Məhkəmə qərarları › İş №2-2(104)-208/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-208/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-208/2023 25.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412.48 manat əsas, 2055.75 manat faiz, 4915.82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324.2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.073 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində yerləşən, 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.073 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibrarət fərdi yaşayış evinə və 0.073 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin «Bərdə» filialından illik 6 %-lə 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 09 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC filialından illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi 07 aprel 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci ilin martın 29-dək X3 2015- ci il 09 aprel tarixli kredit müqaviləsi üzrə banka 8412.48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15384,05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdə boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayarq cavabdeh bildirişə münasibətini bildirmir. 29 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412,48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16708, 25 manat borcu vardır Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli kredit müqaviləsi üzrə 8412,28 manat əsas borc, 171,66 manat faiz borcu, 200 manat cərimə və kredit müqaviləsi üzrə 30 aprel 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat əldən çıxmış fayda olmaqla, cəmi 10108,14 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində 0.073 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2, X5 və digər şəxslərin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması, iş üzrə 900 manat dəyərində ekspertiza xərclərinin Cavabdeh1 aid edilməsi, 250 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat ekspertiza xərcinin tutularaq “Uniprice“ MMC-nin hesabına, 150 manat ekspertiza xərcinin tutularaq „Mobil“ MMC-nin hesabına, 300 manat ekspertiza xərcinin tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 07 aprel 2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin «Bərdə» filialından illik 6 %-lə 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. 09 aprel 2015-ci il tarixli, 12-SKMF-1-0-256-15 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, 24-MZ-1-0-17-20 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-256-15(İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB-nin(hazırda İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8412,48 manat əsas, 2055,75 manat faiz, 4915,82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1324,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16708, 25 manat borcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5843 nömrəli rəyi ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcunun xx.xx.2018ci il tarixinədək 10550,59 manat əsas borc, 327,74 manat faiz borcu, müqavilə müddətindən sonra, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək illik 5 %-lə hesablanmış əsas borc üzrə 8373,15 manat, faiz borcu üzrə 1538,21 manat müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 29 iyun 2022-ci il tarixli 9/4170 nömrəli rəyi ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2018-ci il tarixə 10589,92 manat əsas borc üzrə, 286,66 manat faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 1331,2 manat təşkil edir. xx.xx.2021-ci il tarixə əsas borc üzrə 8412,48 manat, 171,66 manat faiz borcu, 1331,2 manat illik 5 %-lə hesablanmış borc olmaqla, cəmi borc 9915,34 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, UNİ/İ 75-625/22 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəylə "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 65750 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 32 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəylə "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 12000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 02-40/23 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəylə "xxxx" MMC tərəfindən Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 118.5 kv.m ümumi, 78.6 kv.m yaşayış, 39.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.073 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 36000 manat, likvid dəyəri isə 30 000 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit borcunu maddi imkanı olmadığından tam ödəyə bilməmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən çəkişmə prinspi pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, kredit borcu üzrə tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmamış, əsas, faiz və cərimə məbləğləri yüksək hesablanmışdır. Bundan əlavə olaraq qeyd edirik ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Bundan başqa ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdən cavabdehlər in çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Hesab edir ki, ev hərracda satışdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. Məhkəmə göstərilən məzmunda qərar qəbul etməklə “ipoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərini pozımuşdur. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavadbehlərin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həm mühasibatlıq ekspertizası keçirildiyini, həm də əmlakın qiymətləndirildiyini bildirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni kredit müqaviləsi üzrə əsas borc, faiz, dəbbə pulu, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti hərracdan satıldıqdan sonra evdə yaşayan şəxslərin çıxarılması və evin boşaldılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra digər şəxslərin ipoteka predmetindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişlər. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Hərçənd ki, iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, borc məbləği və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz məbləği dəqiq müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən 4915,82 manat dəbbə pulu məbləği Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə kifayət qədər azaldılaraq, 200 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehdə tutulan pul məbləğləri hissəsində şikayətin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 3.3-cü bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir ki, həmin məbləğ "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş məbləğlə uyğunluq təşkil etmişdir. İş üzrə"xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş mütəxəsis rəyləri arasında əmlakın dəyərinə münasibətdə kəskin uyğunsuzluq olmuşdur ki, "xxxx" MMC-nin rəyi ipoteka müqaviləsi ilə müəyyən edilmiş dəyərlə uyğunluq təşkil etdiyindən birinci instansiyası haqlı olaraq həmin rəylə müəyyən edilmiş dəyəri mötəbər hesab etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğlər arasında hər hansı bir ciddi fərq olmamış, əksinə ipoteka müqaqviləsində razılaşdırıılmış dəyərdən bir qədər atrıq məbləğdə likvid dəyər müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetlərinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Əmlakların dəyərinin mütəxəssis rəyi ilə bir qədər artıq müəyyən edilməsi isə keçən müddət ərzində daşınmaz əmlakların dəyərinin artması ehtimalına görə ağlabatan hesab olunmuşdur. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Bundan başqa cavabdeh məhkmə iclasının vaxtı və yeri barədə poçt vasitəsi ilə həmçinin, SMS bildiriş vasitədi ilə məlumatlandırılmışdır ki, bununla da çəkişmə prinsipinin pozulması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsi iddianın təmin edilmiş ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra digər şəxslərin ipoteka predmetindən çıxarılması hissəsində əsassız olmuşdur. Belə ki, həmin tələb qeyri-müəyyən olmaqla, tələbin kimlərə yönəlməsi aydın deyildir. Belə olan halda isə həmin qeyri-müəyyən tələbin təmin olunması əsassız hesab olunur. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra digər şəxslərin ipoteka predmetindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-2(115)-177/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar