Məhkəmə qərarları › İş №2-2(104)-123/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-123/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-123/2023 07.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 2315 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 13735 manat 22 qəpik borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat 68 qəpik dövlət rüsumu və 30 manat 77 qəpik xidmət haqqı olmaqla, 46 manat 45 qəpik xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 200 manat rüsumun, AB Consulting MMC-ə ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245.8 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 800842-768040/1 nömrəli kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 2315 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 13735 manat 22 qəpik kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat 68 qəpik dövlət rüsumunun və 30 manat 77 qəpik xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərci və iş üzrə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 300 manat pulun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 tam mülkiyyətində olan Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi ilə birgə 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərracdan satılması, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiymətinin 55000 (əlli beş min) manat həddində müəyyən edilsməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh2 131 manat 20 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan 23 sentyabr 2019-cu il tarixli 800842-768040/1 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 20000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli, 800842-768040/1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi 0.128 ha torpaq sahəsi ilə birgə banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 44000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və 0.128 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və 0.128 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 800/800/0809/2021 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 800842-768040/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 11419,98 manat əsas, 2315,24 manat faiz bоrcu olmaqla, ümumilikdə 13735,22 manat bоrcu vardır. İş materiallarında "xxxx" xx.xx.2022-ci il tarixli 280/E13/22 saylı rəyindən görünür ki, Cavabdeh3 məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən 0.128 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar (likvid dəyəri) 55000 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmeti olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.128 ha torpaq sahəsində olan 245.8 kvm fərdi yaşayış evinə tutumanın yönəldilməsi hissəsində ləğv edilməsi, ipoteka predmetinin orta bazar qiymətinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizaya göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, onun ödənişləri normal olmuş, lakin pandemiya dövrü ilə əlaqədar borcunu ödəmək mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı bir neçə ailənini yaşadığı ipoteka ilə yüklü edilmiş əmlakın satışın tələb etmiş, məhkəmə isə iddianı təmin etmişdir. O və digər cavabdehlər onun mülkiyyətində olan evi satılaraq borcun ödənilməsi hissəsindən narazıdırlar və qətnamənin həmin hissədə ləğv edilməsini tələb edirlər. Həmin evdə o nəvələri və övladalrı ilə birlikdə yaşayır. Belə olan halda onların da mənzil hüquqları pozulmuş olur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023cü il tarixli, e-2-2(115)-40/2023 saylı qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni tutmanının ipoteka predmetinə yönəldilməsinin təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Hazırkı işə görə də 23 sentyabr 2019-cu il tarixli, 800842-768040/1 saylı ipoteka müqaviləsinə əsaəsn Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi 0.128 ha torpaq sahəsi ilə birgə ipotekaya qoymuşdur ki, iddiaçının da əsas öhdəliyin icra edilməməsi səbəbindən tələbinin ipoteka ptedmetinə tutmanın yönəldilməsi ilə təmin edilməsini tələb etmək hüququ mövcud olmuşdur. Cavbdehin və onun ailə üzvlərinin başqa yaşayış evinin olmaması əsası isə iddiaçının tələbinin ipoteka ptedmetinə tutmanın yönəldilməsi ilə təmin edilməsini tələb etmək hüququnu istisna etməməkdədir. İpotek predmetinin ilkin satış qiymtəinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, tərəflər arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 800842-768040/1 saylı sonrakı ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 44.000 manat dəyərində qiymətləndirilsə də, Gəncə Kommersiya Məhkəməsi öz təşəbbüsü ilə əmlakın qiymətləndirilməsini yenidən həyata keçirmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 280/E13/22 saylı mütəxəssis rəyi ilə ipoteka predmetinin hazırkı bazar (likvid dəyəri) dəyərinin 55000 manat məbləğində olması müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavadbeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(115)-40/2023 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar