Məhkəmə qərarları › İş №2-2(104)-170/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-170/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-170/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibаrət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbi həcminin artırılmasına dair ərizələrlə birlikdə) ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 14 mart 2014-cü il tarixli 08KT nömrəli kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, 3762,07 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 6668,76 manat cərimə borcu, 4065,22 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, ümumilikdə 37997 manat kredit borcunun və iş üzrə ödənilmiş 294,39 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmetləri olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A nömrəli, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A nömrəli və mülkiyyət hüququ ilə X2 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə bilrikdə 5/53 nömrəli fərdi yaşayış evlərinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)- 282/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2014-cü il tarixli 08KT nömrəli kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, 3762,07 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 1175,05 manat cərimə borcu, 3539,24 müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, ümumilikdə 31977,31 (otuz bir min doqquz yüz yetmiş yeddi manat otuz bir qəpik) manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A nömrəli, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A nömrəli və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi, Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 nömrəli fərdi yaşayış evinin isə ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 31977,31 (otuz bir min doqquz yüz yetmiş yeddi manat otuz bir qəpik) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh3, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh2 və Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğin isə Cavabdeh1 qaytarılması, ipotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185,93 (bir yüz səksən beş manat doxsan üç qəpik) manat pulun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat hissəsinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatı kodu 142595, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə buraxılmış müddətin bərpası haqqında ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək (apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə), Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)- 282/2025 nömrəli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilərək, apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 xx.xx.2025-ci il tarixdə şikayət verərək onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin elektron sistemə nə vaxt yüklənməsindən məlumatı olmamış, qətnaməni xx.xx.2025-ci ildə rəsmi olaraq poçt vasitəsilə aldıqdan sonra, qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmədən, apelyasiya şikayəti vermişdir. Kənd yerində yaşayır və sahibkarlıqla məşğuldur, elektron sistemdən anlayışı yoxdur, savadsızdır və qətnamə ilə qətiyyən razılaşmır. Hesab edir ki, apelyasiya şikayəti verilməsi üçün prosessual müddət tərəfindən ötürülməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)- 282/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025ci il tarixli, 2-2(104)-170/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmış, Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq işin şifahi məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025ci il tarixli, 2-2(104)-170/2025 nömrəli qərardadı ilə şikayətə şifahi məhkəmə baxışı iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə ediraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən şikayət verilmiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətini MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş müddətdə verilməməsi əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş müddətdə verilməsidir. Belə ki, sözügedən maddəyə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda apellyasiya şikayəti verilməsinin son tarixi Cavabdeh2 münasibətdə (xx.xx.2025ci il tarixi bazar gününə təsadüf etdiyi üçün) xx.xx.2025-ci il tarixidir. Buna baxmayaraq, Cavabdeh2 isə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Diqqətə alınmalıdır ki, MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırki iş üzrə cavabdeh qətnamənin elektron sistemə nə vaxt yüklənməsindən məlumatı olmadığını, qətnaməni 15 may 2025-ci ildə rəsmi olaraq poçt vasitəsilə aldıqdan sonra, qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmədən, apelyasiya şikayəti verdiyini, kənd yerində yaşadığını və sahibkarlıqla məşğul olduğunu, elektron sistemə baxmağa yaşı və savadının imkan vermədiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-282/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilmiş, tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şikayətin dəlillərində qeyd olunan hallar isə ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)- 282/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar