. Lakin sonradan "xxxx" BOKT MMC-nin fəaliyyətində müəyyən qanunsuzluqlar olduğundan lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilmişdir. Bununla bağlı Baş Prokurorluğa müraciət edilmiş və iddiaçı ona heç bir narahatçılığın olmamasını, tezliklə işləri yoluna qoyacağını bildirmişdir. Lakin bu vaxta qədər hələ də məsələ öz həllini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd etmiş olduğu xüsusatı ətraflı şəkildə araşdırmamış, məsələyə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilmiş hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə maksimum formada ədalətli mövqeyi qanuni əsaslarla ortaya qoymağı məqsədə müvafiq hesab edir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtləri pozmaqla hazırki iş üzrə qanussuz və əsassız bir qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, İddiaçı tərəfindən ona qarşı verilmiş “pul tələbinə” dair iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixə saat 12:30 təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirsə də, izahatında göstərdi ki, "xxxx" BOKT MMC-dəki təsisçi paylarının 200 000 manata alğı-satqısı ilə bağlı iddiaçı ilə razılığa gəlmiş, MMCdəki təsisçi paylarının alğı-satqısı ona yaxın adamlarla bağlanmış və həmin paylara görə 100 000 manat ödənilmiş, qalan 100 000 manatın isə iki ay müddətində ödəlicəyi ilə bağlı razılıq əldə olunmuş, bu məqsədlə onunla iddiaçı arasında iddiaçıdan 100 000 manat borc alması ilə bağlı kredit müqaviləsi bağlanmışdır. Lakin iddiaçı ona hansısa məbləğdə borc verməmişdir. Həmin məbləği notariat ofisinin depozit hesabına iddiaçı yox, o özü qoymuş, daha sonra həmin məbləği notariat ofisinin depozit hesabından özü qəbul etmişdir. "xxxx" BOKT MMC-nin alğı-satqısına görə razılaşdıqları məbləğin 100 000 manat hissəsini borc kimi sənədləşdirilməsinin səbəbi alğı-satqıdan sonra MMC-nin maliyyə vəziyətini audit yoxlaması təşkil etdirməklə yoxlamaq olmuşdur. "xxxx" BOKT MMC-nin alğı-satqısına dair müqavilə bağlandıqdan sonra audit yoxlaması təşkil edilmiş, audit yoxlaması nəticəsində MMC-nin fəaliyyətində maliyyə pozuntularının olduğu müəyyən edilmiş, bu səbəbdən də MMC-nin lisenziyası alğı-satqıdan sonra xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Ona görə də hesab edir ki, həmin məbləğ iddiaçıya ödənilməməlidir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir, cavabdeh isə həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdiyindən həmin qətnamənin əsaslılığı şikayətin dəlilləri həddində, maddi və prosessual hüquq normalarına riayət edilməsi isə tam şəkildə yoxlnılır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100000 manat məbləğində borc pul verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğısatqısı müqaviləsi ilə bağlı notariat işindən görünür ki, İddiaçı 23 iyun 2021-ci il tarixli təsis payının alğı-satqısı barədə müqaviləyə əsasən "xxxx" BOKT MMC-də olan 88.1% təsis payının 21.1%-ni 21100 manata X5, 34%-ni 34000 manata X3, 33%-ni isə 33000 manata X6, X7 "xxxx" BOKT MMC-də olan 11.9% payını isə X5 11900 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi X10 iclasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə “X13 Kredit Təşkilatı” MMCyə kreditlərin verilməsinin həyata keçirilməsi üçün verilmiş xx.xx.2011-ci il tarixli BKT-8 nömrəli lisenziyası ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli Borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 22 avqust 2021-ci il tarixi qeyd edilsə də Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra edilməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi və 02 may 2024-cü il tarixində yazılı xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh 3 il ərzində hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh şikayətinin dəlillərində "xxxx" BOKT MMC-ni iddiaçıdan 200 000 manata aldığını göstərmiş olsa da, iş materiallarındakı alğısatqı müqavilələrindən "xxxx" BOKT MMC-nin təsisçiləri İddiaçı 23 iyun 2021-ci il tarixli təsis payının alğı-satqısı barədə müqaviləyə əsasən "xxxx" BOKT MMC-də olan 88.1% təsis payının 21.1%-ni 21100 manata X5, 34%-ni 34000 manata X3, 33%-ni isə 33000 manata X6, digər təsisçi X2 "xxxx" BOKT MMC-də olan 11.9% payını X5 11900 manata satdığı müəyyən olunur. Yəni məhkımıyə təqdim olunmuş sübutlarla "xxxx" BOKT MMCnin təsisçiləri tərəfindən təsis paylarının iş ürə cavabdehə satıldığı müəyyən olunmur. Cavabdehin özü də həmin xüsusatla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100000 manat məbləğində borc pul verilmişdir. Həm iddiaçının nümayəndəsi tərəfindən, həm də məhkəmə tərəfindən sorğu verilib əldə olunmuş 22 iyun 2021-ci il tarixli kredit müqaviləsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 100000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh borc verilməsi məqsədilə notariusun depozit hesabına qoyulmuş və həmin pul məbləği notariusun depozit hesabına qəbul edilmiş və cavabdeh həmin pulu almışdır. Borc müqaviləsi üzrə öhdəlik iddiaçı tərəfindən tam icra edilmiş, borc müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqaviləyə əsasən xx.xx.2021ci il tarixədək ödənilməli borc məbləğini ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh 100000 manat bоrcu olduğu təsdiq edilir. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında 100000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmadığını, həmin tarixdə eyni notariat kontorunda iddiaçı ilə cavabdeh arasında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alğı-satqısı müqaviləsi bağlanıldığını, iddiaçı öz təsis payını 200000 manata cavabdehə satdığını, cavabdehin 100000 manatı ödədiyini, qalan 100000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirildiyini və kredit müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bununla bağlı halları sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçının "xxxx" BOKT MMCdə olan təsis payının alğı-satqısı müqaviləsi ilə bağlı notariat işi tələb olunmuşdur. Həmin notariat işindən məlum olmuşdur ki, İddiaçı 23 iyun 2021-ci il tarixli təsis payının alğısatqısı barədə müqaviləyə əsasən "xxxx" BOKT MMC-də olan 88.1% təsis payının 21.1%ni 21100 manata X5, 34%-ni 34000 manata X3, 33%-ni isə 33000 manata X6, X7 "xxxx" BOKT MMC-də olan 11.9% payını isə X5 11900 manata satmışdır. Həmin müqavilə üzrə cavabdeh hər hansı bir tərəf olmamışdır. Cavabdehin nümayəndəsi həmin müqavilənin cavabdeh tərəfindən maliyyələşdirilməsini bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırki işdə də iddianın predmetini 22 iyun 2021-ci il tarixli borc müqaviləsi təşkil edir. Məhkəmə həmin müqavilənin şərtləri çərçivəsində işi araşdıraraq hesab edir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini borc olaraq cavabdehə vermiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə aldığı borc məbləğini iddiaçıya qaytarmamışdır. Digər hallarla bağlı məsələ isə işin araşdırılması zamanı öz təsdiqini tapmamış və cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də iddia tələbinin həcminin artırılması barədə ərizədə borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 16249,74 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Tərəflər arasında borc müqaviləsi bağlanarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin redaksiyasında göstərilirdi ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsində isə göstərilirdi ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin aldığı kredit borcunu qaytarmadığı məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda) tutulması hissəsində təmin etməmiş, iddiaçı da həmin hissədə iddianı mübahisələndirmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddia ərizəsi MPM-in 10, 149 və 150-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul edərək baxmış və iş üzrə yekun qərar qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işdən görünür ki, iddia ərizəsi MPM-in 10-1.1-ci maddəsinə uyğun olaraq elektron qaydada verilmiş, iddia ərizəsinə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Bundan başqa kommersiya işlərində mediasiyanın tətbiqi imperativ norma olmadığıdan və müqavilədə mediasiya sessiayasından keçmək nəzərdə tutulmağıdan birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Bundan başqa apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi qəbzlərdə olan imzaların cavabdehə məxsus olub-olmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qəbzdəki imzanın ona məxsus olmadığını, qəbzin saxta olduğunu göstərmiş olsa da, apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında notariat ofisinin depozit hesabından 100 000 manat pul götürdüyünü etiraf etdiyindən, lakin həmin pul məbləğinin notariat ofisinin depozit hesabına onun tərəfindən qoyulduğu iş materialları ilə təsdiqini tapmadığına görə kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi notariat ofisində bağlanmaqla borc verənin və borcalanın hüquqları və vəzifələri onlara izah edilmiş, müqavilənin mətnində cavabdehin göstərdiklərini təsdiq edəcək bənd müəyyən edilməmiş, cavabdeh özü də məhkəməyə həmin müqavilənin etibarlılığını şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında bağlanmış 100 000 manat borc pul verilməsinə dair xx.xx.2021-ci il tarixli kredit müqaviləsini etibarlı əqd kimi qəbul edir. Kollegiya həm də qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə Cavabdeh "xxxx" BOKT MMC-dəki təsisçilik paylarının alğı-satqısına dair müqavilələrdə müqavilə tərəfi olmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-140/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar