Məhkəmə qərarları › İş №2-2(104)-148/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-148/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-148/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu oğlu və X2 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-263/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-263/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış 2850 (iki min səkkiz yüz əlli) manat pulun, 15 (on beş) manat dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddianın qalan hissəsinin və qarşılıqlı iddianın təmin edilməməsi və ilk iddia üzrə Cavabdeh 49 (qırx doqquz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 263/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə mürаciət edərək, icarə haqqı olan 3900 manat məbləğində pulun və əşyalarının aparılması nəticəsində ona vurulmuş 5280 manat real maddi zərərin, ümumilikdə 9180 manat məbləğində pulun, ödənilmiş 112 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 003574 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən dörd mərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin 99.5 kv/m olan tam hissəsini Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə dəyişiklik edilməklə yenidən bağlanmışdır. Qeyd edilən icarə obyekti müqavilə bağlanmamışdan əvvəl yeməkxana kimi fəaliyyə göstərmiş, müqavilə bağlandıqdan sonra da yeməkxana kimi fəaliyyət göstərmək üçün icarəyə verilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə 200 manat icarə haqqı ödəyir. Lakin müqavilədə icarə haqqı 200 manat qeyd edilsə də müqavilə tərəflərinin şifahi razılaşmasına əsasən icarəçi icarəyə verənə ayda 500 manat icarə haqqı ödəməli idi. İcarəçi vergi ödənişini az ödəmək məqsədilə icarə müqaviləsində icarə haqqının 200 manat kimi qeyd edilməsini xahiş etdiyi üçün 200 manat icarə haqqı məbləği qeyd edilmişdir. Aylıq icarə haqqının 500 manatdan ödənilməsi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli İddiaçı adına verilmiş hesabdan çıxarışında da öz əksini tapmışdır. Müqavilənin 6-cı bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Müqavilənin 7-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazlı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh tərəfindən müqavilənin tələbləri pozulduğu üçün xx.xx.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə niyyətini bildirmiş, xəbərdarlıq məktubu cavabdeh tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən Bərdə Rayon Məhkəməsində müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə Cavabdeh qarşı iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları əsası ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, qeyri yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə 14 sentyabr 2023-cü il tarixdə icra edilmiş qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən icra məmuru vasitəsilə boşaldılaraq açarı ilə birlikdə təhvil verilmişdir. Təhvil verildikdən sonra onun tərəfindən obyektə baxış keçirilən zaman bütün elektrik xətlərinin sıradan çıxarıldığı, bəzi otaqlarda suvaqların söküldüyünü, zibillərin yığılıb qalaqlanaraq təmizlənmədiyi aşkar olunmuşdur. Göstərdiyi səbəblərdən bu günədək obyektini icarəyə verə bilmir. Bu günədək cavabdeh 6 aylıq (2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarının) icarə haqqını ödəməmişdir. Bütün bunlar onu əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Eyni zamanda 2023-cü ilin yanvar ayında cəmi 200 manat icarə haqqı ödəmişdir. Növbəti ayda 800 manat ödəyəcəyini söz versə də cəmi 700 manat icarə haqqı ödəmiş və 100 manat borcu qalmışdır. 2021-ci ildən əvvəl icarəçi icarə haqqı ödənişini nağd şəkildə ödəyirdi. 2021-ci ilin noyabr ayından başlayaraq "xxxx" ASC vasitəsilə hesabına ödəmişdir. 2021-ci ilin noyabr ayından əvvəlki aylarda icarəçi icarə haqqını tam ödəməmiş, həmin müddətdə ümumi 800 manat icarə haqqı borcu qalmışdır. Cavabdehlə şifahi razılaşdıqları aylıq 500 manat icarə haqqını hesabladıqda 4 aya 2000 manat məbləğində icarə haqqı edir. Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, müqavilə üzrə icarə haqqı 200 manat müəyyən edilməyinə baxmayaraq, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən o iddiaçıya hər ay 500 manat icarə haqqı ödəmişdir. Ümumilikdə Cavabdeh ona 2900 manat icarə haqqı borcu qalmışdır. Həmçinin, qeyd edilən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verərkən aşağıda göstərdiyi əşyaları da istifadə etmək üçün ona təhvil vermişdi. 1 ədəd 850 manat dəyərində vitrin-soyuducu “İssoy”, 1 ədədinin dəyəri 70 manat olmaqla cəmi dəyəri 350 manat olan 5 ədəd stol (80 sm x 150 sm ölçüdə), 1 ədədinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 300 manat olan 5 ədəd stol (80 sm x 120 sm ölçüdə), 1 ədədinin dəyəri 25 manat olmaqla cəmi dəyəri 875 manat olan 35 ədəd yumşaq oturacaqlı stul, 1 ədədinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 120 manat olan 2 ədəd qaz balonu (50 kq), 1 ədəd dəyəri 130 manat olan qaz peçi (3 gözlü), 1 ədəd dəyəri 130 manat olan vitrin polka, 1 ədədinin dəyəri 40 manat olmaqla cəmi dəyəri 320 manat olan 8 ədəd jurnalnı stol, 1 ədədinin dəyəri 150 manat olmaqla cəmi dəyəri 1050 manat olan 7 ədəd divan, 1 ədəd dəyəri 50 manat olan Türkiyə istehsalı fri aparatı, 1 ədəd dəyəri 80 manat olan qazan üçün blender, 1 ədəd dəyəri 90 manat olan adi blender, 1 ədəd dəyəri 70 manat olan peraşki aparatı, 1 ədəd dəyəri 150 manat olan mikrovolnovka, 1 ədəd dəyəri 100 manat olan elektrik somavarı, 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi dəyəri 70 manat olan 2 ədəd böyük ləyən, 1 ədəd 25 manat dəyərində orta ləyən, 1 ədədinin dəyəri 15 manat olmaqla cəmi dəyəri 30 manat olan 2 ədəd plastmas turşu qabı (50kq), 1 ədəd dəyəri 30 manat olan böyük çuqun tava, cəmi dəyəri 80 manat olan 6 ədəd müxtəlif tava, cəmi dəyəri 80 manat olan 4 ədəd alüminum qazan, cəmi dəyəri 100 manat olan 5 ədəd emallı qazan, cəmi dəyəri 50 manat olan 10 ədəd piti qabları, cəmi dəyəri 200 manat olan çay dəsti (çayniklər, stəkanlar, nəlbəkilər və qənd qabları), bütün göstərdiyi əşyaların cəmi dəyəri 5280 manat təşkil edir. Cavabdeh həmin əşyaları aparmaqla ona 5280 manat məbləğində maddi zərər vurmuşdur. Lakin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilərkən ona verdiyi əşyalar orada yox idi. Cavabdeh qeyd etdiyi əşyaları qeyriyaşayış sahəsindən götürərək özü ilə aparmışdır. Hazırda cavabdeh nə əşyaları, nə də əşyaların dəyərini ona qaytarmır. Cavabdeh müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli e-2-2(113)-6179/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh icarə haqqından 2021-ci ilin iyun ayı üçün 150 manat, iyul ayı üçün 200 manat, avqust ayı üçün 100 manat, sentyabr ayı üçün 150 manat, oktyabr ayı üçün 200 manat, cəmi 800 manat əskik ödədiyini bildirmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək ünvan 1 ünavanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmisindəki obyektin 29 may 2019-cu ildə kafe-çayxana kimi işlətmək üçün X1, aşağıdakı siyahıda göstərilən mebel inventar və avadanlıqları birlikdə icarəyə verildiyini bildirmişdir. 1. Vitrin soyuducu “ İssoy”- 1 ədəd-850 manat, 2. Stol (80 smx150 sm)- 5 ədəd x 70 man = 350 manat, 3. Stol (80 sm x 120 sm) - 5 ədəd x 60 man = 300 manat, 4. Yumşaq oturacaqlı sul -35 ədəd x 25 man = 875 manat, 5. Qaz balonu (50 kq)- 2 ədəd x 60 man = 120 manat, 6. Qaz peçi (3 gözlü)-1 ədəd x 130 man = 130 manat, 7. Vitrin polka1 ədəd x130 man = 130 manat, 8. Jurnal stolu – 8 ədəd x 40 man = 320 manat,

9. Yumşaq divan - 7 ədəd x 150 man = 1050 manat; 10. Fri aparatı (Türkiyə) - 1 ədəd x 50 man = 50 manat, 11. Qazan üçün blender - 1 ədəd x 80 man = 80 manat, 12. Adi blender - 1 ədəd x 90 man = 90 manat, 13. Peraşki aparatı – 1 ədəd x 70 man = 70 manat, 14. Mikrovolnovka - 1 ədəd x 150 man = 150 manat, 15. Elektrik samovarı - 1 ədəd x 100 man = 100 manat, 16. Böyük ləyən - 2 ədəd x 35 manat = 70 manat, 17. Orta ləyən - 1 ədəd x 25 manat = 25 manat, 18. Plastmas turşu qabı (50 kq) 2 ədəd x 15 man = 30 manat, 19. Böyük çuğun tava - 1 ədəd x 30 manat = 30 manat, 20. Müxtəlif ölçülü tavalar - 65 ədəd, cəmi 80 manat, 21. Alüminium qazanlar - 4 ədəd cəmi 80 manat, 22. Emallı qazanlar 5 ədəd cəmi 100 manat, 23. Piti qabı10 ədəd x 5 manat = 50 manat, 24. Çay dəsti (çayniklər, nəlbəki və qənd qabları və s) cəmi 200 manat, cəmi mebel, invertar və avadanlıqların dəyəri 5330 manat. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 003574 nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh müqavilə əsasında icarəyə verilərkən otaqların hamısı təmiz halda, elektrik xətləri, işıqlandırma sistemi, razetkalar, kluçaterlər lampalar və su xəttinin bütün kranları işlək vəziyyətində olmuşdur. Bakı Kommersiya Məhkəməsinin qərarı əsasında obyekt ona təhvil verilərkən yalnız giriş otağında bir yerdə elektrik lampası yanırdı və ümumi rubilnik sındırılmışdır. Qalan otaqların hamısında elektrik xərtti yararsız hala salınmış, divarlarda suvaq dağıdılmış, zibillik əmələ gəlmiş və su xətti sıradan çıxarılmışdır. Bu səbəbdən 5 aydır o obyekti başqa şəxsə icarəyə verə bilmir. Göstərilən işlərin yerinə yetirilməsi ilkin hesablamalara görə 800 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh icarə haqqı olan 3900 manat pulun, əşyalarının oğurlanması nəticəsində ona vurulmuş 5330 manat məbləğində real maddi zərərin, həmçinin obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manatın, ümumilikdə 10030 manat məbləğində pulun, ödənilmiş 115 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı dəymiş maddi ziyanın ödənilməsi və pul tələbinə dair iddia vermişdir. İddiada göstərir ki, qeyri-yaşayış sahəsini ona icarəyə verərkən ona məxsus əşyalarla təhvil verilmişdir. Bununla bağlı bildirir ki, iddiaçıya məxsus əşya və ya əşyalar onun istifadəsinə verilməyib. İddiaçı ilə onun arasında bağlanmış müqavilədə bu barədə heç bir bənd yoxdur. Bundan əlavə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddiaçının iddia üzrə icarə obyektinin cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması hissəsinə hüquqi qiymət verilərək iddia üzrə həmin hissə təmin edilməmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinə icarə obyektinin cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması tələbini də irəli sürmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı izahatında göstərmişdir ki, icarə obyekti cavabdehə iddiaçıya məxsus əmlaklarla birlikdə təhvil verilmiş, həmin əmlaklarla birlikdə ona geri qaytarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin qeyd etdiyi qətnaməsinə əsasən məhkəmə hesab edib ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydada müvafiq olaraq-sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki, birinici tələb olunan əşya mövcuddur, ikinci, tələb edilən əşya iddiaçıya məxsusdur, üçüncü tələb edilən əşya cavabdehdədir, dördüncü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə o qanunsuz sahibdir. Yalnız qeyd edilən bu halların həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübut etmə ardıcılılığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlanılmasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. Hazırki iş üzrə iddiaçı Bakı kommersiya Məhkəməsində iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd edilən qaydada sübuta yetirə bilməmişdir. Məhz ona görə də iddiası həmin hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddianın predmetini dəyişərək hazırki vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair iddiasını vermişdir. Hesab edir ki, iddiaçı bu hərəkəti ilə məhkəməni aldatmaq istəyib. Belə ki, iddiaçı iddianın predmetini dəyişsə də Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə hal hazırki iddia mahiyyəti üzrə eynidir. İddianın digər hissəsi də Bakı Kommersiya Məhkəməsində mübahisələndirilmiş və hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddiasında qeyd edir ki, aralarında bağlanmış icarə müqaviləsində aylıq icarə haqqı 200 manat yazılsa da öz aralarında aylıq 500 manat razılaşmışlar. Bir daha qeyd edir ki, bu iddia Bakı Kommersiya Məhkəməsində araşdırılmış və məhkəmə tərəfindən əsaslandırılmış qətnamə qəbul edilmişdir. İşə aidiyyəti olmasa da məhkəmənin diqqətinə çatdırılır ki, icarə obyekti iddiaçının razılığı ilə onun tərəfindən əsaslı təmir edilmişdir. Təmir başa çatdıqdan sonra iddiaçı hər hansı bir əsaslı səbəb olmadan müqavilənin ləğv edilməsini tələb etmişdir. Buradan açıq-aydın hiss olunur ki, iddiaçı onun obyektə çəkdiyi xərcləri ört-bastır etmək fikirindədir. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddiası mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə eyni olduğundan rədd edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, İddiaçı 12100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia vermişdir. Həmin iddiaya qarşı etiraz ərizəsi yazılmışdır. Eyni zamanda qarşılıqlı iddia yazmaq zərurəti yaranmışdır. Belə ki, ilk iddia üzrə iddiaçı, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin formal olduğunu iddia edir. Guya ki, icarə müqaviləsində aylıq icarə haqqı 200 manat yazılsa da öz aralarında 500 manata razılaşmışlar. Onun yazdıqları həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya məxsus 99.5 kv/m olan qeyri-yaşayış sahəsi zirzəmidə yerləşməklə bərabər təmirsiz vəziyyətdə olmuşdur. Müqavilə 10 il nəzərdə tutularaq bağlanmışdır. İddiaçı ona demişdir ki, obyekt elə bil ki, özünündür. Nə etmək istəyirsə sərbəstdir. O da ona demişdir ki, obyekt uzun müddətə onun istifadəsində olacağına görə oranı əsaslı təmir etmək istəyir. O isə bununla razılaşmışdır. Bundan sonra obyektdə əsaslı təmirə başlamışdır. İlk iki ayın icarə haqqını icarə müqaviləsinin şərtlərinə uyğun əlbəl İddiaçı ödəmişdir. Təmir işləri bir neçə ay davam etmişdir. Üçüncü ayın icarə haqqı yaxınlaşdığı zaman İddiaçı obyektə gəlmiş, həmin zaman o artıq təmir işlərini yekunlaşdırıb fəaliyyətə başlamışdı və kifayət qədər də müştəriləri vardır. O obyektdə gördüklərindən şoka düşmüş, zirzəmidə yerləşən və yararsız vəziyyətdə olan obyekti sözün əsl mənasında cənnətə çevirmişdi. Çünki obyektin əsaslı təmiri üçün 43 min manat xərcləmişdi. O bildirdi ki, bu aydan etibarən ya 500 manat verəcəksən, ya da obyekti təhvil verəcəksən. Bununla bağlı onun nəzərinə çatdırdı ki, axı aralarında uzun müddətli müqavilə var, özü də ondan razılıq alaraq təmir işlərinə başlamışdır, ən əsası da bu təmiri öz hesabına edir. O danışıqlara əhəmiyyət verməyərək yenə də öz fikrində qaldı. Həmin vaxta qədər obyekdə xeyli miqdarda vəsait xərclədiyinə görə məcburən onunla razılaşmalı oldu. Bundan sonra hər ay ona 500 manat ödədi. Yenicə işə başlamışdı ki, məlum pandemiya başladı. Artıq həmin müddət heç kimə işləməyə icazə verilmədiyindən İddiaçıla görüşüb ona bildirdi ki, işləməyə icazə yoxdur. İcazə verilənə qədər müqvilə şərtlərinə uyğun ödəniş edəcəkdir. O isə qəti şəkildə etiraz edərək onunla razılaşmadı. “Əgər aylıq 500 manat ödəməyəcəksənsə obyekti təhvil ver” dedi. Pandemiya dövrü təxminən 2 il davam etdi. Bu müddət ərzində işləməyə-işləməyə ordan burdan borc taparaq hər ay ona 500 manat icarə haqqı ödəmişdir. İşlərini uzun müddətə hesabladığından və obyektdə çəkdiyi xeyli miqdarda vəsait naminə onun bu özbaşınalığının qarşısında qanun naminə rəftar etmədi. Aralarında bağlanmış icarə müqaviləsinin 5-ci bəndində göstərilir ki, forsmajor hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Pandemiya dövrü fors-major sayılır. Pandemiya dövrü qismən bitdikdə yenidən fəaliyyətinə başlamışdır ki, bu zaman İddiaçı icarə müqaviləsinin ləğv edilməsi və onun obyekti təhvil verməyinə dair məhkəmədə iddia qaldırdı. Bir neçə ayrı-ayrı instansiya məhkəmələrinin yekununda aralarında bağlanmış icarə müqaviləsi ləğv edildi. İndi isə o əsassız olaraq vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia vermişdir. Belə olan halda o da qanunvericiliyin tələbinə uyğun öz hüquqlarından istifadə edərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3-cü bəndində göstərilir; icarə müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4-cü bəndində isə icarəyə verilən sahənin istifadəsinə görə, icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəyəcəyi qeyd edilmişdir. Müqavilədən göründüyü kimi icarə haqqı 200 manat təşkil etdiyi halda iddiaçı qeyri-qanuni ondan hər ay 500 manat almışdır. Özü də bu faktı danmır. İddiaçıya məxsus obyekt 4 il 4 ay onun istifadəsində olmuşdur. Bu müddət ərzində ona ümumilikdə 10400 manat verməli idi. Əslində isə o iddiaçıya 23500 manat ödəmişdir. Belə olduğu halda, ilk iddia üzrə iddiaçıya ödədiyi artıq 12100 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini dəqiqləşdirərək ilk iddianın rədd edilməsini, İddiaçı 15700 manat pulun tutularaq öna ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin 5-ci bəndində göstərilir ki, forsmajor hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. İddiaçı pandemiya dövrü ərzində ona heç bir güzəşt etməmişdir. Məlum pandemiya dövründə Nazirlər Kabinetinin qərarları əsasında uzun müddət kafe və restoranlar fəaliyyət göstərməmişlər. Buna baxmayaraq iddiaçı hər ay ondan məcburi icarə haqqını almışdır. Təxminən 1 il 6 ay pandemiya ilə bağlı kafeni işlətməsə də icarə haqqı ödəmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(115)-263/2024 qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddianın əşylarının aparılması nəticəsində ona vurduğu 5330 manat məbləğində real maddi zərərin cavadehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının obyektini icarəyə götürərkən o, həmin obyektdən həmişəlik istifadə edə biləcəyini bildirmişdir. Buna görə də ilk dəfə həmin obyektin təmirinə 43000 manat xərc çəkmişdir. İcarə haqqını həm bankla, həm də nağd olaraq ödəmişdir. Obyekti ilk dəfə icarədardan təhvil alarkən orada heç bir əşya olmamışdır. O, obyekti qarşı tərəfdən aldığı vəziyyətdən də yaxşı ona qaytarmışdır. Ödənişlərdə heç bir əskikliyi olmamışdır. İlk iddia üzrə iddiaçı Şükürov Qəhrəman İlyas oğlu ilə aralarında olan icarə müqaviləsində aylıq icarə haqqı 200 manata olmuşdur və bu icarə müqaviləsində öz əksini tapmışdır. O, obyekti öz vəsaiti hesabına təmir etdirdikdən sonra ilk iddia üzrə iddiaçı Şükürov Qəhrəman İlyas oğlu aylıq icarə haqqı 200 manatın az olduğunu bildirərək, ondan aylıq 500 manat icarə haqqı tələb etmişdir. Əks təqdirdə obyekti təhvil verməyi tələb etmişdir. O isə obyektə 43000 manat xərc çəkdiyi üçün oranı təhvil vermək istəməmişdir. Onu da qeyd edir ki, koronovirus pandemiyası zamanı ölkə daxili qapanmalarla əlaqədar işləyə bilməmişdir. Pandemiya dövrü təxminən 2 il davam etdi. Bu müddət ərzində iş fəaliyyəti dayanmasına baxmayaraq ordan-burdan borc taparaq hər ay ona 500 manat icarə haqqı ödəmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 5-ci bəndində göstərilir ki, fors-major hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Pandemiya dövrü fors-major sayılır. Pandemiya dövrü qismən bitdikdə o, yenidən fəaliyyətinə başlamışdı ki, bu zaman iddiaçı Qəhrəman Şükürov icarə müqaviləsinin ləğv edilməsi və obyektin təhvil verməsi barədə məhkəməyə iddia qaldırdı. Məhkəmənin qətnaməsi ilə aralarında bağlanan icarə müqaviləsi ləğv edildi. Qəhrəman Şükürov bununla da kifayətlənməyərək ona qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Onun iddiası tam ədalətsiz və qərəzlidir. Belə ki, onun iddiaçıya heç bir borcu yoxdur. İş materialında olan icarə müqaviləsindən göründüyü kimi icarə haqqı 200 manat təşkil etdiyi halda iddiaçı qeyri-qanuni ondan hər ay 500 manat almışdır. O bu faktı danmır. İddiaçıya məxsus obyekt 4 il 4 ay onun istifadəsində olmuşdur. Bu müddət ərzində ona ümumilikdə 10.400 manat verməli idi, lakin iki dəfə artıq 23.500 (iyirmi üç min beş yüz) manat pul ödəmişdir. Belə olduğu halda ona artıq ödədiyi 13.100 manat pul vəsaitini məhkəmə ona geri qaytarmalı idi. Lakin məhkəmə Qəhrəman Şükürov ilə aralarında bağlanmış müqavilədəki aylıq 200 manat icarə haqqı barədə razılaşmanı bir kənara qoyaraq Qəhrəman Şükürovun ondan ayrıca tələb etdiyi 500 manat icarə haqqını əsas tutmaqla onun iddia tələbini qismən təmin etmək qərarına gəlmişdir. Məhkəmənin qətnaməsi həddindən artıq ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Mülki Məcəllənin normalarının Qəhrəman Şükürov tərəfindən pozulmasına əhəmiyyət verməyərək elə həmin maddələrin tələblərinin bir daha pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Çünki Qəhrəman Şükürovun təqsiri ucbatından aralarında olan icarə müqaviləsi ləğv edilmiş və bunun da nəticəsində ona xeyli miqdarda maddi zərər dəymişdir. Ona görə də onun qarşılıqlı iddiası təmin edilməklə, ilk iddia rədd edilməli idi. Belə ki, Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onun tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Mülki Prosessual Məcəllə: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-263/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi - borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1-ci Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyibsə, ondan əvvəlki hissəsinin də ödənildiyini ehtimal etməyə əsas verir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2-ci İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir(lər). İcarəyə verən İddiaçı (tam hissə, 99.5 kv/m) icarəçi Cavabdeh. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma icarəçilərin vəzifəsidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir(lər). İcarəyə verən İddiaçı (tam hissə, 99.5 kv/m) icarəçi Cavabdeh. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma icarəçilərin vəzifəsidir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli 2- 2(113)-1448/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi və icarə obyektinin boşaldılıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması və kommunal xidmətlərə görə ödənilməmiş 422,67 manat, 2022-ci ilin yanvar ayı üçün 200 manat aylıq icarə haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə 600 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması, müqaviləyə əsasən əmlakın cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması, cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması, vəkilin göstərdiyi hüquqi yardıma görə 600 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu və 600 manat hüquqi yardıma görə xərc, ümumilikdə 700 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş hesabdan görünür ki, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 275 manat, xx.xx.2023-cü il tarixdə 216 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 500 manat vəsait İddiaçı hesabına ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1448/2023 nömrəli icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1448/2023 nömrəli icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Belə ki, göründüyü kimi 29 may 2019-cu il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Bu müqavilənin əsasında İddiaçı ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermiş və müqavilə üzrə icarə haqqı aylıq 200 manat müəyyən edilmişdir, lakin tərəflər şifahi razılıq əsasında aylıq icarə haqqının 500 manat olması barədə razılığa gəlmişlər. İcarə haqqının aylıq 500 manat təşkil etməsi ilə bağlı şifahin razılığın olması tərəflərin izahatları, bundan əlavə ilk iddia üzrə Cavabdeh iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair etiraz ərizəsi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, 2-2(113)-1448/2023 saylı qətnamədən görünür ki, tərəflər arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsi müqavilənin 7-ci bəndinə əsasən ləğv edilmişdir. Həmçinin həmin qətnamə ilə , icarəyə verilmiş obyektin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş və icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. İddia tələbindən görünür ki, ilk iddia üzrə iddiaçı iddia tələbində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarının ödənilməmiş icarə haqları, həmçinin 2023-cü ilin yanvar-fevral ayı üçün icarə haqqı 100 manat əskik ödənildiyindən yaranan 100 manat icarə haqqı borcu və 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan icarə haqlarının əskik ödənilməsi nəticəsində yaranmış olan 800 manatın ümumilikdə 3900 manat məbləğində pulun və obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manatın cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmiş. Sənədlərlə müəyyən edilir ki, icarəçi 2023-cü ilin yanvar ayı üçün 200 manat, fevral ayı üçün 700 manat ödəniş etmiş, iki ay üçün ümumilikdə 1000 manat pul verməli olduğu halda cəmi 900 manat verməklə 100 manat əskik ödəmiş, həmçinin həmin ilin aprel, may, iyun, iyul, avqust ayları üçün icarə haqqını ödəmədiyi müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli icraata xitam haqqında qərardan göründüyü kimi 14 sentyabr tarixində mübahisə predmeti obyekt cavabdehdən alınaraq iddiaçıya təhvil verildiyindən sentyabr ayı üçün icarə haqqının yarısı kimi 250 manat borcu qalmışdır. Beləliklə yuxarıda göstərilən aylar üzrə icarə haqlarını ümumi hesabladıqda ilk iddia üzrə cavabdehin 2850 manat ödənilməmiş icarə haqqı borcu alınaraq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan icarə haqlarının əskik ödənilməsi nəticəsində 800 manat borc qalması ilə bağlı tələbinə münasibətdə bildirir ki, iş materiallarında olan bank çıxarışından və tərəflərin izahatından müəyyən olunduğu kimi icarə haqları 2021-ci ilin noyabr ayınadək icarə haqları nağd şəkildə ödənilmiş, yalnız 2021-ci ilin noyabr ayından sonra bank vasitəsilə ödənişlər həyata keçirilmişdir. Buna görə də 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan müddət ərzində hansı məbləğdə icarə haqqı ödənilməsi, hansı məbləğdə ödənilməməsi sübuta yetirilməmiş bununla bağlı ilk iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə həmin hissəyə münasibətdə borcun olması öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə kollegiyası ilk iddiaçının obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manatın tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, sözügedən obyektin müqavilə əsasında icarəçiyə təhvil verildiyi vaxt hansı vəziyyətdə olması və ya hazırkı vəziyyətdən yaxşı halda olmasını, bundan sonra isə icarə obyektinə 800 manat xərc çəkdiyini sübuta yetirə bilməmiş və bu qeyd edilən halların sübut olunması üçün mötəbər dəlillər təqdim edə bilməmişdir. Bu səbəbdən də ilk iddia həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh icarə müqaviləsində aylıq icarə haqqının 200 manat olması, lakin hər ay 500 manatdan ödəniş etdiyini bildirməklə 200 manatdan artıq ödədiyi pulun, həmçinin pandemiya ilə bağlı işləməsə də ödədiyi icarə haqqınının İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi icarə haqqının müqavilədə 200 manat məbləğində təsbit olunması, lakin tərəflərin şifahi olaraq qarşılıqlı razılığı əsasında aylıq 500 manat məbləğində olması tərəflərin izahatları, iş materiallarında olan bank çıxarışı, bundan əlavə ilk iddia üzrə Cavabdeh iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair etiraz ərizəsi ilə öz təsdiqini tapmışdır. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma icarəçilərin vəzifəsi kimi təsbit olunmuşdur. İcarəçi isə fors-major hadisəsi ilə bağlı sığortalanma vəzifəsini yerinə yetirməmişdir. Bu halda forsmajor hallardan yaranan zərərə görə məsuliyyət də icarəçinin üzərinə düşəcəkdir. Buna görə də kollegiya qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi mövqe ilə də razılaşır və məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi hesab edir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-263/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar