Məhkəmə qərarları › İş №2-2(104)-185/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-185/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-185/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Əliyev Rafiq Kamil oğluna, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsindən cavabdeh Əliyev Rafiq Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Əliyev Rafiq Kamil oğluna, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn 30 yanvar 2023-cü il tarixinə 18724,48 manat əsas borc, 2121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu, cəmi borc 21048,94 manat və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdеhlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 20000 (iyirmi min) manat kredit verilmişdir. 20 may 2022-ci il tarixdə Bank "xxxx" ASC ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsinə əsasən, 17 noyabr 2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə 36 ay müddətinə, 2 ay güzəşt müddəti tətbiq edilməklə, illik 23 faiz ödəmək şərti ilə 18724,48 manat aylıq əsasla kredit verilmişdir. X1 Kamil oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdehin kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 18724,48 manat əsas borc, 2121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu olmaqla, cəmi 21048,94 manat borcu qalmışdır. Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549- 06/22A saylı krеdit müqaviləsinin ləğv edilməsi, Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsi üzrə yaranmış 18724,48 manat əsas borc, 2121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu, cəmi borc 21048,94 manat və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdеhlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, cavabdеhlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 153,14 manat (yüz əlli üç manat on dörd qəpik) dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsi restrukturizasiya edilərək, qalıq 18724,48 manat borc məbləğinin 36 ay müddətinə, 2 ay güzəşt müddəti tətbiq edilməklə, illik 23 faiz ödəmək şərti ilə ödənilməsi razılaşdırılmışdır. 30 yanvar 2023-cü il tarixli RİED 2022/336 saylı maliyyə arayışından görünür ki, Əliyev Rafiq Kamil oğlunun 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixinə banka 18724,48 manat əsas borcu, 2121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu, cəmi borc 21048,94 manat məbləğində borcu olması göstərilmişdir. 12 oktyabr 2022-ci il tarixli GNCF-2022/340 saylı pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbardarlıq edilmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh Əliyev Rafiq Kamil oğlu apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunmasını və əsas borc və dəbbə pulu hissəsinə münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əliyev Rafiq Kamil oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi mahiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilməlidir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla, yəni məntiqi və ya elmi deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı məhkəmələr tərəfindən ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirilməli, öz qərarlarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqət müəyyən edilməlidir. Həmçinin, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin əsas borcunu dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə baxışı zamanı ondan asılı olmayan səbəblərdən işttirakı təmin edilmədiyindən məhkəmədən ekspertiza təyin edilməsi xahiş edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, qanuni nəticəyə gəlmək üçün mühüm əhəmiyyəti olan bütün faktlar və sübutları aydınlaşdırmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdehlərdən Əliyev Rafiq Kamil oğlu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Əliyev Rafiq Kamil oğlunun və digər cavadbehlərin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, cavadbehin işin icraatını uzatmaq məqsədi ilə apellyasiya şikayəti verdiyini, şikayətində hər hansı bir dəlil göstərmədiyini, buna görə də cavabdehlərin iştirakı olmadan işə baxılaraq, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni kredit müqaviləsi üzrə əsas borc, faiz və dəbbə pulu hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən tələb edilən borc və dəbbə məbləğini mübahisələndirməklə, dolayısı ilə həmin məbləğlərin düzgün hesablanmadığını, birinci instansiya məhkəməsinin iş üzrə mühasibatlıq ekspertizası təyin etməli olduğunu iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişlər. Hərçənd ki, cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşlər. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən qət edilən kredit müqaviləsi üzrə borc məbləğinin işdə olan sübutlara uyğun olub-olmamasını yoxlayaraq, tələb edilən borc məbləğinim əsassızlığı ilə bağlı hər hansı bir əsas müəyyən etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı krеdit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli MK- 00549-06/21A saylı kredit müqaviləsi restrukturizasiya edilərək, qalıq 18724,48 manat borc məbləğinin 36 ay müddətinə, 2 ay güzəşt müddəti tətbiq edilməklə, illik 23 faiz ödəmək şərti ilə ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş ödənişlərə dair cədvəldən isə görünür ki, cavadbeh tərəfindən əsas borc məbləğindən hər hansı bir ödəniş edilməmiş, ödənilmiş 868,8 manat pul məbləği isə hesablanmış faiz məbləğinə silinmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 18724,48 manat borc məbləğində görə ödəməli olduğu aylıq faiz məbləğinin 358,89 manat olması və əsas borcdan heç bir məbləğin ödənilməsi nəzərə alındıqda, borcun tələb edildiyi 30 yanvar 2023-cü il tarixinədək olan təxminən 8 aydan artıq müddət üçün hesablanmış faiz məbləği də hər hansı bir şübhə yaratmamaqdadır. Tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndində öhdəliyin icrasının gecikdirilməsinə görə gecikdirilmiş günə görə 0,1 faiz cərimə məbləğinin hesablanması nəzərdə tutulmuşdur ki, tələb olunan 202,59 manat dəbbə pulu məbləği də hər hansı bir şübhə yaratmamaqla yanaşı, tənasübsüz surətdə yüksək də olmamışdır. Bundan başqa cavabdeh şikayətində birinci instansiya məhkəməsində iştirak etmədiyini qeyd etsə də iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclasında iştirak etmiş, borcunu etiraf etmişdir. Beləliklə, cavadbehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsindən cavabdeh Əliyev Rafiq Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(115)-376/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar