Məhkəmə qərarları › İş №2-2(104)-158/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-158/2023

31.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-158/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-136/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında onun hesabına yazılmış 14804 manat 90 qəpik borcun əsassız hesab olunması, təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 14804 manat 90 qəpik məbləğdən ödənilməmiş 4336 manat 90 qəpik məbləğinin onun abonent hesabından silinməsi və təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında əsassız hesablanmış 14804 manat 90 qəpik borcdan ödənilmiş 10468 manat məbləğində pulun Cavabdehndən tutularaq onun abonent hesabına köçürlüməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 14804 manat 90 qəpik məbləğdən borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-136/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbinin təmin edilməsi, İddiaçı (abonent kodu: **********00020) hesablanmış 14804 manat 90 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borcun Cavabdeh tərəfindən silinməsi, ödənilməli olan 134 manat 41 qəpik məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şəmkir rayonu ərazisində istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin sentyabr ayında qaz sayğacında yoxlamalar aparılmışdır. Yoxlamalar aparıldıqdan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu Şəmkir RQİİ-nə çağıraraq bildirmişdirlər ki, guya sayğacda nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görədə yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb etmişlər. O isə onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki, o Cavabdeh İBnin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və Cavabdeh ASC-yə heç bir borcu yoxdur. Lakin cavabdeh idarə tərəfindən onun hesabına 14804 manat 90 qəpik məbləğində borc yazılmışdır. Ona həmin borcu qısa müddətə ödəməyini, əks halda təbii qazın verilməyəcəyini bildirmişlər. O, nə qədər cavabdeh idarənin əməkdaşları ilə razılığa gəlməyə çalışsa da, lakin cavabdeh idarə ona qanunsuz yazılmış pulu ödəməyini tələb etmişdir. 2022-ci il oktyabr ayında o, istixanaya məhsul əkmişdir. Həmin vaxt məhsulun yetişidirlməsi üçün istilik tələb olunurdu. Qazın açılması üçün cavabdeh idarəyə müraciət etdikdə ona əsassız yazılmış 14804 manat 90 qəpik borcunu ödədikdən sonra təbii qazın istifadəsinə razılıq verəcəklərini bildirmişlər. Cavabdeh idarənin əməkdaşlarından məhkəməyə müraciət edilməsi üçün vaxt istənilsə də, lakin cavabdehin əməkdaşları tərəfindən heç bir vaxt verilməmişdir. Buna görə də o, məcbur qalıb cavabdeh idarə ilə arasında qazın açılması üçün razılşama protokolu imzalamışdır. Əks halda məhsulu soyuqdan xarab olub ona küllü miqdara ziyan dəyəcəkdi. Həmin razılaşmaya əsasən o, qısa müddətdə 14804 manat 90 qəpik borcu ödəməli idi. 2022-ci ilin oktyabr ayında həmin məbləğdən ilkin olaraq 2000 manatını ödəmişdir. Sonra borcun silinməsi üçün cavabdehə müraciət etmişdir və sonra mediasiya müraciət etmişdir. Lakin cavabdeh idarə mediasiya prosesində iştirak etmədi. Cavabdeh idarə bundan sonra oktyabr və noyabr ayında ona üç dəfə olmaqla ümumilikdə 10468 manat borcu məcburi olaraq ödətdirdi. Hazırda cavabdeh idarənin əsassız yazıdğı borcdan 4336 manat 90 qəpik qalmaqdadır. Ancaq cavabdeh idarə həmin borcu da tələb etməkdədir. Onun istifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyət göstərdiyi ərazidə deyil, cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanuna zidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətləri məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir daha qeyd etmək istəyir ki, təbii qaz verilməsi dayandırıldığı halda istixanaya küllü miqdarda ziyan dəyəcəyi üçün cavadehin əməkdaşları tərəfindən qanunsuz yazılmış borc ödənilmişdir. Mediasiya zamanı qanunun tələbinə uyğun olaraq 200 manat mediyasiya xərci ödənilmişdir. Hazırda cavabdeh idarədən tələb etdiyi məbləğ 10468 manat və silinməsi tələb olunan məbləğ 4336 manat 90 qəpikdir. Ümumilikdə tələb olunan məbləğ 10468 manat və silinməsi tələb olunan borc 4336 manat 90 qəpik məbləğ üçün ödəniləcək dövlət rüsumu 134 manat 42 qəpikdir. Həmin məbləğdən 200 manat mediasiya prosesində ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, müayinə zamanı sayğacın keçən qaz həcminin hesabatını qeyd etmədiyi, ümumiyyətlə hesabat aparmadığı aşkar edilmişdir. Beləliklə qeyd olunan istixanada qüsurlu, uçotu düzgün aparmayan sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün 67295 m3 itirlimiş qaz sərfi müəyyən edilərək abonent hesabına işlənmişdir. Hazırda mübahisə olunan 14804,90 manat məbləğ qeyd olunan sayğac vasitəsilə istehlak edilmiş qaz sərfinin tam qeydə alınmaması səbəbindən yaranan məbləğdir. Nəzərə alınmamışdır ki, sayğacın ekspertiza prosesində Metrologiya institunun mütəxəssisləri bilavasitə iştirak etmiş və mütəxəssis olaraq onların verdiyi rəy əsasında bu nəticəyə gəlinmişdir. Müayinə nəticəsində tam təsdiq olunmuşdur ki, sayğac minimal sərfiyyatda hesabat aparmır. Belə olan halda isə dövlət standartı ilə müəyyən edilmiş minimal, nominal, maksimal sərfiyyatın nisbətində qeyd olunan məbləğdə ucotu pozulmuş qaz sərfinin hesabatı aparılmışdır. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi əslində istehlak olunmuş, lakin sayğacın qüsurlu olması səbəbindən satış hesabatlarında nəzərə alınmamış, uçotu pozulmuş qaz sərfiyyatı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Hətta İddiaçı nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ******* nömrəli qüsur aktı ilə də təbii qazdan qanunsuz istifadə faktı öz təsdiqini tapsa da, sonuncu məhkəməyə verdiyi ötəri ifadə ilə məhkəməni inandıra bilmişdir. Əslində isə o, sənədləşmədən məlumatlı ola-ola baş vermiş faktı təsdiq etmişdir. Çünki o, imza qeydi etdiyi aktda xüsusi nöqsanların göstərilmədiyini qeyd etsə də imza edərkən bilirdi ki, elə həmin akt özlüyündə dövlət standartları ilə müəyyən edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” xüsusi nömrəli aktdır. Ona görə də abonentin nümayəndəsinin bu barədə məhkəməyə verdiyi ifadə iddianın təmin olunmasına əsas olmamalı, əksinə yalan ifadə kimi qəbul olunmalı və əlavə məsuliyyət müəyyən olunmalıdır. İddiaçıya qaz sayğacının standarta uyğun saxlanılmadığına görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi itirilmiş qaz sərfi-dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin sentyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-136/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS 29/1640-02077-7 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022- xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.22 bar, korreksiya olunmuş maksimal qaz həcmi 170 m3, korreksiya olunmamış qaz həcmi 116 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 0.99-2.16 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 23 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 2290 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P baza=1.01325 bar, T=20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda sayğac hesabat aparmır. Batareya tələb olunur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-160 markalı 75095182 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 67295 m3 “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında görünür ki, İddiaçı hesabat ilinin 01 yanvar 2022-ci il tarixindən 30 sentyabr 2022-ci ilədək qalıq borcu 14802 manat 56 qəpik məbləğində olduğu göstərilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, Cavabdeh İB-nin Şəmkir RQİİ-nin rəisi Qənbərov Elman və İddiaçı nümayəndəsi X2 14802 manat 56 qəpik məbləğində borcun ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci ilə qalıq və aktlar üzrə borcu 14804 manat 90 qəpik təşkil edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent İddiaçı məxsus istixanaya aid olan qaz sayğacına baxış keçirilərək yoxlamalar aparılmış, həmin yoxlamalar zamanı minimal sərfiyyatda sayğacının hesabat aparmaması aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 14804 manat 90 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın minimal sərfiyyatda sayğacının hesabat aparmaması və batareya tələb olunması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 14804 manat 90 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş rəylə bir daha təsdiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Energetika nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinin Tovuz filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-15-2-10/2- 64/2023 saylı mütəxəssis rəyində göstərilir ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən, Cavabdeh Şəmkir X6 İdarəsində **********00020 abonent kodu ilə qeydiyyatda olan fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G160 markalı 75095182 zavod nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında növbəti dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticələrinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, SS № 29/1640-02077-7 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması” aktında sayğacda qüsur aşkar edilmədiyi, sayğacın çirkləndiyi göstərilmiş, buna baxmayaraq sayğacın işlək vəziyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən Aktda sayğacın çirklənmə səbəbi göstərilməmişdir. Bildirilir ki, sayğacın çirklənməsi ondan keçən təbii qazın komponent tərkibində qətran və mexaniki qarışıqların kütlə qalığının dövlət standartı ilə normalaşdırılan tələblərə uyğun olmadığı hallarda baş verir. Qazpaylayıcı şəbəkə vasitəsi ilə istehlakçılara ötürülən təbii qazın keyfiyyət göstəricələri ölkəmizdə qüvvədə olan “QОSТ” 5542-2022 “Sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar” dövlət standartının tələblərinə cavab verməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı abzasına əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti - təzyiq və təchizatın etibarlılığı, qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”na 3 nömrəli əlavə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.1-ci yarımbəndinə görə istehlakçını lazım olan təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmçinin, Aktda batareyanın istismar müddətinin sonuna 23 ay qalması qeyd olunmuşdur. Buna baxmayaraq, aktda sayağacın dövlət yoxlamasının nəticəsi olaraq yeni batareyanın tələb olunduğu göstərilmişdir, bu amilin sayğacın minimal sərfiyyatda hesabat aparmamasına aidiyyəti yoxdur. Sayğacın minimal sərfiyyatda hesabat aparmaması sayğacın içərisinin çirkli olması ilə əlaqədar ola bilər. Bu da o deməkdir ki, verilmiş qaz çirkli olubdur. Sayğacın içi təmiz olsaydı, mexanizma normal şəkildə işləyərdi. Tərəfə hesablanmış borc düzgün deyil, belə ki, borcun hesablanma qaydasını göstərməyiblər. Abonentə borc sayğacın göstəricilərinə əsasən hesablanmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.2-ci bəndində göstərilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “X5”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın tələblərindən göründüyü kimi qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı halda cavabdeh iddiaçının 14804 manat 90 qəpik məbləğində pul ödəməli olduğunu tərtib etdiyi aktda göstərib həmin məbləği iddiaçının debitor borcu hesab etmiş olsa da, lakin ziyanın iddiaçının təqsirli hərəkəti nəticəsində baş verdiyini təsdiq edən sübut təqdim etməmişdir. İşdəki sənədlərdən görünür ki, iddiaçıya məxsus sayğac növbədənkənar yoxlanmış, yoxlama zamanı sayğaca müdaxilə halı müəyyən olunmamış, sayğacdakı batareyanın istismar müddətinin bitməsinə iyirmi üç ay qalmışdır, yəni batareya əslində işlək vəziyyətdə olmuşdur. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-1ci bəndində göstərilir ki, istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. Kollegiya apellyasiya şikayətinin də təbii qazdan qanunsuz istifadə faktı öz təsdiqini tapsa da, iddiaçının məhkəməyə verdiyi ötəri ifadə ilə məhkəməni inandıra bilməsi, qaz sayğacının standarta uyğun saxlanılmadığına dair dəlillərini əsassız sayır. Belə ki, iddiaçı təbii qazdan cavabdehlə bağlanmış müqavilə əsasında istifadə etməklə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş hesab əsasında ödənişləri vaxtı-vaxtında etmişdir, yəni təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Qaldı ki, qaz sayğacının standarta uyğun saxlanılmaması dəlilinə gəldikdə kollegiya qeyd edir ki, həmin xüsusat təsdiqini tapmır. Çünki iddiaçıya məxsus sayğac dövlət yoxlamasından keçirilmiş, həmin sayğacın dövlət standartlarına uyğun olmasına dair müvafiq rəy verildikdən sonra sayğac yenə də cavabdehin əməkdaşları tərəfindən xəttə qoşulmuş, iddiaçı, ya da qeyri şəxs tərəfrindən sayğaca müdaxilə halı aşkar olunmamışdır. Sayğacın içərisinin çirkli olması isə cavabdeh tərəfindən verilən təbii qazın keyfiyyəti ilə əlaqədardır ki, bu halda iddiaçının təqsiri istisna olunur. əksinə iddiaçı növbədənkənar xidmətə görə maddi itkiyə məruz qalır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-136/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar