Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-161/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-303/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-303/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 01 may 2023-cü il tarixli MK/40989/91/29 saylı kredit sazişi üzrə yaranmış 24503 manat 40 qəpik kredit borcu, 3250 manat 66 qəpik faiz borcu və 899 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 28653 (iyirmi səkkiz min altı yüz əlli üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada 175 (bir yüz yetmiş beş) manat 96 (doxsan alt) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24503,40 manat əsas borcun, 3250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28653,64 manat borcun və 200 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 oğlundan, Cavabdeh4 oğlundan və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 22% olmaqla 25000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı ASC iddia tələbinə düzəlişə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24503,40 manat əsas borcun, 3250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28653,64 manat borcun və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz, əsassız və qanunsuzdur. Belə ki, işdən göründüyü kimi məhkəməyə təqdim edilmiş bildiriş (pretenziya), mediasiya təklifi və arayışı, həmçinin maliyyə arayışında rəqəmlər ziddiyyət təşkil edir və fərqli rəqəmlərdir. Hətta eyni tarixdə olan Mediasiya təklifi və pretenziya məktubunda borc məbləğləri fərqlidir. xx.xx.2023-cü il tarixli Mediasiya prosesinin tətbiqi barədə təklifdə 27649.98 manat kreditin, ona hesablanmış faiz və cərimə borcunun hesablanması göstərilmişdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair Bildirişdə (pretenziya məktubunda) 24503.4 manat əsas, 2261.98 manat faiz borcu və 899.58 manat cərimə borcu göstərilmişdir. Həmçinin həmin bildirişdə Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən kredit müqaviləsinin ləğv edildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışda isə 28039,46 manat məbləğində kreditin və ona hesablanmış faiz borcunun hesablanması göstərilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli təkliflə xx.xx.2023-cü il tarixli arayış arasındakı intervalda əsas borc artmışdır. Hansı ki, əsas borcun artması mümkünsüzdür, iddia ərizəsi ilə ziddiyyət təşkil edir. Həmçinin o, 25 000 manat kredit götürdüyü halda əsas borcun 27649.98 manat və 28039,46 manat göstərilməsi əsas borcun bank tərəfindən düzgün hesablanmamasını göstərir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında isə 24503.4 manat əsas, 3250. 66 manat faiz borcu və 899.58 manat cərimə borcu göstərilmişdir. xx.xx.2023cü il tarixli Pretenziya məktubunda isə 2261.98 manat faiz borcu göstərilmişdir. Həmin faiz borcu ilə də razı deyil. Tərəfindən hər ay ödənişlər edilsə də əsas borc, faiz və cərimə borcu düzgün hesablanmamışdır. Ödənişləri nəzərə almamışdır. Əsas borc həddən artıq çox hesablanmış, faiz borcu isə müqaviləyə xitam veriləndən sonra hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bildirişdə (pretenziya məktubunda) Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən kredit müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Ekspertiza qarşısında xx.xx.2023-cü il tarixə nə qədər əsas, faiz və cərimə borcunun olması barədə suallar qoyularaq hesablanmalıdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsin əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçınınn nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 01 may 2023-cü il tarixli MK/40989/91/29 saylı kredit sazişindən görünür ki, ona əsas vəsaitlərin alınması məqsədi ilə illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 01 may 2023cü il tarixli MK/40989/91/29 saylı kredit sazişlərindən görünür ki, zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli arayışa əsasən Cavabdeh3 kredit sazişi üzrə banka 24503,40 manat əsas borcu, 3250,66 manat faiz borcu və 899,58 manat cərimə borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 22% olmaqla 25000 manat məbləğində kredit vermiş, həmin müqavilə ilə zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixədək yaranmış 24503,40 manat əsas borcun, 3250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28653,64 manat borcun və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 01 may 2023-cü il tarixli kredit sazişi bağlanmış, sazişə əsasən ona əsas vəsaitlərin alınması məqsədi ilə illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit sazişi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit sazişi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 24503,40 manat kredit borcu, 3250,66 manat faiz borcu və 899,58 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit sazişi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh3 kredit sazişi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 24503 manat 40 qəpik kredit borcu, 3250 manat 66 qəpik faiz borcu, 899 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 28653 manat 64 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Belə ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən işdəki Cavabdeh3 adına olan hesabdan çıxarışdan görünür ki, o, 01 may 2023-cü il tarixli MK/40989/91/29 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə cəmi bir dəfə 955 manat miqdarında ödəniş etmiş, həmin vəsaitin 496,60 manat hissəsi əsas borcdan, 458,40 manat hissəi isə faiz borcuna silinmiş, bundan sonra cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Cavabdeh3 isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-303/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-161/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-161/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver