Məhkəmə qərarları › İş №2-2(104)-203/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-203/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-203/2025 05.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayəti yazılı icraat qaydasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 16079,89 manat krеdit bоrcu, 1413,10 manat faiz bоrcu və 814,51 manat cərimə borcu olmaqla, ümumilikdə 18307 manat 50 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 144,92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-262/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 16079,89 manat əsas borc, 1413,10 manat faiz borcu, 814,51 manat cərimə borcu olmaqla, cəmi 18307,50 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 144,92 manat pulun cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə borclu Cavabdeh2 məhkəməyə ərizə verərək qətnamənin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin icrası ilə bağlı iş hazırda Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatındadır. Belə ki, Cavabdeh2 müvafiq icra orqanına müraciət etmiş, maddi vəziyyəti barədə izahat təqdim etmiş və hüquqi öhdəliyini dərk edərək könüllü icra niyyətini bildirmişdir. Lakin hazırki şəraitdə maddi vəziyyəti aşağı olduğundan borc məbləğini tam olaraq ödəmək imkanı yoxdur. Bu ərizəyə əlavə olunmuş iş yerinə dair müvafiq arayışdan görünür ki, Cavabdeh2 400 manat məbləğində əmək haqqı alır və başqa heç bir daimi gəlir mənbəyi mövcud deyil. Onun əmək haqqı ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı səviyyəsindədir ki, bu da yaşayış minimumunu təmin etməyə belə kifayət etmir. Eyni zamanda himayəsində azyaşlı övladı var və onun gündəlik maddi təminatı, təhsili, sağlamlığı və digər zəruri ehtiyacları da məhz onun gəlirləri hesabına qarşılanır. Bu fakt onun maddi vəziyyətinin daha da ağır olduğunu göstərməkdədir. Bundan əlavə, hazırda onunla digər Cavabdeh1 arasında ailədaxili münasibətlər pozulmuş, onlar faktiki olaraq birgə yaşamırlar. Hazırda onların nikah münasibətlərinə xitam verilməsi ilə bağlı iş Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bütün bunlarla yanaşı, onun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur və hər hansı başqa maddi imkanları da mövcud deyil. Mövcud maddi və sosial vəziyyət onu deməyə əsas verir ki, o, real olaraq öz ehtiyaclarını və himayəsində olan azyaşlının ehtiyaclarını güclə təmin edə bilir. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, hazırki şəraitdə öhdəliklərini tam olaraq icra etməsi onun üçün qeyri-mümkündür, bu isə həm onun, həm də onun azyaşlı övladının maddi rifahına ciddi təhlükə yarada bilər. Gəncə Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli e-2-2(115)-262/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İş üzrə Cavabdeh2 şikayət verərək həmin qərardadın ləğv edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-262/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti ərizədə qeyd edilənləri sadalamaqla onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunan hallar və təqdim olunmuş sənədlər cavabdehin real maddi vəziyyətini aydın şəkildə sübut edir və onun öhdəlikləri hazırkı anda tam olaraq icra edə bilməməsinin obyektiv səbəblərini ortaya qoyur. Təəssüf ki, birinci instansiya məhkəməsi bu halları lazımi səviyyədə qiymətləndirməmiş, təqdim olunmuş sübutlara formal yanaşmış, cavabdehin maddi rifahı və himayəsində olan azyaşlının sosial təminatı kimi mühüm məsələləri nəzərə almamışdır. Bu səbəbdən məhkəmənin qəbul etdiyi qərar düzgün deyil və konkret halların düzgün hüquqi qiymətləndirilməməsi nəticəsində çıxarılmışdır. Qərarın ləğv olunaraq cavabdehin real maddi və sosial vəziyyətinə uyğun daha ədalətli və ölçülü qərarın qəbul olunması üçün bu şikayəti təqdim etməyə məcbur qalmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2-2(115)-262/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə kollegiyası izahat ünvanlayaraq bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunur ki, cavabdeh qərardaddan verdiyi şikayət ərizəsində belə hissə-hissə ödəmə dedikdə nəyi nəzərdə tutduğunu, hansı məbləğdə və hansı müddətdə ödəniş edə biləcəyini göstərməmişdir. Şikayət ərizəsində ümumi borc məbləğinin 18.307,50 manat təşkil etdiyi və bu məbləğdən artıq 2.000 manat hissəsi cavabdeh tərəfindən könüllü şəkildə ödənildiyini bildirmiş, qalan məbləği ayda 1.500 manat olmaqla hissə-hissə 10 ay 8 gün ərzində ödəməyə hazır olduqlarını bildirmişlər. Əlavə olaraq bildirmişlər ki, Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində ümumi borc məbləğindən 1 000 manat da ödənilmişdir. Hazırda borc məbləği 15 307,50 manat (on beş min üç yüz yeddi manat əlli qəpik) təşkil edir, bu məbləğdən aylıq 1 530,70 manat olmaqla 10 ay ərzində cavabdeh tərəfindən tam ödənilə bilər. Ona görə də, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə (aylıq 1 530,70 (min beş yüz otuz manat yetmiş qəpik) manat olmaqla, 10 ay ərzində) icra edilməsi barədə qərar çıxarılmağını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərlərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədi alındığı vaxtdan iki ay müddətində icra məmuru icra sənədində göstərilən tələblərin icrasını təmin etməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, ərizəsində qətnamənin hissə-hissə hansı müddətə və hansı məbləğdə icra olunacağını göstərməmişdir. Apellyasiya icraatında cavabdeh tərəf həmin halı aradan qaldırmışdır. Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə kollegiyasına izahat ünvanlayaraq bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə (aylıq 1 530,70 (min beş yüz otuz manat yetmiş qəpik) manat olmaqla, 10 ay ərzində) icra edilməsi barədə qərar çıxarılmağını xahiş etmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin real maddi və sosial vəziyyətinə uyğun daha ədalətli və ölçülü qərarın qəbul olunması xahiş olunsa da, qanunvericiliyin tələbinə görə, məhkəmə qətnamənin hissə-hissə icra edilməsi məsələsinə baxarkən, yalnız borclunun yox, eyni zamanda tələbkarın da maddi və əmlak vəziyyətini nəzərə almalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatlarıətraflı təsvir edən “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı işüzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Həmin məsələyə eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrasıüçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-cü bəndinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanun qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hazırkı iş üzrə borclunun xahişi təmin olunduğu təqdirdə, icra sənədinin tam yerinə yetirilməsi aylıq 1 530,70 (min beş yüz otuz manat yetmiş qəpik) manat olmaqla, 10 ay ərzində təşkil edir ki, bu hal da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin uzun müddətə icra edilməsi deməkdir ki, bu hal tələbkarın mənafeyinə uyğun deyildir. Məhkəmə kollegiyası həm də qeyd edir ki, borclu ərizəsində aylıq əmək haqqısının minimum əmək haqqı həddində - 400 manat olduğunu qeyd etsə də, qərardaddan verdiyi şikayətdə ayda 1530,70 manat ödəmək imkanında olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin hissə-hissə olunması qətnamənin icrasının yubadılması ilə bərabər, həm də tələbkarın hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-262/2025 saylı qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Cavabdeh2 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 398.0.1, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-262/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar