Məhkəmə qərarları › İş №2-2(104)-175/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-175/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-175/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin hüquq varisi X3 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-17/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi İddiaçı Vaqif oğluna icarəyə vermişdir. İcarə müddəti 6 ay müəyyən edilmiş, həmçinin müqavilədə göstərilmişdir ki, tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə, müqavilə həmin müddətə uzadılır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi X2 icarəyə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45,000 manat məbləğində maddi zərərin alınıb, iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2014-cü ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh özünə məxsus Gəncə şəhəri, Gəncə-Bakı yolunun sağ kənarında Avtoservis olan yarımçıq obyekti ona göstərmim və oranı işlətmək üçün həmin obyektdə təmir-tikinti işlərini etdirib, icarə müqaviləsi əsasında işlətməyi ona təklif etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2014-cü ildə kredit alınması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və 20 may 2014-cü il tarixdə 60,000 manat məbləğində kredit götürüb 45,000 manatını təmirtikinti, quraşdırma işləri, bütün avtoservisin kamera sisteminin çəkilməsi və avadanlığının alınması, avto-yuma yerinin üstünə talvar quraşdırılıb, avtoservisin su təhcizatının təmin edilməsi üçün çəkilməsi və sayğacların quraşdırılması xərci, reklam lövhələri, mətbəx mebeli, ofis mebeli, təmir sexlərinin darvazalarının quraşdırılması, 2 ayaqyolunun santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, 2 hamamın santexnikasının alınması, quraşdırılması və kafel və metlax vurulması, geyim otağına kafel və metlax vurulub, orada olan binaların qabağına pilləkanların quraşdırılması, bütün obyektin divarlarının boyanması, 2 böyük mətbəxin. kafel və metlaxlanması, 2 yeməkxana üçün soyuducu, qaz pilitəsi, stol və stul alınması işlərinə sərf etmişdir. Cavabdeh almış olduğu pulu 5 il ərzində qaytarmağa söz vermişdir. 5 ilin tamamında çəkilmiş xərci istədikdə cavabdeh ona imkanı olmadığını, borcu yalnız obyekti satıb ödəyə biləcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2021-ci ilin avqust ayında cavabdeh ona bildirmişdir ki, obyekti almaq istəyən müştəri olduğuna görə yeri boşaltmaq lazımdır. Yenə də ona inanıb obyektin satılması üçün oradakı işlərini dayandırıb çıxmışdır. Lakin cavabadeh indiyənə kimi onu aldadır. Nəticədə banka girov qoyduğu yeganə yaşayış yeri olan ev kredit borcunu ödəyə bilmədiyi üçün “Paşa Bank”ın balansına keçmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Obyekt üçün çəkdiyi xərclər: kamera sisteminin çəkilməsi- 3,650 azn; reklam lövhələri- 3,800 azn; talvar avtoyuma üçün- 1,670 azn; su çəkilməsi- 3,100 azn; sayğac mexaniki- 95 azn; sayğac elektron- 145 azn; sanuzel ( 2 kafel metlakı, kafel metlak ustası) -2,400 azn; sanuzel santexnikası – 770 azn; sanuzel (vanna otağı), (2 çimilmək yeri kafel metlak 4,200 azn, razdevalkanın kafel metlakı – 2,700 azn); sanuzellərin (vanna otağı və əyaqyolu) pilləkənləri- 700 azn; təmir sexlərinin darvasası (11x350), usta – 3,850 , materialara – 4,950 azn; yeməkxananın mətbəxin kafel metlakı -4,200 azn; mətbəx mebeli – 1,440 azn; ofis mebeli- 1,100 azn; obyektin boyanması (tam) – materiallar – 900 azn, usta – 400 azn; mətbəx üçün stol stul, soyuducular, qaz plitəsi – 1,870 azn (bütün avadanlıqların qiyməti); mağaza rəfləri və vitrinlər – 1,840 azn. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək iddianın əsassız olduğuna görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərdiyi bütün faktlar və dəlillər qondarmadır. Belə ki, iddiaçı tərəfindən onun obyektini icarə müqaviləsi əsasında işlətdiyi müddətdə təmir-tikinti quraşdırma işləri görülməmiş, yalnız razılaşmaları əsasında əlavə işlər görülmüş və həmin işlərin əvəzi qarşılanmışdır. İşin faktiki halı ondan ibarətdir ki, onun hazırda Gəncə şəhəri, Yevlax şossesi yolunda tikilmiş Qaçqın Şəhərciyi ərazisində avtomobillərin təmiri profilaktoriyası olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Qərarı əsasında Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün yeni yaşayış massivi salınması ilə onun obyekti sökülmüşdür. Bundan sonra, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 may 2011 -ci il tarixli 71 saylı sərəncamı ilə ona 0.35 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2013-cü il 291 saylı Sərəncamı ilə onun həmin torpaq sahəsində tikililərinin layihəndirilməsi və yerləşdirilməsinə icazə verilmişdir. Bundan sonra o, podratçı təşkilat "xxxx" MMC tərəfindən həmin ərazidə yeni müasir standartlara uyğun “Avtoservis” obyekti inşa etdirmişdir. Daha sonra Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli Aktı ilə tikililəri istismara qəbul edilmişdir. Həmin obyekt 2014-cü ildə tam tikilib təhvil verildiyinə görə iddiaçı həmin obyekti hazır vəziyyətdə götürmüşdür. Onun iddia ərizəsində qeyd etdiyi məsrəflər, yəni 20 may 2014-cü ildə “Paşa Bank”dan 60,000 manat kredit götürməsi və həmin pulun 45,000 manatını guya obyektin təmir-tikinti, quraşdırma və sair işlərə xərcləməsi həqiqətə uyğun deyildir. Çünki buna ehtiyac olmamışdır. Eyni zamanda onların arasında belə bir razılaşma olmamışdır. İddiaçının obyektdə kamera sistemlərin çəkilişi, reklam lövhələrin hazırlanması, avtoyuma üçün talvar düzəltmə xərcləri ilə əlaqədar bildirir ki, həmin xərclərə dair iddia etdiyi məbləği o, özündən sonra tapıb gətirdiyi yeni icarəçi ilə öz aralarında razılaşaraq bütün xərcləri ondan almışdır. Bundan əlavə bildirir ki, iddiaçı tərəfindən razılaşma əsasında sanuzel və mətbəxdə kafel və metlax işləri görülmüş, həmin xərclər obyektin icarəsi üçün ödənilməli olan məbləğdən çıxılmışdır. Bundan başqa iddiaçının obyektdə qurraşdırdığı ofis mebeli, mətbəx avadanlıqları, rəf və vitrinlər ilə bağlı aralarında mübahisə yoxdur. Həmin avadanlıqlar ona məxsus olduğu üçün istədiyi vaxt götürə bilər, bunun üçün heç bir maneyə yoxdur və olmamışdır. İddiaçı öz şəxsi razılığı ilə obyektdən çıxmış və yeni icarəçini özü tapmış, onunla və cavabdehlə razılaşaraq müqavilə bağlanmasında iştirak etmişdir. Əlavə olaraq bildirir ki, daha sonra iddiaçı Heydər Əliyev prospekti 166 ünvanında fəaliyyət göstərən mağazada satış üçün əvvəlcə istifadə olunmuş ehtiyyat hissələri Avropadan ümumi mal dəyəri 120,075 manat və 15,000 manat yol nəqliyyat xərci, 35,000 manat onlar tərəfindən ödənilməklə İddiaçı tərəfindən gətirilmişdir. Baxış zamanı gətirilən malların 70 faizinin istifadəyə tam yararsız olduğu aşkar edilmiş və bu səbəbdən satışa yararsız olaraq mal qalığı kimi qalmış bütün bunlar ona irad edilərkən mağazanı tərk edib getmişdir, daha sonra yararsız mallar elektron qaimə əsasında öz üzərindən çıxarılaraq onlara göndərilmişdir. Elektron qaimə məbləği tərəfindən ona mədəxil ödəniş qəbzi ilə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh faktiki olaraq 2020-ci il fevral ayından 2021-ci il iyul ayınadək obyekti işlətsə də, həmin 1 il 5 aya görə icarə haqqını ödəməmişdir. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində yenidən etiraz ərizəsi və izahat təqdim edərək bildirmişdir ki, Dövlət Qəbul Komissiyasının 30 aprel 2014-cü il tarixli aktı ilə obyekti tam hazır şəkildə istismara təhvil verilmiş, bundan 3 ay sonra, yəni 2014-cü ilin avqust ayından iddiaçı həmin obyekti icarəyə götürmüşdür. İddiaçı ilə qarşılıqlı razılaşmalarına əsasən iddiaçı tərəfindən etiraz ərizəsində qeyd etdiyi tamamlama və əlavə quraşdırma işləri görülmüşdür. Razılaşmışlar ki, iddiaçı bir müddət, yəni çəkdiyi xərclərin pulunu qazananadək ona icarə haqqı ödəməsin. Bu hesabla iddiaçı təqribən 1 il 6 aydan artıq bir müddətdə ona icarə haqqı ödəməmişdir. Yalnız 2016-cı ilin yaz aylarından başlayaraq iddiaçı ona hər ay 500 manat icarə haqqı ödəməyə başlamaqla, təqribən 4 ilə yaxın bir müddətdə, yəni 2020-ci ilin fevral ayınadək ödəmişdir. Bundan sonra pandemiya ilə əlaqədar obyekti işlətsə də, qazancının azlığını bəhanə edib, 1 il 5 ay ərzində icarə haqqı ödəməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh ondan aldığı 45,000 manat pulu 5 il ərzində qaytarmağa söz vermişdir. Bununla əlaqədar bildirir ki, cavabdeh ondan heç bir məbləğdə pul almamış və hər hansı bir müddətdə qaytarmağa söz verməmişdir. Həmçinin o, çəkdiyi xərclərin əvəzi olaraq 1 il 6 ay ərzində cavabdehə icarə haqqı ödəməmişdir. Əgər o, çəkdiyi xərclərin əvəzini qazanmamışdırsa, nəyə görə cavabdehə 2016-cı ildən başlayaraq 2020-ci ilədək hər ay 500 manat icarə haqqı ödəyirdi. Əgər ondan alacağı vardırsa, ona pul ödəməzdi. Alacağı olan adamın pul ödəməsi ağlabatan deyildir. Əlavə olaraq bildirir ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçı 2014cü ilin avqust ayında onun əmlak kompleksini bütövlükdə icarəyə götürüb. Həmin vaxtı onun əmlak kompleksində 11 ədəd təmir sexi, 1 ədəd yeməkxana otağı, 2 ədəd anbar otağı, 1 ədəd avtoyuma və 1 ədəd mağaza binası olub. Mağazanı iddiaçı özü işlətməklə, digər yerləri icarəyə verib və pulunu özü alıb. Bu da onu göstərir ki, iddiaçı 1 il 6 ay ərzində qoyduğu xərclərin əvəzini artıqlaması ilə götürmüşdür. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-17/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – R.Məmmədov). Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı icarəyə götürdüyü obyektə çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İcarəyə müvafiq surətdə tətbiq edilən kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrini tənzimləyən Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbindən göründüyü kimi, kirayəçinin xərclərin əvəzinin ödənilməsi barədə iddiası kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlayaraq altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. İcarə hüquq münasibətlərinə iddia ərizəsində göstərildiyi kimi 2021-ci ilin avqust ayında xitam verildiyi halda, iddiaçı qanunla müəyyən edilmiş altı ay ərzində hüququndan istifadə etməyərək hərəkətsiz qalmış, xərclərin əvəzinin ödənilməsi tələbi ilə yalnız 16 mart 2023-cü il tarixdə, yəni tələb etmək hüququ qüvvədən düşdükdən sonra məhkəməyə müraciət etmişdir. Qanunla müəyyən edilmiş altı aylıq müddət hüququn itirilməsi ilə nəticələnən kəsiçi müddət olduğundan, məhkəmə hesab edir ki, iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququnu müddətin keçməsinə əsasən itirmişdir və belə olan halda iddia təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin etməməsini Azərbaycan Respublikası MM-in 697.4-cü maddəsinin tələbləri ilə əsaslandıraraq kirayəçinin xərclərinin əvəzinin ödənilməsi barədə iddia tələbi 6 ay müddət keçdikdən sonra ötürülməsinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi hüquqi nəticə işin hallarına uyğun deyildir. Belə ki, cavabdeh özü də məhkəmə iclasında bildirdi ki, onun çəkdiyi xərclər ödənilməsi üçün razılıq əldə edilmişdi ki, mübahisəli obyekti satdıqdan sonra onun xərclərini ödəyəcəkdir. Bu səbəbdən də onun iddia qaldırdığı müddətədək gözləməyini bildirmişdir. Hətta o, demişdi ki, satıcı tap obyekti sataq sən də xərclərini götürərsən. Bundan başqa cavabdeh məhkəməyə iddia müddətinin ötürülməsinə dair məhkəməyə ərizə ilə müraciət etməmişdir. Ancaq məhkəmə göstərilən halları qətnamə çıxararkən nəzərə almamışdır. Məhkəmə tərəfindən tərəflər arasında çəkilmiş xərclərin ödənilməsi üçün obyektin satılacağı ilə tərəflərin müddəti şərtləndirməsini, cavabdehin iddia müddətinin tətbiq edilməsilə bağlı ərizə ilə məhkəməyə müraciət etməməsi nəzərə alınmamış, maddənin tələblərini düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehin hüquqi varisi Abitov Abitin nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-17/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti 6 ay müəyyən edilmiş, həmçinin müqavilədə göstərilmişdir ki, tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə, müqavilə həmin müddətə uzadılır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Murad Abit MMC Cavabdeh Gəncə şəhəri Yevlax sossesində 0.35 hektar sahədə yerləşən avtomobil təmiri sexlərini aylıq icarə haqqı 300 manat olmaqla icarəçi Musayev Ravilə icarəyə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700cü maddəsi icarə münasibətlərinə bu Məcəllənin 34-cü fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəalarının müvafiq surətdə tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının icarə müqaviləsi əsasında cavabdeh tərəfindən onun istifadəsinə verilmiş icarə obyektinə görə çəkdiyi xərc nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi, icarə obyektini geri verdiyi andan, yəni 2021-ci ilin avqust ayında təhvil verdiyi andan başlamışdır. Lakin iddiaçı icarə obyektini geri verdiyi andan təxminən 1 il 8 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də dəymiş maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-17/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar