Məhkəmə qərarları › İş №2-2(104)-146/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-146/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-146/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-160/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsinə əsasən, Cavabdeh1 84 ay müddətinə illik 30% olmaqla 100000 manat məbəğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair razılaşmaya əsasən, Cavabdeh1 24 ay müddətinə illik 18% olmaqla 50000 manat məbəğində kredit verilmişdir.

3. 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür.

4. 14 mart 2023-cü il tarixli GNOC-1026 saylı ipoteka müqaviləsinə əsasən, kredit limitinin ayrılmasına dair müqvilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A- 3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) iddiaçının xeyirinə yüklü edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsində yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. 13.03.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 12 mart 2025-ci il tarixinə banka 10977,01 manat əsas, 2625,18 manat faiz, 2191,21 manat cərimə borcu olmaqla, cəmi 15792,4 manat borcu vardır.

7. "xxxx" MMC-nin 31 yanvar 2025-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyi məhkəməyə təqdim olunmuş, rəyə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 120000 manat, likvid dəyərinin 95000 manat təşkil etməsi müəyyən edilmişdir. Xidmət haqqı 500 manat qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borca görə 22977,01 manat, faiz borcuna görə 1382,28 manat, cərimə borcuna görə 446,12 manat olmaqla, cəmi 24805,41 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 165 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı baş kredit müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 100000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkil edir. Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli GNOC-1026 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Bundan başqa Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi, tərkib hissələri (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) ilə birgə İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli GNOC-1026ip saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

10. Bundan sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli GNOC- 1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 10977,01 manat, faiz borcuna görə 2625,18 manat, cərimə borcuna görə 2190,21 manat olmaqla, cəmi 15792,4 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 165 manat iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMCyə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini nəzərə alaraq, həmin məbləğin cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.

12. Cavabdeh2 izahatında göstərmişdir ki, əsas borclu olan şəxs həyat yoldaşıdır. İddiaçı ilə müqavilə bağlayaraq 50000 manat krediti sahibkarlıq məqsədi ilə götürmüşdür. Zaminlik və ipoteka müqaviləsini özü imzalamış, əsas borc məbləği ilə bağlı etirazı yoxdur. Borcu ödəmək istəyirlər, hazırda da qrafik üzrə borcu ödəyirlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh1 izahatında göstərmişdir ki, borcun müəyyən hissəsini ödəmişdir. Belə ki, 8000 ABŞ dolları borcundan ödəniş etmişdir. Borcu tam olaraq ödəmək istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-160/2025 nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli GNOC- 1026 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 14 mart 2023-cü il tarixli üzrə yaranmış 10977 manat 01 qəpik əsas borc, 1382 manat 28 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 12659 (on iki min altı yüz əlli doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul, ödənilmiş 127 (bir yüz altmış səkkiz) manat 98 (əlli səkkiz) qəpik məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum, 500 (beş yüz) manat ödənilmiş ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 134,8 kv.m ümumi, 89,6 kv.m yaşayış sahəsi 45,2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tərkib hissələri ilə birgə (ayaq yolu 1 mərtəbəli 2,6 kv.m tikintialtı sahə; talvar 101,1 kv.m tikintialtı sahə, cəmi 103,7 kv.m) yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın, əmlakın ilkin satış qiyməti 95000 (doxsan beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən, 84 ay müddətinə illik 30% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 mart 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 18% olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya krеdit müqaviləsi üzrə 10977,01 manat əsas krеdit bоrcu vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.

16. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi kredit üzrə əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır.

17. Bundan başqa iddiaçı iddia tələbində kredit müqaviləsi üzrə 2625,18 manat faiz borcunun tutulmasını tələb etmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı kredit razılaşması üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 1382,28 manat təşkil etdiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır.

19. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

20. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2190,21 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, o kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.

22. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış razılaşmaya əsasən 10977 manat 01 qəpik əsas borc, 1382 manat 28 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 12659 manat 29 qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

23. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evibə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

24. Ona görə də məhkəmə hesab etmişdir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə tərkib hissələri ilə birgə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 95000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 460, 462.1, 467, 470.1 və 472.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

26. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-160/2025 nömrəli qətnaməsinin qismən yəni, cərimə borcunun hesablanması və əmlakın qiymətləndirilməsi hissəsində ləğv edilərək, apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

27. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cərimə borcu 5% saxlanması mümkün olduğu halda məhkəmə cərimə borcunu 14% saxlamışdır. Qətnamənin bu hissəsi ilə də razı deyildir. Birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının reallıqdan uzaq olan maliyyə arayışına uyğun əsaslandırmışdır. Eyni zamanda əmlakın dəyəri hazırki zamanda əhəmiyyətli dərəcə hesab edir ki, bank tərəfindən təqdim edilən rəqəmlər borc məbləğindən daha yüksəkdir. Belə ki, tərəflərindən mülki işə baxılmazdan əvvəl və məhkəmə zamanı ödənişlər aparılmış və bank həmin ödənişlərləri qəbul etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə baxışı zamanı ekspertiza təyin edilməsi barədə vəsatət vermək hüququ olması ona tam izah edilmədiyindən bu hüququndan istifadə edə bilməmişdir. İşin faktiki hallarından da görünür ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozmuşdur və nə onun, nə cavabdehlərin, nə də ki, üçüncü şəxsin iştirakını təmin etməməklə ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı elektron məhkəmə sistemi üzərində ərizə ünvanlayaraq, müki iş üzrə qətnamədən cavabdeh tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş şikayətə baxış iclasını iştiraklarının olmadan keçirilməsini və şikayətin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

42. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (01 aprel 2023-cü il tarixədək qüvvədə olan redaksiya).

43. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

44. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

46. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

47. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

48. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

56. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

63. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməninin cərimə və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış məbləğlərini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığı cavabdeh Kamran İsamyılova münasibətdə yalnız həmin hissələr üzrə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

65. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-160/2025 nömrəli nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

67. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə borcalan arasında xx.xx.2023cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən, 84 ay müddətinə illik 30% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra iddiaçı ilə borcalan arasında xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 18% olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh olan borcalan isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur.

68. Məhkəmənin qənaətinə görə apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə kredit müqaviləsinin üzrə cərimə borcunun tutulması, habelə ipoteka predmeti olan əmlakın ilkin satış məbləğləri ilə bağlı yaranmış mübahisədir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə, habelə qanunvericiliyin borcla və ipoteka ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

69. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

70. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

71. Zamana görə qüvvədə olan redaksiyasında Azərbaycan Respublikasının MM-in 739-cu maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

72. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. (Zamana görə qüvvədə olan redaksiya).

73. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

74. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

75. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

76. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Bu halı cavabdehlər birinci instansiyası məhkəməsinin iclasında verdikləri izahatılarında etiraf etmişlər. Kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

77. Hazırda kreditorun cərimə borcunu tələb etməsi göstərilənlərə əsasən qanunidir.

78. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

79. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

80. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır ki, gecikdirilən məbləğin 1 faizi həcmində cərimənin hesablanması ilə bağlı tərəflər müqavilənin 2.13.1-ci bəndində razılaşmışlar.

81. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, cərimə məbləğini azaldaraq, 300 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək deyildir və apellyatorun şikayətində göstərildiyi kimi 14 faiz təşkil etmir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

83. Həmçinin, Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

84. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

85. 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.

86. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini (likvid) qətnamədə göstərməyə borcludur.

87. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin 31 yanvar 2025-cü il tarixli rəyə əsasən, Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, Məhəllə A-3, sahə 10 ünvanında 0,04 ha torpaq sahəsi yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 120000 manat, likvid dəyərinin 95.000 manat təşkil etməsi müəyyən edilmişdir.

88. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

89. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

90. 38.2.2-ci maddəsindən görünür ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

91. 39.3.3-cü maddəsinin tələbinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

92. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.

93. 6-cı maddəsinə əsasən, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

94. 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı “Azərbaycan Respublikasının Nazirlər Kabineti” müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəriciləri məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

95. Qeyd olunanlara əsasən, "xxxx" MMC-nin qiymətləndirmə rəyinə istinad edərək həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib məhkəmə belə qənaətə gəlir ki, həmin qiymətləndirmə rəyi əsasən birinci instansiya məhkəməsi düzgün qiymətləndirmişdir. Çünki, rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir.

96. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

97. Cavabdeh1 apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasını göstərsə də, məhkəmə bu dəlili əsassız sayır. Çünki, iş materiallarından olan məhkəmə iclasınının protokollarından görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqla yanaşı, məhkəmə iclaslarında iştirak etmişlər.

98. Həmçinin, məhkəmə tərəfindən cavadehlərə ekspert rəyi elan edilməklə təqdim edilmiş və bu barədə hər hansı vəsatətlərinin olması təklif edilsə də, cavabdehlər tərəfindən heç bir etiraz və vəsatət təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə onun bu dəlilini ağlabatan hesab etmir.

99. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, apellyator ipoteka predmeti olan əmlakın dəyərinin düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri məhkəmələrə təqdim etməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.

100. Məhkəmə xatırladır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

101. Məhkəmə göstərir ki, Cavabdeh1 göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

102. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

103. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

105. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirlən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

107. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, cavabdehin mübahisələndirdiyi cərimə borcunun məbləği 10000 manatdan azdır.

108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-160/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar