Məhkəmə qərarları › İş №2-2(104)-181/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-181/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-181/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrəfil oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)- 317/2023 nömrəli qətnaməsindən Cavabdeh2 İsrəfil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 43053.12 manat məbləğində krеdit bоrcu, 5307.40 manat məbləğində faiz bоrcu və 6430.92 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 54791.44 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6946.88 manat ödəmiş, onun 43053.12 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 247 gün üçün hesablanmış faiz borcu 5307.40 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 247 gün üçün hеsablanmış cərimə 6430.92 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 ilə “AccessBank“ QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada 43053.12 (qırx üç min əlli üç manat on iki qəpik) manat məbləğində krеdit bоrcu, 5307.40 (beş min üç yüz yeddi manat qırx qəpik) manat məbləğində faiz bоrcu və 800 (səkkiz yüz) manat məbləğində cərimə olmaqla, cəmi 49160.52 (qırx doqquz min yüz altmış manat əlli iki qəpik) manat borc və 400(dörd) yüz manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada 237,48 (iki yüz otuz yeddi manat qırx səkkiz qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2019-cu il tarixli, 005L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə 500 000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2021-ci il tarixli, 005R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən - "xxxx" QSC borcalan – Cavabdeh2 İsrəfil oğluna 50000 manat məbləğində aylıq 1.6667% ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh2 İsrəfil oğlu isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İsrəfil oğlunun banka olan borcu 43053.12 manat əsas borc, 5307.40 manat faiz borcu, 6430.92 manat cərimə olmaqla, cəmi borc 54791.44 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsi hazırkı işə baxarkən iddiaçı tərəfindən təqdim edilmiş sübut və arayışlara əsaslanmışdır. Tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Hesab edir ki, Gəncə Kommersiya Məhkəməsi hazırkı işə baxarkən məhkəmə-mühasibatlıq ekspertiza təyin edib, bank qarşısında ödənilməmiş əsas və faiz borclarını düzgün müəyyən etməli idi. Bankdan götürdüyü kredit borcunun demək olar ki, əsas hissəsini tam ödəmişdir. İddiaçı tərəfindən bank qarşısında cavabdehin borcuna dair məlumatlar isə təhrif edilmiş şəkildə təqdim edilmişdir. Bank qarşısındakı öhdəliyi iddia tələbində qeyd edilən məbləğdən dəfələrlə azdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, işləri yaxşı getmədiyindən borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda borcunu hissəhissə olmaqla ödəməyə razıdır. Məhkəmədən xahişi isə borc məbləğinin faiz hissəsində azaldılmasıdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, təxminən ödəniş cədvəli üzrə 4 ayın pulunu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu cavabdehin şikayətində hər hansı bir əsaslı dəlil göstərmədiyini bildirib, şikayətin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023cü il tarixli, 2-2(115)-317/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni kredit müqaviləsi üzrə əsas borc, faiz və dəbbə pulu hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən tələb edilən borc məbləğini mübahisələndirməklə, dolayısı ilə həmin məbləğlərin düzgün hesablanmadığını, birinci instansiya məhkəməsinin iş üzrə mühasibatlıq ekspertizası təyin etməli olduğunu iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişlər. Hərçənd ki, cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşldür. Cavabdeh şikayətində əsas borc məbləğini demək olar ki, tam ödədiyini qeyd etsə də, məhkəmə kollegiyasının iclasında ödəniş cədvəli üzrə təxminən 4 ayın ödənişi etdiyini etiraf etmişdir. İş materiallarında olan ödənişlərə dair cədvələ əsasən, cavabdeh tərəfindən ödəniş cədvəli üzrə ödənişlərin ödənilməsi qaydası pozulmaqla, 2022-ci ilin fevral ayına kimi ümumilikdə 10143 manatın ödənilməsi müəyyən edilmişdir ki, bu da cavabdehin məhkəmə kollegiyasının iclasında təxminən 4 ayın ödənişini etməsinəd verdiyi izahata uyğun olmaqla, əsas borcun femək olar ki, hamısının ödənilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinin əsassız olmasını təsdiq etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən qət edilən kredit müqaviləsi üzrə borc məbləğlərinin işdə olan sübutlara uyğun olub-olmamasını yoxlayaraq, tələb edilən borc məbləğinin əsassızlığı ilə bağlı hər hansı bir hal müəyyən etməmişdir. Belə ki, cavadbehdən tələb edilən 43053 manat əsas borc məbləği cavabdehin 01 noyabr 2021-ci il tarixinə olan borc məbləği olmuşdur ki, ödəniş cədvəlinə əsasən 43053 manat əsas borc məbləğinə aylıq hesablanmalı olan faiz məbləğinin 717,55 manat olması və borc məbləğinin tələb olunduğu xx.xx.2022-ci il tarixədək olan təxminən 9 aylıq müddət üzrə hesablanmış faiz məbləğinin 5307,4 manat olması hər hansı bir şübhə yaratmamaqdadır. Beləliklə, cavadbehin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-2(115)-317/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar