Məhkəmə qərarları › İş №2-2(104)-186/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-186/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-186/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Kamil oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Kamil oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 Kamil oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19271.05 manat əsas; 1668.22 manat faiz; cəmi 20939.27 manat borcun və ödənilmiş 152.82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 Kamil oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17849,91 manat əsas və ödənilmiş 152.82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Kamil oğlundan müştərək qaydada 17849,91 manat əsas borc və 143,55 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Kamil oğlundan müştərək qaydada 150 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş 10,69 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarından görünür ki, Cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan 152,82 manat dövlət rüsumunun 50%-i olan 76,41 manat dövlət rüsumunu ödəməli olduğu halda 72 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh2 tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-186/2025 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-152/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)- 186/2025 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar