Məhkəmə qərarları › İş №2-2(104)-207/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-207/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-207/2025 11.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X2 və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və ərazinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-537/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 ilə Şəmkir rayonu Keçili kəndində qeydiyyatda olmaqla faktiki yaşayan fiziki şəxs vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 14 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(076)-3687/2024 nömrəli qərardadı ilə, iddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-537/2025 nömrəli qətnaməsi (hakim R.Qələndərzadə) ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsi ləğv edilsin. xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalının ərazisindən cavabdehin icarəsinə verilmiş 30 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinə təhvil verilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirmişdir ki, cavabdeh ilə hazırda razılıq əldə etmişlər. Ona görə də iddialarından imtina edirlər və imtinanın hüquqi nəticələri isə onlara aydındır. İddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, hazırda iddiaçı ilə razılıq əldə ediblər. Buna görə də iddiaçının ona qarşı tələbi yoxdur. Odur ki, iş üzrə icraata iddiadan imtina edilməsinə görə xitam verilməsinə etiraz etmir. Məhkəmə iş materialları və iddiaçının imtina ərizəsini araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-537/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və ərazinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinə iddiadan imtina edilməsinə dair səlahiyyət verilmiş və iddiaçının iddiadan imtinası qanuna zidd olmamaqla başqa şəxslərin hüquqlarına toxunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 52.5-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 263, 264, 267, 268, 370, 384.0.5, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-537/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və ərazinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar