Məhkəmə qərarları › İş №2-2(104)-156/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-156/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-156/2024 26.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, X1kunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dairckommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-70/2024 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-70/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11551.44 manat əsas borc, 797.96 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 12649.4 manat məbləğində borc və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 127.95 dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsininin ona aid hissədə ləğv edilməsi, iddianın qismən - Cavabdeh1 münasibətdə təmin, ona münasibətdə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06 mart 2023-cü iltarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsi üzrə 11551,44 manat əsas borc, 901,02 manat faiz borcu və dəbbə borcuna görə 328,72 manat olmaqla, cəmi 12781,18 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 06 mart 2023-cü il tarixdə İddiaçı ASC-nin Mərkəz filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 06 mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 1389,52 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 06 mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11551,44 manat, faiz borcuna görə 901,02 manat, dəbbə borcuna görə 328,72 manat olmaqla, cəmi 12781,18 manat təşkil edir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmənin həmin qətnaməsindən narazıdır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ona aid hissədə ləğv edilməli, iddia tələbinin qismən Cavabdeh1 münasibətdə təmin, ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxan birinci instasiya məhkəməsi tərəfindən onun məhkəmə iclasında verdiyi izahatına çox səthi yanaşmış, Cavabdeh1 həmin krediti ödəməyə maddi imkanı olmasına, lakin onun rəsmi iş yerinin olmasından sui-istifadə edərək krediti qəsdən ödəməməsinə, ödəməli olduğu kreditin məbləğini başqa sahibkarlıq fəaliyyətinə xərcləyərək bundan faydalanmasına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 bankdan götürdüyü krediti əvvəlllər qrafik üzrə ödəyirdi və onunla heç bir problemi olmurdu. Lakin iddiaçı ona və cavabdehə ünvanladığı xəbərdarlıq və sonuncu xəbərdarlıqlardan sonra məlum olmuşdur ki, Cavabdeh1 buna maddi imkanı olsa da, özünün etiraf etdiyi kimi Bakı şəhərində 3 müxtəlif yerlərdə mənzilləri və inşaat materiallarının emalı sexi var. Lakin yuxarıda göstərdiyi səbəblərdən krediti qrafik üzrə qaytarmaqdan yayınmışdır. Dərhal bu barədə Cavabdeh1 bildirmiş, o isə cavabında tezlikdə yığılmış borc krediti ödəcəyini bir daha bildirmişdir. Göründüyü kimi Cavabdeh1 krediti məhz onun aylıq əmək haqqı olduğunu, əgər o krediti qaytarmasa, məhkəməyə də zamin-cavabdeh kimi cəlb ediləcəyini və məhkəmə qətnaməsindən sonra tutma onun əmək haqqına yönəldiləcəyini bildiyinə görə qaytarmaqdan bilərəkdən boyun qaçırmışdır. Cavabdeh1 iddiaçı bankın bütün bunlardan xəbəri olduğu halda ödəməmişdir. Cavabdeh1 onun etibarından sui istifadə edərək iddiaçıdan həmin məbləğdə kredit götürmüş və onu da zamin durmağa inandıra bilmişdir. Bütün bunlardan sonra hesab edir ki, o iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanan zaman onların hər ikisi tərəfindən bilərəkdən aldadılmışdır. Mülki qanunvericiliyin tələbinə görə aldadılma və yanılma yolu ilə bağlanmış əqdlər mübahisələndirildiyi andan etibarsız hesab edilməlidir. Lakin göründüyü kimi işə baxan Gəncə Kommersiya Məhkəməsi iş üzrə çox səthi araşdırma aparmış, iddiaçı tərəfindən ona münasibətdə iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyi halda, buna hüququ qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçının yalan mülahizələrinə əsaslanaraq əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, işə baxılarkən maddi və prosüssual hüquq normaları pozulmaqla qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ona aid hissədə ləğv edilməli, iddia qismən-Cavabdeh1 münasibətdə təmin, ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüququ məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 15.000 manat məbləğində kredit verməyi, borc alan- Cavabdeh1 isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ü il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsi üzrə 11551,44 manat əsas borc, 901,02 manat faiz borcu, 328,72 manat cərimə olmaqla, cəmi borc 12781,18 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər 11711.44 manat əsas borc, 797.96 manat faiz borcu və 238.82 manat cərimə olmaqla, cəmi 12748.22 manat borc ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 210 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 Mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 06 mart 2023-cü il tarixdə İddiaçı ASC-nin Mərkəz filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 06 mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 1389,52 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 06 mart 2023-cü il tarixli, RB/MFMK-0113 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11551,44 manat, faiz borcuna görə 901,02 manat, dəbbə borcuna görə 328,72 manat olmaqla, cəmi 12781,18 manat təşkil edir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə, istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Yenə də həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu hissəsində tam, cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur İddiaçı tərəfindən tələb olunan dəbbə puluna münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunu azaltmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin kredit borcunun yalnız digər cavabdehdən tutulması dəlili ilə bağlı kollegiya qeyd edir ki, zaminlik öhdəliyin icrasının təmini üsullarından biridir və zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Kollegiya qeyd edir ki, borc alan Cavabdeh1 aid kredit borcunun hamısı və ya da hansısa hissəsi zamindən tutulacağı halda öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-70/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar