Məhkəmə qərarları › İş №2-2(104)-20/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-20/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-20/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin nümayəndəsi X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)- 628/2019 saylı qətnaməsindən cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə İnziabti-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)- 628/2019 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia təmin edilməsi, cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən 24 iyul 2012-ci il tarixli, 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 105555.48 manat, hesablanmış faiz - 2674.79 manat, cərimə borcu 2572.07 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 14490.42 manat, cəmi 125292.76 manat, 25 iyul 2013-cü il tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1995215.31 manat, hesablanmış faiz - 261761.16 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152966.51 manat, cəmi 2409942.98 manat və 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14909.72 manat, hesablanmış faiz 1424.87 manat, cərimə borcu 593.23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1622.67 manat, cəmi 18550.49 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Gəncə İnziabti-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)- 628/2019 saylı qətnaməsindən narazı qalan cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-2(104)-09/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim A.Hüseynzadə, hakimlər L.Süleymanov və Ş.Rzaquliyev) Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)-628/2019 saylı qətnaməsindən cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnziabti-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019cu il tarixli, e-2-2(083)-628/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən 14909.72 (on dörd min doqquz yüz doqquz manat, 72 qəpik) manat pul vəsaitinin tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 299 (iki yüz doxsan doqquz) manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-2(104)-09/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı" MMC kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-2(104)-09/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-2(102)-388/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və B.Qəribov) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2- 2(104)-09/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 24 iyul 2012-ci il tarixli, 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 105555.48 manat, hesablanmış faiz - 2674.79 manat, cərimə borcu 2572.07 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 14490.42 manat, cəmi 125292.76 manat, 25 iyul 2013-cü il tarixli, 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1995215.31 manat, hesablanmış faiz - 261761.16 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152966.51 manat, cəmi 2409942.98 manat və 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14909.72 manat, hesablanmış faiz 1424.87 manat, cərimə borcu 593.23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1622.67 manat, cəmi 18550.49 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, 24 iyul 2012-ci il tarixdə İddiaçı ASC və "xxxx" MMC-nın rəhbəri X10 arasında 026 nömrəli və 25 iyul 2013-cü il, 16 sentyabr 2014-cü il tarixlərdə İddiaçı ASC və "xxxx" MMC-nin rəhbəri X9 arasında müvafiq olaraq 024 və 204 nömrəli kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə "xxxx" MMC-yə bank tərəfindən, 026 saylı kredit müqaviləsi üzrə illik 7 (yeddi) faiz olmaqla, 60 (altmış) ay müddətinə 24 (iyirmi dörd) aylıq güzəştlə 200000 (iki yüz min) manat, 024 saylı kredit müqaviləsi üzrə illik 8 (səkkiz) faiz olmaqla, 60 (altmış) ay müddətinə, 24 (iyirmi dörd) aylıq güzəştlə ******* (iki milyon) manat və 204 saylı kredit müqaviləsi üzrə illik 6 (altı) faiz, olmaqla 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) aylıq güzəştlə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinə əsasən "xxxx" MMC kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunsa da, borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun etibarnamə üzrə nümayəndəsi X16 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdehdən 24 iyul 2012-ci il tarixli, 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 105555.48 (bir yüz beş min beş yüz əlli beş) manat 48 qəpik, hesablanmış faiz - 2674.79 (iki min altı yüz yetmiş dörd) manat 79 qəpik, cərimə borcu 2572.07 (iki min beş yüz yetmiş iki) manat 07 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 14490.42 (on dörd min dörd yüz doxsan) manat 42 qəpik, cəmi 125292.76 (bir yüz iyirmi beş min iki yüz doxsan iki) manat 76 qəpik, 25 iyul 2013- cü il tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1995215.31 (bir milyon doqquz yüz doxsan beş min iki yüz on beş) manat 31 qəpik, hesablanmış faiz - 261761.16 (iki yüz altmış bir min yeddi yüz altmış bır) manat 16 qəpik, cərimə borcu 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152966.51 (bir yüz əlli iki min doqquz yüz altmış altı) manat 51 qəpik, cəmi 2409942.98 (iki milyon dörd yüz doqquz min doqquz yüz qırx iki) manat 98 qəpik və 16 sentyabr 2014-cü il tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14909.72 (on dörd min doqquz yüz doqquz) manat 72 qəpik, hesablanmış faiz 1424.87 (bir min dörd yüz iyirmi dörd) manat 87 qəpik, cərimə borcu 593.23 (beş yüz doxsan üç) manat 23 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1622.67 (bir min altı yüz iyirmi iki) manat 67 qəpik, cəmi 18550.49 (on səkkiz min beş yüz əlli) manat 49 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin rəhbəri X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən münahisələndirilən kredit müqaviləsi üzrə pul məbləği onun tərəfindən çıxarılmamış və onun bank qarşısında heç bir öhdəliyi yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. İşin mahiyyəti ondan ibarətdir ki, “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında kredit verilməsinə dair heç vaxt müqavilə bağlanmamışdır. 2012-ci ilin əvvələrində müəssisəyə kredit verilməsi üçün tələb olunan sənədləri müəssisənin təsisçisi X4 təqdim etmişdir. Bir müddət sonra nəticəsi ilə maraqlanmaq üçün Pərvanə Novruzovanın yanına getmiş və ona bildirmişdir ki, kredit verilməsi hələlik əmələ gəlmir. Bank həmin sənədlərdəki onun anket məlumatlarıından istifadə edərək qətnamədə adı çəkilən müqavilələri tərtib etmişdir. Həmin müqavilələrdən onun məlumatı olmamış və müqavilələrə imza etməmişdir. Müqavilələrdə qeyd edilən kredit məbləğlərindən xəbəri yoxdur, müqavilələrdə göstərilən məbləğlər bank tərəfındən ona verilməmişdir. Bu barədə məlumat alandan sonra bankın təsisçisi Pərvanə Novruzovanın yanına getmiş və Pərvanə Novruzova ona bildirmişdir ki, bu məsələdə onluq heç bir şey yoxdur, bu əməliyyatı bankın kapitalını artırmaq məqdəsi ilə etmişlər. Hətta onun göstərişi ilə oğlu X17 müəssisə kapitalının alğı-satqısına dair onunla müqavilə bağlamışdır. Bundan başqa İsmət Həsənov ləğv prosesində olan İddiaçı ASC-nin rəhbərliyinə qeyd olunan müqavilələr əsasında “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə verilmiş məbləğlər üzrə öhdəliklərin ona ötürülməsinə dair sərəncam verilməsi haqqında ərizə vermişdir. Qətnamədə həmin ərizənin adı çəkilsə də məhkəmə buna münasibət bildirməmiş, müqavilənin isə adı qətnamədə çəkilməmişdir. Əgər qeyd edilən müqavilələrlə müəssisəyə kredit verilmişdirsə, Pərvanə Novruzovanın oğlu həmin hərəkətləri nə üçün etmişdir. Bu halın özü ona dəlalət edir ki, bank tərəfindən müəssisəyə kredit verilməmişdir. Bunlardan başqa müqavilələrdə qeyd edilən məbləğlərin müəssisəyə verilməsinə dair iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həm də müəssisənin banka borcu var idisə bu vaxta qədər bank tərəfındən borcun qaytarılmasına dair nə üçün iddia ilə məhkəməyə müraciət olunmamışdır. Bundan başqa nə onun, nə də “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin bank qarşısında heç bir öhdəliyi olmaması barədə bank tərəfındən ona arayış da verilmişdir. Həmçinin, bankın vəzifəli şəxsləri tərəllndən bankın vəsaitinin mənimsənilməsi faktına görə hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi istintaq edilir. Həmin iş üzrə qeyd edilən müqavilələrlə bağlı onu da dindirmişlər. Bu barədə məhkəməyə verdiyi ərizədə bildirsə də məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Həmçinin məhkəməyə bildirmişdir ki, müəssisəyə kredit verilməsindən xəbəri yoxdur, bu barədə onunla bank arasında heç bir müqavilə bağlanmamışdır. Ancaq buna baxmayaraq, müqavilələrdəki imzaların ona məxsus olmasını aydınlaşdırmaq üçün məhkəmə tərəfındən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməmişdir. Hesab edir ki, həmin məbləğlər saxta sənədlər əsasında bankın vəzifəli şəxslərinin özləri tərəfindən götürülmüşdür. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)- 628/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona bank tərəfindən xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə 15000 manat kredit verilmiş, onun tərəfindən həmin kredit tam şəkildə ödənilmişdir. “Gəncəbank" ASC-dən başqa kredit götürməmişdir. Lakin sonradan bankın müdiri ona kredit müqaviləsi üzrə bəzi sənədləri imzalamağı bidirmiş, o, da banka gedərək mahiyyətini bilmədən kassada müəyyən sənədləri, o, cümlədən çek imzalamış, lakin ona pul verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs X2 İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)-628/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank tərəfindən onlara iddia tələbində göstərilmiş kredit müqaviləsi üzrə hər hansı pul vəsaiti verilməmişdir. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxsləri iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır. İş materiallarında; xx.xx.2012-cü il tarixli, 026 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə bank tərəfindən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2013-cü il tarixli, 024 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə bank tərəfindən illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2 000.000 (iki milyon) manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli, 204 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə bank tərəfindən illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 (on beş min) manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. 23 iyun 2017-ci il tarixli, müəssisədəki payın alğı-satqısı müqaviləsindən görünür ki, X9 "xxxx" MMC-dəki payını X1. Samux rayonu Qədirli kəndində qeydiyyatda olan X11 ləğv prosesində olan İddiaçı ASC-nin rəhbərliyinə ünvanladığı ərizənin surətindən görünür ki, heyvandarlığın inkişafı üçün "xxxx" MMC-nin adına olan xx.xx.2012-ci il tarixdə verilmiş 200.000 (iki yüz min) manat, xx.xx.2013-cü iltarixdə verilmiş 800.000 (səkkiz yüz min) manat, xx.xx.2013-cü il tarixdə verilmiş 800.000 (səkkiz yüz min) manat, xx.xx.2013-cü il tarixdə verilmiş 400.000 (dörd yüz min) manat, xx.xx.2014-cü il tarixdə verilmiş 15.000 (on beş min) manat və müasir heyvandarlıq kompleksinin yaradılması üçün X8 adına olan 10.000.000 (on milyon) manat öhdəliklərin ona ötürülməsi üçün lazımi sərəncam verilməsini xahiş etmişdir. Kreditin vaxtında ödənilməsi məsuliyyətini bilir və bununla tam razıdır. "xxxx" MMC, müəssisəsinin kapitalının alğı-satqı müqaviləsinə əsasən ona məxsusdur. Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli, 4/376 saylı ekspert rəyindən görünür ki, 25 iyul 2013-cü il tarixli, 024 saylı kredit müqaviləsinin 2-ci vərəqində “Borcalan” qrafasında “X9” yazılarının önündəki imza X9 tərəfindən icra olunmuşdur. 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ tərəfindəki imza və 2-ci vərəqində “Borcalan” qrafasında “X9” yazılarının önündəki imza X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 4/1340 saylı rəyindən görünür ki, mülki işin 216-cı vərəqəsində X3 adına olan 26 sentyabr 2014-cü il tarixli, 785907 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar-X9 tərəfindən icra olunmuşdur. Mülki işin 215-ci vərəqəsində X5 adından olan 24 iyul 2012-ci il tarixli, 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar-X10 tərəfindən yox, başqa şəxs tərəfindən imza edilmişdir. Mülki işin 215-ci vərəqəsində X5 adından olan 24 iyul 2012-ci il tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar- X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsdinin “3” bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 173 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1765 saylı rəyindən görünür ki, ekspertizaya təqim edilmiş işin 355-365-ci vərəqlərində olan 30 iyul 2014-cü il tarixli, 164 saylı, 25 iyul 2014-cü il tarixli, 41 saylı, 30 iyul 2014-cü il tarixli, 165 saylı, 17 sentyabr 2014-cü il tarixli, 16 saylı, 26 sentyabr 2014-cü il tarixli, 19, 20, 21, 22 saylı, 26 dekabr 2014-cü il tarixli, 23 saylı, 30 sentyabr 2014-cü il tarixli, 70 saylı, 25 dekabr 2014cü il tarixli, 27 saylı kassa mədaxil orderlərində “İmza” qrafalarındakı imzalar – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 173 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi) Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın görünür ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Belə ki, iddiaçı tərəfin dəlillərinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh "xxxx" X12 MMC arasında bağlımış xx.xx.2012-cü il tarixli, 026 nömrəli kredit müqaviləsinə əsasən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 (iki yüz min) manat, xx.xx.2013-cü il tarixli, 024 nömrəli kredit müqaviləsinə əsasən illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə ******* (iki milyon) manat və xx.xx.2014-cü il tarixli, 204 nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun iddiaçı banka borcu yaranmış, odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən kredit müqavilələrini bağlamadığını, həmin kredit müqavilələri üzrə hər hansı öhdəliyin daşımadığını bildirmişdir. Bununla bağlı məhkəmə araşdırmaları zamanı müvafiq ekspertiza tədqiqatları aparılmışdır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli, 4/376 saylı ekspert rəyindən görünür ki, 25 iyul 2013-cü il tarixli, 024 saylı kredit müqaviləsinin 2-ci vərəqində “Borcalan” qrafasında “X9” yazılarının önündəki imza X9 tərəfindən icra olunması müəyyən edilsə də, həmin kredit müqaviləsi üzrə ******* (iki milyon) manat vəsatin "xxxx" X12 MMC-yə verilməsi ilə bağlı kassa məxaric çeki iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi hazırkı iş üzrə sənədlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldüyünü bildirdiyindən, 25 iyul 2013-cü il tarixli, 024 saylı kredit müqaviləsi üzrə kassa məxaric çeklərinin əslinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu edilərək, həmin sənədlərin Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi tələb edilmiş, lakin həmin orqan tərəfindən də qeyd olunan kassa məxaric çeklərinin əsli və ya surəti məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 26 dekabr 2017-ci il tarixli götürmə protokolundan, 25 iyul 2013-cü il tarixli, 024 saylı kredit müqaviləsi üzrə hər hansı bir kassa məxaric çekinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülməsi müəyyən edilməməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında çek kitabçasına əsasən 800000, 800000 və 400000 olmaqla, 3 dəfəyə həmin pulun nağd şəkildə hesabdan çıxarılması görünür. Lakin, həmin pulun "xxxx" X12 MMC-nin səlahiyyətli şəxslərinə verilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə kollegiyası, iddia tələbini qeyd edilən kredit müqaviləsi üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Məhkəmə kollegiyası 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli, 4/376 saylı ekspert rəyi ilə 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsindəki imzanın X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, X3 adına olan 26 sentyabr 2014-cü il tarixli, 785907 nömrəli çekdəki imzanın X9 tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən bu xüsusat üzrə aparılan araşdırmalar zamanı, həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X9 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən S.Hüseynova 15000 manat kredit verilmişdir. Lakin həmin kredit müqaviləsi üzrə hər hansı tələb olmadığı və həmin kredit müqaviləsi üzrə borcun olmadığına dair iş materiallarında iddiaçının cavabdehə təqdim etdiyi arayış olduğundan hesab edilir ki, həmin kredit müqaviləsi artıq icra olunmuşdur. İddiaçı hazırki tələbində cavabdehdən 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsi üzrə ödənilməyən borcun ödənilməsini tələb edir. İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli, 4/376 saylı ekspert rəyi ilə tərəflər arasında belə bir müqavilənin bağlandığı təkzib edilir. Lakin, həmin kredit müqaviləsininin bağlandığı tarixdən 10 gün sonra, yəni 26 sentyabr 2014-cü il tarixdə, 785907 nömrəli çeklə cavabdeh “Uday X12” MMC-nin rəhbəri X3 bankdan 15000 manat pulu götürməsi müəyyən olunur. Cavabdehin nümayəndəsi özü də məhkəmə kollegiyasının iclasında banka gedərək müəyyən maliyyə sənədlərini imzaladığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin bankdan 15000 manat pul götürdüyünü təsdiq edən kassa çeki sübut kimi təqdim edilir. Ekspert rəyi ilə bu də xususat təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 26 sentyabr 2014-cü il tarixli, 785907 nömrəli çekdəki cavabdeh tərəfindən götürülmüş məbləğ kredit müqaviləsinin predmetini təşkil edən kredit borcu kimi deyil, əsassız varlanmanın predmetini təşkli edən pul vəsaiti kimi qiymətləndirilməli və bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında 16 sentyabr 2014-cü il tarixli, 204 saylı kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən həmin müqavilə üzrə hesablanmış 1424.87 manat faiz, 593.23 manat cərimə öhdəliyin icrasının gecikdirilməsinə görə 1622.67 manat faiz məbləğinin tutulması əsaslı hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi 14909.72 manat pul vəsaiti üzərində cavabdehin heç bir hüquqi əsası olmadığından, qeyd edilən pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası xx.xx.2012-cü il tarixli 026 nömrəli kredit müqaviləsinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı müstəqil tələb sürməyən üçüncü şəxs X10 izahatında bank tərəfindən ona kredit müqaviləsi üzrə hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 4/1340 saylı rəyi ilə 24 iyul 2012-ci il tarixli, 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzanın, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzaların-X10 tərəfindən yox, başqa şəxs tərəfindən imza edilməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2012-cü il tarixli, 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqavilədə nəzərdə tutulan 200000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq kredit müqavilələri üzrə şəxsi hesab vərəqəsində göstərilmiş ödənişlərin kimin tərəfindən icra edildiyini müəyyən etmək üçün qeyd edilən ödənişlərlə bağlı kassa çeklərinin iddiaçı tərəfindən təqdim edilməsini tələb etmiş, təqdim edilmiş kassa mədaxil orderlərində olan imzaların X6 məxsus olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1765 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqim edilmiş işin 355-365-ci vərəqlərində olan 30 iyul 2014-cü il tarixli, 164 saylı, 25 iyul 2014-cü il tarixli, 41 saylı, 30 iyul 2014-cü il tarixli, 165 saylı, 17 sentyabr 2014-cü il tarixli, 16 saylı, 26 sentyabr 2014-cü il tarixli, 19, 20, 21, 22 saylı, 26 dekabr 2014-cü il tarixli, 23 saylı, 30 sentyabr 2014-cü il tarixli, 70 saylı, 25 dekabr 2014-cü il tarixli, 27 saylı kassa mədaxil orderlərində “İmza” qrafalarındakı imzalar – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə cavabdehin mübahisələndirilən kredit müqavilələri üzrə öhdəlik daşımadığı bir daha təsdiq edilmişdir. Həmçinin məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdehin nümayəndəsinə mübahisə predmeti olan çek üzərində cavabdehin möhrünün olması ilə bağlı xüsusata münasibət bildirməsi təklif edilmiş, onun tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, İddiaçı ASC-nin sabiq müdiri X7 kəndində onunla qonşu yaşayış evləri olmuş, bir-birilərinə gedib-gəlişləri, eyni zamanda qonşuluq münasibətləri olımuşdur. Novruzova Pərvanə onun yaratdığı fermer təsərrütafının fəaliyyətinin olmamasını bilib, ona fəaliyyətinin artırılması məqsədi ilə kredit verilməsini təklif etmişdir. Təxminən 2011-2012-ci illər ərzində onu dəfələrlə İddiaçı ASC-yə çağıraraq, möhürü, sənədləri gətirməsini bildirmişdir. Hər dəfə ağ kağızlara imza etdirməklə, kağızların kredit məbləği ayrılması üçün Mərkəzi Banka göndərildiyini demişdir. Bu hallar bir neçə dəfə təkrar olunmuşdur. Sonradan möhürün bankda qaldığını bilmiş və səhəri gün banka getmiş, lakin möhür tapılmamışdır. Son nəticə olaraq İddiaçı ASC-dən onun özünə avqust 2013-cü ildə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin "xxxx" Kəndli (Fermer) Təsərrüfatına heç bir aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPMin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə işin faktiki halları qismən təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, e-2-2(083)- 628/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Uday Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 14909.72 (on dörd min doqquz yüz doqquz manat, yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 472 (dörd yüz yetmiş iki) manat pul vəsaiti iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov, hakimlər Rəşad Mamedov və Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar