Məhkəmə qərarları › İş №2-2(104)-196/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-196/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-196/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-2(115)-745/2024 saylı qətnaməsindən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC ilə bağlanmış 06 oktyabr 2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30,000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 06 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 27 may 2024-cü il tarixə banka əsas borca görə 28,300 manat, faiz borcuna görə 4,327.07 manat, dəbbə borcuna görə 84,45 manat, cəmi 32,711.52 manat borcu olduğu göstərilmişdir. 06 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. 06 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh4 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. 06 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh5 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. 06 oktyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 30,000 manat məbləğində əsas kredit borcu, 2,784.91 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 45 manat məbləğində penya olmaqla,cəmi 32,829.91 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 188,49 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 06 oktyabr 2022ci il tarixli Razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30,000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə 31FİZAM174034001, 31FİZAM129642104, 31FİZAM174020001 və 31FİZAM180482803 saylı 17 mart 2023-ci il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 06 fevral 2024-cü il tarixə İddiaçı ASC-yə 30,000 manat məbləğində əsas kredit borcu, 2,784.91 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 45 manat məbləğində penya olmaqla, cəmi 32,829.91 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 10 iyul tarixli e-2-2(115)-745/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 28,300 manat məbləğində əsas kredit borcu, 2,407.45 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 45 manat məbləğində cərimə olmaqla, cəmi 30,752.45 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182.26 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 6.23 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı öz ərizəsində 30,000 manat məbləğində əsas kredit borcunun tutulmasını tələb etsə də, iş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi Cavabdeh2 06 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 27 may 2024-cü il tarixə banka əsas borcu 28,300 manat təşkil edir. Odur ki, iddia tələbi 28,300 manat əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə 2,784.91 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Belə ki, iddiaçı birtərəfli qaydada məhkəmədən kənar iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləyə xitam versə də, lakin məhkəməyə müraciət etdiyi ərizədə faiz borcunu artmışdır. Hansı ki, həmin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edə bilərdi. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh2 əsas borca görə 28,300 manat, faiz borcuna görə 2407,45 manat borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüklərindən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 45 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Apellyasiya instansiya məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edərək müəyyən edilmiş yeni hallara əsasən yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçıdan 30,000 manat kredit götürmüşdür. Onun əsas kredit borcu olaraq 28,300 manat, faiz borcu olaraq isə 2407.45 manat hesablanıb. Bu hal doğru deyildir. O, iddiaçıya 4,500 manat ödəmişdir. Bu isə o deməkdir ki, əsas borc azaldılaraq 25,500 manat olmalı, bu məbləğə görə də faiz hesablanmalıdır. İddiaçının maliyyə arayışı ilə razı deyil. O, kreditini ödəməlidir, ancaq real rəqəmlər düzgün hesablanmalıdır. Bundan sonra isə ödənişdən söhbət gedə bilər. O, bu gündə ödəməni davam etdirir. Hesab edir ki, ödədiyi məbləğ düzgün hesablanmalıdır. Bu səbəbdəndə maliyyə ekspertizası keçirilməlidir. Məhkəmə Prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ödədiyi 4,500 manat məbləğin əsas borcdan silinməməsi və yenə də əsas borcun 28,300 manat qalması və buna uyğun olaraq faizin hesablanması ədalətli deyil. Məhkəmə mühasibatlıq ekspertizasını keçirməli əsas və faiz borcunu buna görə hesablanmalı idi. Ancaq nə mühasibatlıq ekspertizası keçirildi, nə də əsas və faiz borcu buna görə hesablandı. Hesab edir ki, bu halların araşdırılmaması onun prosessual hüquqlarının pozulmasıdır. Prosessual məsələlər: Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) məhkəmə kollegiyasına ərizə göndərərək onların iştirakı olmadan məhkəmə prosessini keçirib şikayətlərinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iş üzrə verilmiş apellyasiya şikayətinin təmin olunmamaqla iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə kollegiyaya məlumat verməmişlər. Məhkəmə kollegiyası AR MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-745/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırmaları ilə işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı və Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 30,000 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə düşən öhdəliklər lazımi qaydada və tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetməmişdir. Belə ki, aylıq ödənilməsi nəzərdə tutulan məbləği vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh2 06 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 27 may 2024-cü il tarixə banka əsas borca görə 28,300 manat, faiz borcuna görə 4,327.07 manat, dəbbə borcuna görə 84,45 manat, cəmi 32,711.52 manat borcu olduğu müəyyən edilir. Qeyd olunan arayışdan da göründüyü kimi Cavabdeh2 xx.xx.2022-ci il tarixli razılaşma üzrə banka olan əsas borcu 28,300 manat təşkil edir. Ona görə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borcun 28,300 manat tutulması hissəsində əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 2,784.91 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi maddədə borcun icrasının gecikdirilməsi halında qanunverici faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Lakin bu imkan kreditorun digər əsaslarla çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.” Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən iş üzrə digər cavabdehlər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün öz üzərlərinə bank qarşısında tam məsuliyyət götürdüklərindən Cavabdeh2 ilə birgə bank qarşısında məsuliyyət daşıdıqlarından tutulmalı olan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili ilə də razılaşmayaraq bildirir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) əlavə edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-745/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar