Məhkəmə qərarları › İş №2-2(104)-160/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-160/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-160/2024 02.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-734/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-734/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 4-M- 2-0-959-13 kredit müqaviləsi üzrə yaranmış 2696 ABŞ dolları 11 sent əsas borc, 679 ABŞ dolları 31 sent faiz borcu, 50 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitəndən sonra hesablanmış 840 ABŞ dolları 90 sent faiz borcu olmaqla cəmi 4266 (dörd min iki yüz altmış altı) ABŞ dolları 32 (otuz iki) sent borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 110 (bir yüz on) manat mediasiya xərcinin Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 92 (doxsan iki) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-734/2024 nömrəli qətnaməsini ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2696,11 ABŞ dolları əsas borc, 679,31 ABŞ dolları faiz borcu və 271,62 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2023cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 840,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4487,94 ABŞ dolları borcun və 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh2, Cavabdeh3dan, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 27 % olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavələrə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. 2023-cü ilin mayın 19dək Cavabdeh2 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 5139,83 ABŞ dolları borcu vardır. Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 923,51 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 271,62 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsi əsassızdır. Belə ki,kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmalı idi, lakin borclular öhdəliyini tam şəkildə yerinə yetirməmiş, müqavilənin 5.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə borclunun həmin müqavilə üzrə öhdəliyini kreditor qarşısında tam icra edənədək qüvvədə olması göstərilmişdir, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Odur ki, yuxarıda qeyd olunanlara və iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışına əsasən cavabdehlərin bank qarşısında hələ də tam icra olunmamış öhdəlikləri qaldığından Gəncə Kommersiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunmalı və zaminlərə münasibətdə də idda tələbi təmin olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-734/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməməkdə haqlı olmuşdur. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 4-M-2-0-959-13 saylı biznes-mikro ekspress kredit müqaviləsindən görünür ki, borcalana illik faiz dərəcəsi 30% оlmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 4-M-2-0-959-13 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2016-cı ilədək, xx.xx.2015-ci il tarixli əlavəyə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 2696,11 ABŞ dolları əsas krеdit bоrcu, 679,31 ABŞ dolları faiz bоrcu və 923,51 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün faiz borcu 840,90 ABŞ dolları olmaqla, ümumilikdə 5139,83 ABŞ dolları məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, 4-M-2-0-959-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 27 % olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavələrə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İddiaçı müqavilə şərtlərinə əməl edərək nəzərdə tutulmuş məbləğdə krediti Cavabdeh2 vermiş olsa da, sonuncu müqavilə şərtlərini pozaraq və edilmiş xəbərdarlıqlara baxmayaraq vaxtında kredit vəsaitini qaytarmamş, nəticədə 2023-cü ilin mayın 19-dək Cavabdeh2 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2696,11 ABŞ dolları krеdit bоrcu, 679,31 ABŞ dolları faiz bоrcu və gecikdirilmiş vaxt üçün 840,90 ABŞ dolları faiz borcu ödənilməmiş qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcalana illik faiz dərəcəsi 30% оlmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixdə kreditin müddəti xx.xx.2016-cı ilədək, xx.xx.2015-ci il tarixdə kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 2696,11 ABŞ dolları krеdit bоrcu, 679,31 ABŞ dolları faiz bоrcu və gecikdirilmiş vaxt üçün 840,90 ABŞ dolları faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2015ci il tarixdə xx.xx.2016-cı il, xx.xx.2015-ci il tarixdə isə xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən 7 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2696,11 ABŞ dolları krеdit bоrcu, 679,31 ABŞ dolları faiz bоrcu, 50 ABŞ dolları cərimə borcu və müqavilə müddəti bitəndən sonra hesablanmış 840,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4266,32 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıalaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas və faiz borcu hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşır. İş materialında olan tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə xx.xx.2016-cı il, xx.xx.2015-ci il tarixdə isə xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. Zaminlik müqaviləsinin qüvvədə olma müddəti isə kredit müqaviləsi ilə eyni gündə başlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən də göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verən vaxt artıq onun zaminə qarşı tələb irəli sürmək hüququ olmamışdır. Bu müddət kəsici müddət sayılır və qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iddianı zaminlərə münasibətdə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında iddia müddəti ilə bağlı göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Şərh olunanlardan da göründüyü kimi zaminliyə zaminlik müqaviləsində onun verildiyi müddət qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin qeyd olunmalıdır ki, müddət dəqiq göstərilməli qeyri-müəyyən ifadələrdən asılı edilməməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun həm də zaminlərdən tutulmalı olmasına dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-734/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar