Məhkəmə qərarları › İş №2-2(104)-192/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-192/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-192/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 27929,15 manat əsas borc, 3923,66 manat faiz borcu və 360,58 manat cərimə borcu olmaqla cəmi 32213,39 manat borcun, 186,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsi ilə (G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6- MCR-1-121-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu və 360 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 32213 (otuz iki min iki yüz on üç) manat 39 (otuz doqquz) qəpik məbləğində borc və 186 (bir yüz səksən altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-493/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin olunması (yəqin ki, təmin olunmaması) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni cavabdehlərdən Cavabdeh2 ünvanı göstərilməmiş, apellyasiya şikayəti digər Cavabdeh3 tərəfindən elektron qaydada imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan qərardad qəbul etmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Cavabdeh2 apellyasiya şikayətində yaşayış ünvanını göstərmədiyinə və Cavabdeh3 apellyasiya şikayətini elektron qaydada imzalamadığına görə məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar