Məhkəmə qərarları › İş №2-2(104)-139/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-139/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-139/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilələrin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilələrin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2-2(115)-59/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** nömrəli krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində krеdit verilmişdir. 07 iyun 2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun xx.xx.2019-cu il tarixli 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti üzrə öhdəliklərin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. 07 iyun 2019-cu il tarixli, 006M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası ipotekaya qoyulmuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Əsas borclu olan cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya borcu yaranmış və iddiaçı xx.xx.2020-ci il tarixli məktubla borclu, ipoteka qoyan və zaminlərə müraciət edərək xx.xx.2020-ci il tarixədək 20940,89 manat əsas, 1947,14 manat faiz və 2936,35 manat cərimə borcunun ödənilməsini tələb etmiş və müqavilənin vaxtından əvvəl xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. İpoteka qoyan X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli rəyinə əsasən, Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 21136,20 manat, faiz borcu 1802,07 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 112500 manat, likvid dəyəri 90000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı müqavilələrin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1059.11 manat ödəmiş, onun 20940.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 2499.24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%- i məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 206 gün üçün hesablanmış cərimə 4076.53 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında Öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan X2, borclu Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2019-cü il tarixli 006M**********01 ipoteka müqaviləsi (Gəncə şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında Nizami Seyidova məxsus Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0.00495 ha torpaq sahəsində yerləşən 42.4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 JNb-li reyestr kitabının 19 Jfs-li vərəqində qeydiyyata alınmış elektron çıxarışla Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0.00495 ha torpaq sahəsində yerləşən 42.4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2543/2021 nömrəli, qərardadı ilə mülki iş üzrə icraat, ipoteka qoyan X1 ölməsi ilə bağlı onun hüquqi varisi müəyyən olunanadək dаyаndırılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-18/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş “prosessual hüquqi varisin işə cəlb edilməsi və dayandırılmış icraatın təzələnməsi” barədə vəsatət təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və Cavabdeh1 digər cavabdeh X1 prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-18/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı müqavilələrin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, bankla razılıq əldə olunması üçün vaxt verilməsini xahiş edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2-2(115)-59/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 20940,89 manat məbləğində kredit borcu, 1802,07 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 23742,93 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 90000 manat həddində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraclar vasitəsilə satılması, ipoteka predmetinin satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, vavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına, 100 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 21136,20 manat, faiz borcu 1802,07 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunan cavabdehin əsas borcu iddia ərizəsində tələb olunan əsas borc məbləğindən artıq, faiz borcu isə iddia ərizəsində tələb olunan faiz borcundan azdır. Lakin iddiaçı əsas borca münasibətdə iddia tələbinin artırılması ilə bağlı ərizə verməmiş və öz tələbini dəyişməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyi ilə müəyyən olunan cavabdehin əsas borcu iddia tələbində göstərilən borcdan artıq olsa da, məhkəmə iddiaçının iddia tələbindən kənara çıxmaqda haqlı deyil və verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Ona görə də 20940,89 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mötəbərliyi şübhə doğurmayan 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli ekspert rəyinə əsasən faiz borcu 1802,07 manat müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi əsasında cavabdehə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən 22000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməyərək ödəniş planına əsasən aylıq ödənilməli məbləği vaxtı-vaxtında iddiaçıya ödəyə bilməmiş və nəticədə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilə şərtləri cavabdehdən tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin ləğv olunmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 4076,53 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 1000 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 112500 manat, likvid dəyəri 90000 manat təşkil edir. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Göründüyü kimi razılaşma 18 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit razılaşmasının müddəti bitdiyindən iddia tələbi həmin razılaşmanın ləğv olunması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, həmin tələbi irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Birinci instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 319.1, 385.1, 386.1, 421.2, 424.2, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.1, 739.1, 739.2, İpoteka haqqında qanunun 34.1.1, 34.1.3, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Bankın onlardan tələb etdyi kredit müqaviləsi üzrə borcalan tərəf onun mərhum atasıdır. Məhkəmə kredit borcunun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmənin qətnamədə istinad etdiyi "xxxx"MMC-nin təqdm edilmiş rəyinə əsasən ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən qeyri-yaşayış obyektinin bazar qiymət 112.500 manat, likvid dəyəri isə 90.000 manat müəyyən edilmşdr. Məhkəmə satış qiymətini müəyyənləşdirərkən bazar qiymətinə deyil, likvid qiymət olan 90.000 manat ilkin satış qiyməti müəyyən etməklə vərəsə olaraq onun hüquqları pozulur. Belə ki, obyektin satışından iddiaçının xeyrinə tutulacaq kredt və faz borcu və dgər məhkəmə xərcləri ümumilikdə 23.802,93 manat təşkil edir. Məhkəmə ipoteka ilə yülkü edilmiş əmlakın ilkin satış qiymətin istər 90.000 manat müəyyən etsin, istərsə də 112.500 manat, fərq etməz. Hər iki halda satışdan bankın borcları ödəniləcək və satşdan artıq qalacaq pul vəsaiti vərəsələrə qaytarılmalıdır. Ancaq reallıq odur ki, ilkin satış olaraq 90.000 manat qiymət müəyyən edilməsi ilə 112.500 manat bazar qiymətinə münasibətdə təqribən ödəniləcək kredit borcu həddində, yəni 22.000 manat qədər vərəsə olaraq o və digər vərəsələr pul itkisinə məruz qalır. Hərracdan satış baş tutmayacağı və əmlakı Bank öz mülkiyyətinə keçirəcəyi halda da iddiaçı bank əsassız varlanma və mülki hüquqdan sui-istfadə etməklə 23.802,93 manat deyl, 50.000-70.000 manat məbləğində gəlir əldə edəcək. Məhkəmə ipoteka ilə yüklü edlmiş əmlaka tutma yönəldərkən tərəflərdən birinə, digərinə münasibətdə üstünlük vermək, borclu tərəfə “cinayətkar” kimi baxmaq və qanun qarşısında bərabərlik prinspini pozmaqda haqlı deyildir. Bundan başqa ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən qeyri-yaşayış obyektinin qiymətləndirilməsnə dair ekspert rəyi ilə də razı deyildir. Əmlakın qiyməti 170-180.000 manat həddindədir. Odur ki, apelllyasya qaydasında işə baxılarkan təkrar qiymətləndirilmə keçirilməsi və ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Ekspertza insttutunun ekspertlərinə həvalə edlməsini tələb edir. Kredit müqaviləsi üzrə zaminlərin məsuliyyət məsələsinə isə müqavilə başaçatdıqdan sonra iddia qaldırılanadək bir il müddət keçməsi əsasıilə xitam verilməlidir. Bundan başqa 1000 manat cərimə borcu da həddən artıq yüksək məbləğdir. Həm əmlakları borca tutulur həm də yüksək cərmə tətbiq eidilir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiya). Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). İpoteka haqqında Azərbaycan Respublikasıl Qanunu Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirsə də əslində o, kreditin mərhum atası tərəfindən götürülməsini, ipoteka predmetinin bazar dəyəri ilə deyil likvid dəyərinə münasibətdə satışa çıxarılmasını, ipoteka predmetinin dəyərinin artıq olmasını, zaminliyə xitam verilməli olmasını və cərimə məbləğinə münasibətdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** nömrəli krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində krеdit verilmişdir. Eyni zamanda 07 iyun 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. 07 iyun 2019-cu il tarixli, 006M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası ipotekaya qoyulmuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi apellyastorun kreditin mərhum atası tərəfindən götürülməsinə dair dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan atası deyil özüdür. Budan başqa apellyasiya şikayətinin digər dəlili olan əmlakın bazar dəyəri ilə satışa çıxarılmalı olması ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmetinin ilkin satış qiyməti – İpoteka haqqında Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (İpoteka haqqında Qanunun maddə - 1.0.9). Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti əmlakın bazar dəyəri ilə deyil onun likvid dəyəri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ipoteka predmetinin dəyəri qiymətləndirici rəyində göstəriləndən artıqdır. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd olunmalıdır ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki işin araşdırılması zamanı müəyyən edildiyi kimi, ipoteka predmetinin qiyməti ilə bağlı ipoteka müqaviləsinin 2.5-ci bəndində tərəflərin razılaşması mövcud olmuşdur. Həmin bəndə əsasən tərəflər razılaşmışlar ki, ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti 70000 manat tərəflərin qarşılıqlı razılığı ilə 42000 manat təşkil edir. Lakin buna baxmayaraq birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparmış və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, ipoteka predmeti olan X1 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 112500 manat, likvid dəyəri 90000 manat təşkil edir. Apellyator əmlakın dəyərinin artıq olmasını iddia etsə də bu halı təsdiq edəcək sübutları istər birinci, istərsə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsaən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyator apellyasiya şikayətinin bu dəlilində ekspertizanın keçirilməli olmasını və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə edilməli olmasını iddia etsə də məhkəmə sonuncunun dəlilləri ilə razlaşmır. İlk öncə qeyd edilməlidir ki, qiymətləndirmənin həyata keçirilməsi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyildir. Bundan başqa sübutlar məhkəmə tərəfindən əldə edilmir və axtarılmır. Sübutlar məhkəmə icraatı iştirakçıları tərəfindən təqdim edilir və məhkəmə tərəfindən qiymətləndirirlıir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.... 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.... Göründüyü kimi prosessual qanunvericilikdə məhkəmənin öz təşəbbüsü ilə sübut əldə etmək kimi bir vəzifəsi nəzərdə tutulmamışdır. Apellyatorun rəylə razılaşmaması onu sübut təqdim etmək vəzifəsindən azad etmir. Apellyasiya şikayətinin digər dəlili zamiliyə müqavilə müddətinin bitməsindən 1 sonra xitam verilməsidir. Apellasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, 07 iyun 2019cu il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun xx.xx.2019-cu il tarixli 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti üzrə öhdəliklərin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə olan halda zaminliklə təmin edilmiş öhdəliyin müddəti xx.xx.2029-cu il tarixdə bitəcəkdir ki, zaminliklə təmin edilmiş öhdəliyə əsasən zaminliyin verilməsi müddəti xx.xx.2029-cu il tarixdə bitəcəkdir. Bundan başqa qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixli 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər arasında xx.xx.2020-ci il tarixdə 18 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 18 aylıq müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir ki, iddiaçı hazırki tələblə müqavilənin müddəti bitmədən xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə və zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilməsinin müddət baxımından iddianın irəli sürülməməsi halı nəzərdə tutulur ki, qeyd edildiyi kimi zaminlərin ödhdəliklərinin müddəti 10 illik olmuş və müddət kredit xətti müqaviləsinə əsasən ötməmişdir. Eyni zamanda həttta kredit müqaviləsinin müddətindən nəzərə alınsa belə iddiaçı kredit müqaviləsinin müddəti bitmədən məhkəməyə müraciət etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri gözlənilmişdir. Apellyasiya şikayətinin digər dəlili isə cərimə borcunun çoxluğu ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** nömrəli krеdit razılaşmasının 4.2.2-ci bəndinə razılaşmışlar ki, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər geçikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cərimə borcunun ödənilməsi nəzərdə tutulmuş və iddiaçının cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cərimə borcunun məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildiyi kimi apellyatorun 20940,89 manat məbləğində əsas borcu mövcuddur. İddianın 2021-ci ldə məhkəməyə təqdim olunması və dayandırma səbəbindən 2025-ci ildə baxılıb qurtarması vaxtınadək uzun zaman keçmiş və borcu tərəfindən bu müddət ərzində iddiaçıya ödəniş olunmamışdır. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 4076,53 manat cərimə borcu tələb etsə də birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən çıxış edərək cərimə borcunun məbləğini 1000 manat həddində müəyyən etmişdir ki, 20940,89 manat əsas borca münasibətdə borcun beş faizi həddində cərimə borcunun tutulmasını məhkəmə əsaslı hesab edir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxarılmış qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabeh Cavabdeh1 tərəfindən tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı və digər cavabdehlər birinci instansiyası məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onların maraqlarına toxunacaq yeni qərar qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2-2(115)- 59/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar