Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-180/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(115)-756/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları
1. 15 avqust 2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişə əsasən, sazişin predmeti 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 nömrəli və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 nömrəli xidmət müqavilələri üzrə Sifarişçinin İcraçıya 15 avqust 2024-cü il tarixə mövcud borcunun hissə-hissə ödənilməsi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsindən ibarətdir. Tərəflər razılaşır/təsdiq edir ki, sazişin imzalandığı tarixə Sifarişçinin İcraçıya 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 nömrəli və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 nömrəli xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 42100 manat təşkil edir. 2024-cü ilin sentyabr ayından başlayaraq 2025ci ilin aprel ayının sonunadək hər ay 5000 manat, qalan 2100 manat isə 2025-ci ilin may ayının sonunadək hissə-hissə olmaqla Sifarişçi tərəfindən İcraçıya ödəniləcək.
2. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)- 910/2024 nömrəli qərardadından görünür ki, İddiaçı iddia ərizə ilə məhkəməyə mürаciət edərək, 47100 manat əsas borc, bank uçot dərəcəsinə əsasən hesablanmış 6903 manat faiz borcun və ödənilmiş 232,40 manat dövlət rüsumu olmaqla, cəmi 54235,40 manat pulun cavabdeh "X3 Zavodu" MMC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu, buna dair onunla cavabdeh arasında borcun hissə-hissə ödənilməsinə dair xx.xx.2024-cü il tarixli saziş imzalandığını və cavabdeh tərəfindən borcun 2025-ci ilin may ayının sonunadək ödənilməsinə dair öhdəlik götürüldüyünü bildirmiş və qeyd olunanlara əsasən "X3 Zavodu" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin qaytarılması və iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Həmin qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır.
3. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı borcun tutulmasına dair iddia vasitəsi ilə yenidən məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 37100 manat borcun və 205 manat ödənilən dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsasladırılmışdır ki, iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət etmiş, Cavabdeh MMC-dən 47100 manat borcun, 232 manat dövlət rüsumu, 6900 manat faiz borcunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC məhkəmədən kənar saziş imzalamaqla ona olan borcunu hissə-hissə qaytaracağını bildirmiş və o məhkəməyə verdiyi ərizəni geri götürmüşdür. 15 avqust 2024cü ildə Cavabdeh MMC ilə aralarında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə Cavabdeh MMC 29 noyabr 2019-cu il tarixli və 01 iyun 2022-ci il tarixli xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 42100 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardad ilə ərizə baxılmamış saxlanılmışdır. Saziş imzalandıqdan sonra 42100 manat borcdan cəmi 5000 manat bir ay pul ödənilmişdir. Bu günədək razılaşmada olan öhtəliyi icra etməmişdir. Belə olan halda məhkəməyə müraciyət etməli olmuşdur. Borcun etirafı ilə bağlı saziş var. Hesab edir ki, cavabdeh məhkəmə iclasında borcunu etiraf edəcək, əlavə sübutlara lüzum görməmişdir. Odur ki, 37100 manat borcun və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
6. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 42100 manat borcun və 218 manat ödənilən dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət etmiş, ümumilikdə 37100 manat borcun və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Hazırda həmin iddia tələbinin dəqiqləşməsinə ehtiyac vardır. Belə ki, Cavabdeh MMC ilə aralarında olan məbləğ əvvəlcə 47100 manat olmuşdur, daha sonra 5000 ödəndikdən sonra aralarında olan borc məbləği 42100 təşkil etmişdir. Bundan əlavə iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmişdir.
8. İddiaçı izahatında göstərmişdir ki, əvvəl iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iki xidmət müqaviləsinə əsasən əsas borc olaraq 47100 manat pul istəmişdir. Cavabdehlə aralarında barışıq olduğundan iddia ərizəsini geri götürmüşdür. Cavabdeh 47100 manat borcdan 5000 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi daha sonra isə 5000 manat yenə ödəyəcəklərini bildirsə də ikinci dəfə ona 5000 manat ödənilməmişdir. Ümumi borc məbləği 47100 manat olmuş, 5000 manat ödədiklərinə görə 42100 manat borcları qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və birinci instansiyası məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
10. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli e-2-2(115)-756/2025 nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddianın təmin edilməsi, cavabdeh X3 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42100 (qırx iki min yüz) manat pul, ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş bağlanmış, sazişə əsasən Cavabdeh MMC İddiaçı 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 nömrəli və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 nömrəli xidmət müqavilələri üzrə 15 avqust 2024-cü il tarixinə 42100 manat borcu olduğunu qeyd etmiş, 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin aprel ayının sonunadək hər ay 5000 manat, qalan 2100 manat isə 2025-ci ilin may ayının sonunadək hissə-hissə olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür.
12. İddiaçı cavabdeh tərəfindən ona 5000 manat pul ödənildiyini, həmin 5000 manat pulun sazişə əsasən 42100 manat borcdan deyil, cavabdehin hər iki müqavilə üzrə ona ümumilikdə 47100 manat olan borcundan ödənildiyini, həmin ödənilən 5000 manat çıxıldıqdan sonra cavabdehin ona 42100 manat borcu qaldığını, həmin borcdan ödəniş etmədiyini bildirmiş, cavabdeh isə iddiaya dair hər hansı etiraz təqdim etməmiş, borcun ödənilməsi ilə bağlı sənəd təqdim etməmişdir.
13. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı 42100 manat məbləğində borcu cavabdehdən tələb etməkdə haqlıdır. İddia təmin edilməli, 42100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
14. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-756/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırmamış, düzgün araşdırma məqsədilə ekspertiza təyin etməmiş, nəticədə kommersiya mübahisəsi üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə görə, İcraçı, texnika(lar) vasitəsilə sifariş günlərinə uyğun olaraq, Sifarişçiyə məxsus iş yerində xidmət göstərir, Sifarişçi isə göstərdiyi xidmətin müqabilində İcraçıya razılaşdrılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilələrin müvafiq olaraq 2.2.-ci və 2.3-cü bəndlərinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Göründüyü kimi, sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir\xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhviltəslim aktları məhkəməyə təqdim olunmayıb). Lakin, müqavilə üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasında izahatında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
32. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
33. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Beləliklə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-756/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur.
43. Məhkəmə araşdırması zamanı 15 avqust 2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişlə müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 nömrəli və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 nömrəli xidmət müqavilələri bağlanmışdır.
44. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019 (QSZX293/1219) və xx.xx.2022 (QSZX82/0722) tarixli xidmət müqavilələri üzrə yaranmış borcun məbləği və ödəniş cədvəli xx.xx.2024-cü il tarixli “borcun hissə-hissə ödənilməsi barədə” sazişlə müəyyən edilərək tərəflər razılaşmışlar ki, saziş imzalandığı tarixə qalıq borc 42.100 AZN, 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək hər ay 5.000 AZN, qalan 2.100 AZN isə 2025-ci ilin mayında ödənilməlidir. Bu, borcun mövcudluğunu və icra mexanizmini tərəflərin öz razılığı ilə təsdiqləyir. İddiaçı əvvəlki müraciətini məhz bu sazişə görə geri götürmiş və sonuncunun müraciəti xx.xx.2024 tarixli qərardadla həmin iddia baxılmamış saxlanılmışdır. İlkin borc məbləğini təşkil etmiş 47100 manat borcda 5000 mnat ödənilmiş, 42100 manat borca dair tərəflər saziş bağlamışlar.
45. Cavabdeh isə heç bir əlavə ödəniş sübutu təqdim etməmiş, birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.
46. Cavabdeh apellyasiya şikayətində borcun mövcudluğunu inkar etməyə çalışsa da, iş materiallarında olan xx.xx.2024-cü il tarixli saziş onun tərəfindən imzalanmışdır və bu sənədlə borcun məbləği (42.100 AZN) və ödəniş qrafiki (aylıq 5.000 AZN, son ay 2.100 AZN) açıq şəkildə müəyyən olunmuşdur. MM-in 385.1 və 386.1 maddələrinə görə, öhdəliyin məzmunu tərəflərin razılaşması ilə müəyyən edilirsə, sonradan bu razılaşma birtərəfli qaydada dəyişdirilə bilməz. Buna görə də, cavabdehin “borcun əsası yoxdur” iddiası öz razılığı ilə imzaladığı sazişlə ziddiyyət təşkil edir.
47. Cavabdeh xidmətlərin göstərilmədiyini və təhvil-təslim aktlarının olmadığını iddia etsə də, borcun məbləği və ödəniş şərtləri barədə sonradan imzaladığı saziş bu etirazı hüquqi baxımdan etibarsız edir. MM-in 442-ci maddəsinə görə, öhdəlik üzrə müqavilə şərtləri razılaşdırıldıqdan və tərəf tərəfindən qəbul edildikdən sonra, öhdəliyin əsası barəsində əlavə etirazlar yalnız əsaslı sübutlarla irəli sürülə bilər. İş materiallarında isə belə sübutlar yoxdur.
48. Məhkəmə qeyd edir ki, cavabdeh xidmətlərin həcmi və keyfiyyəti barədə ümumi şəkildə iradlar bildirmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Sazişin məzmunu göstərir ki, tərəflər əvvəlki müqavilələr üzrə görülmüş işlər və yaranmış borc barədə razılığa gəliblər. Bu razılıq xidmətlərin göstərilməsi faktını dolayısı ilə təsdiq edir. Belə şəraitdə xidmətin göstərilmədiyi iddiası, borcun etirafı ilə ziddiyyət təşkil etdiyindən hüquqi əsas daşımır.
49. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində ekspertiza təyin olunmamasını prosessual pozuntu kimi göstərmişdir. Lakin, MPM-in 97.1-ci maddəsinə əsasən, ekspertiza yalnız xüsusi biliyə ehtiyac olduqda təyin edilir. Bu işdə mübahisə xidmətlərin keyfiyyəti və həcmi ilə deyil, artıq sazişlə təsbit edilmiş müəyyən pul öhdəliyinin icra olunmaması ilə bağlıdır. Bu səbəbdən, ekspertiza təyin olunmaması prosessual hüquq pozuntusu hesab edilə bilməz.
50. Apellyasiya şikayətinin dəlillərində cavabdeh “qərəzlilik” və “obyektiv araşdırma aparmamaq” kimi ümumi iradlar irəli sürmüş, lakin bu barədə konkret faktlar və sübutlar təqdim etməmişdir. MPM-in 88 və 217.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi işdə olan bütün sübutları qiymətləndirərək, tərəflərin təqdim etdiyi sənədlərə hüquqi qiymət vermişdir. Bu baxımdan, qərəzlilik barədə iddialar subyektiv mülahizələrdən ibarət olub, hüquqi və sübut əsasları yoxdur.
51. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf iddia və etirazlarının əsasını sübut etməlidir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, ödənişlərin edildiyini təsdiqləyən heç bir sübut təqdim etməmişdir.
52. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bütün dəlillər iş materiallarındakı sənədlərlə və tərəflərin əvvəlki razılaşması ilə təkzib olunur. Borcun mövcudluğu, məbləği və ödəniş şərtləri cavabdehin öz imzası ilə təsdiq olunmuş, saziş bağlanana qədər borcundan qismən icra etmiş, lakin tam icra edilmədiyi sübuta yetirilmişdir.
53. Bundan başqa, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır.
54. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır.
55. Göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansıyası məhkəməsinin mövqeyi isə əsaslıdır.
56. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-756/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.