Məhkəmə qərarları › İş №2-2(104)-125/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-125/2023

12.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-125/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, vəkili Vəkil və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 59/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, iddiaçı "xxxx" MMC-yə (abonent kodu: **********00006) hesablamış 20092 manat 82 qəpik məbləğində borcun Cavabdeh1 tərəfindən silinməsi, 150 manat 58 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh1ndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cq il tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsini ləğv edib, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh1 apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh1nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20092 manat 82 qəpik) əlavə qaz sərfiyyatının əsassız hesab edilərək silinməsi və cavabdeh tərəfindən "xxxx" MMC-yə qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əsas fəaliyyəti – istixanada pomidor və sair məhsulların yetişdirilməsi və satışıdır. Cari ilin əvvəlində Cəmiyyət ötən ilə müqayisədə 2,5 ha əkin əvəzinə 1.5 əkin etdiyindən qaz sərfiyyatı azalmışdır. Bununla bağlı cavabdeh əraziyə gəlib yerində də baxış keçirmişdir. Lakin cavabdeh Cəmiyyətin qaz sərfiyyatının azaldılmasını görərək bu hala şübhə ilə yanaşaraq xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və ististismara qəbulu haqqında” xx.xx.2022ci il tarixli ******* saylı Akt tətrib edərək Cəmiyyətə məxsus qaz sayğacı sökülüb aparılmışdır. Bundan sonra cavabdeh Cəmiyyətə xx.xx.2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” AKT göndərmiş və həmin aktda qeyd olunmuşdur ki: 1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi. İmpuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. 3. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T =20 C. Bundan sonra Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədovun təsdiqi ilə “Təbii qazın uçotunun pozulması haqqında” xx.xx.2022-ci il tarixli akt tərtib olunmaqla onlara məlum olmayan əsaslara əsasən əlavə (xəta) 91.331 m3 həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. Qaz sərfiyyatını manatla çevirikdə 20092,82 manat borc hesablanmışdır. Cəmiyyət Cavabdeh1 İB-nə və X9 İstismarı idarəsinə əsassız hesablanmış qaz sərfiyatının silinməsi və qaz sağacının yerinə quraşdırılması barədə həm pretenziya, həm də mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin cavabdeh onların müraciətlərinə nə cavab vermiş, nə də ki, ilkin mediasiya sessiyasında iştirak etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20092 manat 82 qəpik) hesablanmış əlavə qaz sərfiyatının əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında yer alan sübutla əsaslanaraq səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus Qaz sayğacı sənaye tipli olduğundan istehlakçının- "xxxx" MMC-nin vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəz etməsi üçün səy göstərməmişdir. Bununla bağlı təchizatçıCavabdeh1nə və ya X9 İstismarı İdarəsinə heç bir müraciət etməmişdir. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Belə ki, sayğacın normal istismarı üçün qaz sayğacından əvvəl süzgəcin quraşdırılmasını təmin etməmiş və ya süzgəc işlək vəziyyətdə olmamışdır. Nəticədə qazın tərkibində olan kondensatorlar süzgəcdən süzülmədən sayğacdan keçmiş, sayğacın daxilinin çirklənməsinə səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmiş, "xxxx" MMC hüquqi şəxs olmasına, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımasına baxmayaraq iddia tələbinin təmin olunması barədə qətnamə qət etmişdir. Burada qüsursuz, yəni müdaxilə edilməmiş sayğac göstəricisi barədə istehlakçıya bildiriş təqdim edildikdən və qazın dəyərinin tam ödənilməsindən sonra düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini qaz paylayıcısı istehlakçıdan tələb edə bilməz. Göründüyü kimi, qazpaylayıcısının istehlakçıiddiaçı "xxxx" MMC-dən sayğacın normal istismarını təmin etməməsi nəticəsində qaz sayğacından keçmiş, lakin sayğac qüsurla işlədiyindən hesabata alınmayan 20092.82 manat məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı cari ilin əvvəlində Cəmiyyətin ötən ilə müqayisədə 2.5 ha əkin əvəzinə 1.5 ha əkin etdiyindən qaz sərfiyyatı azalma olduğunu bildirmişdir. Lakin əkin sahəsinin bir hissəsinin əkilməsi sərfiyyatın azalmasına səbəb olmamalıdır. Çünki əkilmiş şitillərin yetişməsi üçün istixananın yalız əkin sahəsində deyil, istixananın hər bir tərəfində lazımı temperatur olmalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iddiaçı qaz sayğacında olan qüsurların onların təqsirindən yaranmadığını bildirsə də, sayğacın quraşdırıldığı ərazinin Cavabdeh1 mühafizə etmədiyini nəzərə almamışdır. Həmçinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş xx.xx.2022-ci il tarixli tərəflərin imzası ilə tərtib olunmuş ******* saylı aktda qaz sayğacının yoxlamadan keçiriləcəyi barədə məlumat verilmişdir. Lakin iddiaçı tərəf yoxlama barədə məlumatlı olsa da yoxlamada iştirak etməmiş və ya buna səy göstərməmişdir. Məhkəmə iclasına mütəxəssis qismində cəlb olunmuş X6 da izahatında bildirmişdir ki, abonent qanunvericiliyə əsasən sayğacı işlək vəziyyətdə saxlamalıdır. Laborotoriya müayinəsinin nəticəsinə əsasən sayğacın içərisinin çirkli və yağlı olduğu aşkarlanmışdır. Bu da o deməkdir ki, abonentə verilmiş təbii qaz keyfiyyətlərə uyğun olmayıb. Hansı ki, buna nəzarəti Azərbaycan Respublikası Energetika Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən bu məsələlər barədə ildə 1 dəfə ümumi prosedur qaydalar əsasında həyata keçirilir. Həmçinin qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin keçirilməsini tələb etməlidir. O cümlədən QOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar dövlət standartlarına cavab verməlidir. Belə ki, əgər abonentə verilmiş qaz təsdiq olunmuş standartlara uyğun olmayıbsa bu barədə qazın keyfiyyətinə nəzarət edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən bildirilərdi. Göründüyü kimi bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qazın keyfiyyət göstəricilərinin dövlət standartlarına cavab vermədiyi barədə heç bir göstərişi olmamışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin avqust ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Halbuki iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin avqust ayında hesablanmış borc məbləği sırf qaz sayğacından keçən qazın həcminə əsasən hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və işdə iştirak etmiş tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08 iyul 2021-ci il tarixli AMX-3188/21 nömrəli tərəflər arasında bağlanmış təbii qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı "xxxx" MMC-ni keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı çıxarılmış və dövlət yoxlamasına verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının təkrar çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı qaz təminatı bərpa olunmayaraq çıxarılmışdır. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS 29/1640-01592-2 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qazhəcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T=20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq maksimal sərfiyyatda xəta normaya uyğun deyil, nominal və minimal sərfiyyatda hesablayıcı mexanizm keçən qazın həcmini qeyd etmir göstərilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-250 markalı 75161090 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, əlavə (xəta) 91.331 m həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. İş materiallarına əlavə olunmuş X9 İstismarı İdarəsinin İstehlakçılara X8 şöbəsinin rəisi Vüqar Ələkbərov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Goranboy XS üzrə qeyri-əhali sektorunda qeydiyyatda olan "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75161090 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə sökülmüş, xx.xx.2022- ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında SS N-29/1640-01592-1 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sayğac ortalama 29.2% xəta ilə işləmişdir. xx.xx.2022-ci ildə təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. Uçota alınmayan qaz həcminin hesablanması qaydası aşağıdakı kimidir: ******* m3 (son elektron göstərici) - ******* m3 (sayğacın 1 il əvvəlki elektron göstəricisi) = 312776 m3 (son 1 illik qaz sərfi), 312776 m3 * 29.2%=91331m3 (uçotu pozulmuş qaz sərfi). İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin 2022-ci ilə qalıq və aktlar üzrə borcu 20092 manat 82 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 26 yanvar 2023-cü il tarixli 3-15-2- 2/2-31/2023 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblərin” 2.14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və həmin Qaydanın 2.18-ci bəndinə görə ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. "xxxx" MMC-nin qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh1 İB-nin Gəncə RQİİ Goranboy XS tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanmasında əsas olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bu Qaydaların 3-№li əlavəsinə əsasən bağlanmış qazın alqısatqısı müqaviləsinin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini qanunvericiliyə uyğun olaraq İstehlakçıdan tələb etmək) tələbləri göstərilmişdir. Cavabdeh1 İB tərəfindən dəymiş ziyanın hesablanması zamanı “Qazdan istifadə Qaydaları”nın 5.2-cı bəndinin (Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz), tələblərinə nəzərə alınmamışdır. O cümlədən aparılan hesabat qaydası qüvvədə olan normativ hüquqi sənədlərlə tənzimlənmir. Eyni zamanda “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.8-ci yarımbəndinin tələblərinə ziddir. Müəssisənin qaz xətti üzərində çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-250 EK- 220 tipli, 75161090 zavod nömrəli qaz sayğacın daxili çirkli və yağli olması verilən təbii qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının tələblərinə cavab vermədiyini göstərir. “Qazdan istifadə Qaydaları”nın 1.5 bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılınası üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir O cümlədən QOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək X2 məxsus "xxxx" MMCnin G-250 markalı 75161090 nömrəli qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, lakin "xxxx" MMC-nin qaz sayğacının yoxlamadan keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və cavabdehə tabe olan qurumda aparılmış laboratoriya yoxlamasında ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 20092 manat 82 qəpik məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxs olan istehlakçı "xxxx" MMC qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın daxili çirkli və yağlı olması əsası ilə hesablama təbii qazın uçotunun pozulması haqqında akta əsasən sayğacın ortalama 29.2% xəta ilə işləməsi əsas götürülməklə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğac çıxarılaraq laboratoriya yoxlamasına aparılmış, lakin müəssisəyə qaz sayğacının yoxlamasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş və yoxlamada ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin yoxlama qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmaqla aparıldığından, nəticələri qanuni sayıla bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən 20092 manat 82 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialı tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. Odur ki, iddia təmin edilməli, iddiaçı "xxxx" MMCyə (abonent kodu: **********00006) hesablamış 20092 manat 82 qəpik məbləğində borc Cavabdeh1 tərəfindən silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.14-cü bəndinə əsasən dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Həmin Qərarın 2.18-ci bəndinə əsasən ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus qaz sayğacının Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanması keçirilərkən iddiaçının nümayəndəsi yoxlamanın keçirilməsi vaxtı ilə bağlı məlumatlandırılmamış, beləliklə də sayğacın yoxlanması iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir ki, bu da yuxarıda istinad olunan qanunvericilik aktlarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Kollegiya qeyd edir ki, iddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşısa da, işlək vəziyyətdə olan sayğacın daxilində düzgün qeydiyyat aparılmamasına görə, sayğaca müdaxilə etməsi sübuta yetmədiyi halda cavabdehlik daşıya bilməz. Kollegiya həm də nəzərə alır ki, sayğacın düzgün işləməməsinin səbəbi kimi göstərilən - sayğacın içərisinin çirkli və yağlı olması mütəxəssis rəyindən göründüyü kimi verilmiş təbii qazın dövlət standartlarına uyğun olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin iddiaçının sayğacın normal istismarı üçün qaz sayğacından əvvəl süzgəcin quraşdırılmasını təmin etməməməsi dəlilinə gəldikdə kollegiya qeyd edir ki, həmin hal iş materialları ilə təsdiqini tapmır. Odur ki, kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən araşdırmanın natamam və birtətrəfli aparılaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyinə dair dəlillərini həmin xüsusatlar kollegiyanın iclasında aparılmış araşdırma zamanı təsdiqini tapmadığına görə formal mülahizəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar