Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-21/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və cavabdeh Quliyev İlham Fəxrəddin oğlunun vəkili X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Quliyev İlham Fəxrəddin oğluna və X1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 saylı qətnaməsindən cavabdeh Quliyev İlham Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 3932.56 (üç min doqquz yüz otuz iki manat əlli altı qəpik) manat əsas borc, 7687.08 (yeddi min altı yüz səksən yeddi manat səkkiz qəpik) manat faiz borcu, 274 (iki yüz yetmiş dörd) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 (beş yüz yetmiş iki) manat faiz borcu olmaqla, cəmi 12465.64 (on iki min dörd yüz altmış beş manat altmış dörd qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması, cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 127.40 (bir yüz iyirmi yeddi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Quliyev İlham Fəxrəddin oğlu apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Quliyev İlham Fəxrəddin oğluna və X1 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 3932.56 manat əsas, 7687.08 manat faiz, 4274.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 manat faiz borcu olmaqla cəmi borc 16466.39 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Quliyev İlham Fəxrəddin oğlundan tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-57/2023 saylı qərardadı ilə iş tərəflər məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-57/2023 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-57/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 nömrəli qərardadı ləğv edilərək iş məhkəmə baxışına təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə cavabdeh Quliyev İlham Fəxrəddin oğlu arasında 13 iyul 2016-cı il tarixli BK- 50/34-SME saylı baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Quliyev İlham Fəxrəddin oğluna 26 iyul 2017-ci il tarixli 034T07170021 saylı Kredit müqaviləsi üzə illik 28 %-lə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi 13 iyul 2016-cı il tarixli İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə X5 arasında 13 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Quliyev İlham Fəxrəddin oğluna və X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Quliyev İlham Fəxrəddin oğlu və X6 ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞG/1-02256 nömrəli arayış tərtib edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********772 saylı xx.xx.2022-ci il tarixli bidirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Quliyev İlham Fəxrəddin oğlunun kredit üzrə cəmi borcu 16466.39 manat təşkil edir. Bundan 3932.56 manat əsas, 7687.08 manat faiz, 4274.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 manat faiz borcu təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, işə baxan hakim ödənişləri nəzərə almamış və bir tərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. İş üzrə qəbul edilmiş qətnamədə ödənilmiş məbləğlər nəzərə alınmamış, yüksək həddə faiz borcu və dəbbə pulu hesablanmışdır. Hesab edir ki, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış faiz və gecikdirilmiş vaxt üçün dəbbə pulu silinməlidir. O, cümlədən sözügedən kredit məbləği cənab Prezident tərəfindən imzalanmış Fərmanın təsir dairəsinə düşsə də bank buna əhəmiyyət verməmişdir. Əgər bank Fərmanı nəzərə alsa idi onun banka ümumilikdə 3.932,56 manat borcu qalardı. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Bu səbəbdən də ipoteka predmentini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Sadalananlara əsasən iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsini təmin edilməsini, bundan sonra, Banka olan həqiqi borcun məbləği və ipoteka predmetinin dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Quliyev İlham Fəxrəddin oğlu məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Quliyev İlham Fəxrəddin oğlunun vəkili X8 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi, “Problemli kreditlərin kompensasiyası” haqqında məlumatdan görünür ki, cavabdeh Quliyev ilham Fəxrəddin oğlunun İddiaçı ASC-yə olan kredit borcu xx.xx.2015-ci il tarixə 4300,01 manat azaldılmış və 3932,56 manat ödənilməmiş borcu qalmışdır. 3932,56 manat ödənilməmiş kredit borcu ilə bağlı cavabdehə kreditin restrukturizasıyası təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahjiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə faiz və cərimə borcu hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan 13 iyul 2016-cı il tarixli BK-50/34-SME saylı baş kredit müqaviləsindən görünür ki, Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 100 000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 26 iyul 2017-ci il tarixli 034T07170021 saylı kredit müqaviləsindən görünür ki, borcverən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan - Quliyev İlham Fəxrəddin oğluna 15 000 manat məbləğində illik 28 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Quliyev İlham Fəxrəddin oğlu isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 13 iyul 2016-cı il tarixli BK50/34-SME saylı baş kredit müqaviləsinin təminatı kimi X1 məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Quliyev İlham Fəxrəddin oğlunun kredit üzrə borcu 3932.56 manat əsas, 7687.08 manat faiz, 4274.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 manat faiz borcu olmaqla, cəmi borcu 16466.39 manat təşkil edir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair 27 yanvar 2023-cü il tarixli 02- 172/22 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən X1 məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinin bazar dəyəri 37 000 manat, likvid dəyəri isə 30 000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10073 saylı rəyindən görünür ki, Quliyev İlham Fəxrəddin oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 034T07170021 saylı kredit müqaviləsinin şərtləri və Kostitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Quliyev İlham Fəxrəddin oğlunun xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 3932,56 manat, faiz borcu üzrə borcu 4923,47 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 559,84 manat, cəmi 9415,87 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş “Problemli kreditlərin kompensasiyası” haqqında məlumatdan görünür ki, cavabdeh Quliyev ilham Fəxrəddin oğlunun İddiaçı ASC-yə olan kredit borcu xx.xx.2015-ci il tarixə 4300,01 manat azaldılmış və 3932,56 manat ödənilməmiş borcu qalmışdır. 3932,56 manat ödənilməmiş kredit borcu ilə bağlı cavabdehə kreditin restrukturizasıyası təklif olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə cavabdeh Quliyev İlham Fəxrəddin oğlu arasında 13 iyul 2016-cı il tarixli BK- 50/34- SME saylı baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Quliyev İlham Fəxrəddin oğluna 26 iyul 2017-ci il tarixli 034T07170021 saylı Kredit müqaviləsi üzə illik 28 %-lə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi 13 iyul 2016-cı il tarixli İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə X5 arasında 13 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka ödənilməmiş kredit borcu qalmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə müraciətlər olunmasına, habelə **********772 saylı xx.xx.2022-ci il tarixli bidirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. İddia ərizəsinə görə xx.xx.2022-ci il tarixə Quliyev İlham Fəxrəddin oğlunun kredit üzrə cəmi borcu 16466.39 manat təşkil edir. Bundan 3932.56 manat əsas, 7687.08 manat faiz, 4274.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 manat faiz borcu təşkil edir. Lakin “Problemli kreditlərin kompensasiyası” haqqında məlumatdan görünür ki, cavabdeh Quliyev ilham Fəxrəddin oğlunun İddiaçı ASC-yə olan kredit borcu xx.xx.2015-ci il tarixə 4300,01 manat azaldılmış və 3932,56 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 26 iyul 2017-ci il tarixli 034T07170021 saylı kredit müqaviləsinin şərtlərinə görə Quliyev İlham Fəxrəddin oğluna 15 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X5 ilə xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 274 (iki yüz yetmiş dörd) manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka ilə yüklü edilmiş mənzillərin boşaldılmasından Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə dair onu qeyd edir ki, mənzili almaq hüququnu kimin əldə edəcəyi hərracın nəticələrindən sonra məlum olacaqdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Quliyev İlham Fəxrəddin oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayırToplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 3932.56(üç min doqquz yüz otuz iki manat əlli altı qəpik) manat əsas borc, 7687.08(yeddi min altı yüz səksən yeddi manat səkkiz qəpik) manat faiz borcu, 274(iki yüz yetmiş dörd) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572(beş yüz yetmiş iki) manat faiz borcu olmaqla, cəmi 12465.64(on iki min dörd yüz altmış beş manat altmış dörd qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir Birinci instansiya məhkəməsnin mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də cavabdehə münasibətdə iddiaçının əsas borca münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mübahisələndirilən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və problemli kreditlər kompensasiyasına dair elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, cavabdehin 01 fevral 2015-ci il tarixə ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu 3932,56 manat təşkil edir. İşdən görünür ki, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu 572 (beş yüz yetmiş iki) manat təşkil edir. Odur ki, kollegiya hesab edir ki, iddia tələbi müqavilə müddətinə hesablanmış faiz borcu və cərimə borcu hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası qətnamə ilə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsi ilə də razılaşır. Belə ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Quliyev İlham Fəxrəddin oğlu kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə yaranmış borcun ödənilməsi üçün tutmanı kredit borcunun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəltməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmalı olduğu halda bunu etməmiş, nəticədə cavabdehin kredit borcunun ödənilməmiş məbləğini müəyyən etməkdə səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi qismən - 7687.08 (yeddi min altı yüz səksən yeddi manat səkkiz qəpik) manat faiz borcu və 274 (iki yüz yetmiş dörd) manat cərimə borcunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli və iddia tələbi faiz və cərimə borcu hissəsində təmin edilməməli, cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 3932.56 (üç min doqquz yüz otuz iki manat əlli altı qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 572 (beş yüz yetmiş iki) manat faiz borcu olmaqla, cəmi 4504,56 (dörd min beş yüz dörd manat əlli altı qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 30 000 manat olan X1 məxsus olan Bərdə rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 158.8 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması, cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 127.40 (bir yüz iyirmi yeddi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalı, 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh Quliyev İlham Fəxrəddin oğluna aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 saylı qətnaməsi qismən – cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 7687.08 (yeddi min altı yüz səksən yeddi manat səkkiz qəpik) manat faiz borcu və 274 (iki yüz yetmiş dörd) manat cərimə borcunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan 7687.08 (yeddi min altı yüz səksən yeddi manat səkkiz qəpik) manat faiz borcu və 274 (iki yüz yetmiş dörd) manat cərimə borcunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (iki yüz) manat məbləğində pul cavabdeh Quliyev İlham Fəxrəddin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-21/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-21/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver