Məhkəmə qərarları › İş №2-2(104)-175/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-175/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-175/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 684/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-684/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23299,17 manat əsas borc, 1876,22 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25225,39 manat borc və 165,68 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 7,22 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qanunvericiliyin tələbələrinə zidd, sübutlarsız, dəlillərsiz, əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25299.17 manat əsas borc, 1876.22 manat faiz borcu və 459.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 27634.5 manat borcun və 172.9 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 18 ay müddətinə 40000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh4 ilə 25 aprel 2023cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 25 sentyabr 2024-cü il tarixədək Cavabdeh3 banka 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25299.17 manat əsas borc, 1876.22 manat faiz borcu və 1836.43 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 29011.82 manat borcu vardır. Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1836.43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 459.1075 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən iddianın sübutetmə vəzifəsi iddiaçının üzərinə düşən vəzifədir. İddiaçı tərəfindən hec bir ödəmə cədvəli təqdim olunmamiş, borcun nə cür və hansi əsasda hesablandığı məlum olmamışdır. Bu barədə qətnamədə heç bir əsaslar göstərilməmişdir. Məhkəməyə təqdim edilən vəsatətlərə məhəl qoyulmamışdır. Etiraza hüquqi qiymət verilməmişdir. Məhkəmə araşdırmaları qeyri-obyektiv şəraitdə aparılmışdır. Məhkəmə tərəfindən barışıq razılaşması prinsipi təmin edilmədən qətnamə çıxarılmışdır. Məhkəmə maddi-hüquq və eləcə də prosessual normaları pozmaqla qətnamə çıxarmışdır. Buna sübut məhkəmədə onun müdafiə hüququnun təmin edilməməsidir. Hər dəfə çəkişmə prinsipinin təmin edilməsi müraciətinə baxılmamışdır. Tərəfindən verilmiş etirazda bu geniş surətdə yazılmışdır. Audit rəyi barədə məlumatlar qeyd edilmir. Audit yoxlamasının keçirilməsinə ehtiyac olduğu halda məhəkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. İddia ərizəsində qeyd edilənlər hamısı ona qarşı qərəzli, qanunvericiliyin tələblərinə zidd olan tələblərdir. İddia tələbi qanunvericiliyin tələblərinə ziddir. Onun təmin edilməsi yolverilməzdir. İddiaçı borc və faiz məbləğini düzgün hesablamamış, iddiaçı borc və faizlərin hesablanması ilə bağlı sübütlar təqdim etməmişdir. İddia ərizəsində qeyd edilənlər hamısı ona qarşı qərəzli, qanunvericiliyin tələblərinə zidd olan tələblərdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdehlərdən Cavabdeh3 məhkəmə kollegiyasına ərizə göndərərək işin başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 10-MCR-1-1616-21 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 aylıq faiz dərəcəsi 2,5 faiz olmaqla 120 ay müddətinə 100 000 manat kredit limiti ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 10-MCR-1-1616-21/4 nömrəli Razılaşmadan (kredit verilməsinə dair) görünür ki, xx.xx.2021-ci il tarixli 10-MCR-1-1616-21 nömrəli Razılamaya (kredit limitinin ayrılmasına dair) əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18 faizlə 18 ay müddətinə 40000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z/11261/21, Z/11260/21 nömrəli və xx.xx.2022-ci il tarixli, Z/04191/22 nömrəli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25299.17 manat əsas borc, 1876.22 manat faiz borcu və 459.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27634.5 manat borcu olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli 10-MCR-1-1616-21 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşmaya əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,5 faiz olmaqla 120 ay müddətinə 100 000 manat miqdarında kredit limiti ayrılmış, 25 aprel 2023-cü il tarixli kredit verilməsinə dair Razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18 faizlə (aylıq 1,5 faiz) 18 ay müddətinə 40000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımi qaydada icra etməkdən boyun qaçırmış, 25 sentyabr 2024-cü il tarixədək Cavabdeh3 banka 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25299.17 manat əsas borc, 1876.22 manat faiz borcu və 1836.43 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 29011.82 manat borcu yaranmışdır. Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1836.43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 459.1075 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən aylıq faiz dərəcəsi 2,5 faiz olmaqla 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılması üzrə razılaşma əsasında Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 18 ay müddətinə 40000 manat kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 25 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 23299,17 manat əsas borc, 1876.22 manat faiz borcu və 459.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27634.5 manat borcu olduğu göstərilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında olan kreditin verilməsinə dair razılaşmaya əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit razılaşmasında qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. xx.xx.2021-ci il tarixli Z/11261/21, Z/11260/21 nömrəli və xx.xx.2022-ci il tarixli, Z/04191/22 nömrəli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında izahatında cavabdehin əsas borcundan 2000 manat ödəniş etdiyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, maliyyə arayışının tərtib olunduğu xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 2000 manat ödəniş olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, həmin məbləğ məhkəmə tərəfindən nəzərə alınaraq tələb olunan əsas borcdan çıxılmalıdır. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh3 23299,17 manat əsas borc, 1876,22 manat faiz borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı tərəfindən hec bir ödəmə cədvəli təqdim olunmamiş, borcun nə cür və hansı əsasda hesablandığı məlum olmamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, istər ödəniş cədvəli, istərsə də hesabdan çıxarış iş materiallarına əlavə olunmuşdur. Ödəniş cədvəlindən görünür ki, həmin cədvəldə aylıq ödənilməli olan əsas məbləğ, faiz məbləği və ümumi məbləğ ayrı-ayrılıqda göstərilmiş, hesabdan çıxarış, eləcə də maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. İşdəki həmin sənədlərdən isə cavabdehin kredit borcunun düzgün hesablandığı müəyyən olunur. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, məhkəməyə təqdim edilən vəsatətlərə məhəl qoyulmamış, etiraza hüquqi qiymət verilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Ona görə ki, iş materiallarından cavbdehin işə birinci instansiya məhkəməsində baxılanda hansısa vəsatət və ya etiraz verdiyi iş materialları ilə müəyyən olunmur. Əksinə iş materiallarından görünür ki, cavabdeh 01 may 2025-ci il tarixli məhkəmə iclasında dekabr ayından ödənişlər etdiyini, 15 may 2025-ci il tarixli iclasında isə hal-hazırda ödəniş edə bilmədiyini, lakin ödəniş etmək niyyətində olduğunu bildirmişdir. Apellyasiya şikayətinin növbəti dəlili məhkəmə tərəfindən qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığı, məhkəmədə onun müdafiə hüququnun təmin edilməməsi, çəkişmə prinsipinin təmin edilməsi müraciətinə baxılmamaması ilə bağlıdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlillərini də əsassız sayır. Belə ki, cavabdeh şikayətində məhkəmə tərəfindən maddi hüquq normalarının pozulduğunu göstərmiş olsa da, lakin hası maddi hüquq normalarının pozulduğunu göstərməmişdir. Qətnamədən isə məhkəmə tərəfindən qətnamənin maddi hüquq normalarına düzgün riayət edilməklə çıxarıldığı müəyyən olunur. Prosessual hüquq normalarının pozulması dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, hüquq və vəzifələri ona izah edilmiş, işə baxılanda onun tərəfindən növbəti məhkəmə iclasının iş gününün sonuna yaxın təyin edilməsindən başqa hansısa vəsatəti olmamış, məhkəmə onun xahişini nəzərə alaraq, yəni cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün növbəti məhkəmə iclası iş gününün sonuna yaxın təyin edilmiş, cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Kollegiya apellyasiya şikayətinin audit yoxlamasının keçirilməməsinə dair dəlilini də bu kimi yoxlamanın keçirilməsinə zərurət olmadığına görə əsassız sayır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-684/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar