Məhkəmə qərarları › İş №2-2(104)-168/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-168/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-168/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-86/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı Səhmdar Kredit Təşkilatı və Cavabdeh6 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, 167/20-akia nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh6 heyvandarlığın inkişafı məqsədilə illik faiz dərəcəsi 7% olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. 02 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh6 kredit müqaviləsi üzrə İddiaçı Səhmdar Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, **********5 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evi 0,8 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,8 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur.

5. Əsas və faiz borcunun vəziyyəti barədə məlumat sənədində qeyd edilmişdir ki, Cavabdeh6 08 avqust 2024-cü il tarixə İddiaçı QSC BOKT-a kredit müqaviləsi üzrə 9500 manat əsas borcu, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat məbləğində borcu var.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9983 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh6 xx.xx.2020-ci il tarixli, 167/20-akia nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə 9484,36 manat əsas, 252,44 manat faiz borcu, xx.xx.2024-cü il tarixə isə 9484,36 manat əsas, 1095,23 manat faiz borcu vardır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh6 02 oktyabr 2020-ci il tarixli, 167/20-akia nömrəli kredit müqaviləsi üzrə 9500 manat əsas borc, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına borcunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Bərdə filialı ilə Cavabdeh6 arasında 02 oktyabr 2020-cu il tarixli 167/20-akia saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6 10000 manat məbləğində borcu illik 7 faiz hesablanmaqla 3 il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı bankla ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 arasında 12 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdeh6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmiş, güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-86/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 02 oktyabr 2020-cu il tarixli 167/20-akia saylı kredit müqaviləsinə əsasən 9484 manat 36 qəpik əsas borc, 252 manat 44 qəpik faiz borcu olmaqla, cəmi 9736 (doqquz min yeddi yüz otuz altı) manat 80 (səksən) qəpik borc, 117 (bir yüz on yeddi) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumunun Cavabdeh6 tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, tələb üzrə tutmanın cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 26400 (iyirmi altı min dörd yüz) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı QSC BOKT-a ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin torpaq sahəsinə münasibətdə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3, həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə münasibətdə Cavabdeh4 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehdən ekspertiza rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş məbləğdə əsas borc və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

11. Cavabdeh4 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara əsaslanmamış, işə ədalətlə, faktlara və qanuna əsasən baxmamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh ona qarşı qərəzlidir, pulun çox hissəsini ödəmiş və dövlət tərəfindən sığortalanmışdır. Birinci instansiya məhkəməsi onun himayəsində 4 azyaşlı uşağın olmasını, ailə vəziyyətinin ağır və acınacaqlı olmasını nəzərə almamışdır. O, hazırda iddiaçı tərəfindən ona qarşı əlavə hesablanmış faiz cərimə borclarının silinməsini xahiş edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, borcluya yalnız əsas və faiz borcu hesablanmışdır.

15. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh6 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya heyvandarlığın inkişafı məqsədilə illik 7% olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, 02 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən isə Cavabdeh6 kredit müqaviləsi üzrə İddiaçı Səhmdar Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

20. Bundan sonra iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.

21. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh6 02 oktyabr 2020-cu il tarixli, 167/20-akia nömrəli kredit müqaviləsi üzrə 9500 manat əsas borc, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına borcunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

22. Apellyasiya şikayətinin dəlillərində yalnız tələb edilən pul məbləği mübahisələndirilmişdir. Belə olan halda, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Belə ki, əsas borc ekspertiza rəyi ilə 9484,36 manat məbləğində, faiz borcu isə 252,44 manat manat məbləğində müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddianı həmin məbləğdə təmin etməkdə haqlı olmuşdur.

24. Cavabdeh apellyasiya şikayətində borcun çox hissəsini ödədiyini bildirsə də, bunu sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarında olan əsas və faiz borcunun vəziyyəti barədə məlumat sənədində qeyd edilmişdir ki, Cavabdeh6 08 avqust 2024-cü il tarixə İddiaçı QSC BOKT-a kredit müqaviləsi üzrə 9500 manat əsas borcu, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat məbləğində borcu var.

25. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9983 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh6 xx.xx.2020-ci il tarixli, 167/20-akia nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə 9484,36 manat əsas, 252,44 manat faiz borcu, xx.xx.2024-cü il tarixə isə 9484,36 manat əsas, 1095,23 manat faiz borcu vardır.

26. Göründüyü kimi, əsas borc və faiz borcunun məbləği ilə bağlı birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, cavabdeh müəyyən ödənişlər etdiyini qeyd etsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı həmin ödənişlərlə bağlı heç bir sənəd təqdim etməmişdir.

27. Bundan başqa, apellyasiya şikayətinin barəsində olan halların, yəni himayəsində 4 azyaşlı uşağın olmasını, ailə vəziyyətinin ağır və acınacaqlı olmasının nəzərə alınmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar tələb edilən məbləğin azaldılaraq güzəşt edilməsi üçün əsas deyildir.

28. Bununla yanaşı şikayətdə “iddiaçı tərəfindən hesablanmış cərimə borcunun silinməsi”ni xahiş edilsə də, işdə olan sənədlərdən məlum olur ki, iş üzrə iddiaçı tərəfindən cərimə borcu hesablanaraq tələb edilməmiş, məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi borcluya yalnız əsas və faiz borcunun hesablanmasını bildirmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

30. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq,

qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-86/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar