Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-169/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2-2(115)-289/2023 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən qanunsuz hesablanmış 3540 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Koroğlu küçəsində tam qanuni əsaslarla avtomaşınların yuma məntəqəsində sahibkarlıq fəaliyyəti göstərir. Sözügedən qeyri-yaşayış binası onun mülkiyyətindədir. 2022-ci ilin oktyabr ayında Cavabdeh ASC-nin əməkdaşları əvvəlcədən heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən onun obyektinə gələrək obyektin su təchizatını dayandırmışlar. Sonradan ona məlum olmuşdur ki, guya ona illər əvvəl 3540 manat cərimə borcu yazılmış və bu barədə abonent saldosu verilmişdir. Sərf olunmuş suyun dəyəri isə sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtlı-vaxtında ödənilmişdir. Obyektə baxış keçirilən zaman hər hansı kənar müdaxilənin olmaması və ya kənar su çəkilişi olmamasına baxmayaraq cavabdeh təşkilatın əməkdaşları qərəzli olaraq ona cərimə hesablamışlar. Ona görə də cavabdeh təşkilatın ondan 3540 manat məbləğində pul vəsaitinin tələb etməsi, hüquqlarının pozulmasına və nəticə etibarı ilə sahibkarlığın normal gedişatına mənfi təsir göstərə bilər. Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-2(115)-289/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində borcun İddiaçı 370133 nömrəli kodu olan abonent hesabından silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 54 (əlli dörd) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 27 noyabr 2017-ci il tarixli 09233 MXD nömrəli inventar aktından görünür ki, avtoyuma məntəqəsinə 22 noyabr 2017-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı avtoyuma məntəqəsində sayğacdan kənar d=25mm xətt vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Obyektin su təchizatı dayandırılmış və əlavə xətt kəsilmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, itirilmiş su həcmi 3492 m3 , dəyəri isə 3492 manat müəyyən edilmişdir. Abonent haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı xx.xx.2018-ci ilə qalıq olaraq 3492 manat cərimə qeyd edilmiş və həmin məbləğ 2019-cu ildən 2022-ci il tarixdək qalıq məbləğ olaraq göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX0427706 saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-2(115)-289/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2- 2(115)-289/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 27.70 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=25 mrn-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.20217-ci il tarixli MXD-09233 saylı akt tərtib edilmişdir. Sudan qanunsuz istifadə nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlar Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 3492 manat olması müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 3492 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbuledilmişdir. Məhkəmə qətnamə çıxararkən iş üzrə qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinə əsasən yoxlanılma kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasınaetirazetmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhəddində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların tələbindən göründüyü kimi balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını Cavabdeh ASC həyata keçirir. Cavabdeh ASC balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Hesab edirlər ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahat verib bildirmişdir ki, təxminən 4-5 il əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri sözügedən obyektə baxış keçirmiş və çıxıb getmişlər. Həmin vaxt onlara qanunsuz xətt aşkarlanması bildirilməmiş, vidoeçəkilişin aparılmasından xəbəri olmamış və hər hansı bir xətt kəsilməmişdir. Videoda isə qanunsuz xəttin mövcud olması və kəsilməsi görünməməkdədir. Videodakı görüntülərdə isə çənə gedən su xətti bağlanır ki, kanalizasiyaya axan su isə çəndən çıxan su xəttindən axan su olmuşdur. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, yoxlama zamanı onun su təchizatı dayandırılmamış, o cümlədən aşkar olunmuş hər hansı bir sayğacdan kənar xətt kəsilməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanunu: 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mübahisəyə "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələrini tətbiq edərək, cavabdeh tərəfindən aparılmış yoxlamanın qeyd olunan qanunun tələblərinə ziddi olması və aparılmış yoxlamanın hər hansı hüquqi nəticə yaratmadığı qənaətinə gəlməklə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə qeyd edir ki, işdə olan sübutlardan göründüyü kimi cavabdeh su təchizatı müəssisənin nümayəndələri Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin d) yarımbəndinə əsasən iddiaçıya məxsus obyektdə su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanizmlərə və qovşaqlara baxış keçirmişdir ki, belə olduğu təqdirdə cavabdeh müəssisə yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alınmaqla həyata keçirməli idi. Bundan başqa iddiaçı videodakı görüntülərdə çənə gedən su xəttin bağlanmasının, kanalizasiyaya axan suyun isə çəndən çıxan su xəttindən axan su olmasını bildirmişdir ki, belə olduğu təqdirdə həmin görüntü ilə də iddiçıya məxsus obyektdə sayğacdan kənar əlavə xəttin olmasını aydın şəkildə müəyyən etmək mümkün olmur. Digər tərəfdən 27 noyabr 2017-ci il tarixli 09233 MXD nömrəli inventar aktda avtoyuma məntəqəsinə 22 noyabr 2017-ci il tarixdə sayğacdan kənar d=25mm xəttin aşkar edildiyi və həmin xəttin kəsildiyi, o cümlədən obyektin su təchizatının dayandırıldığı qeyd olunsa da videgörüntüdə iddiaçının obyektinin su təchizatının dayandırılması və hər hansı bir sayğacdan kənar xəttin kəsilməsi görünməməkdədir ki, belə olduğu təqdirdə iddiaçının nümayəndəsinin qeyd olunan dəlilini əsaslı olması müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2-2(115)-289/2023 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2-2(115)-289/2023 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2-2(115)-289/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.