Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-125/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Zahid oğluna qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “76425 manat pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-128/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən, sahəsi 736,00 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 736,00 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə 1 il müddətinə icarəyə vermiş və icarə müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6594,60 manat (icarə haqqı 5152 və ƏDV 927,40) və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir. İddiaçı tərəfindən icarə predmeti olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsi 28 iyul 2022-ci il tarixdə təhvil-təslim aktına əsasən icarəçiyə təhvil verilmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra iddiaçı ilə cavabdeh arasında eyni şərtlərlə və eyni icarə haqqı ilə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsinin 3 ay müdətinə icarəyə verilməsinə dair notarial qaydada təsdiq edilmiş icarə müqavilələri bağlanmışdır. 3 ay müddətinə xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqavilələrində icarə müddətinin bitməsindən sonra icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı razılaşma mövcud olmamış və müqavilənin 11.1-ci bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv olunduqda obyekti təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə kommunal borc və üçüncü şəxlər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, icarə haqqını ödəməsə də qeyri-yaşayış sahəsində istifadəni davam etdirmiş və nəticədə iddiaçıya xx.xx.2025-ci il tarixə 76425,81 manat borcu yaranmışdır. Cavabdehin tələb olunan məbləğdə borcunun olması maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi və icarə predmetinin təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 65424,84 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, cavabdehlə təmsil etdiyi qurum arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cəmiyyət mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (ümumi sahəsi: 736,00 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 6594,60 manat (5152 manat (15500,55 manat icarə haqqı, 927,4 manat ƏDV, 515,2 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlanılıb. Belə ki, onun müqaviləyə görə, 65424,84 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyriyaşayış sahəsinin (icarə obyekti) təxirə salınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyekt hazırda mebel satışı dükanı kimi fəaliyyət göstərir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi müraciətlərə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. İddiaçı birinci instansyası məhkəməsində icraat zamanı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 76425,81 manat məbləğində vəsaitin (icarə haqqı və maddi ziyan) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 2 ünvanında yerləşən, sahəsi 736,00 kvadratmetr olan qeyri-yaşayış sahəsi boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-128/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilmiş,tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən yaranmış və dəymiş ziyan olaraq hesablanmış 76425 (yetmiş altı min dörd yüz iyirmi beş) manat 81 (səksən bir) qəpik borcub cavabdehdən tutulması, cavabdehin ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022- ci il tarixdə 1 il müddətinə, xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə, xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə və xx.xx.2024-cü il tarixdə 3 ay müddətinə icarə müqaviləsi bağlanmış, icarə müqavilələrinə əsasən icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə vermişdir. İcarəyəverən icarə müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etmiş, qeyriyaşayış sahəsini xx.xx.2022-ci il tarixdə icarəçiyə təhvil vermiş, lakin icarəçi müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmişdir. Belə ki, icarə obyekti olan qeyriyaşayış sahəsi xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək icarəçinin fasiləsiz istifadəsində və sahibliyində olmuşdur. Buna baxmayaraq icarə müqavilələri müddətində icra haqqlarını və müqavilələrin müddəti bitdikdən sonra qalan müddət üçün dəymiş ziyanı tam olaraq ödəməmiş, nəticədə onun icarəyəverənə 76425,81 manat məbləğdə borcu qalmışdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 448.1, 700.1, 700.2 və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barərə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamənin ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsi ilə razı deyildir. Hesab edir ki, iddiaçı müqavilənin ləğvini rəsmi bəyan etməmişdir və aralarında olan şifahi razılaşmaya görə icarəyə verilmiş qeyri-yaşayış obyektini onun istifadəsinə vermişdir. Hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə görə ona xx.xx.2024-cü il tarixdə pretenziya irəli sürərək ondan kirayə haqqını və icarəyə götürülmüş əmlakın boşaldılmasını tələb etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, aralarında bağlanmış icarə müqaviləsi müddəti xx.xx.2024-cü il tarixdədək uzadılmışdır. Həmçinin iddiaçı məhkəmə mübahisəyə baxılan müddət ərzində də icarə müqaviləsinin pozulması barərə heç bir yazılı bəyanət verməmişdir. Hesab edir ki, aralarında bağlanmış icarə müqaviləsi ləğv edilmədiyi halda iddiaçı ondan icarəyə verilmiş əmlakdan çıxarılması barədə tələbi haqlı deyildir. Həmçinin icarəyə verənlə onun arasında icarəyə verilmiş əmlakın onun tərəfindən istifadə edilməsi barədə şifahi razılaşma vardır. Həmin razılaşmadan sonra o, 18000 manat pul ödəmiş və icarə obyektini istifadə edir. Məhkəmə Mülki Məcəllənin 690.1, 690.2 və 700.1-ci maddi hüquq normalarının tələblərinə əməl etməmiş, icarəyə verənin bu halda icarə obyektinin boşaldılması tələb etməkdə haqlı olmadığını düzgün müəyyən etməmişdir. Hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normanı pozaraq məhkəmə öz qərarını iclasında tədqiq olunmuş sübutlarla yox, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Belə ki, iddiaçı müqavilən pozulması barədə yazılı bəyanatı olmalıdır. Bu yazılı bəyanat olmadığından və icarə müqaviləsi qüvvədə olduğu müddət ərzində idddiaçının onu obyektən çıxarmağa haqqı yaranmır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh öhdəliklərini icra etmədiyindən borcu yaranmışdır. Cavabdeh tərəfindən borc ödənilməsə də iddiaçı tərəfindən ona işləmək üçün imkan yaradılmışdır. Lakin hazırda borc tələbi və əmlakdan çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər arasında bağlanmış son müqavilələr üç aylıq bağlanmışdır. Sonuncu müqavilədə icarə müdətinin uzaldılmasına dair razılaşma mövcud deyildir. Müqavilə şərtinə əsasən icarə müddəti bitdikdən sonra obyekt icarəyəverənə qaytarılmalıdır. 18000 manat pul Kommersiya Məhkəməsinin qətnaməsindən sonra ödənilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni qismən, yəni onun qeyri-yaşayış sahəsindən çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri etibarsız olmamış, notarial qaydada təsdiqlənməklə tərəflərin iradə ifadələrinə uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış və müqavilə şərtləri və icarə qiymətləri tənzimlənmişdir. Tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsində icarə müddətinin bitməsindən sonra icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı razılaşma mövcud olmamış və müqavilənin 11.1-ci bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv olunduqda obyekti təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə kommunal borc və üçüncü şəxlər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır. Cavabdeh borcun məbləğini mübahisələndirmir və qətnaməni yanız onun çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində mübahisələndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Mülki qanunvericiliyin 689.1-ci maddəsinin tələbinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir ki, icarə müqaviləsinin 11.1-ci bəndinə əsasən icarə müddəti bitdikdə icarə predmeti olan qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Belə olan halda iddiaçının əmlakından cavabdehin hazırki istifadəsi qeyri-qanunidir ki, qeyd edildiyi kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh məhkəmə tərəfindən Mülki Məcəllənin 690.1, 690.2 və 700.1-ci maddinin pozulduğu iddia olunur. Mülki Məcəlləsinin 690.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 690.1 və 690.2-ci maddəsinin tələbləri o zaman gözlənilməlidir ki, müqavilədə müddət göstərilməmiş olsun. Belə ki, Mülki Məcəllənin 689.2-ci maddəsinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində 3 aylıq icarə müddəti müəyyən edilmiş və müqavilə müddəti bitdiyindən bildirişin verilməsindən söhbət belə gedə bilməz. Mülki qanunvericiliyin 700.1-ci maddəsinin pozulması ilə bağlı qeyd edilməlidir ki, istinad olunan maddə icarə münasibətlərini və icarə haqqının ödənilməli olması ilə bağı ümumi normanı nəzərdə tutur ki, hazırki mübahisəyə 700.1-ci maddənin tətbiqi pozulmamışdır. Cavabdeh iddia tərəfi ilə razılaşdığını və icarə müddətinin uzadıldığını iddia etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bu münasibətlərin davam etməsinin təsdiqi kimi, hazırki məhkəməyə 2025-ci ilin aprel ayında ödədiyi 18000 manat pulun qəbzlərini və iddiaçıya ünvanlanmış müraciətini təqdim etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ödənilmiş 18000 manat pul birinci instansiyası məhkəməsinin yekun məhkəmə aktı qəbul edildiyi xx.xx.2025-ci il tarixdən sonra, yəni aprel ayında ödənilmiş və qətnamə ilə müəyyən edilmiş borca görə ödəmədir. Birinci instansiyası məhkəməsinin yekun məhkəmə aktından sonra ödənilmiş ödənişlər isə icra mərhələsində cavabdehin borcundan çıxılacaqdır. Eyni zamanda iddiaçıya ünvanlanmış müraciət icarə müqaviləsinin müddətini uzatmamışdır ki, istər müraciət, istərsə də ödənişlər icarə müddətinin uzadılması kimi qəbul edilmir və iddiaçının iradə ifadəsinin əks olunduğu icarə müqaviləsini əvəz etmir. Beləliklə birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı cavabdehin dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, müqavilə müddəti bitdiyindən, cavabdehin əmlakdan istifadəsi qanunsuz olduğundan iddiaçının cavabdehin çıxarılması və əmlakın boşaldılması ilə bağlı iddia irəli sürmək hüququ yaranmışdır və birinci instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Bundan başqa cavabdehin apellyasiya şikayətinin dəlillərindən biridə birinci instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinin pozulduğundan ibarətdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiyası məhkəməsi mübahisə predmeti olan qətnaməni yalnız iş materiallarında olan sübutlara əsasən əsaslandırmış və qəbul etdiyi məhkəmə aktı qanuni və əsaslı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxarılmış qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-128/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-125/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-125/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver