Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-169/2025 24.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-746/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-746/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 17450 manat 37 qəpik əsas borc, 1806 manat 11 qəpik faiz borcu, 730 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 19987 manat 31 qəpik məbləğində borc və ödənilmiş 149 manat 96 qəpik dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-746/2025 saylı qətnaməsini ləğv edilməsini və iş üzrə mühasibatlıq ekspertizası təyin edilməklə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 025R********** saylı krеdit razılaşması üzrə 17450 manat 37 qəpik məbləğində krеdit bоrcu, 1806 manat 11 qəpik məbləğində faiz bоrcu və 730 manat 83 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19987 manat 31 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 149 manat 96 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 22549 manat 63 qəpik ödəmiş, onun 17450 manat 37 qəpik məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 235 gün üçün hesablanmış faiz borcu 1806 manat 11 qəpik təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 235 gün üçün hеsablanmış cərimə 730 manat 83 qəpik təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, iddiaçı kreditor onu əvvəlcədən xəbərdar etmədiyi üçün və razılaşma üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddiaçı borcun şişirdilmiş məbləğini təsdiqləyici hesablamalar təqdim etmədən göstərib. Məhkəmənin qətnaməsində qeyd olunan onun iddianı qəbul etməyi ifadəsi yanlış şərh edilmişdir. O, iddianı qəbul edir ifadəsinin hüquqi mahiyyətini tam anlamamışdır, onun nəzərdə tutduğu iddia tələbi ilə bağlı razılıq deyil, iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcudluğunun təsdiqinə yönəlik söz kimi tərəfindən bəyan olunmuşdur. Məhkəmənin bu məsələni onun iddianın etirafı kimi qəbul etməsi işin ona qarşı olan mahiyyətinə ziddir. Onun ifadəsində yer verdiyi hallar da onu deməyə əsas verir ki, onun iddianı etirafından söhbət gedə bilməz, sadəcə iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcudluğunun təsdiqinə vurğu etməyindən bəhs oluna bilər. Lakin o, iddiaçının pul tələbi iddiasında irəli sürdüyü tələbdəki faizlərlə razılaşmır o səbəblə ki, pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ifadə olunan heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Onun məhkəmədə verdiyi ifadəsində yer alan onun real vəziyyətini təsvir edən faktlara diqqət yetrildikdə onun tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi kimi bir vəziyyət yoxdur. Birinci instansiya məhkəməsi ilkin məhkəmə iclasından savayı digər məhkəmə baxışlarına dair məhkəmə iclası və yeri barədə lazımi şəkildə məlumatlandırmayıbdır. Məhkəmənin son iclasları haqqında heç bir sms və rəsmi poçt bildirişi əldə etməmişdir. Məhkəmə sonrakı iclaslarda da onun iştirakını təmin etməli idi. Ancaq məhkəmə işin sonrakı məhkəmə iclaslarında onun iştirakını təmin etməməklə iddiaçının müqaviləyə dair faiz və dəbbə puluna dair etirazını səsləndirmək və iş üzrə ekspertiza təyin olunması hüququndan onu məhrum etmişdir. Məhkəmə iclası barədə xəbəri olmayıbdır. Məhkəmə tək tərəfli işə baxaraq, onların iştirakını təmin etmədən, bununla da onların mövqeyinə dair dəlillərə sahib olmadan obyektiv olmayan qətnamə çıxarmışdır. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları ilə bağlı məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025L**********44 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 025R********** saylı krеdit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli OUT-2024/12/20-57 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə bağladığı 025R********** saylı krеdit razılaşması üzrə banka 17450,37 manat məbləğində əsas krеdit bоrcu, 1806,11 manat məbləğində faiz bоrcu və 730,83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19987,31 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 025R********** saylı krеdit razılaşmasına əsasən İddiaçı QSC-dən 40000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İşdə olan bildirişlərdən görünür ki, cavabdehlər banka olan borcularını ödəməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh verdiyi apellyasiya şikayəti ilə qeyd olunan borcun şişirdilmiş olmasını və düzgün hesablanmamasını, faiz borcu və dəbbə puluna etiraz etdiyini bildirmişdir. Ona münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında razılaşdırılmış müqavilədə borcun ödənilmə müddəti və gecikməyə görə faiz şərtləri nəzərdə tutulmuşdur. Həmçinin Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin borcunun düzgün hesablanmamasına dair dəlilini əsassız sayır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etmədiyi məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapdığından və eyni zamanda birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı cavabdehin borcun mövcudluğunu etiraf etmiş olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-746/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-169/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-169/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver