Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-147/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-753/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 65,300 manat pulun və ödənilmiş 295 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 81,000 manat əsas borcun, 9,549 manat faiz borcunun və 333.50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC məhkəmədən kənar saziş imzalamaqla ona borcun hissə-hissə qaytaracağını bildirmişdir və məhkəmədən iddianı geri çəkmişdir. 15 avqust 2024-cü ildə onunla Cavabdeh arasında borcun hissə hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə Cavabdeh MMC-nin 11 aprel 2022-ci il tarixli müqavilə üzrə qalıq borcu ümumilikdə 70,300 manat təşkil etmişdir. Məhkəmədə xx.xx.2024-cü il tarixli qərardadla ərizələri baxılmamış saxlanılmışdır. Saziş imzalandıqdan sonra bir müddət sonra cavabdeh tərəfindən 70,300 manat borcdan 5,000 manat pul ödənilmişdir. Cavabdeh bu günədək razılaşmada olan öhdəliyi icra etmir. Belə olan halda məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Aralarında borcun etirafı ilə bağlı saziş var. Ümumilikdə ona 65,300 manat pulun və ödənilmiş 295 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli e-2-2(115)-753/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, Cavabdeh MMCdən 65,300 manat məbləğində pul və ödənilmiş 295 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış QSZX 37/0422 saylı, 11 aprel 2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn qalıq borcun ödənilməsi bağlı tərəflər arasında “borcun hissə-hissə ödənilməsi barədə” xx.xx.2024-cü il tarixli saziş imzalanmışdır. Sazişdən göründüyü kimi, cavabdeh iddiaçıya olan 70,300 manat qalıq borcunu 2025-ci ilin oktyabr ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Yəni, cavabdeh sazişdə göstərilən borcunu həmin müddətin sonunadək ödəyə bilər. Digər tərəfdən, sazişdə borc ödənilmədiyi halda, iddiaçının borc məbləğini tam şəkildə/bütünlüklə tələb etmək hüququ əks olunmamışdır. Bu mənada cavabdeh tərəfindən borc ödənilmədiyi halda, iddiaçı 2025-ci ilin oktyabr ayının sonunadək gözləməli, yalnız bundan sonra məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Odur ki, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlara əsasən cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-753/2025 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı Cavabdeh MMC-yə qarşı“pul tələbinə dair” iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, e-2- 2(115)-907/2024 nömrəli iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1 Zavodu" MMC 81,000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsinə əsasən hesablanmış 9,549 manat faiz məbləğinin və ödənilmiş 333,50 manat dövlət rüsumunun, ümumilikdə 90,882.50 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 avqust 2024-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında razılıq olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Murat Çağlayan məhkəməyə ərizə göndərərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2-2(115)-907/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qаrşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, dövlət büdcəsinə ödənilmiş 363 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişdən görünür ki, tərəflər təsdiq etmişdir ki, sazişin imzalandığı tarixə sifarişçinin icraçıya QSZX 37/0422 saylı, 11 aprel 2022-ci il tarixli xidmət müqaviləsi üzrə qalıq borcu ümumlikdə 70,300 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və borcun hissə-hissə ödənilməsi barədə sazişlə borcunu etiraf etmişdir. Həmin borcdan isə cəmi 5,000 manat ödəniş etmişdir. Nəticədə cavabdehin 65,300 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması borcun hissə-hissə ödənilməsi barədə saziş ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 65,300 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarında olan ödəniş qəbzinə əsasən, iddia qaldırılmaq üçün 295 manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən məhkəməyə ödənilmiş olmasını nəzərə alaraq həmin məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış sazişin şərtlərinə görə, Cavabdeh MMC 2024cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin sentyabr ayının sonunadək hər ay 5,000 manat, qalan 5,300 manatı isə 2025-ci ilin oktyabr ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, bu müddət ərzində saziş üzrə yalnız 5,000 manat ödəniş edilmişdir. Mülki Məcəllə: Maddə 421.3. müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 445.2, 448, 882-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-753/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-147/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-147/2025
09.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver