Məhkəmə qərarları › İş №2-2(104)-14/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-14/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-14/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutumanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(115)-29/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(115)-29/2020 saylı qətnaməsi ilə (hakim – K.Vəliyev) iddia qismən təmin edilərək, 15 aprel 2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə 273.366,01 manat əsas borc, 1.123,80 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 34.952,61 cərimə borcu, 16 iyun 2011-ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə 48.811,32 manat əsas borc, 212,76 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 2.401,03 manat cərimə borcu; 30 iyun 2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə 187.132,04 manat əsas borc, 774,79 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 24.262,51 manat cərimə borcu, cəmi 573.036,87 manat borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində xiddət haqqının və 10 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; borcun mülkiyyət hüququ üzrə cavabdehin mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 2.0 ha torpaq sahəsində yerləşən 5276 kv.m ümumi sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın satışından əldə olunmuş pul vəsaitinin cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 495 manat ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və 2022-ci il 19 yanvar tarixində apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsini və hər üç kredit müqaviləsi üzrə müddətin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 2-2(104)-5/2022 saylı qətnaməsi ilə (sədrlik edən – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilmişdir. Cavabdehdən 2011-ci il 16 iyun tarixli 074 nömrəli kredit müqaviləsi üzrə 54.529,32 manat əsas borc, 212,76 manat müqavilə müddətində hesablanmış faiz, 6.542,23 manat cərimə, 9.504,76 manat pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz məbləği olmaqla, cəmi 70.789,07 manat borc məbləği, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqın və 10 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi; tutmanın, ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv.metr ümumi sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına tələbin təmin edilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 8.200.000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması; ekspertiza tədqiqatının dəyəri olan 495 manatın 300 manatının iddiaçıdan, 195 manatının isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli 2-2(102)-747/2022 nömrəli qərarı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 2-2(104)-5/2022 saylı qətnaməsinin qismən – iddianın təmin olunmadığı hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 274 292,56 manat əsas borc, 1123,80 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 48 952,61 manat cərimə borcu, 47 811,93 manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 54 529,32 manat əsas borc, 212,76 manat müqavilə müddətində hesablanmış faiz borcu, 6542,23 manat cərimə borcu, 9504,76 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsi üzrə 205 889,16 manat əsas borc, 774,79 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 36 719,64 manat cərimə borcu, 35 888,76 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz olmaqla, cəmi 722 242,32 manat borcun, 30 manat dövlət rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 10 manat dövlət rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, borcun mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv. metr ümumi sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuşpul vəsaitinin Cavabdeh MMC-nin ləğv prosesində olan "xxxx" KB ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə xx.xx.2016-cı il tarixinə qədər illik 6% dərəcəsi ilə 1 500 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə xx.xx.2016-cı il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 692 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla 1 408 000 manat məbləğində kredit verilmişdir, kredit müqavilələrinin təminatı kimi cavabdehə məxsus Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv.metr sahəsi olan bir mərtəbəli qeyri-yaşayış sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə yaranmış öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-29/2020 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına əsasən Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 29515 saylı rəydə xx.xx.2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 273.366,01 (iki yüz yetmiş üç min üç yüz almış altı manat bir qəpik) manat, faiz borcunun 47.275,85 (qırx yeddi iki yüz yetmiş beş manat 85 qəpik), xx.xx.2011-ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 48.811,32 (qırx səkkiz min səkkiz yüz on bir manat 32 qəpik) manat, faiz borcunun 5.263,22 (beş min iki yüz altmış üç manat 22 qəpik), xx.xx.2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 187.132,04 (bir yüz səksən yeddi min yüz otuz iki manat dörd qəpik) manat, faiz borcunun 32.383(otuz iki min üç yüz səksən üç) manat olduğu göstərilmişdir. İş üzrə təyin edilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 9/1619 saylı rəydə isə əsas borclar Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 29515 saylı rəydə qeyd edildiyi kimi saxlanılmaqla, xx.xx.2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti üçün faiz borcunu 1123,80 (bir min bir yüz iyirmi üç manat, səksən qəpik) manat, cərimə borcu 34.952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir qəpik), xx.xx.2011- ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddət üçün hesablanmış faiz borcu 212,76 (iki yüz on iki manat yetmiş altı qəpik) manat, cərimə borcu 2.401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manat, xx.xx.2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddət üçün hesablanmış faiz borcu 774,79 (yeddi yüz yetmiş dörd manat yetmiş doqquz qəpik) manat, cərimə borcu 24.262,51 (iyirmi dörd min iki yüz altmış iki manat əlli bir qəpik) manat göstərilmişdir. Bununla da birinci instansiya məhkəməsi yalnız ziddiyyətli ekspert rəyinə istinad edərək iddia ərizəsində tələb olunduğu kimi xx.xx.2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğini 274.292,56 (iki yüz yetmiş dörd min iki yüz doxsan iki manat 56 qəpik) manatdan 273.366,01 (iki yüz yetmiş üç min üç yüz almış altı manat bir qəpik) manata, cərimə borcunu 48.952,61 (qırx səkkiz min doqquz yüz əlli iki manat 61 qəpik) manatdan 34 952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir qəpik) manata, xx.xx.2011-ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğini 54529,32 (əlli dörd min beş yüz iyirmi doqquz manat, 31 qəpik) manatdan 48.811,32 (qırx səkkiz min səkkiz yüz on bir manat otuz iki qəpik) manata, cərimə borcunu 6.542,23 (altı min beş yüz qırx iki manat, 23 qəpik) manatdan 2401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manata, xx.xx.2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğini 205.889,16 (iki yüz beş min səkkiz yüz səksən doqquz manat, 16 qəpik) manatdan 187.132,04 (yüz səksən yeddi min yüz otuz iki manat dörd qəpik) manata, cərimə borcunu 36.719,64 otuz altı min yeddi yüz on doqquz manat, 64 qəpik) manatdan 24.262,51 (iyirmi dörd min iki yüz altmış iki manat əlli bir qəpik) manatadək azaltmışdır. Göründüyü kimi iki ekspertiza rəyləri arasında məbləğlərlə bağlı ziddiyyət vardır. Lakin, birinci instansiya məhkəməsi rəylər arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün hər hansı təşəbbüs göstərməmişdir, ziddiyyətli ekspert rəyinə istinad etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilən maliyyə arayışları və hesabdan çıxarışlarda bütün rəqəmlər aydın görsənir, iddia ərizəsi veriləndən sonra isə cavabdeh tərəfindən borcun ödənilməsinə dair heç bir ödəniş edilməyib. Mülki Prosessual Məcəllənin tələblərinə məhəl qoymadan ekspert rəyini digər sübutlarla birgə tədqiq etməli olan, işə tam, hərtərəfli və obyektiv baxmalı olduqları halda məhkəmə, digər sübutlara əsaslanmadan, sadəcə ekspert rəyini qeyd etməklə kifayətlənərək qətnamə qəbul etmişdir. Yalnız ekspert rəyinə istinad edərək qəbul edilmiş qətnamənin qanuni və əsaslı olmasında hesab edir ki, yetərincə şübhələr mövcuddur. Hesab edir ki, ekspertizanın rəyi həqiqəti əks etdirmir və borclunun faiz borcunun müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilməlidir. Bundan başqa, məhkəmə tərəfindən hər üç müqavilə üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə iddia tələbi tamamilə rədd edilmiş, bu halda da qanunvericiliyin tələblərinə düzgün əməl edilməmişdir. Belə ki, ilk olaraq qeyd edir ki, məhkəmə müqavilə üzrə müddət bitdikdən sonra hesablanan faiz borcu üzrə iddia tələbinin təmin edilməməsini qətnamədə əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə tələb irəli sürülmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilənə tələbə dair ümumiyyətlə heç bir şərh verilməmişdir. İş materiallarında buna aid qərardad olsa da nəticəsi barədə heç bir məlumat yoxdur və belə olan halda isə qətnamədə ilkin satış qiyməti müəyyən edilməmişdir. Hesab edirik ki, ilkin satış müəyyən edilməsi çox mühüm məsələdir və mütləq olaraq öz həllini tapmalıdır. Belə ki, gələcəkdə qətnamənin icrası zamanı qətnamə üzrə əmlaka ilkin satış qiyməti müəyyən edilməzsə əmlakın hərraca çıxarılmasında və qətnamənin icrasına yönəlmiş digər hərəkətlərdə çətinliklər yaradılacaq və qətnamənin icrası süni şəkildə uzadılacaq. Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayəti onunla əsaslanıdrmışdır ki, xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit (borc) müqaviləsinə əsasən illik 6 faizlə 1 500 000 manat məbləğində kredit götürülmüş və həmin kredit məbləğində 1.400.000 matdan çox vəsait ödənilmişdir. xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsinə əsasən illik 6 faizlə 692 000 manat məbləğində kredit götürülmüş və həmin kredit məbləğindən 680.000 manatdan çox vəsait ödənilmişdir. xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsinə əsasən illik 6 faizlə 1.408.000 manat məbləğində kredit götürülmüş və həmin kredit məbləğindən 1.300.000 manatdan çox vəsait ödənilmişdir. Cavabdeh MMC tərəfindən göstərilən məbləğdə kredit vəsaiti ödənilməsi iddiaçı təşkilatın iddia ərizəsində öz əksini tapmışdır. Həmçinin işə məhkəmədə baxılarkən götürülmüş kreditin 90 faizinin ödənilməsini iddiaçı tərəf etiraf etmişdir. Belə olan halda, hər üç müqavilə üzrə borc məbləğinə süni şişirdilmiş yüksək, tənasübsüz cərimə məbləğinin hesablanması hesab edir ki, qanunsuz və əsassızdır. İşə baxan məhkəmə Cavabdeh MMC tərəfindən borcun 90 faizinin ödənilməsini, əvvəllər bir neçə dəfə götürülmüş kreditin vaxtı-vaxtında ödənilməsini, hazırki dövrdə pandemiya ilə əlaqədar bir sahibkar kimi onun də maddi durumunun aşağı olmasını nəzərə almayaraq hər üç müqavilə üzrə müvafıq olaraq 34.952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir əpik) manat, 2.401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manat, 24.262,51 (iyirmi dörd min ;i yüz altmış iki manat əlli bir qəpik) manat cərimə borcu hesablamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi, əlavə olaraq göstərdi hər üç müqavilə üzrə ödənişlər cavabdeh MMC tərəfindən edilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş 15 aprel 2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi və 30 iyun 2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz məbləği hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Kollegiya apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)- 747/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 2-2(104)-5/2022 saylı qətnaməsi qismən – iddianın təmin olunmamış hissəsində ləğv edildiyindən hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş, yəni pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz məbləği hissəsi təşkil edir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit (borc) müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 1 500 000 manat məbləğində kredit verilmişdir və kredit xx.xx.2016-cı il tarixədək ödənilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 692 000 manat məbləğində kredit verilmişdir və kredit xx.xx.2016-cı il tarixədək ödənilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 1 408 000 manat məbləğində kredit verilmişdir və kredit xx.xx.2016-cı il tarixədək ödənilməlidir. İş materiallarında olan “tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrin təminatı kimi MA ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən yüklü edilən Bərdə rayonu, Mehdili kəndində xüsusi mülkiyyətdə olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mehdili kəndində yerləşən qeyri-yaşayış evi 2 ha torpaq sahəsi ilə birlikdə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, sonuncudan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İş materiallarında olan 06 avqust 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borclu ödəniş etməyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 07 avqust 2019-cu il tarixli, **********606 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 54 529,32 manat əsas, 212,76 manat faiz, 6542,23 manat cərimə,9504,76 manat isə MMnin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. İş materiallarında olan 07 avqust 2019-cu il tarixli, **********608 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsi üzrə 205 889,16 manat əsas, 774,79 manat faiz, 36 719,64 manat cərimə,35 888,76 manat isə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. İş materiallarında olan 07 avqust 2019-cu il tarixli, **********607 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 274 292,56 manat əsas, 1123,80 manat faiz, 48 952,61 manat cərimə, 47 811,93 manat isə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 01/21-555-2 saylı, 10 noyabr 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Hüquqların Dövlət qyediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh MMC-yə məxsus olan, Bərdə rayonu, Mehdi kəndində yerləşən əmlak kompleksinin bazar dəyəri 10.000.000 (on milyon) manat, likvid dəyəri 8.500.000 (səkkiz milyon beş yüz min) manat təşkil edir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2-2(083)- 636/2019 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən verilmiş 07 yanvar 2020-ci il tarixli 29515 nömrəli ekspert rəyi kifayət qədər aydın və tam olmadığına görə 11 mart 2020-ci il tarixli 2-2(115)- 29/2020 saylı qərardadla əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçilməsi qərara alınmışdır. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli 9/1619 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 2011-ci il 15 aprel tarixli 040 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya 2019-cu il 30 iyul tarixə 273.366,01 manat əsas, 56.669,01 manat faiz borcu olmaqla 330.035,02 manat cəmi borcu, 2011-ci il 16 iyun tarixli 074 saylı kredit müqaviləsi üzrə 48.811,47 manat əsas borc, 6.943,15 manat faiz borcu, ümumi 55.754,62 manat olmaqla, 2011-ci il 30 iyun tarixli 079 saylı kredit müqaviləsi üzrə 187.132,04 manat əsas borc, 38.823,46 manat faiz borcu, ümumi 225.955,5 manat olmaqla müəyyən olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən hər üç kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. Cavabdeh 2020-ci il 17 avqust tarixində ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyü üçün iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2021-ci il 10 noyabr tarixli 01/21-555-2 saylı qiymətləndirmə rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında cavabdehə məxsus olan, Bərdə rayonu, Mehdi kəndində yerləşən əmlak kompleksinin bazar dəyəri 10.000.000 manat, likvid dəyəri 8.500.000 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 4/355 saylı, 04 aprel 2022ci il tarixli ekspert rəyindən görünür ki, 29 yanvar 2019-cu il tarixli elanlarda “Ödəyənin imzası” qrafalarındaki imzalar X4 tərrəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyasının 29 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/813 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 87-90-cı vərəqlərində olan 3 ədəd xx.xx.2019-cu il tarixli elanlarda "Ödəyənin imzası" qrafalarındakı imzalar ilə xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015. xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderlərində "İmza" (ödəyənin imzaları) qrafalarındakı imzalar- müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2011-ci il 15 aprel tarixli 040 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 2016-cı il 21 fevral tarixinə qədər illik 6% dərəcəsi ilə 1.500.000 manat məbləğində, 2011-ci il 16 iyun tarixli 074 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 2016-cı il 21 fevral tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 692.000 manat məbləğində, 2011-ci il 30 iyun tarixli 079 nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla 1.408.000 manat məbləğində kredit verilmişdir, kredit müqavilələrinin təminatı kimi cavabdehə məxsus Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv.metr sahəsi olan bir mərtəbəli qeyriyaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə yaranmış öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən xx.xx.2019-cu il tarixlərdəki 100 manat pulun kim tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün məhkəmə -xətşünaslıq ekspertizası keçirilmiş və həmin məbləğin cavabdehin nümayəndəsi tərəfindən ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası iddianın təmin edilməmiş müqavilə üzrə gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmış məbləğin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi gecikmənin cavabdehin təqsiri nəticəsində baş verdiyini nəzərə almadan iddianı rədd etməkdə haqsız olmuşdur. Belə ki, Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan müəyyən məbləqdə kredit vəsaiti almış və həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq öhdəliyi götürmüş, lakin cavabdeh götürdükləri öhdəliyin şərtlərini pozaraq kredit borcunu vaxtında qaytarmamış, beləliklə də iddiaçı öz vəsaiti üzərində sərancam vermək, vəsaitindən gəlir gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki normal dövriyyə mövcud olsaydı, yəni cavabdeh kredit borcunu vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti daha yüksək faizlə kreditə verib qazanc əldə etmiş olardı. Hazırkı halda müqavilə müddəti bitdiyindən iddiaçı digər əsaslardan çıxış edib daha yüksək məbləğ tələb edə bilmədiyinə görə ona illik beş faiz ödənilməsini xahiş etməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş “X1” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə müddət bitdikdən sonra hesablanan 47 811,93 manat faiz borcu, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsi üzrə müddət bitdikdən sonra hesablanan 35 888,76 manat faiz borcu hissəsində - qismən ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalı, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməli, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Belə ki, 15 aprel 2011-ci il tarixli 040 nömrəli və xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqavilələri cavabdehin iddiaçıya olan əsas və müqavilə müddəti üçün hesablanan əsas və faiz borcunun yuxarıda göstərilən məbləğlərdə olması işdəki məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin şikayət aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinə verdiyi əlavədən görünür ki, o hər üç kredit müqaviləsi üzrə iddia müddətinin keçdiyini qeyd edərək qətnamənin bütövlükdə ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində birinci icraat zamanı cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək iddia tələbi xx.xx.2011-ci il tarixli 074 saylı müqavilə üzrə borc hissəsində qismən təmin edilmiş, cavabdeh məhkəmənin həmin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməmişdir. Digər iki kredit müqaviləsi üzrə iddia tələbi təmin edilməmişdir və apellyasiya instansiyası məhkəməsi həmin hissədə cavabdehin apellyasiya şikayətini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin hissədə mövqeyi ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqavilələri üzrə 2019-cu ilin yanvar ayında aparılmış ödənişlərin V.Rzayev tərəfindən yox, başqa şəxslər tərəfindən ödənilməsi, həmin ödənişlərin X2 iradə ifadəsinə zidd olaraq ödənilməsi qənaətinə və ya bank tərəfindən müddət axımının kəsilməsi üçün ödənilməsi anlamına gəlməməlidir. 2019cu il 19 yanvar tarixdə kredit müqaviləsi üzrə ödənişlər edilərkən sözügedən müqavilələr üzrə iddia müddəti ötməmişdir və bankın həmin tarixdə saxtakarlıq edərək qanunsuz ödənişləri rəsmiləşdirmək əvəzinə məhkəmədə iddia qaldırmaq ücün kifayət qədər vaxtı var idi. Bununla bağlı ilk olaraq qeyd edilməlidir ki, V.Rzayev müəssisənin rəhbəri olsa da, müəssisənin maliyyə fəaliyyətinə bilavasitə məsuliyyət daşıyan şəxs deyildir. Belə bir qəti nəticəyə gəlməzdən əvvəl apellyasiya məhkəməsi buna qədər cavabdeh tərəfindən aparılmış ödəniş sənədlərinin kim tərəfindən icra edildiyini, bu sənədlərə kimlərin imza etdiyini dəqiq müəyyən etməli, yalnız əvvəlki bütün sənədlərin V.Rzayev tərəfindən imzalandığı halda, yalnız son iki ödənişin başqa şəxslər tərəfindən imzalandığını müəyyən etməklə belə bir qəti nəticəyə gələ bilərdi. Hazırkı halda isə iş materiallarından da göründüyü kimi məhkəmə tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparılmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbulu ilə nəticələnmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən əvvəllər edilmiş ödəniş sənədləri tələb edilərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi üçün göndərilmiş, alınmış rəydən göründüyü kimi əvvəlki ödənişlərin eyni şəxs tərəfindən deyil, müxtəlif şəxslər tərəfindən aparıldığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh MMC tərəfindən 15 aprel 2011-ci il tarixli 040 nömrəli və xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqavilələri üzrə sonuncu ödənişlər xx.xx.2019-cu il tarixdə edilmişdir. Həmin ödənişlərin cavabdeh tərəfindən edilməsinə şübhə yaradacaq əsas mövcud deyildir. Ona görə ki, həmin müqavilələr üzrə xx.xx.2019-cu il tarixdə ödəniş aparılmasaydı belə iddia müddəti xx.xx.2019-cu il tarixdən sonrakı gün keçmiş olacaqdı. İddiaçının xx.xx.2019-cu il tarixədək müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanı olduğu halda xx.xx.2019-cu il tarixdə cavabdehin kredit müqavilələri üzrə iddiaçı tərəfindən ödəniş edilməsinə ehtiyac olmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməli olmasına dair dəlilini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(115)-29/2020 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş 15 aprel 2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi və 30 iyun 2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz məbləği hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalı, ekspertiza xərci cavabdehə aid edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, ipoteka predmeti olan Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 2-2(104)-5/2022 saylı qətnaməsi ilə 8.200.000 manat məbləğində müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(115)-29/2020 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş 15 aprel 2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi və 30 iyun 2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz məbləği hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 273.366,01 (iki yüz yetmiş üç min üç yüz almış altı manat bir qəpik) manat əsas borc, 1123,80 (bir min bir yüz iyirmi üç manat, səksən qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 34 952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir qəpik) cərimə borcu, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 48 811,32 (qırx səkkiz min səkkiz yüz on bir) manat əsas borc, 212,76 (iki yüz on iki manat, yetmiş altı qəpik) manat müqavilə müddət üçün hesablanmış faiz borcu, 2401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 47811,93 manat faiz borcu; xx.xx.2011-ci il, tarixli 079 nömrəli kredit müqaviləsi üzrə 187 132,04 (bir yüz səksən yeddi min yüz otuz iki manat dörd qəpik) manat əsas borc, 774,79 (yeddi yüz yetmiş dörd manat, yetmiş doqquz qəpik) manat müqavilə müddət üçün hesablanmış faiz borcu, 24 262,51 (iyirmi dörd min iki yüz altmış iki manat əlli bir qəpik) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 25888,76 manat faiz borcu, iki müqavilə üzrə cəmi 605312,45 (altı yüz beş min üç yüz oniki manat yetmiş altı qəpik) manat borc, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində xiddət haqqı və 10 (on) manat rüsumun Cavabdehndən tutularaq ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci - 127(bir yüz iyimi yeddi) manat məbləğində pul Cavabdehndən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********.AZ 34CTRE******************** nömrəlı hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar