Məhkəmə qərarları › İş №2-2(104)-202/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-202/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-202/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 42219,5 manat məbləğində krеdit bоrcu, 6126.97 manat məbləğində faiz bоrcu və 2125,78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50472,25 manat məbləğində bоrcun və 210 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh2 məxsus olan “Ford Transit” yük markalı, 99RD957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə 50472.25 manat məbləğində borcun və 210 manat mediasiya xərcinin “Ford Transit” yük markalı, 99RD957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 42219,5 manat kredit borcu, 4724,35 manat faiz borcu və 1125 cərimə olmaqla, cəmi 48068,85 manat məbləğində borcun və 210 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 16000 manat olan “Ford Transit” yük markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, həmçinin cavabdehlərdən müştərək qaydada 234,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 nümayəndəsi – Vəkil tərəfindən xx.xx.2024cü il tarixdə apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, faiz borcunun və cərimənin tamamilə azaldılaraq silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2- 2(115)-42/2024 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi – Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi – Vəkil 04 iyul 2024-cü il tarixdə şikayət verərək həmin qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul olunmaqla mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2- 2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmış, Cavabdeh1 prosessual müddətin bərpa olunması barədə vəsatət verilmək hüququ izah olunmuşdur. Cavabdeh1 nümayəndəsi Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını, apellyasiya şikayətinin icraata qəbul olunmaqla mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2- 2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi – Vəkil birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsinin xx.xx.2024-cü il tarixdə alındığını qeyd edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin bununla belə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)- 42/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 nümayəndəsi – Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi – Vəkil şikayət verərək qərardadın ləğv olunmasını, müəyyən edilmiş müddətin buraxılması səbəbini üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini, apellyasiya şikayətini icraata qəbul olunmaqla mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti müddət pozulmaqla verildiyi üçün geri qaytarılmış və qərardadda prosessual müddətin bərpa olunması barədə vəsatət vermək hüququ izah olunmuşdur. Mübahisələndirilən qərardadda qeyd olunur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsinin surətini xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə guya Vəliyev Elpərəz adlı şəxs imza etməklə təhvil alınmışdır. Lakin onun faktiki yaşayış yeri Abşeron rayonu Məmmədli kəndi “Müasir ünvan 2 ünvana isə indiyədək Gəncə Kommersiya Məhkəməsindən sözügedən qərar heç vaxt göndərilməmiş, onu nə Vəliyev Elpərəz, nə də ki, başqa bir şəxs ona verməmiş, göstərməmiş və belə bir sənəd haqda ona hər hansı bir məlumat da verməmişdir. O, Şəmkir şəhərində deyil, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Çox ehtimal ki, Vəliyev Elpərəz həmin sənədin olması barədə ona məlumat bildirməyi unudub, hafizəsindən çıxarıb. Ona görə də belə bir anlaşılmazlıq yaranmışdır. O, həmin qərarı xx.xx.2024-cü il tarixdə Şəmkir rayon İPŞ-nin icra məmurundan götürmüşdür. Ona görə də Gəncə Kommersiya Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi əsassızdır, ədalətsizdir, qanunsuz və süründürməçilikdir. Odur ki, sözügedən iş üzrə müddətin buraxılmasını üzürlü hesab olunması daha ədalətli olardı və onun bərpa olunmasını istəyir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2-2(115)- 42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e- 2-2(115)-42/2024 nömrəli qərardadından və 25 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qərardadından verilmiş şikayətlərə bir icraat çərçivəsində baxılmasını məqsədəuyğun saymışdır. Hazırki şikayətlərə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, hər iki şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı və həmin qəradadla bağlı 05 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı, habelə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-42/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi 15 fevral 2024-cü il tarixdə çıxarılmış, həmin qətnamə 23 fevral 2024-cü tarixində işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh1 ünvanı olan Şəmkir şəhəri Fizuli küçəsi ev 6 ünvanına göndərilmişdir. Cavabdeh1 göndərilmiş qətnaməni 29 fevral 2024-cü il tarixdə poçt xəbərnaməsini Vəliyev Elpərəz imzalayaraq qəbul etmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi tərəfindən apellyasiya şikayəti 11 iyun 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayətini müddəti ötürməklə vermişdir. Cavabdeh şikayətində Vəliyev Elpərəzin həmin sənədin olması barədə ona məlumat bildirməyi unutduğunu, hafizəsindən çıxardığını, qətnaməni xx.xx.2024-cü il tarixdə icra məmuru vasitəsilə əldə etdiyini göstərmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, qətnamənin göndərildiyi ünvan iş materiallarında Cavabdeh1 ünvanı olmuş, qətnaməni qəbul edən şəxs isə həmin zərfi aldıqdan sonra imkan tapan kimi Cavabdeh1 təqdim etmək vəzifəsini daşımışdır. Şikayətdə qeyd edilənlər buraxılmış prosessual müddətin bərpası üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan poçt xəbarnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsinin surətini 29 fevral 2024-cü il tarixdə poçt xəbərnaməsinə Vəliyev Elpərəz imza etməklə təhvil alınmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsinin surətini 23 fevral 2024-cü il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmiş və ona göndərilmiş qətnaməni 29 fevral 2024-cü il tarixdə Vəliyev Elpərəz poçt xəbərnaməsini imzalayaraq qəbul etmişdir. Cavabdeh şikayətində Vəliyev Elpərəzin həmin sənədin olması barədə ona məlumat bildirməyi unutduğunu, hafizəsindən çıxardığını, qətnaməni xx.xx.2024-cü il tarixdə icra məmuru vasitəsilə əldə etdiyini göstərmişdir. Şikayətin bu kimi dəlilini cavabdehin formal mülahizəsi hesab edən kollegiya qeyd edir ki, cavabdehə göndərilmiş qətnamənin surətini cavabdehin ünvanında yaşayan Vəliyev Elpərəz 29 fevral 2024-cü il tarixdə almışdır və qətnamənin nəticə hissəsində həmin qətnamədən şikayət vermə hüququnun qətnamənin surəti rəsmi təqdim edildiyi gündən 1 (bir) ay olduğu aydın şəkildə göstərilmişdir. Cavabdeh isə şikayəti 4 aya yaxın müddət keçdikdən sonra vermişdir. Digər tərəfdən cavabdeh – borcalan kredit müqaviləsi bağlandıqdan sonra yaşayış yerini dəyişdirdiyi halda o barədə borcverənə məlumat vermək öhdəliyini daşısa da, cavabdeh yaşayış yerini və ya da olduğu yeri dəyişdirməsi ilə bağlı borcverəni məlumatlandırmamışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi vasitəsi ilə verdiyi apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə geri qaytardıqdan sonra cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş olsa da, apellyasiya şikayətini ərizəsinə əlavə etməmiş, ümumiyyətlə ərizəsində buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə əsas verə biləcək hal göstərməmişdir. Göründüyü kimi Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 133, 135, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş hər iki şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 05 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı, habelə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(115)-42/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar