Məhkəmə qərarları › İş №2-2(104)-167/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-167/2025

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(104)-167/2025 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kommersiya işi üzrə QƏTNAMƏSI Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 döngə, ev 5 və 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 2.

3. ## ##### 2014-cü il tarixli, ** saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 1.2-ci bəndində göstərilən ## ##### 2014-cü il tarixli, ** saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 0,04 ha torpaq sahəsi ilə birgə ipoteka qoyur.

4. İddiaçı ASC (bank qismində) ilə cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış ## #### 2021-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinin şərtlərindən görünür ki, Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış ##.##.2014-ci il tarixli ** saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 5707,41 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. (2.1)

5. ## #### 2021-ci il tarixli, LM********* saylı restrukturizasiya müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş ##.##.2021-ci il, son ödəniş tarixi isə ##.##.2026-cı il olmaqla 5707,41 manat kredit məbləği və 146,25 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

6. ## ###### 2021-ci il tarixli, LM********* saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka Qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlak ## #### 2021-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Ipoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) girova verir(1.1). Ipotekaya verilən əmlakın təsviri: cavabdeh1 məxsus olan ünvan 2 (201013003914- 1031, qeydiyyat nömrəsi 1511015378, qeydiyyat tarixi ##.##.2011) ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi.

7. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 döngə, ev 5 və 0,04 ha torpaq sahəsi ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ## #### 2021-ci il tarixli, LM********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 8.

9. ## ###### 2024-cü il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehlərə 5 iş günü ərzində gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun (4917,25 manat əsas borcu, 28,50 manat məbləğində faiz bоrcu və 7,03 manat cərimə borcu) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

10. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, CVN/İ**-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən cavabdeh1 məxsus ipoteka predmeti olan ünvan 1 döngə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 0.04 ha torpaq sahəsi ilə birgə ## #### 2026-cı il tarixinə bazar dəyəri 135.000,0 (bir yüz otuz beş min) manat (tikili hissəsi: 32.000,0 (otuz iki min) manat, torpaq sahəsi: 103.000,0 (bir yüz üç min) manat) təşkil edir. Likvid dəyəri 121.500,0 (bir yüz iyirmi bir min beş yüz) manat (tikili hissəsi: 28.800,0 (iyirmi səkkiz min səkkiz yüz) manat, torpaq sahəsi: 92.700,0 (doxsan iki min yeddi yüz) manat) təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 krediti üzrə cəmi 4957,88 manat, bundan 4881,72 manat əsas, 58,44 manat faiz, 17,72 manat cərimə borcunun tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 69,58 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat DƏDRX rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus Gəncə şəhəri, Faiq Məmmədov küçəsi, 2- ci döngə, ev 5 və 0,04 ha birgə torpaq sahəsi yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait kredit borcunu tam bağlamadığı təqdirdə, qalan vəsaitin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixdə cavabdeh2 ilə İddiaçı ASC arasında LM********* saylı restrukturizasiya Müqaviləsinə əsasən cavabdehin Banka olan 5707,41 AZN borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus ünvan 1 döngə, ev 5 0,04 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə cavabdeh1 ilə Bank arasında ##.##.2021-ci il tarixdə Ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə yazılı şəkildə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh cavabdeh2 kredit üzrə cəmi borcu 4957,88 manat təşkil edir. Bundan 4881,72 manat əsas, 58,44 manat faiz, 17,72 manat cərimə borcu təşkil edir. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və Ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və ##.##.2024–cü il tarixdə qeydiyyata alınmışdır.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirmişdir ki, ##.##.2021-ci il tarixdə cavabdeh2 ilə İddiaçı ASC arasında LM********* saylı restrukturizasiya Müqaviləsinə əsasən cavabdehin Banka olan 5707,41 AZN borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus ünvan 1 döngə, ev 5 0,04 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddanın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddianın qismən təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğvedici - Əmanətlərin Sığortalanması Fondu) ilə cavabdeh2 arasında bağlanmış ##.##.2021-ci il tarixli LM********* saylı Restrukturizasiya müqaviləsi üzrə 4881,72 manat əsas, 28,50 manat faiz, 17,72 manat cərimə borcu olmaqla, cəmi 4927,94 (dörd min doqquz yüz iyirmi yeddi manat doxsan dörd qəpik) manat pulun cavabdeh cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh1 mülkiyyətindəki ünvan 1 döngə, ev 5 və 0,04 ha birgə torpaq sahəsinə yönəldilməsi, cavabdeh1 mülkiyyətindəki ünvan 1 döngə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 0.14 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac vasitəsi ilə satılaraq və satışdan əldə olunan məbləğdən 4927,94 (dörd min doqquz yüz iyirmi yeddi manat doxsan dörd qəpik) manat məbləğində pulun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq (269.1, 279, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 465.2, 467, 739, 741 və 743-cü) maddələrinə və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018-ci il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsini qismən, yəni tələbin onun mülkiyyətindəki ünvan 1 döngə, ev 5 və 0,04 ha birgə torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 30000 (otuz min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərrac vasitəsi ilə satılması hissəsində ləğv edərək, həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə nəzərə alınması vacib hallardan biri odur ki, cavabdeh cavabdeh2 bankdan kredit götürdüyü 15000 manat kredit vəsaitini, heyvandarlığın istehlakı məqsədi ilə istifadə edib, gəlir əldə etmək məqsədində olmuş və əldə ediləcəyi həmin gəlirdən aylıq ödəmələri həyata keçirməklə müqavilə öhdəliklərinə qismən də olsa əməl etmişdir. O, 15000 manat kredit məbləğinin 10.000 manatdan artıq əsas borc hissəsini və həmin dövrə münasibətdə faiz borclarını ödəmişdir. Onun ödənilməmiş borcu 4881 manat təşkil etmişdir. Borclu ilə bağlanmış # #### 2021-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən tərəflərin arasında ödəniş cədvəli tərtib olunmuş, borclu Faxraddin Baxşəliyev 5 il müddətində,yəni ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək olmaqla 5707 manat kredit məbləğinin və 146 manat faiz məbləğini hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin cədvəldən görünür ki, borclu Faxraddin Baxşəliyev hər ay təqribən 100 manat məbləğində pul ödəməklə 5 il müddətində qalıq kredit borcu olan 5707 manatı ödəməyə tam imkanı olmuşdur. Belə olan halda onun az miqdarda qalan kredit borcunun ödənilməsi üçün onun yeganə yaşayış yeri olan evinin hərraca çıxarılması və satılması, hətta ipoteka predmeti olsa belə əsaslı və ədalətli deyildir. Eyni zamanda məhkəmə nəzərdən qaçırmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il tarixli restrukturizasiya müqaviləsinin başa çatmasına 1 ildən artıq müddət qalmışdır. Hansı ki, bu müddətdə borclunun həmin pulu ən azı öz pensiya vəsaiti hesabına ödəmək imkanı vardır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktlar aydınlaşdırılmamışdır. Yəni, cavabdeh tərəfindən 15000 manat kredit məbləğinin əsas hissəsinin ödənilməmiş qalıq hissəsinin ödənilməməsi səbəbi, eyni zamanda 2021-ci il tarixli restrukturizasiya müqaviləsindən sonra hər aylıq cüzi məbləğin cavabdeh Fəxrəddin Baxşəliyev tərəfindən ödənilməməsinin səbəbi aydınlaşdırılmamışdır. Bundan əlavə, müqavilə müddətinin bitməsinə 1 ildən artıq qalmış müddət ərzində əsas borclu tərəfindən həmin qalıq məbləğinin ödənilib-ödənilməyəcəyi aydınlaşdırılmamışdır. Hesab edir ki, məhkəmə qətnaməsində borcun qalıq hissəsinin ipoteka predmetinə, yəni onun evinə yönəlməsinə dair gəlinmiş nəticə işin hallarına uyğun deyildir. Birincisi borclu Fəxrəddin Baxşəliyevin öz qalıq borcunu ödəmək üçün restrukturizasiya müqaviləsinə uyğun olaraq, hələ 1 ildən artıq müddətin qalması nəzərə alınmamışdır. Ikincisi evin hərrac qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, həmin qiymət 2014-cü ildə bağlanmış ipoteka müqaviləsinə əsasən müəyyən edilmiş, 2021-ci il tarixli ipoteka müqaviləsində isə formal olaraq təkrarlanmışdır. Məhkəmə nəzərə almamışdır ki, 2014-cü il bağlanmış ipoteka müqaviləsindən sonra, yəni 2015-ci ildə manatın dollara münasibətdə kəskin ifilasiyası ilə əlaqədar, əmlak bazarında evlərin və torpaqların dəyəri 3 dəfədən artıq bahalaşmışdır. Belə ki, onun evinin və torpağının hazırki bazar dəyəri minimum 120-130 min manat civarındadır. Ona görə də, həmin əmlakın hazırki bazar dəyəri qiymətləndirilmədən, əvvəlki 30.000 manat qiymətlə hərraca çıxarılması onun mülkiyyət hüququnun kobud pozuntusudur. Hesab edir ki, məhkəmə iddia tələbini onun ipoteka predmetinə münasibətdə təmin edəcəyi halda, onun evinin və torpağının dəyərini məhkəmə ekspertizası yolu ilə yenidən qiymətləndirilməsini həyata keçirməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin məhkəmə tərkibinin sualına cavabında iş üzrə verilmiş mütəxəssis rəyinə etirazının olmadığını bildirdi.

20. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. Ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. Ipoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

22. “Ipoteka haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.1. Ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. Ipoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. Ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. Ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq. 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il qərardadına əsasən, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsini tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilməlidir.

30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC (bank qismində) ilə cavabdeh cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış ## ##### 2014-cü il tarixli ** saylı kredit müqaviləsinə əsasən, bank 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 min manat bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixədək illik 6 % ödənilməklə heyvandarlığın inkişafı məqsədilə pul məbləğini kredit vermiş və həmin müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birgə ipoteka qoyulmuşdur (## ##### 2014-cü il tarixli, ** saylı ipoteka müqaviləsinə əsasən). Daha sonra, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ## #### 2021-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinə görə, Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış ##.##.2014-ci il tarixli ** saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 5707,41 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, ## ###### 2021-ci il tarixli, LM********* saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi cavabdeh1 məxsus olan ünvan 2 (201013003914-1031, qeydiyyat nömrəsi 1511015378, qeydiyyat tarixi ##.##.2011) ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsini ipoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) girova vermişdir. Bundan sonra, həmin əmlakın ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. Cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə banka borcu yaranmışdır. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxıtnda icra etməmişdir.

31. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdeh borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

32. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, eləcə də bu müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. Iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak əsas öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsini, həmin əmlakların açıq hərracda satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə borc məbləğinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

33. Cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən hallardan biri tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsinin müddətinin bitmə vaxtı # #### 2026-cı il olmasına baxmayaraq 1 ildən artıq qalmış müddət ərzində əsas borclu tərəfindən həmin qalıq məbləğinin ödənilibödənilməyəcəyi aydınlaşdırılmadan məhkəməyə müraciət edilməsi olmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

35. Iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub cavabdeh cavabdeh2 ## ###### 2024-cü il tarixdə göndərilmişdir.

36. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir.

37. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının ## ###### 2024-cü il tarixdə cavabdeh cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh cavabdeh2 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

38. Hazırda iddiaçı ## ######## 2024-cü il tarixə olan borc məbləğini tələb etmişdir ki, bu hal da cavabdehin həmin dəlillərinin əsaslı olmadığını deməyə əsas verir.

39. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri və ən əsası ipoteka predmetinin ilkin satış qiymətinin onun real dəyərindən xeyli dərəcədə aşağı dəyərdə müəyyən edilməsi ilə bağlıdir. Belə ki, cavabdeh şikayətində mübahisələndirdiyi halı onunla əsaslandırmışdır ki, 2014cü il bağlanmış ipoteka müqaviləsindən sonra, əmlak bazarında evlərin və torpaqların dəyəri 3 dəfədən artıq bahalaşmışdır. Onun evinin və torpağının hazırki bazar dəyəri minimum 120-130 min manat civarındadır. Ona görə də, həmin əmlakın hazırki bazar dəyəri qiymətləndirilmədən, əvvəlki 30.000 manat qiymətlə hərraca çıxarılması onun mülkiyyət hüququnun kobud pozuntusudur. Hesab edir ki, məhkəmə iddia tələbini onun ipoteka predmetinə münasibətdə təmin edəcəyi halda, onun evinin və torpağının dəyərini məhkəmə ekspertizası yolu ilə yenidən qiymətləndirilməsini həyata keçirməlidir.

40. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Baxılan işdə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilən məbləği əsas götürmüşdür. Ipoteka qoyan isə ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən daha yüksək olması barədə arqument irəli sürmüşdür.

42. Nəzərə alınmalıdır ki, “Ipoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiymətinə verilən anlayışa görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

43. Istinad edilən hüquq normasından aydın şəkildə görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti həmin əmlakın məhz likvid qiymətini ehtiva edir.

44. Əmlakın likvid dəyərinə gəldikdə isə qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.

45. Şərh edilənlərə əsasən kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir.

46. Ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi qiymətləndirmə fəaliyyəti aparılmasından keçir. Bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

47. Apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin müəyyən olunması üçün iş üzrə ekspertiza təyin edilmiş və qiymətləndirici təşkilat olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, CVN/İ**-***/** nömrəli mütəxəssis rəyində aparılmış hesablamalara və təhlillərə əsasən cavabdeh1 məxsus ipoteka predmeti olan ünvan 1 döngə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 0.04 ha torpaq sahəsi ilə birgə ## #### 2026-cı il tarixinə likvid dəyəri 121.500,0 (bir yüz iyirmi bir min beş yüz) manat (tikili hissəsi: 28.800,0 manat, torpaq sahəsi: 92.700,0 manat) təşkil etdiyi qeyd edilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş rəy əsaslıdır. Belə ki, mövcud likvid dəyəri daşınmaz əmlakın tipi, layihəsi, aşınma (fiziki, funksional və.s), yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti, fərdi yaşayış evinin mərtəbəliliyi, torpağın və evin ümumi sahəsi, fərdi yaşayış evinin bəzək işlərinin vəziyyəti və səviyyəsi, texniki sistemlər (yəni mühəndis kommunikasiyaları ilə təminatı), yoldan, dayanacaqlardan hansı məsafədə yerləşməsi, gediş gəliş yolunun vəziyyəti və s. əsas götürülməklə müvafiq tədiqiqat aparılmış, həmçinin daşınmaz əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir. O cümlədən, rəyin obyektivliyi ilə bağlı iş üzrə tərəflərin də arqumenti olmamışdır. Beləliklə, alınmış rəyin həqiqiliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

49. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müstəqil qiymətləndirici tərəfindən göstərilmiş məbləğdə, yəni 121.500,0 (bir yüz iyirmi bir min beş yüz) manat dəyərində müəyyən edilməlidir.

50. Beləliklə, apelyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, apellyasiya şikayətini qismən təmin etməklə birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsini qanunamüvafiq hesab edir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi “cavabdeh1 mülkiyyətindəki ünvan 1 döngə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 0.14 ha torpaq sahəsi ilə birgə ilkin satış qiymətinin 30000 (otuz min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. cavabdeh1 mülkiyyətindəki ünvan 1 döngə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 0.14 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 121.500 (bir yüz iyirmi bir min beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar