Məhkəmə qərarları › İş №2-2(104)-209/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-209/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-209/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq icarəsi müqaviləsi üzrə icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1189/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1189/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, Cavabdeh 7500 manat icarə haqqının tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ014517 **********1944 VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməsi, Cavabdeh 95 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2-2(115)-1189/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 7500 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ014517**********1944 VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6659 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 9427.0 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 7500 (yeddi min beş yüz) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6764/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübütlar düzgün qiymətləndirilməmişdir. İcarəyə verilmiş torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlakın cavabdehin xüsusi mülkiyyətində olub-olmamasını məhkəmə araşdırmamışdır. Bu halın araşdırılmaması sonda məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 643 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1ndə yerləşən ümumi sahəsi 721 kv.m olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh qeydiyyat vəsiqəsi əsasında çıxarış almaq üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. ƏMDX-nin əməkdaşları cavabdehə çıxarış vermək əvəzinə onu aldadaraq 22 noyabr 2023-cü il tarixli, 6659 nömrəli icarə müqaviləsinə imza çəkdirmişlər. Halbuki, çıxarışın verilməsi üçün həmin müqavilənin imzalanmasına ehtiyac yox idi. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir, yəni indiki halda cavabdehin həmin torpaq sahəsindən qanunvericiliyin tələblərinə əsasən onsuz da istifadə hüququ olduğu halda onu aldadaraq həmin icarə müqaviləsinə imza çəkdirmişlər. İndiki halda məhkəmə iddia tələbini rədd etməli olduğu halda, iddia tələbini təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1189/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023cü il tarixli, 6659 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 9427.0 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 18000 manat, aylıq icarə haqqı isə 1500 manatdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6764/2024 nömrəli “Dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə” tələbnamədən görünür ki, borc məbləğinin ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. 07 may 2024-cü il tarixli aktdan görünür ki, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6659 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 9427.0 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmiş, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində cəmi 1500 manat ödənilmiş, dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 7500 (yeddi min beş yüz) manat icarə haqqı borcu ödənilməmiş qalmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki,məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 9427.0 kv.m. torpaq sahəsini 2 il müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndində göstərilmişdir ki, icarə haqqı 2 ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) icarə müqaviləsinə xitam verilməklə dövlətə geri qaytarıla bilər. İcarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi məqsədi ilə icarəyəverən tərəfindən məhkəmə qarşısında iddia qaldırılmaq üçün tədbirlər görülür. Cavabdeh xx.xx.2023-cü il tarixli, 6659 nömrəli torpaq icarəsi müqaviləsi üzrə 7500 manat icarə haqqı borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliyini vaxtında yerinə yetirmədiyindən iddiaçı icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeydiyyat vəsiqəsi əsasında çıxarış almaq üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdiyini, ƏMDX-nin əməkdaşları ona çıxarış vermək əvəzinə onu aldadaraq 22 noyabr 2023-cü il tarixli, 6659 nömrəli icarə müqaviləsinə imza etdirdiklərini göstərmiş olsa da, həmin xüsusat işin halları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 6659 nömrəli torpaq icarəsi müqaviləsi üzrə 1950 manat icarə haqqı ödəmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi hesab edir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 1189/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar