Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-134/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsi üzrə 3291,12 manat əsas borc, 742,38 manat faiz borcu, 1200 manat dəbbə pulu olmaqla cəmi 5233,5 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsinə əsasən illik 23% dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 mart 2022-ci il tarixdə İddiaçı ASC-nin Şamaxı filialı ilə digər Cavabdeh2 arasında zaminlik müaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsində qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 11-dən gec olmayaraq hər ay 397,29 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsi üzrə 3291,12 manat əsas borc, 742,38 manat faiz borcu, 1200 manat dəbbə borcu olmaqla borcun cəmi məbləği 5233,5 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022-ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi təmin edilməmişdir. İşdə olan sübutlar: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 11 mart 2022-ci il tarixdə bağlanmış SHMMK-1774 saylı kredit müqaviləsinə əsasən borcalana illik 23 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 mart 2022-ci il tarixdə bağlanmış SHMMK-1774 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, borc alan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 397,30 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 388 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat ödəniş etmiş, 2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə edilmiş ödənişlər üzrə onun borcundan 1625,78 manat xx.xx.2022-ci il tarixdə silinmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, o, Milliön elektron ödəmə sistemləri və eManat ödəmə sistemləri vasitəsilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 388 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat ödəniş etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022-ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022-ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin mülki iş üzrə qəbul edilmiş qətnamədən narazıdırlar. Hesab edirlər ki, həmin qətnamə ləğv edilməli və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2022-ci il tarixli, SHMMK-1774 saylı kredit müqaviləsinə əsasən illik 23% dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa, və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, əgər müddət günlərlə hesablanırsa, o sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür; öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Hazırda mübahisələndirilən qətnamədən aydın olur ki, məhkəmə öz qərarını əsaslandırarkən iddiaçı tərəfindən təqdim olunmuş sübütları tam nəzərə almamışdır. Belə ki, iddianı əsaslandırmaq üçün cavabdehin 11 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğunu təsdiqləyən sənədlər iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuşdur. Lakin məhkəmə təqdim olunmuş bu sübutları nəzərə almamış, Cavabdeh1 ödənişlərinin vaxtı-vaxtında olaraq ödənildiyi qənaətinə gəlmiş və cavabdehə qarşı irəli sürülmüş kredit üzrə qalıq borcunun ödənilməsi barədə iddia tələbinin əsassızlığını qət etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. İddiaçınn nümayəndəsi məhkməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəsində məhkəmə iclasının təxirə salınmalı olması ilə bağlı hər hansı bir əsasgöstərməmişdir. Məhkəmə kollegiyası onların məhkəmə iclasında iştirka etməsini üzürsüz hesab edərək, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirmişdir ki, onun tərəfindən müqavilə şərtləri pozulmamış, ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəniş edilmişdir. Lakin, onun vergi borcuna görə hesabları üzərinə sərəncam qoyulduğundan bank edilmiş ödənişləri borcuna silə bilməmişdir. Onun isə vergi orqanı tərəfindən hesabına sərəncam qoyulmasından, bankın isə ödənişlərini borcundan silə bilməməsindən xəbəri olmamışdır. Bu barədə məlumat aldıqdan sonra vergi borcunu ödəmiş və hesablarından sərəncam götürülmüşdür. Bundan sonra iddiaçı bank 2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə edilmiş ödənişlərini borcundan xx.xx.2022-ci il tarixdə silmişdir. Hazırda da hər ay ödənişini vaxtında edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022-ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı borcalan tərəfindən bankın hesabına ödənilən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək kredit ödənişlərinin cavabdehin hesabı üzərinə vergi orqanı tərəfindən həbs qoyulması səbəbindən kredit borcundan silə bilməmişdir. Borc alan hər ay ödəniş qrafiki üzrə ödənişləri həyata keçirmiş, bankın hesabına ödənilən məbləğin hər hansı bir səbəbdən kredit borcundan vaxtında silinməməsi, həmin məbləğin ümumilikdə kredit borcundan sonradan silinməsi borcalanın kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, Cavabdeh1 “Milliön” və “e-Manat” ödəmə sistemləri vasitəsilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 388 manat, xx.xx.2022-ci il tarixdə 400 manat manat ödəniş etmiş, lakin 2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə onun tərəfindən edilmiş ödənişlər onun hesabları üzərində vergi orqanı tərəfindən qoyulmuş həbslərlə əlaqədar borcundan silinməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh vergi orqanı tərəfindən hesabına sərəncam qoyulmasından və bankın ödənişlərini borcundan silə bilməməsindən xəbəri olmadığını iddia etmişdir ki, cavabdehin bu arqumenti inandırıcı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 18 iyul 2022-ci il tarixli xəbərdarlığından görünür ki, iddiaçı müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı xəbərdarlığı ilk dəfə həmin tarixdə etmişdir. Həmin xəbərdarlığın cavabdeh tərəfindən nə vaxt alınması ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud olmasa da işdə olan sübutlarla cavadbehin 2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə edilmiş 1625,78 manat məbləğində ödənişlərinin onun borcundan xx.xx.2022-ci il tarixdə silinməsi müəyyən edilməkdədir. Belə olduğu təqdirdə isə cavadbehin ağlabatan müddət ərzində vergi orqanına olan borcunu ödəməklə hesablarına qoyulmuş sərəncamın götürülməsinə və 2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə kredit borcuna görə etmiş olduğu ödənişlərin kredit borcundan silinməsinə nail olması müəyyən olunmaqdadır. Qeyd edilən hal isə cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinin pozması və öhdəliyin icrasının gecikdirilməsi kimi qymətləndirilə bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2022-ci il tarixli, 2-2(115)-106/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(115)-106/2022 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(115)-106/2022 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.