Məhkəmə qərarları › İş №2-2(104)-208/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-208/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-208/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1055/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1055/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24198,01 manat məbləğində krеdit bоrcu, 2419,37 manat məbləğində faiz bоrcu və 786,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27403,49 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 172,21 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib iddanın təmin edilmədən rədd edilməsi barədə yeni qətnamə çıxarılması və ya işin aidiyyətı üzrə ümumi məhkəməyə göndrilməsi bardə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 006R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24198,01 manat məbləğində krеdit bоrcu, 2419,37 manat məbləğində faiz bоrcu və 786,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27403,49 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 172,21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006L**********08 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 5801,99 manat ödəmiş, onun 24198,01 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 2419,37 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 160 gün üçün hеsablanmış cərimə 786,11 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi ona münasibətdə ədalətsiz və haqsız qətnamə çıxarmışdır. Yəni iddiaçının iddiasını demək olar ki, tam həcmdə təmin etməklə ona və zaminlərə münasibətdə tamamilə ədalətsiz hüquqi və qanuni əsası olmayan qətnamə qət etməklə onun və digər cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuş olmuşdur. Onalrın heç biri sahibkar deyil və aidiyyət pozulmuşdur. Bu iddia tələbinə yalnız ümumi məhkəmələr baxa bilərdi. Aidiyyət, yəni məhkəmə aidiyyətı pozulmuşdur. Hesab edir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinə ədalətli qaydada baxılacaq və yol verilmiş pozuntular aradan qaldırılmaqla iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmış olacaqdır. Məhkəmə birmənalı şəkildə bu iş üzrə heç bir araşdırma aparmadan yalnız öz şəxsi mülahizələrinə əsaslanmaqla iddianı təmin etməklə, ona qarşı ədalətsizliyə yol verməklə kobud pozuntuya yol vermişdir. İşə baxa məhkəmə onların iştirakı olmadan, onları işə cəlb etmədən vəsatət və tələblərinin olub-olmamasını müəyyən etmədən qətnamə qət etməklə kobud və maddi prosessual hüquq normalarının pozuntusuna yol vermiş olmuşdur. Gəncə Kommersiya Məhkəməsi iş üzrə onların iştirakını təmin etmədiyinə görə və onlar məhkəmə iclasında iştirak edə bilmədiyinə görə ekspertiza ilə bağlı vəsatət təqdim edə bilməmişlər. Hesab edir ki, kifayət qədər tərəflərindən məbləğ ödənilməsinə baxmayaraq və əmək haqqından tutulmasına baxmayaraq, iddiaçı olan bank iddiada ödənilən məbləğləri düzgün göstərməmiş və nəticə etibarı ilə əsas borc az olduğu halda kifayət qədər çox göstərmiş və həmçinin cərimə və faizlər həddən artıq çox yazılmışdır. Belə ki, ödənilmiş kredit məbləğləri əsas borcdan deyil, faizdən silinmişdir. Bu isə bir vətəndaş kimi onun qanunla qorunan maraqlarına ziddir. Hesab edir ki, iş üzrə məhkəmə-əmtəşunaslıq, mühasibatlıq ekspertizası təyin edilməlidir və həqiqətən onların banka ola qalıq borcları hesablanmalıdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada təkrar xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 16 xx.xx.2022-ci il tarixli 006R********** saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə, 500000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaladan görünür ki, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 006L**********08 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh6 və Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdirlər. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli qoşulma barədə sazişlərdən görünür ki, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka 24198,01 manat əsas, 2419,37 manat faiz və 786,11 manat cərimə borcu olmaqla, ümumilikdə 27403,49 manat bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022ci il tarixli 006L**********08 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmış, həmin müqavilə üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xəbərdarlıq edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh3 006R********** saylı krеdit razılaşması üzrə 24198,01 manat məbləğində krеdit bоrcu, 2419,37 manat məbləğində faiz bоrcu və 786,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27403,49 manat məbləğində bоrcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Birinci iinstansiya məhkəməsinin gəldiyi nəticə ilə razıalşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini tam təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin məhkəmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Hazırki iş üzrə tələb olunan cərimə tənasübsüz surətdə yüksək olmadığından, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehlərə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi, cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiyası apellyasiya şikayətinin hazırkı iddiaya ümumi məhkəmədə baxılmalı olması ilə bağlı dəlili ilə bağlı aşağıdakılarıqeyd edir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarından da göründüyü kimi hazırkı iş üzrə cavabdeh X2 fərdi sahibkar kimi biznes krediti götürmüş və vergi ödəyicisi kimi qeydiyyatdadır. Odur ki, digər şəxslərin sahibkarlıqla məşğul olub-olmamasından asılı olmayaraq hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1055/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar