Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-201/2025 11.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Abuşov Qamət Dəmir oğluna və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-96/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 188 saylı kredit müqaviləsindən görünür ki, borcalana 18 ay güzəştlə 36 ay müddətinə 15000 manat məbəğində kredit verilmişdir.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 189 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana heyvandarlığın inkişafı məqsədilə 18 ay güzəştlə 36 ay müddətinə 15000 manat kredit verilməsi nəzərdə tutulmuşdur.
3. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM022200187 saylı restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehin banka olan 12451,44 manat borcu 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir.
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM********** saylı restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehin banka olan 12447,69 manat borcu 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir.
5. xx.xx.2022-ci il tarixli LM********** və LM********** saylı sonrakı ipoteka müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğlunun və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilələrin 3.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evi İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə həmin tarixə banka 11413,62 manat əsas bоrcu, 54,01 manat faiz bоrcu, 13,49 manat cərimə borcu olmaqla, cəmi 11481,12 manat məbləğində borcu var.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə həmin tarixə banka 11512,34 manat əsas bоrcu, 54,47 manat faiz bоrcu, 13,86 manat cərimə borcu olmaqla, cəmi 11580,67 manat məbləğində borcu var.
9. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər.
10. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 150 manat olmaqla cəmi 1000 manat, Cavabdeh1tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 150 manat olmaqla cəmi 1000 manat ödəniş edilmişdir.
11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin bazar dəyəri 130000 manat, likvid dəyəri isə 115000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 350 manat təşkil edir.
12. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin bazar dəyəri 55500 manat, likvid dəyəri isə 50000 manat təşkil edir. Tədqiqatın dəyəri ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 11413,62 manat əsas, 54,01 manat faiz, 13,49 manat cərimə borcu olmaqla 11481,12 manatın, Cavabdeh1 11512,34 manat əsas, 54,47 manat faiz, 13,86 manat cərimə borcu olmaqla cəmi 11580,67 manatın tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 160 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 102 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.2216 ha birgə torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM022200187 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 12451,44 manat borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM022200180 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 12447,69 manat borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi 0.2216 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 arasında 25 fevral 2022-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Bu müqavilələr notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Restrukturizasiya müqavilələrinə əsasən cavabdehlər müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Restrukturizasiya müqavilələrinə əsasən borcalanlar bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə yazılı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
15. İddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
16. Cavabdeh2 izahatında bildirmişdir ki, o mütəmadi olaraq 2024-cü ilin oktyabr ayından həm öz borcu üzrə, həm də digər cavabdehin borcu üzrə ödənişlər etmişdir. Həmin ödənilən məbləğlərin də nəzərə alınmasını xahiş edir.
17. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 Dəmir oğlunun və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-96/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM022200187 saylı restrukturizasiya müqaviləsi üzrə 10413 manat 62 qəpik əsas, 38 manat 72 qəpik faiz, 13 manat 49 qəpik cərimə borcu olmaqla cəmi 10465 (on min dörd yüz altmış beş) manat 83 (səksən üç) qəpik borc Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LM022200180 saylı restrukturizasiya müqaviləsi üzrə 10512 manat 34 qəpik əsas, 39 manat 11 qəpik faiz, 13 manat 86 qəpik cərimə borcu olmaqla cəmi 10565 (on min beş yüz altmış beş) manat 31 (otuz bir) qəpik borc Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 153 (bir yüz əlli üç) manat 09 (doqquz) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 102 (bir yüz iki) manat rüsum tutularaq ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğlunun və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 115000 (bir yüz on beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ**********0000002944, "xxxx" ASC-nin Abşeron filialı, Kod: 805539, VÖEN: **********, S.W.İ.F.T.BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 ilə bağladığı xx.xx.2022-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 12451,44 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə, Cavabdeh1 ilə bağladığı xx.xx.2022-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 12447,69 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdehlər restrukturizasiya müqavilələrinə əsasən üzərlərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşlar. Cavabdeh2 iddiaçıya 11413,62 manat əsas, 13,49 manat cərimə borcu, Cavabdeh1 11512,34 manat əsas, 13,86 manat cərimə borcu yaranmış, sonradan borcluların hər biri banka 1000 manat ödəniş etmişlər.
20. Faiz borcunun tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür
21. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarnda ifadə etmişdir. Həmin xəbərdarlıq məktublarıda Cavabdeh2 faiz borcu 38,72 manat, Cavabdeh1 faiz borcu 39,11 manat olması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və cərimə borcu, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır.
22. Odur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış restrukturizasiya müqaviləsi üzrə 10413 manat 62 qəpik əsas, 38 manat 72 qəpik faiz, 13 manat 49 qəpik cərimə borcu olmaqla cəmi 10465 manat 83 qəpik borc Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış restrukturizasiya müqaviləsi üzrə 10512 manat 34 qəpik əsas, 39 manat 11 qəpik faiz, 13 manat 86 qəpik cərimə borcu olmaqla cəmi 10565 manat 31 qəpik borc Cavabdeh1 tutularaq ləğv ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməlidir.
23. Eyni zamanda məhkəmə hesab etmişdir ki, tələb üzrə tutma cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğlunun və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 115000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Dəmir oğluna və Cavabdeh4 qaytarılmalıdır.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445, 445.7 və 448.1-ci maddələrinə, xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 124.1, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
25. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-96/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, onun əsas borcu xx.xx.2024-cü il tarixə 11413.62 manat, Cavabdeh1 isə kredit müqaviləsi üzrə həmin tarixə banka əsas borcu 11512.34 manatdır. Qətnamədə həmdə qeyd edilmişdir ki, 2024-2025-ci illər ərzində borcdan hər birisi 1000 manat olmaqla cəmi 2000 manat ödəmişlər. Onlar az da olsa mütəmadi borclarını ödəyirlər. Onların birlikdə banka cəmi 21.000 manat borcları qalmışdır. Buna baxmayaraq iddiaçı tərəf bunu nəzərə almadan ipoteka predmetinin hərraca çıxarılmasını tələb etmiş, məhkəmə isə göstərmişdir ki, tələb üzrə tutma yeganə evlərinə və torpaq sahələrinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Bundan başqa onların maddi vəziyyətlərinin ağır olduğu vaxta məhkəmə 350 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Beləliklə, məhkəmə ədalətsiz və əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdeh Samir Qarayev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixli LM022200187 saylı restrukturizasiya müqaviləsi ilə, onun banka olan 12451,44 manat borcu 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Kredit borcunu hazırki vaxtadək ödəyir. Hazırda isə onun kredit borcunu ödəyə bilməsi üçün vaxt verilməsini istəyir. Əgər bank tərəfindən vaxt verilsə 2.000 manat borcundan ödəniş edə bilər. Həmçinin, pensiya alır və ona görə də maddi imkanı aşağıdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 Dəmir oğlu və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X3 X2
32. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
35. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
36. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
37. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
38. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
39. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
40. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
46. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
47. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
48. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
51. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
52. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
53. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
54. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
55. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
65. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
67. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
69. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh2 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirirlər. İddianın təmin edilməmiş hissəsi isə onun hüquqlarına toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh2 münasibətdə mübahisələndirilən hissələrdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
71. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-96/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Belə ki, işin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 188 saylı kredit müqaviləsi ilə, 18 ay güzəştlə 36 ay müddətinə 15.000 manat məbləğində kredit borcu verilmişdir. Eyni zamanda, iddiaçı ilə digər borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 188 saylı kredit müqaviləsi ilə, 18 ay güzəştlə 36 ay müddətinə 15.000 manat məbləğində kredit borcu verilmişdir. Daha sonra isə iddiaçı borcalan Cavabdeh2 ilə bağladığı xx.xx.2022-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehin banka olan 12451,44 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə, digər borcalan Cavabdeh1 ilə bağladığı xx.xx.2022-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 12447,69 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borcalanlar kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və lazımınca üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Nəticədə borcalanların kreditora borcu yaranmışdır.
74. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borcla və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
75. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
76. İddia tələbinin kökündə tələb etmənin əsası kimi kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
77. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
78. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
79. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
80. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
81. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
82. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
83. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
84. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
85. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2022-ci il tarixli LM022200187 nömrəli “kredit” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, mərhum isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
86. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
87. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
88. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
89. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
90. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
91. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
92. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
93. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
94. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
95. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
96. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün əsasdır.
97. Çünki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
98. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
99. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir.
100. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
101. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
102. Birinci instansiya məhkəməsi 153,09 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 102 manat dövlət rüsumunun tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.
103. Belə ki, “İpoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.
104. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.
105. Həmçinin, “İpoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
106. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
107. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.2216 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin bazar dəyəri 130000 manat, likvid dəyəri isə 115000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 350 manat təşkil edir.
108. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 115.000 manat məbləğində müəyyən etmişdir.
109. Məhkəmə bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin bu məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki, rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Ona görə də ipoteka predmetinin ilkin satış qiyməti rəydə göstərilən məbləğdə müəyyən olunması barədə birinci instansiya məhkəməsi əsaslı nəticə gəlmişdir.
110. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın apellyatora münasibətdə təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
111. Apellyatorun maddi imkanının olmamasından krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması, borclunun risk dairəsinə aid haldır.
112. Eyni zamanda, apellyatorun 350 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması barədə dəlili bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil əsassızdır.
113. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir.
114. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
115. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
116. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır
117. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş qiymətləndirmə ekspertizası işin halları üzrə zəruri olmuş və rəyinin alınması üçün 350 (üç yüz əlli) manat məbləğində xərc mövcuddur. İddia tələbi mahiyyətcə təmin olunduğundan, həmin xərclərin cavabdehlərin üzərinə qoyulması MPMin yuxarıda qeyd edilən maddələrinə tam uyğun olmuşdur.
118. Beləliklə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
119. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
120. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilər.
121. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-96/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın . Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.