Məhkəmə qərarları › İş №2-2(104)-16/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-16/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-16/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin 28 mart 2024-cü il tarixli 2- 2(115)-54/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin 28 mart 2024-cü il tarixli e-2-2(115)-54/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 12-MCR-1-1101-21/1 saylı kredit verilməsinə dair müqavilə üzrə 29572 manat 92 qəpik əsas borcu, 2625 manat 54 qəpik faiz borcu və 184 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 32382 (otuz iki min üç yüz səksən iki) manat 66 (altmış altı) qəpik kredit borcu, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104,2 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 72000 (yetmiş iki min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMCnin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, Cavabdeh2 187 (bir yüz səksən yeddi) manat 15 (on beş) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-2(115)-54/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 29572,92 manat əsas borc, 2625,54 manat faiz borcu və 184,20 manat cərimə borcu olmaqla cəmi 32382,66 manat məbləğində borcun, 210 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X3 İddiaçı ASC-nin Bərdə filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X4 İddiaçı ASC-nin Bərdə filialından illik 19%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il iyunun 9-dək X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 29572,92 manat əsas, 2625,54 manat faiz və 763,8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32935,26 manat borcu vardır. X2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 763,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 184,20 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq X4 borcu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, banka olan borcdan 11 ay vaxtı-vaxtında ödənişlər etmişlər. Ödənişlər nəzərə alınmadan iş üzrə məhkəmə-mühasibatlıq ekspertiası təyin edilmədən iddiaçı təşkiatın verdiyi maliyyə arayışı əsasında iddia tələbinin təmin edilməsi qanunsuz və əsassızdır. Bundan başqa, evin qiymətlədirilməsi ilə də razı deyillər. Belə ki, ipoteka predmetinin dəyəri ən azı 250.000-270.000 manat olduğu halda, cəmi 72.000 manat qiymət qoyulmuşdur. Həmin ev Bərdə şəhərinin mərkəzində yerləşir. Bərdə şəhərində 1 sot torpaq sahəsinin dəyəri 5.000 manatdır. Həmin ev 2 mərtəbəli olmaqla, tam təmirlidir. Böyük çardağı, qarajı, 3 ədəd san-uzeli, avropa qapıları, parketi və s. bahalı materiallardandır. Banka olan borcunu ödəmək istəyir. Ancaq, bir dəfəyə ödəməyə maddi imkanım yoxdur, yeni qrafik açılsa borcunu hissə-hissə ödəyə bilər. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3- cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir. Qiymətləndirici hesabatında qiymətləndirilən əmlakın bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisənin baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Sadalananlara əsasən hesab edir ki, iş üzrə borcun dəqiq məbləğini və ipoteka predmetinin dəqiq qiymətini müəyyən etmək üçün - məhkəmə-mühasibatlıq ekspertizası və tikinti-texniki ekspertizası təyin edilməsinə dair qərardad qəbul edilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli 12-MCR-1-1101-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona faiz dərəcəsi 30%, illik cərimə faiz dərəcəsi 72% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 10 iyun 2021ci il tarixli 1012-MCR-1-1101-21/1 saylı kredit verilməsinə dair müqavilədən görünür ki, ona biznes məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli DA/00245/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 80000 manat dəyərində müəyyən edilmişdir. Həmiçinin tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 104 kv.m yaşayış , 51 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə Cavabdeh3 mülkiyyəti hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 29572,92 manat əsas, 2625,54 manat faiz, 736,80 manat cərimə borcu olmaqla, ümumilikdə 32935,26 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 30 yanvar 2024-cü il tarixli 006/YB/24 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 85000 manat, likvid dəyəri 72000 təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X3 İddiaçı ASC-nin Bərdə filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X4 İddiaçı ASC-nin Bərdə filialından illik 19%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il iyunun 9-dək X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 29572,92 manat əsas, 2625,54 manat faiz və 763,8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32935,26 manat borcu vardır. X2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 763,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 184,20 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq X4 borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 09 iyun 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 30% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Kredit limitinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra Cavabdeh2 ilə İddiaçı ASC arasında 10 iyun 2021-ci il tarixli kredit verilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən ona biznes məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh2 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 29572,92 manat əsas, 2625,54 manat faiz və 184,20 manat cərimə borcu vardır. İddiaçı verdiyi kredit məbləğini, ona hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 29572 manat 92 qəpik əsas borc, 2625 manat 54 qəpik faiz borcu və 184 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 32382 manat 66 qəpik məbləğində borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104,2 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 187 manat 15 qəpik dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlə Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, Cavabdeh2 iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi dəlilini də kollegiya əsassız sayır. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxan zaman məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək müvafiq rəy alınmış, cavabdeh həmin rəylə razılaşmadığından məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin işin gedişində cavabdeh iddiaçı ilə razılaşdığını bildirdiyindən məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin qərardadı əsasında alınmış və işə əlavə edilmiş həmin rəyi mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2-2(115)-54/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar