Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-174/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-546/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25705.34 manat məbləğində əsas kredit borcunun, 227.45 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 8.65 manat məbləğində cərimə borcunun, cəmi 25941.44 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 167.83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10130***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2022ci il tarixli 10FİZAM178001801saylı zaminlik müqaviləsi bağlanmış və o kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2024cü il tarixində kredit limiti müqaviləsinin çərçivəsində verilmiş kredit məbləğinin həmin günə qalıq 28124.02 manat əsas borc və 856.86 manat faiz borc restrukturizasiya edilərək kredit üzrə faiz dərəcəsi 15%, kreditin son icra müddəti isə xx.xx.2027-ci il müəyyən edilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limiti müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 25705.34 manat məbləğində əsas kredit borcu, 227.45 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 8.65 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 25941.44 manat məbləğində borcu qalmaqdadır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-546/2025 saylı qətnaməsi ilə (R.Qələndərzadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 25705,34 manat məbləğində əsas kredit borcu, 227,45 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 8,65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25941,44 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 167,83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini borc məbləğinin miqdarına münasibətdə dəyişdirib, azaldılaraq 19394,88 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 nümayəndə vasitəsilə təmsil olunsa da, özü, iddiaçının nümayəndəsi və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, eyni zamanda işin baxılması üçün aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10130***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən borcalan Cavabdeh2 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Kredit limiti müqaviləsinin 2.3-cü bəndinə əsasən Kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədilə verilmişdir. Göründüyü kimi iddiaçının tələbi sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, cavabdehlərin hər ikisi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hazırkı kreditin sahibkarlıq fəaliyyəti ilə bağlılığı yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin subyekt tərkibindən çıxış edərək məhkəmə aidiyyətini müəyyən edərkən, MPM-in 24.2-ci maddəsinin birbaşa göstərişinə uyğun olaraq, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. Lakin göründüyü kimi Gəncə Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və ya hakim tərəfindən işin baxılmağa hazırlanması mərhələsində tərəflər arasındakı mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmamasını nəzərə alınmamış və bununla da iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul edərək qətnamə qəbul etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respubilkasının MPM-in 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə şikayət qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-546/2025 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və 24, 26, 31, 44, 45, 384, 385, 387, 399-402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-546/2025 saylı qətnaməsi ləğv edilsin və iş baxıması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-174/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-174/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver