Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-124/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə \ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-66/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Cavabdehlə Gəncə-Bazar ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə və ona əlavəyə əsasən ünvan 1 ünvanda yerləşən 4100 kv.m qeyri-yaşayış sahəsini 10000 manata icarəyə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 23/11-10 nömrəli subicarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən bazar ərazisindən 1 il müddətinə 60 manat icarə haqqı müqabilində 30 kv.m ərazi iddiaçının icarəsinə verilmişdir. İcarə müddəti bitdikdən sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixdə 23/11-9 nömrəli subicarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanda olan ərazidən 1 il müddətinə 180 manat icarə haqqı müqabilində 90 kv.m ərazi iddiaçının icarəsinə verilmişdir. Cavabdeh tərəfoindən iddiaçıya icarə haqqı ilə bağlı elektron qaimələr verilmiş və qaimələrdə icarə haqqının məbləğləri dövrə uyğun 60 və 180 manat məbləğində göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulan 30000 manat zərərin, 325 manat vəkilə ödədiyi məbləğin, bundan əlavə olaraq ödədiyi 180 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qadın paltarlarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ildə Gəncə Qalası adı altında fəaliyyətə başlayan ticarət mərkəzində qadın paltarlanın alqı-satqısı ilə məşğul olmaq məqsədilə hamı kimi ticarət mərkəzinin müdiriyyətinə müraciət etmişdir. Beləliklə, o 2022-ci ilin may ayının əvvəlində fəaliyyətə başlamış və xx.xx.2022-ci il tarixdə 23/11-10 saylı subicarə müqaviləsi bağlayaraq 60 m2 lik 2-ci mərtəbədə olan yerini rəsmiləşdirmişdir. Müqavilə müddəti bitməsinə təxmini 1 ay qalmış icarəyə verən ona bildirmişdir ki, bu hissəni başqa məqsəd üçün istifadə edəcəklər, onlara aşağı mərtəbədən yer verəcəyik, oranı təmir etdirib orada satışı davam etdirsin. O, 2-ci mərtəbəni icarəyə götürən zaman təxmini 3000 (üç min) manat civarında həmin yerin təmirinə pul xərcləmişdir, bundan əlavə olaraq, icarə müqaviləsində aylıq 60 manat rəsmi icarə haqqı verəcəyi göstərilsə də, ayda 500-750 manat aralığıda icarə haqqı ödəmişdir. Onlar ona aşağı mərtəbəyə düşməyini bildirdikdə, irad bildirmişdir ki, o bura bu qədər xərc çəkmişdir, indi də aşağını təmir etdirməlidir. Onlar ona bildirmişdilər ki, icarə müqavilənin vaxtı 1 aya bitir, istəmirsənsə çıx. Belə olan halda onun kifayət qədər əlində malı olduğu üçün o, məcbur olub onlarla razılaşmışdır. Beləliklə, o, həmin ərəfədə 7000 (yeddi min) manat kredit götürmüş və həmin hissəni təmir etdirmişdir. Sonra xx.xx.2023-cü il tarixdə 23/11-9 saylı subicarə müqaviləsi bağlayaraq 90 m2 -lik 1-ci mərtəbədə yer götürərək fəaliyyətini davam etdirməyə başlamışdır. İcarə müqaviləsində aylıq 180 manat rəsmi icarə haqqı verəcəyi göstərilsə də, ayda 1800-2000 manat aralığıda icarə haqqı ödəmişdir. Bir neçə ay işlədikdən sonra, ona bildirmişlər ki, aşağı mərtəbənin hamısını, təxmini 520 m2 lik bir ərazini götürməlidir, ya da ki, malını yığışdırıb çıxmalıdır. O, onlara bildirmişdir ki, icarə müqaviləsinin müddəti bitəndə çıxacaq. Lakin cavabdeh tərəf ona bildirdi ki, 1 gün müddətində çıxmalıdır. Belə olan halda o, onlara bildirdi ki, ona təxmini 10 gün müddət versinlər, yer tapsın və mallarını çıxarsın. Beləliklə, o, aprel ayının 4-də başqa yer tapmış və cavabdeh tərəfə bildirmişdir ki, yer tapmışdır, bir neçə günlük orda iş var, oranı düzəldərək mallarını çıxardacaqdır. 1 gün sonra, yəni aprel ayının 5-də ona bildirmişlər ki, ya malını çıxartmalısan, ya da mallarını çölə tökəcəklər. Onların icarə müqaviləsi olduğundan və cavabdeh tərəfindən ona hər hansı bildiriş verilmədiyindən arxayın olaraq, tapdığı yeni ərazini təmir edərək, vitirinləri düzəldərək 2 günə çıxacağını planlaşdırmış və bu barədə qarşı tərəfə məlumat vermişdir. Sonra o, yeni tapdığı dükanda düzəliş işləri (virinin yığılması) ilə məşğul olmağa başlamış və işləyən zaman yıxılmış və başından xəsarət almışdır. Onu Bakı Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Ona görə o, həmin gün gedib mallarını çıxarda bilməmişdir. Bir neçə gündən sonra qardaşı onun mağazasına getmiş, gedən zaman mağazanın sökülməsini, mallarının isə yığılaraq bir küncə tökülməsini görmüşdür. Beləliklə, cavabdeh tərəf icarə müqaviləsini pozmadan və onun iştirakı olmadan onun mağazasını sökmüş və mallarını çölə tökmüşlər. Beləliklə, cavabdeh ona bu etdiyi qanunsuz əməlləri nəticəsində təxmini 30000 manat civarında ziyan vurmuşdur. O cavabdehə ona vurduğu zərərrin əvəzinin ödənilməsi üçün müraciət etsə də o, onun müraciətinə əhəmiyyət verməmişdir. İddiaçı tələbini dəqiqləşdirərək ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona vurulmuş olan 30000 manat zərərin 3000 (üç min) manatı iddia ərizəsində qeyd eldiyi kimi yuxarı yer üçün çəkdiyi xərc, 11000 (on bir min) manatı yuxarı yer üçün 60 manata icarə haqqı bağladığı halda hər ay 500-750 əlli manat ödənişlər elədiyindən əmələ gəlmişdir. 7000 (yeddi min) manat aşağı yerin düzəldilməsi üçün çəkdiyini xərcdir, 6650 (altı min altı yüz əlli) manatı aşağı yer üçün 180 manata icarə haqqı bağladığı, halda 4 ay müddətində artıq ödədiyi məbləğdir. 1350 (min üç yüz əlli) manatı onun icarəyə götürdüyü mağazanı öz başına dağıdaraq mallarını ortalığa tökmüşlər ki, mallarımdan təxmini bu qədər əksilik gəlmişdir. 1000 (min) manat isə ona vurulan mənəvi ziyandır. Ona görə də ümumilikdə cavabdehdən vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, 2023-cü ilin aprelindən ödəniş etsə də, ona ödəniş qəbzləri verilməmişdir. Əlavə olaraq kommunal xərcləri də ödəmişdir. Belə olan halda kifayət qədər əlində mal olduğu üçün məcbur olub onlarla razılaşmışdır. Obyektlərin təmirinə 2 dəfə xərc çəkmişdir. O, heç bir hesaba pul köçürməmişdir. Hər ayda icarə haqqını ödəmişdir və ona ödəniş qəbzi təqdim edilmişdir. 1-ci ay 1000 manat, 2-ci ay 1800 manat, 3-cü ay 2050 manat, 4-cü ay 1800 manat icarə haqqı ödəmişdir. Bundan başqa işıq sisteminə 2000 manat xərc çəkmişdir. İddiaçının nümayəndəsi və məhkəmə iclasında izahatımnda bildirmişdir ki, obyektlər boş vəziyyətdə iddiaçıya icarəyə verilmişdir. İddiaçı orada təmir-tikinti, quraşdırma işləri aparmışdır. İcarə müqaviləsinin müddəti bitməmiş ona demişlər ki, həmin yeri başqa şəxsə verəcəklər, oranı tərk eləsin. İddiaçı da işi ilə əlaqədar məcbur olub, 1-ci mərtəbədə yer icarəyə götürmüş və orada da təmir işləri aparmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, müqavilədəki şərtlərdəki kimi, qarşı tərəf orada asılqanları yerləşdirir, xidmət göstərilməsi üçün bəzi işləri görür. Bu isə təmir hesab olunmur. Çünki həmin obyekt əsaslı təmir olunmuşdur. Malların mağazadan kənara atılması da doğru deyil, əgər belə bir hal baş versəydi, qarşı tərəf polis orqanlarına məlumat verərdi. Bundan başqa qarşı tərəf 2023-cü ilin aprel ayından etibarən ödəniş etmir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-66/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia tələbi rədd edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2022-ci il tarixli, 23/11-10 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 2-ci mərtəbəsində icarə götürdüyü 30 kv.m obyektin təmirinə çəkmiş olduğu 3000 manat məbləğində xərcin və müqaviləyə əsasən aylıq 60 manat ödəməli olduğu halda aylıq 500-750 manat icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 11000 məbləğində pulun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi kəsici müddət tətbiq edilməklə həmin hissələrdə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən, iddiaçının və onun nümayəndəsinin izahatlardan göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2023cü il tarixədək müəyyən olunmuşdur. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən tərəflər arasında icarə hüquq münasibətlərinə xitam verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli yeni subicarə müqaviləsi bağlanılmış və iddiaçı ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 90 m2 olan obyekti icarəyə götürmüşdür. Mülki Məcəllənin 697.4-cü maddəsinin tələblərinə əsasən kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. İddiaçının xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavabdeh tərəfindən onun istifadəsinə verilmiş icarə obyektinə görə çəkdiyi xərc və icarə haqqının artıq ödənilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı tərəflər arasında kirayə hüquq münasibətlərinə xitam verildiyi andan, yəni xx.xx.2023-cü il tarixdən başlamışdır. Lakin iddiaçı cavabdehlə icarə hüquq münasibətlərinə xitam verildikdən təxminən 8 ay keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 1-ci mərtəbəsində icarə götürdüyü 90 m2 -lik obyektin təmirinə çəkmiş olduğu 7000 manat məbləğində xərcin, müqaviləyə əsasən aylıq 180 manat ödəməli olduğu halda 4 ay müddətinə icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 6650 manat məbləğində pulun və icarə götürdüyü obyektdən qanunsuz çıxarılması zamanı orada olan malların əksik gəlməsi nəticəsində vurulmuş 1350 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə də rədd edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 1-ci mərtəbəsində icarə götürdüyü 90 m2 -lik obyektin təmirinə 7000 manat məbləğində xərcin çəkilməsi ilə bağlı faktı sübuta yetirə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halları təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı müqaviləyə əsasən aylıq 180 manat ödəməli olduğu halda 4 ay müddətinə icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 6650 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etsə də, icarə haqqının artıq ödənilməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və qeyd etdiyi halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı öz izahatında bildirmişdir ki, müqavilədə icarə haqqı 180 manat göstərilsə də, əslində o cavabdehə aylıq 1800-2000 manat məbləğində icarə haqqı ödəmişdir. Lakin iddiaçı bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Eyni zamanda iddiaçı icarə götürdüyü obyektdən qanunsuz çıxarılması zamanı orada olan malların əksik gəlməsi nəticəsində vurulmuş 1350 manat məbləğində ziyanın ödənilməsini məhkəmədən xahiş etsə də, malların əksik gəlməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən mağazanın söküldüyünü, eyni zamanda ona məxsus malların yığılaraq çölə töküldüyünü və nəticədə həmin malların əksik gəlməsi nəticəsində ona maddi ziyan vurulduğunu bildirmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən həmin halı sübuteemə yükü iddiçının üzərinə düşməsinə baxmayaraq həmin halı sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki iş üzrə iddiaçı mənəvi ziyan tələbini cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən gərginlik və sarsıntı keçirməsi ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən, yəni məhz cavabdehin hərəkəti nəticəsində sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə də rədd edilməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 697.4, 700.1, 700.2, 700.3, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın tımin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin əsaslandırmasından ibarətdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Lakin iddiaçıdan icarə müqaviləsində göstəriləndən çox məbləğdə pul alınmışıdır. Bununla bağlı sübutları məhkəməyə təqdim etmişlər. İcarə müaviləsinin müddəti bitmədən onu qeyri-yaşayış sahəsindən çıxartmışlar. Video diskdən də görünür ki, bir necə şəxs mağaza bağlı olduğu halda mağazanın qapısı sındırılır və əşyalar çölə tökürlər. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Hüseyin müəllim ona bildirmişdir ki, obyektdən çıxmalısan. Mənə möhlət verilmədi və məni əsəbləşdirdiyi. O, çıxıb getmiş və sonrada yıxılmışdır. Ayılanda görmüşdür ki, Bakıda xəstəxanadadır. Xəstəxanada olduğiundan polisə müraciət edə bilməmişdir. O, orada reklam elanları düzltdirmişdir. Ona demişdirlər ki, işiqlı elanlar olmalıdır. Orada xərc çəkmişdir və hazırda da o əşyalarda cavabdehdə qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbinə etiraz edirlər. Tərəflər arasında müqavilə olmuş və iddiaçı icarə obyektində işləyərək müqavilədə göstərilmiş icarə haqqını ödəmişdir. Sonradan iddiaçıya təklif edilmişdir ki, daha böyük əraziyə köçsün və o, razılaşaraq böyük əraziyə küçmüşdür. Köçdüyü ərazi təmirli olmuşdur. O, asılqanları asmaq üçün divarda yerlər açmış və sonra da o yerləri düzəltmişdir. İddiaçı ilə münasibətlər pozuduqdan sonra iddiaçı xəstə olduğundan qardaşı və qohumları gələrək mağazanı boşaltmışlar. Əgər mağazaya tərəflərindən daxil olma halları olmuşdursa bununla bağlı iddiaçı polisə müraciət etməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; Maddə 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Maddə 677.2. Əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq, müqavilənin pozuntularına tətbiq edilmir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməninin ləğvini xahiş edir və yam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında subicarə müqaviləsindən irəli gələn münasibətlər formalaşmış, tərəflər arasında etibarlı müqavilə bağlanmışdır. Həqiqi hüquqi nəticə yaradan icarə müqaviləsi etibarsız olmamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında icarə müqavilələri bağlanmışdır. İcarə müqavilələrinə əsasən ilk dəfə aylıq icarə haqqqı 60 manat olan 30 kv.m və ikinci müqavilə ilə icarə haqqı 180 manat 90 kv.m qeyriyaşayış sahələri iddiaçının icarəsinə verilmişdir. Tərəflər arasında yaranmış hazırki mübahisə iddiaçının iddiasına görə ona vurulmuş maddi və mənəvi zərərlə bağlıdır. Belə ki, iddiaçının tələbinin əsaslandırılması aşağıdakılardan ibarətdir:
1. icarə haqlarının ondan müqavilədə göstərilənlərdən artıq alınması,
2. icarəyə götürülmüş sahəsinin təmirinə xərcin çəkilməsi,
3. müqavilə müddəti bitmədən icarəyə götürülmüş sahəsdən çıxarılması nəticəsində nəticəsində əmlakının məhv olması və ya itirilməsi,
4. iddiaçının ona qarşı olan hərkətlərinə görə mənəvi satsıntının keçirlməsi və mənəvi zərər çəkmədindən ibarətdir. İcarə haqqının müqavilədə göstərilənlərdən artıq ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış icarə müqavilələrinin dəyəri 60 və 180 manat təşkil etmişdir ki, iddiaçıdan artıq pulun tələb edilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinə və qanunvericiliyə əsasən əsasdır. Lakin eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsi ilə bağlı verilmiş elektron qaimələrdə müqavilə üzrə razılaşdırılmış məbləğlər göstərilmiş və ondan icarə haqqına görə artıq vəsaitin tələb olunmasına dair sübutlar mövcud deyildir. İddiaçı tərəf 1-ci ay 1000 manat, 2-ci ay 1800 manat, 3-cü ay 2050 manat, 4-cü ay 1800 manat icarə haqqı ödədiyini iddia etsə də bu halı təsdiq iş materiallarında sübut mövcud deyildir ki, həmin sübutlar məəhkəməyə təqdim olunmadığından həmin məbləğlərin kimə və nəyin müqabilində ödənilməsini müəyən etmək mümkün deyildir. Bundan başqa iddianın “icarəyə götürülmüş sahəsinin təmirinə xərcin çəkilməsi” bağlı qed olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.1.1-ci bəndində icearəyə götürülmüş əmlakın istifadəyə yararlı vəziyyətdə icarəçiyə vermək icarəyə verənin vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçı icarəyə götüdüyü 30 və 90 kv.m olan qeyri-yaşayış sahələrinə xərc cəkdiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının dəlilləri cavabdeh tərəfindən qəbul olunmur və cavabdeh sahələrin ona təmirli vəziyyətdə təhvil verildiyini iddia edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə şərtin uyğu olmayan icarə obyektini iddiaçı təhvil almamalı idi. Belə ki, Mülki Məcllənin 677-ci maddəsində kirayə hüquq münasibətləri zamanı əmlkaın müqavilədə göstərilənlərə uyğun olmaması ilə bağlı tənzimləmə mövcuddur. Həmin normaya əsasən uyğunsuzluq aşkar edildiyi halda icarəçi bununla bağlı icarəyə verənə müraciət etməli və qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilə öhdəliyinin pozulması nəticəsində ona dəyər zərəri tələb edə bilərdi. Hazirki iş üzrə iddiaçı icarəyə götürdüyü sahənin hansı vəziyyətdə təhvil almasını və ora xərcin çəkilməsini sübut edə bilməmiş, hətta icarəyə götürülmüş sahə iddia etdiyi halda olmuş olsa belə susmuşdur ki, bu susma nəticəsində cavabdehdən pul tələb etmək hüququna malik deyildir. Susma nəticəsində görülmüş işlərə görə çəkilmiş xərc isə bağışlama kimi şıxış edir. İddia tələbinin “müqavilə müddəti bitmədən icarəyə götürülmüş sahəsdən çıxarılması nəticəsində nəticəsində əmlakının məhv olması və ya itirilməsi” nəticəsində ziyan tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı dəmiş ziyanı cavabdehin əməkdaşları tərəfindən mağazaya icazəsiz daxil olma və əşyalarının bayıra tulaması nəticəsində vurulduğunu iddia edir və bu halın sübutu qismində video görüntünü məhkəməyə təqdim edir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə baxış keçirilmiş video görüntüdə iddiaçının iddia etdiyi halları təsdiq edən materiallar mövcud deyildir. Həmin video görüntüdə malların dağıdılması və bu hərəkətlərə yol verilməsi iddia olunan şəxslərin cavabdehə aidiyytinin olması sübut olunmur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləni, malların cavabdehə təhvili ilə bağlı aktları və digər sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmişdir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi qiymət verilən hissələrdə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa iddia tələbinin “mənəvi” zərər hissəsi bağlı məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı mənəvi zərər çəkməsini cavabdehin hərkətləri nəticəsində yıxılması və xəstəxanaya düşməsi ilə əsaslandırır. Lakin iddiaçının izahatları ziddiyətlidir. Belə ki, iddiaçı iddia ərizəsində icarəyə götürdüyü sahədə işləyərkən yıxıldığını, məhkəmə iclasında isə Hüseyn adlı şəxsin onu əsəbləşdirdikdən sonra çıxıb getdikdən sonra yıxıldığını bildirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. İddiaçı ona mənəvi zərərin cavabdehin hərəkətləri nəticəsində yıxıldığı və xəstaxanada müalicə alması ilə əlaqələndirir ki, iddiaçı tərəfindən təqdim edilmiş xəstəlik sənədlərinə əsasən o, yaxınlarının deməsinə görə Göygül rayonunda hündürlükdən yıxılaraq xəsarət almış və ona müştərək travma, açıq kəllə beyin travması və s. diaqnoz qoyulmuşdur. Göründüyü kimi iddiaçının xəstəxanada müalicəsi onun məvəvi iztirab və ya psixoloji sarsıntı keçirilməsi ilə bağlı deyil yıxılaraq aldığı xəsarət nəticəsində baş vermişdir ki, belə olan mənəvi zərərdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki,iddiaçı tərəfindən mübahisələndirilən iddia tələbinin məbləği 10000 manatdan çıxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-66/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.