Məhkəmə qərarları › İş №2-2(104)-150/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-150/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-150/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-509/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-509/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3711.72 manat krеdit bоrcu, 2655.12 manat faiz bоrcu və 200 manat cərimə olmaqla, cəmi 6566.84 manat məbləğində bоrc, 100 manat mediasiya xərci və 10.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 75.28 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-509/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 025R********** saylı krеdit razılaşması üzrə 3711.72 manat krеdit bоrcu, 2655.12 manat faiz bоrcu və 2670.97 manat cərimə olmaqla, ümumilikdə cəmi 9037.81 manat məbləğində bоrcun və ödənilmiş 100 manat mediasiya xərcinin və 10.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Süleymanov Şahin Süleyman oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Süleymanov Şahin Süleyman oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Süleymanov Şahin Süleyman oğlu götürdüyü krеdit bоrcundan 6288.28 manat ödəmiş, onun 3711.72 manat məbləğində kredit borcu qalmışdır. Süleymanov Şahin Süleyman oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1218 gün üçün hesablanmış faiz borcu 2655.12 manat, cərimə 2670.97 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Süleymanov Şahin Süleyman oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli verdiyi arayışdan və ölüm haqqında şəhadətnamədən borclu Süleymanov Şahin Süleyman oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “Asan Xidmət” 6 saylı notariat ofisinin verdiyi qanun üzrə şəhadətnamənin surətindən məlum olur ki, mərhum Süleymanov Şahin Süleyman oğlunun adına vərəsəlik işi açılmış və Cavabdeh1 və Cavabdeh3 qanuni vərəsəsi kimi tanınaraq Süleymanov Şahin Süleyman oğlundan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda Cavabdeh1 və Cavabdeh3 mərhum Süleymanov Şahin Süleyman oğlunun hüquq və vəzifələri də keçmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, atası Şahin Süleymanov vəfat etdikdən sonra götürmüş olduğu pulu zamin olaraq o və anası ödəmişdir. İddiaçının tələb etdiyi məbləğin çox hissəsini isə o ödəmişdir. Ödənişləri etdiyi üçün isə onun banka tələb edilən məbləğdə borcu yoxdur. Bir müddət kredit borcundan davamlı olaraq ödədikdən sonra kredit borcunu ödəyə bilmədiyi üçün kreditdə gecikmələr yarandı. Onun 3 azyaşlı övladı var. Ailəsi ilə birlikdə yaşayış şəraitinə uyğun olmayan balaca bir daxmada yaşayırlar. Ödədiyi kredit borclarını əlində ovcunda olan pulla ödəmişdir. Hazırda isə bankın məhkəməyə müraciət edərək onlardan müştərək qaydada 3711,72 manat əsas borc, 2655,12 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla cəmi 6566,84 manat pulu tələb etməsi qanunsuzluqdur. Onun əsas borcunun az olmasına baxmayaraq bank iddia ərizəsində qanunsuz olaraq 6566, 84 manat qeyd edir və həmin pulu artıqlaması ilə şişirdilmiş olaraq ondan tələb edir. Şişirdilmiş olaraq hesablanmış borcu bank əməkdaşının səhlənkar hərəkəti nəticəsində hesablanmışdır. Məhkəmə iclaslarında iştirak edə bilsəydi mütləq əsas borcun və faiz borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini istəyərdi. Hazırda qətnamədən yeni məlumatı olduğu üçün apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunaraq onun qanunla qorunan hüquqlarının bərpa olunmasını istəyir. Hakim bunları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Hazırda qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verir və qətnamənin ləğv olunaraq onun qanunla qorunan hüquqlarının bərpa olunmasını istəyir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminə münasibətdə təmin edilmiş hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyinə görə həmin qətnamənin qanuniliyi və əsaslılığını Cavabdeh2 münasibətdə yoxlayır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixli 025L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Süleymanov Şahin Süleyman oğluna 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Süleymanov Şahin Süleyman oğluna 10000 manat məbləğində krеdit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 200 manat məbləğində tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3711.72 manat krеdit bоrcu, 2655.12 manat faiz bоrcu və 200 manat cərimə olmaqla, cəmi 6566.84 manat məbləğində bоrc, 100 manat mediasiya xərci və 10.38 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zaminə münasibətdə gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 025L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən "xxxx" QSC tərəfindən Süleymanov Şahin Süleyman oğluna 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Süleymanov Şahin Süleyman oğluna 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Razılaşmaya dəyişikliyin edilməsinə zaminin razılığının olması işdən görünmür, yəni iddia ərizəsinə həmin xüsusatı təsdiq edən sübut əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Süleymanov Şahin Süleyman oğlunun banka olan borcu 3711.72 manat əsas borc, 2655.12 manat faiz borcu, 2670.97 manat cərimə olmaqla, cəmi borc 9037.81 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Süleymanov Şahin Süleyman oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional“Asan Xidmət” 6 saylı notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum Süleymanov Şahin Süleyman oğlunun adına vərəsəlik işi açılmış və Cavabdeh1 və Cavabdeh3 qanuni vərəsəsi kimi tanınaraq Süleymanov Şahin Süleyman oğlundan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 05106 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Süleymanov Şahin Süleyman oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Süleymanov Şahin Süleyman oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Süleymanov Şahin Süleyman oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. xx.xx.2020-ci il tarixdə Süleymanov Şahin Süleyman oğlu ölmüş, onun ölümündən sonra iddiaçı ilə Süleymanov Şahin Süleyman oğlunun arvadı Cavabdeh1 imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş olsa da zaminin razılığı alınmamışdır. Süleymanov Şahin Süleyman oğlunun götürdüyü krеdit bоrcundan 6288.28 manat ödənilmiş, 3711.72 manat məbləğində kredit borcu ödənilməmiş qaldığına görə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1218 gün üçün hesablanmış faiz borcu 2655.12 manat, cərimə 2670.97 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “Asan Xidmət” 6 saylı notariat ofisinin verdiyi qanun üzrə şəhadətnamənin surətindən məlum olur ki, mərhum Süleymanov Şahin Süleymanoğlunun adına vərəsəlik işi açılmış və Cavabdeh1 və Cavabdeh3 qanuni vərəsəsi kimi tanınaraq Süleymanov Şahin Süleyman oğlundan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda Cavabdeh1 və Cavabdeh3 mərhum Süleymanov Şahin Süleyman oğlunun hüquq və vəzifələri də keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materialında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvəddədir. Göründüyü kimi xx.xx.2019-cu il tarixdə həm kredit, həm də zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin məzmunundan göründüyü kimi kredit müqaviləsinin qüvvədə olma müddəti 12 ay müəyyən edilmişdir. Zaminlik müqaviləsinin qüvvədə olma müddəti isə kredit müqaviləsi ilə eyni gündə başlasa da, kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədə olması göstərilmişdir ki, bu isə dörd il təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən də göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi verən vaxt artıq onun zaminə qarşı tələb irəli sürmək hüququ olmamışdır. Bu müddət kəsici müddət sayılır və qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi zaminə münasibətdə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1176/2023 saylı qətnaməsi qismən - Cavabdeh2 müştərək qaydada 3711.72 manat krеdit bоrcu, 2655.12 manat faiz bоrcu və 200 manat cərimə olmaqla, cəmi 6566.84 manat məbləğində bоrc, 100 manat mediasiya xərci və 10.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və 75.28 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar