Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-186/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-550/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-550/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqaviləsi üzrə 4810,51 manat əsas, 1386,17 manat faiz borcu olmaqla, cəmi 6196,68 manat borc və ödənilmiş 105 manat mediasiya xərcinin Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus olan Bərdə rayonu, Tumaslı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 169.8 kv/m., yaşayış sahəsi 76.8 kv/m., yardımçı sahəsi 93 kv/m. olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 28300 manat həddində müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərraclar vasitəsilə satılması, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, Cavabdeh1 250 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, Cavabdeh1 81,97 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-550/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini və iddia tələbinin rədd edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqaviləsi üzrə 4810,51 manat əsas, 1386,17 manat faiz borcu olmaqla, cəmi 6196,68 manat borc məbləğinin cavabdehdən tutulması; Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Tumaslı kəndində yerləşən fərdi yaşayış evinin 0,40 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 24000 manat dəyərində müəyyən edilməsi; borc tələbinin ipoteka qoyulmuş Bərdə rayonu, Tumaslı kəndində yerləşən ümumi sahəsi 169,8 kv.m olan fərdi yaşayış evinə 0,40 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6196,68 manat məbləğin və ödənilmiş 105 manat mediasiya xərcinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20%-lə 30 ay müddətinə 7000,0 (yeddi min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bərdə rayonu, Tumaslı kəndində yerləşən ümumi sahəsi 169,8 kv.m olan fərdi yaşayış evi 0,40 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə ipoteka qoyan arasında 23 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Bərdə filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında ipoteka əmlakının razılaşdırılmış dəyəri 24000,0 (iyirmi dörd min) manat müəyyən edilir. Cavabdeh1 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqaviləsi üzrə əsas borcu 4810,51 manat, faiz borcu 1386,17 manat, cəmi borcu 6196,68 (altı min yüz doxsan altı manat 68 qəpik) manat təşkil edir. Sözügedən mübahisə üzrə mediasiya prosesinin nəticəsi olan MŞG/MT033/2023-00317 saylı, xx.xx.2023-cü il tarixli mediasiya arayışı təqdim edilmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105,0 (bir yüz beş) manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, işə baxan hakim onun məhkəmə iclasına gəlməməyini iddiaçının maraqları üçün çalışaraq qanunsuz qərar qəbul etmişdir. Mübahisəli qətnamədən isə evlərinə poçt vasitəsilə gəldiyi zaman məlumatı olmuşdur. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarımı pozmuşdur. İddiaçı tərəfindən təyin edilmiş borc qanunsuz olaraq hesablanıb yazıldığı üçün onun həmin pulu ödəməyə heç bir maddi imkanı yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir və aylıq qazancı olduqca azdır. Maddi imkanının aşağı olması ilə bağlı ödəyə bilmədiyi üçün borcun düzgün aydınlaşdırılmasını və düzgün ekspertiza təyin edilməsini istəyir. Onun əsas borcunun olmamasına baxmayaraq iddia ərizəsində qanunsuz olaraq yüksək məbləğ qeyd edir və həmin pulu şişirdilmiş artıqlaması olaraq ondan tələb edir. Ödəmədiyi halda isə evini ondan almaq istəyir. Halbuki bu qanunsuzluqdur. Onun iddiaçının tələb etdiyi evdən başqa evi yoxdur. Əgər bank evini əlindən alarsa o ailəsi ilə birlikdə küçələrdə qalacaqdır. Bunun üçün də qəbul edilmiş qərar qanunsuzdur. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit kredit müqaviləsindən görünür ki, borcverən –İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 7000 manat məbləğində illik 20 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 30 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. Kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 5 faiz əlavə cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus olan Bərdə rayonu, Tumaslı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 169.8 kv/m., yaşayış sahəsi 76.8 kv/m., yardımçı sahəsi 93 kv/m. olan 3 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Tumaslı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 169.8 kv/m., yaşayış sahəsi 76.8 kv/m., yardımçı sahəsi 93 kv/m. olan 3 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ipotekaqoyan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan borcu 4810,51 manat əsas borc, 1386,17 manat faiz borcu olmaqla, cəmi borc 6196,68 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Bərdə rayonu, Tumaslı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 169.8 kv/m., yaşayış sahəsi 76.8 kv/m., yardımçı sahəsi 93 kv/m. olan 3 otaqlı fərdi yaşayış evinin evinin bazar dəyəri 35400 manat, likvid dəyəri 28300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20%-lə 30 ay müddətinə 7000,0 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bərdə rayonu, Tumaslı kəndində yerləşən ümumi sahəsi 169,8 kv.m olan fərdi yaşayış evi 0,40 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə ipoteka qoyan arasında 23 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Bərdə filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmüş olsa da, müqavilə şərtlərinə əməl etməmiş, nəticədə yuxarıda göstərilən məbləğdə kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli 62/19-ky saylı kredit müqavilənin şərtləri baxımından Cavabdeh1 oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə heyvandarlığın inkişafı məqsədi ilə illik 20%-lə 30 ay müddətinə 7000,0 (yeddi min) manat məbləğində kredit alsa da, üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş və bu faktı təkzib edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə münasibətdə tələbi əsas kredit borcu və hesablanmlş faiz borcu hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə iddianı həmin hissədə dətəmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyinin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərindən biri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi göndərmiş, lakin cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Belə ki, iş materiallarının 142-cu vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh1 şəxsən sonuncu məhkəmə bildirişini xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə almış, eyni zamanda iş materiallarının 144-cü vərəqində olan teleqramdan görünür ki, Cavabdeh1 işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunmalıdır ki, cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə də lazımi qaydada xəbərdar edilmiş, lakin o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının da iclasına gəlməmişdir. İş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi sübutların həqiqiliyi isə heç bir şübhə doğurmadığına görə kollegiya məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri saymır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-550/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-186/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-186/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver