Məhkəmə qərarları › İş №2-2(104)-162/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-162/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-162/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-878/2020 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək ******* manat 75 qəpik əsas borc, 864230 manat 43 qəpik faiz borcu, cəmi 10863066 manat 18 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəsatətlə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2(115)-878/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-878/2020 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-878/2020 saylı qərardadı ilə ərizə təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-878/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən ötürülmüş prosessul müddət bərpa edilmiş və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21 iyun 2013-cü il tarixli 74 saylı kredit müqaviləsi üzrə: Əsas məbləğ - 9998835.75 (doqquz milyon doqquz yüz doxsan səkkiz min səkkiz yüz otuz beş) manat 75 qəpik, hesablanmış faiz - 864230.43 (səkkiz yüz altmış dörd min iki yüz otuz) manat 43 qəpik, cərimə borcu - 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 0.00 (sıfır) manat 00 qəpik, cəmi - ********.18 (on milyon səkkiz yüz altmış üç min altmış altı) manat 18 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 21 iyun 2013-cü il tarixdə İddiaçı ASC və Cavabdeh arasında 74 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 21 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 10000000 (on milyon) manat məbləğində ilik 6 (altı) % olmaqla, 60 (altmış) aylıq güzəştlə, 120 (bir yüz iyirmi) ay müddətinə kredit yerilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 01 iyul 2019-cu il tarixinə Cavabdeh, 21 iyun 2013cü il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ - 9998835.75 (doqquz milyon doqquz yüz doxsan səkkiz min səkkiz yüz otuz beş) manat 75 qəpik, hesablanmış faiz – 864230.43 (səkkiz yüz altmış dörd min iki yüz otuz) manat 43 qəpik, cərimə borcu - 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 0.00 (sıfır) manat 00 qəpik, cəmi ********.18 (on milyon səkkiz yüz altmış üç min altmış altı) manat 18 qəpik. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş və tərəflər arasında mövcud olduğu kimi qeyd olunan kredit müqaviləsi, kredit ödəniş cədvəlləri, tələb olunan borcla bağlı qeyd olunan kredit məbləğinin cavabdeh tərəfindən alınması, ən əsası iddianın verildiyi zaman cavabdehə münasibətdə belə bir kredit borcunun mövcud olub-olmaması, iddianın əsası kimi təqdim edilmiş yazılı sübutların aidiyyət və həqiqiliyi kimi iş üçün əhəmiyyətli olan hallar tam aydınlaşdırılmamışdır. Bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Şikayət olunan qətnamənin məzmunundan da görünürki, məhkəmə (hakim) iş üzrə qətnaməni qeyd olunan həmin sənədlərə istinadən çıxarmış və faktiki baxımdan qətnamə həmin sənədlərlə əsaslandırmışdır. Lakin onunla iddiaçı bank arasında belə bir müqavilə və onun icrası ilə bağlı kredit ödəniş cədvəlləri mövcud deyildir. İddia verildiyi və iddiaya məhkəmədə baxılan müddətlərdə isə ümumiyyətlə mövcud olması mümkün deyildir. Kredit borcu üzrə öhdəliyin yaranması üçün şəxsin kredit məbləğinin bankdan götürülməsi (nağd alması və ya hesabına köçürməsi) halı mövcudluğu mütləqdir. Yəni qeyd olunan 10.000.000 manat məbləğinə tərəfindən imzalanmış və bankın möhürü ilə təsdiqlənmiş kassa məxaric orderi və ya bankda adına olan hesaba köçürüldüyünə dair bank çıxarışı olmalıdır. Lakin iddiaçı həmin məbləğin onun tərəfindən kredit olaraq götürüldüyünü qeyd etsə də, iş materiallarında qeyd olunan məbləğin onun tərəfindən bankdan götürdüyünə və ya hesabına köçürüldüyünə dair sənəd mövcud deyildir. Göründüyü kimi məhkəmənin şikayət olunan qətnaməsi ilə onun üzərinə ona aid olmayan əlavə öhdəliklər qoyulmuşdur. Buna da səbəb cavabdeh olaraq məhkəmədə iştirakı təmin edilmədiyindən, obyektiv nəticə üçün əhəmiyyətli olan halların tam aydınlaşdırılması mümkün olmamış, qətnamənin iddiaçının mövqeyi baxımından əsaslandırılmasına şərait yarandığı olmuşdur. Lakin hər bir halda məhkəmə kredit borcla bağlı tələbin təmin edilməsinə dair qətnamə qəbul edərkən, təqdim edilmiş müqavilə və kredit ödəniş cədvəllərin əsillərini, ən əsası da tələb olunan borcun aid olduğu kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə verildiyinin təsdiqinə dair, tələb edilən şəkildə sonuncunun təsdiq etdiyi bankın kassa məxaric orderini və ya cavabdehin bank hesabına köçürüldüyünə dair ödəniş tapşırığını tələb etməli idi. Bundan başqa banklar tərəfindən verilmiş kreditlər və onların icrası vəziyyəti ilə bağlı uçot Mərkəzi Bank tərəfindən aparılır və bunlanla bağlı bütün məlumatlar hər bir kredit götürən üzrə ayrıca vahid reyestdə qeyd aparılır. Lakin adı çəkilən reyestrdə adına belə bir kreditin verildiyi və ya həmin kreditlə bağlı borcun olduğuna dair uçot qeydi mövcud deyildir. Adına kredit uçot qeydində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətlər ərzində yalnız bir - 200.000 manat olan kreditdən, 161.105 manat borcunun qaldığı göstərilir. Bu da hazırkı iş üzrə qeyd olunan kredit üzrə onun hər hansı öhdəliyi olmadığına dair, mübahisəsiz sübutdur. Belə ki, iddiaçı tərəf bankın möhür və ştamplarına malik olan, eləcədə bank hesablarının qeydiyyatını aparan şəxs olaraq, məhkəməyə möhür və ştamplarını vurmaqla müqavilə, çıxarış və s. maliyyə sənədlərini tərtib edib təqdim ediblər. X7 kreditlər üzrə reyestr uçotuna müdaxiləsi mümkün deyildir. Həmin Reyestr uçotuna görə də onun belə bir kredit üzrə borcu müəyyən edilməmişdir. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən qeyd olunan halları tam aydınlaşdırmamış, iş üzrə əslində müəyyən edilməyən kreditin götürülməsi ilə bağlı halı müəyyən edilmiş kimi qəbul etmiş, maddi hüquq normalarını bu istiqamətdə tətbiq etmişdir. Bu da onun üzərinə cavab verməli olmadığı öhdəliklərin qoyulmasına dair yanlış nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Prosessual məsələlər və apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak etmiş olsa da, sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 74 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən sahibkar Cavabdeh müasir heyvandarlıq kompleksinin yaradılması məqsədilə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 10000000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat 75 qəpik əsas borcu, 864230 manat 43 qəpik faiz borcu, cəmi 10863066 manat 18 qəpik məbləğində borcun olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 21 iyun 2013-cü il tarixdə İddiaçı ASC və Cavabdeh arasında 74 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, müasir heyvandarlıq kompleksinin yaradılması məqsədilə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 10000000 manat məbləğində kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-15/2022 saylı iş üzrə X1 və qeyrisinin təqsirləndirilməsinə dair hökmü ilə də təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit olaraq 10.000.000 manat pul vəsaitinin verilməsi ilə bağlı xx.xx.2013-cü il tarixli 74 saylı kredit müqaviləsi bağlanmış və müqavilə bağlandıqdan sonra həmin pul məbləği Cavabdeh tərəfindən hissə-hissə Bankın xəzinəsindən götürülməklə onlara (Pərvanə Novruzovaya və X4) verildikdən sonra Pərvanə Novruzova və əri Anar Həsənov tərəfindən Samux rayonu Sarıqamış kəndi ərazisində inşa edilmiş heyvandarlıq kompleksinin tikintisinə sərf edilmişdir. Həmin hökmlə həm də müəyyən edilmişdir ki, X2 07 oktyabr 2015-ci il tarixdə qalan öhdəliyin ailəvi münasibəti olan X3 adına keçirmiş və 12 oktyabr 2015-ci il tarixdə sonuncu ilə illik 06 % dərəcəsi ilə 33 aylıq güzəştlə 92 ay müdddətinə ödənilməklə 10.000.000 manat miqdarında kreditin verilməsinə dair 105 nömrəli sonrakı kredit müqaviləsinin bağlanmasını formal olaraq rəsmiləşdirmişdir. Göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün cavabdehə ayrılmış 10 000 000 manat kredit vəsaitinin təyinatı üzrə - cavabdehə məxsus Samux rayonu Sarıqamış kəndi ərazisində inşa edilmiş heyvandarlıq kompleksinin tikintisinə sərf edildiyi təsdiq olunur. Belə olduğu halda məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan məbləğin onun tərəfindən bankdan götürdüyünə və ya hesabına köçürüldüyünə dair sənədin mövcud olmaması, Mərkəzi Bankda həmin kreditlə bağlı borcunun olduğuna dair uçot qeydinin olmamasına dair dəlillərini əsassız sayır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 2(115)-878/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar