Məhkəmə qərarları › İş №2-2(104)-159/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-159/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-159/2024 02.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-513/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-513/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə yaranmış 22487 manat 42 qəpik kredit borcu, 2524 manat 26 qəpik faiz borcu və 500 manat cərimə olmaqla, ümumilikdə 25511 (iyirmi beş min beş yüz on bir) manat 68 (altmış səkkiz) qəpik məbləğində borc və 210 (iki yüz on) manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 166 (bir yüz altmış altı) manat 54 (əlli dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 006R********** saylı krеdit razılaşması üzrə 22487,42 manat krеdit bоrcu, 2947,96 manat faiz bоrcu və 1623,82 manat cərimə borcu olmaqla, cəmi 27059 manat 20 qəpik məbləğində bоrcun, ödənilmiş 210 manat mediasiya xərcinin cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********83 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 2512,58 manat ödəmiş, onun 22487,42 manat kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 2947,96 manat, cərimə borcu 1623,82 manat təşkil etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, onunla İddiaçı QSC arasında Cavabdeh2, Cavabdeh4 Ağaməmməd oğlunun, Cavabdeh3 zaminliyi ilə xx.xx.2022-ci il tarixli 006L**********83 saylı uzunmüddətli krefit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında onunla "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 23,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Həmin zaman krediti uşağının xəstəliyi və əməliyyatı üçün götürmüş və bank bunu bilirdi. Lakin sənədləşdirmə həyata keçirən zaman kreditin biznes məqsədilə verildiyini qeyd etdilər. O, 5 ay müddətində hər ay 972 manat olmaqla, kredit ödənişi həyata keçirmişdir. Banka ödənişləri həyata keçirə bilmək iqtidarında olmadığını özü banka gedərək bildirmişdir. Həmçinin, zaminlərin zaminlikdən çıxarılmasını və həyat yoldaşının zamin kimi qeyd edilməsini, onunla zaminlik müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin bundan imtina etdilər və ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdılar. Onu da bildirmişdir ki, həyat yoldaşı əmək fəaliyyəti ilə məşğuldur və qazanc əldə edir. O, faiz borcu və dəbbə pulundan azad olarsa, qeyd edilən məbləği yalnız ayda 300 manat deyil, daha çox həddə də imkanı daxilində ödəyə bilər və beləliklə də, banka olan borcu tez bir zamanda ödəyib qurtarar. Bank onun maddi vəziyyətinin pis olmasını bildiyi, borcu ödəməyə imkanının olmamasını gördüyü halda kredit məbləğini dərhal tələb etdi. Daha sonra isə əlavə faizlər və cərimə hesablandı. Onun tərəfindən hər hansısa bir qəsd olmadığından, həmçinin ehtiyatsızlıqla banka ziyan vurmadığından onlara dəbbə pulu da ödəməli deyil. Yuxarıda qeyd etdiyi kimi, bank kreditin götürülməsinin səbəbinin uşağının xəstə olması olduğunu bilirdi. Lakin məhkəmə işə baxanda nəzərə almamışdır ki, bu qətnaməni qəbul etməklə MM-nin tələbini pozmuş, onun sahibkarlıq fəaliyyətinə zərbə vurmuşdur. Belə ki, uşağının əməliyyatı ilə əlaqədar sahibkarlıq fəaliyyətim tamamilə dayandı. Bu zaman kredit borcunu ödəməkdə çətinliklə qarşılaşdım. Hazırda həm əsas borc, həm faiz borcu, həm də dəbbə pulunun ödənilməsini tələb etməklə məhkəmə onun sahibkarlıq fəaliyyətinin yenidən bərpa edilməsinə maneə yaratmışdır. Çünki hazırda əsas borcu ödəməyə hazırdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasınımn iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli 016L**********83 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500000 manat məbləğində krеdit xətti açılmışdır, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə zamin kimi cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılamadan görünür ki, ona 36 ay müddətinə illik faiz dərəcəsi 23% olmaqla 25000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka 22487 manat 42 qəpik əsas, 2947 manat 96 qəpik faiz və 1623 manat 82 qəpik cərimə borcu olmaqla, ümumilikdə 27059 manat 20 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********83 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 2512,58 manat ödəmiş, onun 22487,42 manat kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 2947,96 manat, cərimə borcu 1623,82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin məhkmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği azaltmışdır ki, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-513/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar