Məhkəmə qərarları › İş №2-2(104)-215/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-215/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-215/2025 26.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-962/2025 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-962/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi və 10000 manat əsas borc, 1023 manat faiz borcu, 44 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 11067 manat 50 qəpik məbləğində borc və ödənilmiş 123 manat 20 qəpik dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-962/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borc, 1023 manat faiz borcu və 44 manat 50 qəpik cərimə borcu olmaqla cəmi 11067 manat 50 qəpik borcun və 123 manat 20 qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Bərdə” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin fevralın 20-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borc, 1023 manat faiz borcu və 177 manat 99 qəpik cərimə borcu olmaqla cəmi 11200 manat 99 qəpik borcu vardır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 177 manat 99 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 44 manat 50 qəpik məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, bankın ondan tələb etdiyi əsas kredit borcu və faiz borcu həddən artıq çoxdur. O, banka daha çox pul ödəmişdir. Onun borcu bankın tələb etdiyi borcdan daha az qalmışdır. Odur ki, kredit borcunun dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə Cavabdeh3 vəsatəti təmin edilməmişdir. İşə baxan məhkəmə yalnız iddiaçı Cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Məhkəmə vəsatəti təmin etməmiş və təmin etməməsini əsaslandırmamışdır. Tez-tələsik iddia tələbinin tam təmin edilməsi, cavabdehlərin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Banka olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Prosessual məsələlər və proses iştirakçısının izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdehlərdən Cavabdeh3 məhkəməyə göndərdiyi teleqramla iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasında gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razıdırlar. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırmanın hədləri ilə bağlı qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı, maddi və prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi tam yoxlanılır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12-MZ3-1-0-290-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Bərdə” filialı tərəfindən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12-MZ3-1-0-290-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi üçün zaminlər kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12-MZ3-1-0-290-21/3 nömrəli kredit verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 21% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 12-MZ3-1-0-290-21/3 nömrəli kredit razılaşması üzrə 10000 manat əsas borc, 1023 manat faiz borcu və 177 manat 99 qəpik cərimə borcu olmaqla cəmi 11200 manat 99 qəpik məbləğində borcunun olması göstərilmişdir. Məhkəmə kollegiyasında araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 12-MZ3-1-0-290-21/3 nömrəli kredit razılaşması üzrə İddiaçı ASCdən 12 aylıq güzəştlə 10000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli 12-MZ3-1-0-290-21 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya 10000 manat əsas borc, 1023 manat faiz borcu, 44 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 11067 manat 50 qəpik məbləğində borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi əsas kredit borcunu, kredit məbləğinə hesablanmış faiz borcunu və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, cavabdeh X2 iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlillərini əsassız sayır. Digər tərəfdən işdən görünür ki, cavabdeh X2 birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-962/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan və ödəniş cədvəlindən də görünür ki, Cavabdeh3 tərəfindən edilmiş ödənişlər müqavilə və ödəniş qrafikinə uyğun olaraq faiz borcundan silinmişdir, sonuncu ödəniş xx.xx.2024-cu il tarixdə edilmiş, daha sonra heç bir ödəniş edilməmişdir. Bundan başqa, cavabdeh banka artıq məbləğ ödədiyini vəsatətində qeyd etsə də, bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-962/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar