Məhkəmə qərarları › İş №2-2(104)-178/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-178/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-178/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respulika Stadionunun Cavabdeh qarşı icarə haqqı tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-818/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-818/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, Cavabdeh 50231,19 manat məbləğində icarə haqqı və 241 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionuna ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-818/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqda yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respulika Stadionu iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə ödənilməli 50231.19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat məbləğində icarə haqqı üzrə borcu və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 241 (iki yüz qırx bir) manat dövlət rüsumunun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m. – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Müqavilənin 2.1 bəndində aylıq icarə haqqı 3200 manat qeyd edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər cavabdehin iddiaçıya ödəmədiyi aylıq icarə haqqları üzrə hal-hazırda borcu 50231.19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat təşkil edir. İcarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da müqavilənin şərtləri və Qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh bu günə kimi öhdəliyini icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tofiq Bəhramov adına stadionun rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüşdür. Hazırda adı çəkilən stadionun keçmiş rəhbərliyi barəsində cinayət təqibi aparılır. Həmin sökülən daşınmaz əmlakın əvəzinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Nərimanov rayonu, F.X.Xoyski prospekti 98a ünvanında yeni əmlak inşasına qeyri-rəsmi icazə verildi. İnşaat işlərinin aparılması məqsədi ilə tərəfindən "xxxx" MMC ilə müqavilə imzalandı və müvafiq daşınmaz əmlak tikildi. İnşaat işlərinin aparılmasına çəkilən xərclər şəxsi vəsaiti hesabına aparılmışdır. Bundan sonra onunla Əmlak Məsələləri Dövlət Xidməti ilə 11251 saylı icarə müqaviləsi bağlandı və aylıq icarə haqqı 700 manat müəyyən edildi. Elə həmin dövrdə də şəxsi vəsaiti hesabına inşa edilmiş tikiliyə icarə haqqı vermənin əleyhinə idi. Lakin müqavilə imzalamadan fəaliyyətə başlamağa icazə vermədikləri üçün məcbur olaraq imzalamışdır. Həmin müqaviləyə əsasən, icarə haqqının bir hissəsi “Tofiq Bəhramov” adına stadiona ödənilməli idi. Lakin üzərindən bir müddət keçdikdən sonra Əmlak Məsələləri Dövlət Xidməti obyektin icarə haqqını əsassız yerə dəfələrlə qaldırdı və kommunal xidmətlərdən obyektin ayrılacağı hədəsi ilə yeni müqaviləni imzalatdırdı. Hesab edir ki, onun mübahisəli tikiliyə sahiblik və istifadə hüququ mövcuddur. Bu halda isə öz hesabına tikilmiş əmlaka görə hər hansı bir icarə haqqı ödəməli deyil. Hesab edir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, işin halları qrafasında qeyd etdiyi hallara və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iş materialına "xxxx" MMC ilə imzalanmış müqavilə və təhvil aktları təqdim edilmişdir. Məhkəmə nəinki onlara düzgün qiymət verməmiş hətta qətnamədə hər hansı bir münasibət belə bildirməmişdir. Yəni bu sübutlarla tikilinin onun hesabına inşa edildiyi birbaşa sübut edilir. Məhkəmə sübutlara düzgün qiymət versəydi ədalətsiz qətnamə çıxarılmazdı. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun nümayəndəsi cavabdehin apellyasiya şikayətinə qarşı göndərdiyi etirazla həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-818/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli dövlət əmlakının icarəyə verilməsi barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində aylıq icarə haqqı 3200 manat qeyd edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-ilə) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-iləi) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Həmin müqavilənin 8.6-cı bəndinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyəverən tərəfidən baxılır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “İcarəyəverənin” yazılı icazəsi olmadan “icarəçi” tərəfindən icarəyə verilən sahədə əsaslı təmir-tikinti işləri, rekonstruksiya, yenidənqurma aparılması qəti qadağandır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2548/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi ləğv edilmiş, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən 19035,22 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(103)-805/2024 nömrəli qətnaməsindən görünür ki, cavabeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-28/2025 nömrəli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m. – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Müqavilənin 2.1 bəndində aylıq icarə haqqı 3200 manat qeyd edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməlidir. xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər cavabdehin iddiaçıya ödəmədiyi aylıq icarə haqqları üzrə hal-hazırda borcu 50231.19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat təşkil edir. İcarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.metr – 1 mərtəbəli tikililər, 98.0 kv.metr – mansard) qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən aylıq icarə haqqı 3200 manat müəyyən edilmişdir. Həmin aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməli idi. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarəsi müqaviləsi üzrə iddiaçıya 50231,19 manat icarə haqqı borcu yaranmış və həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə icarəyəverənə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliyini vaxtında yerinə yetirmədiyindən iddiaçı icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, Tofiq Bəhramov adına stadionun rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüşdür. Sonradan inşaat işləri onun vəsaiti hesabına aparıldığına görə icarə haqqı ödəməli deyildir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı münasibətlər icarə hüquq münasibətlərindən irəli gəlir və həmin münasibətlər qanunvericiliklə yanaşı tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müqavilə şərtlərindən də göründüyü kimi cavabdehin icarəsinə qeyri-yaşayış sahəsi verilmişdir və cavabdeh icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsindən istifadəyə görə ocarə haqqı ödəmək vəzifəsini öhdəsinə götürmüşdür. Həmçinin cavabdehin icarə obyektində icarəyə verənin yazılı icazəsi olmadan təmir-tikinti işləri aparmaq hüququ nəzərə tutulmamışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-818/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar