Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-216/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Qəzənfər oğlunun və Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. 2020-ci il 29 sentyabr tarixində satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 017 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı mebel istehsalı fəaliyyətindən yaranmış malqalıqlarını (bundan sonra mal adlandırılacaq) alıcıya təqdim edir. Alıcı isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul edir. - 1.2-ci bəndinə əsasən, hazırkı müqavilə satıcının əvvəlki mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya keçirilməsi və alıcının fəaliyyətinin təmin edilməsi məqsədilə bağlanır. - 4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. - 4.3-cü bəndinə əsasən, alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə satılmış malların ƏDV ilə birlikdə dəyəri olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizinin, yəni 9912 (doqquz min doqquz yüz on iki) manat pul məbləği və ödənilmiş 500 manat dövlət rüsumu (200 manat mediasiya xərci və 300 manat dövlət rüsumu) də nəzərə alınmaqla ümumilikdə 208652 (iki yüz səkkiz min altı yüz əlli iki) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, xx.xx.2020-ci il tarixli 017 saylı alğı-satqı müqaviləsinin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin etibarsız hesab edilməsini tələbinə əlavə etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 30 sentyabr tarixində iddiaçı dəyəri ƏDV ilə birlikdə 198.240 manat olan mebel avadanlıqları cavabdehə satmışdır. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatı vasitəsilə cavabdehin elektron qutusuna EBAQ 665616 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin qaiməfaktura təsdiq edilmiş, lakin cavabdeh tərəfindən ona olan 198.240 manat borc hələ də ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən 2021-ci il 15 iyun tarixli məktubla cavabdehə müraciət olunsa da, cavabdeh borcu ödəməmişdir. Həmçinin, müqavilə bağlanarkən iddiaçı aldadıldığından müqavilə qismən etibarsız sayılmalıdır.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Ulusoy Group MMCnin həm təsisçisidir, şirkətin 50 % pay sahibidir, digər təsisçi isə bərabər payla Ak Turandır. Cavabdeh MMC İddiaçı və Ak Turanın şərikli fəaliyyəti olmuşdur. Belə ki, adı çəkilən şəxslər arasında xx.xx.2017-ci il tarixli birgə ortaqlıq haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər "xxxx" MMC müəssisəsini yaradıb birgə fəaliyyət göstərmək niyyətində olublar. "xxxx" MMC-nin yaradılmasına baxmayaraq İddiaçı öz VÖEN-lə sərildikdən kənar ayrıca digər şəriki Ak Turanın avadanlıqlarını öz balansına qoyaraq 2017-2020-ci illərdə fəaliyyət göstərib və Barış Mebel MMC ilə bağlı ilkin razılaşmanı pozub. Ak Turan isə İddiaçı qeyd olunan hərəkətlərindən ciddi narazı qalmışdır. Bunun nəticəsində tərəflər 2020-ci ilin mart-aprel aylarından etibarən həm İddiaçı VÖEN lə fəaliyyətini, həm də "xxxx" MMC-nin fəaliyyətini dayandırıb, yenidən, 2020-ci ilin avqust ayında düzgün olan Cavabdeh MMC şirkətini qurublar və şərikli münasibətlərini yeni şirkət Cavabdeh MMC-nin adından aparmağa başlamışdılar. Yeni şirkət qurularkən əvvəlki şərikli fəaliyyətdən, yəni ki, İddiaçı malları qalmışdır. Məhz bu malların yeni yaradılmış Ulusoy Group MMC şirkətinə keçirilməsi məsələsini həll etmək lazım idi ki, Ulusoy Group MMC fəaliyyətə başlaya bilsin. Bu məsələni həll etmək üçün İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli formal olaraq alğı-satqı müqaviləsi imzalanmışdı və İddiaçı xx.xx.2020-ci il tarixdə Ulusoy Group MMC-yə elektorıı qaimə-faktura təqdim etmişdi. Elektron qaimə-faktura isə təsdiqlənmişdi və həmin mallar Cavabdeh MMCnin balansına keçmişdi. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir. Qanunda müqavilə azadlığı vardır ki, tərəflər istədikləri müqaviləni bağlaya bilərlər. Odur ki, iddia tələbi ƏDV-nin ödənilməsi hissəsi istisna olmaqla qalan hissələrdə əsassızdır.
6. Cavabdehin nümayəndəsi Ak Turan məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh MMC-nin həm təsisçisi, həmdə şirkətin əlli faiz pay sahibidir və Cavabdeh MMC yaradılarkən təsisçilərin öhdəlikləri olmuşdur və həmin öhdəlikdən biri kimi İddiaçı balansında olan əmlakların Cavabdeh MMC-yə verilməsi olmuşdur. Tərələr arasında heç bir real alğı-satqı əməliyyatı olmamışdır, yalnız malların əvvəlki şərikli fəaliyyətdən yeni şərikli fəaliyyətə köçürülməsi olmuşdur.
7. Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(115)-433/2022 saylı qətnaməsi (hakim K.Vəliyev) ilə, iddia qismən təmin olunmuş, cavabdehdən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198.240 manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir .
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 29 sentyabr tarixində 017 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni satıcı adından iddiaçı, alıcı adından isə cavabdehin rəhbəri Ak Turan imzalamışlar. Müqavilənin obyekti satıcıya məxsus daşınar əşyalar olmuşdur. Elektron qaiməyə əsasən 017 nömrəli alğı-satqı müqaviləsi əsasında 198.240 manat dəyərində yataq və yemək dəstləri cavabdehə (alıcı) təhvil verilmişdir. Bunlarla bərabər həmin alğı-satqı müqaviləsində verilmiş əşyaların dəyərinin ödənilməli olmaması barədə müddəalar da qeyd olunmuşdur ki, mübahisənin də kökündə məhz bu məsələ dayanır.
9. Məhkəmə malların əvəzinin ödənilmədən verilməsi barədə müqavilədə yazılmış olan müddəalara münasibət olaraq qeyd etmişdir ki, müqavilə növü kimi alğı-satqı müqaviləsi seçilmiş və müqavilənin bəndlərində müqavilə tərəfləri olaraq “alıcı” və “satıcı” göstərilmişdir. Həmçinin müqavilədə malların satıcı tərəfindən alıcıya verilməsi, o cümlədən malların vergi qaimə-faktura əsasında alıcıya təhvil verilməsi şərtləndirilir. Belə olan vəziyyətdə müqavilənin məzmununun qanunla imperativ olaraq müəyyənləşdirilmiş qaydasına zidd davranış istisna olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. MM-in 567-658-ci maddələrini əhatə edən 29-cu fəslində alğı-satqı müqaviləsinə dair çoxlu sayda müddəalar göstərilmişdir. Lakin həmin müddəalın hər hansı birində alğı-satqı müqaviləsində əşyanın əvəzsiz verilməsinin mümkün edən hallar nəzərdə tutulmamışdır.
10. Məhkəmə müqavilədə yazılmış olan və malların əvəzinin ödənilmədən verilməsi barədə ifadələri müqavilənin məzmunu ilə bütövlükdə müqayisə edərək daha sonra qeyd etmişdir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir hesab olunmur. Həmin ifadələrin hərfi mənasına əsaslanmaq, tərəflərin iradə ifadəsinin həqiqi mənasına və alqısatqı müqaviləsinin məzmununun qanunla imperativ qaydada müəyyənləşdirilmiş qaydasına zidd yanaşma olardı. Müqavilədə olan 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlər zahirən əvəzsizlik görünüşü yaratmış olsa da, satıcının həqiqi niyyətinə və alğı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş məzmununa uyğun olmadığından, bu mənada hüquqi nəticə yaratmaq keyfiyyətinə malik deyil. Məhkəmə iclasında səsləndirilən səs yazısından eşidilir ki, danışıqlar məqamında, yəni müqavilə imzalanmamışdan əvvəl məzmunu satıcıya alqısatqı müqaviləsi kimi təqdim edilir. Tərəflər arasında olan danışıqlar onların iradə ifadəsinin şifahi formasıdır.
11. Məhkəmə müqavilədə malların qiymətinin və borcun ödənilməsi müddətinin göstərilməməsi barədə qeyd etmişdir ki, malların qiyməti qaimə-faktura sənədində nəzərdə tutulmuşdur. Bundan başqa, MM-in 597.1-ci maddəsində deyilir ki, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, MM-in 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında olan yazışmalardan görünür ki, iddiaçı malların dəyərinin ödənilməsini cavabdehdən tələb etmişdir.
12. Məhkəmə MM-in 352-ci maddəsinə istinad edərək iddia tələbinin müqavilənin qismən etibarsız hesab edilməsi hissəsinin əsassız olması qənaətinə gəlmiş və qeyd etmişdir ki, müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsindən bəhs olunur ki, malların verilməsi olmadan müqavilə bağlana bilməzdi. Qismən etibarsız sayılmanın əsasları mövcud olmamışdır.
13. Məhkəmə 9.912 manat məbləğində gecikmə faizinin tutulması tələbini də əsassız hesab edərək, iddia tələbinin həmin hissə üzrə də təmin olunmaması qənaətinə gəlmişdir.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 390, 404.1, 404.2, 427.4, 442, 448.1, 567 və 599.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə forma olaraq malların təqdim edilməsi (alğı-satqı) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilənin məqsədi Cavabdeh MMC-nin təsisçiləri İddiaçı və Türkiyə Respublikasının vətəndaşı Ak Turanın arasında əvvəlki mövcud olmuş şərikli mebel istehsalı sahəsindən qalmış ƏDV ilə birlikdə 198000 manat dəyərində malların yeni yaradılmış Ulusoy Group MMC-nin balansına keçirilməsi olmuşdur. Müqavilədə malların əsas məbləği ödənilmədən yalnız ƏDV hissəsi Ulusoy Group MMCnin ümumi yığıncağının qərarı əsasında ödənilməsi razılaşdırılmışdır. Çünki, qeyd olunan mübahisəli mallar ƏDV-li mallar olduğu üçün həm də vergi qanunvericiliyinin tələblərinə görə bu əməliyyatı yalnız elektron qaimə faktura təqdim etməklə Cavabdeh MMC-yə keçirilməsi mümkün olardı. Buna baxmayaraq, Gəncə Kommersiya Məhkəməsi tərəflərin qarşılıqlı iradə ifadəsinə zidd olaraq malların dəyərinin ödənilməsi qənaətinə gəlmiş və iddiaçının malların dəyərinin ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsində düzgün olmayan qətnamə çıxartmışdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh MMC-yə münasibətdə aidiyyəti şəxs olduğunu araşdırmamışdır, eyni zamanda Cavabdeh MMC-nin təsisçilərinin əvvəlki şərikli fəaliyyəti olması və Cavabdeh MMC-nin yeni şərikli fəaliyyət üçün yaradılmasını araşdırmamışdır, məhkəmə yanlış olaraq müqavilədə tərəflərin iradə ifadəsini, yəni ki, cavabdehin həmin malların dəyəri ödənilmədən alması iradə ifadəsini nəzərə almayaraq rədd etmişdir İddiaçı Cavabdeh MMC-yə münasibətdə aiddiyyəti şəxs sayılır. Ulusoy Gorup MMC-nin nizamnamə kapitalı ******* manat təşkil edir. Müqavilənin dəyəri isə nizamnamə kapitalının 5 hissəsindən hissəsindən artıqdır. Müqavilə bağlayarkən auditor rəyi və Cavabdeh MMC-nin ümumi yığıncağının qərarı alınmamışdır. Lakin məhkəmə qeyd olunan halları nəzərə almamış, müqavilənin etibarlı olub-olmamasını yoxlamamış və iddianın mümkünlüyünü araşdırmamışdır. Cavabdeh digər təsisçinin Ak Turanın malların keçirilməsi ilə bağlı ümumi yığıncağın çağrılması barədə iddiaçıya təqdim etdiyi yazışmaları və məktubları məhkəməyə təqdim etsə də məhkəmə həmin sübutlara qiymət verməmişdir. Hazırkı iş üzrə tərəflərin iradə ifadəsi ondan ibarət olmuşdur ki, İddiaçı digər təsisçi Turan Akla əvvəlki mebel istehsalı üzrə şərikli fəaliyyətindən qalmış mal qalıqlarının əsas dəyəri ödənilmədən təsisçisi olduqları və yeni yaratdıqları Ulusoy Group MMC-nin balansına keçirəcəklər. Lakin, məhkəmə müqavilədə razılaşdırılmış şərtləri və tərəflərin münasibətlərini nəzərə almadan və buna zidd olaraq iddiaçının sonradan dəyişdirilmiş iradə ifadəsini qəbul edərək iddia tələbini təmin etmişdir. Tərəflər arasında azad surətdə malların dəyəri ödənilmədən və yalnız ƏDV hissəsini ödənilməsi ilə təqdim edilməsi razılaşdırılmışdır. Göründüyü kimi tərəflər müqavilənin məzmununu azad surətdə müəyyən ediblər. Lakin məhkəmə müqavilədə razılaşdırılmış şərtləri və tərəflərin münasibətlərini nəzərə almadan və buna zidd olaraq İddiaçı sonradan dəyişdirilmiş iradə ifadəsini qəbul edərək iddia tələbini təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 fevral 2025-ci il tarixli 2-2(104)-4/2025 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə mediasiya prosesinə görə çəkilmiş xərcin iddiaçıya aid olunması qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – R.Mamedov və A.Bayramov).
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələblərinə ayrıayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddianın müqavilənin bəndlərinin etibarsız hesab edilməsi hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki, iddianın həmin hissəsi bilavasitə alğı-satqı müqaviləsinin predmeti olan malların dəyərinin ödənilməsi məsələsinin həllinə təsir göstərir.
20. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından, kollegiya həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin rəhbəri Ak Turanla münasibətləri normal olduğundan ona inanaraq tərtib edilən sənədləri, o cümlədən mübahisələndirilən alğı-satqı müqaviləsini oxumadan imzaladığını iddia etmişdir. Başqa sözlə, iddiaçı müqavilənin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin onun iradə ifadəsini əks etdirmədiyini əsas göstərməklə həmin bəndlərin etibarsız olduğunu iddia etmişdir. Halbuki, müqavilə iddiaçının bilavasitə özünün iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. O cümlədən, iddiaçı tərəf müqavilənin surətinin onlara verilmədiyini bildirsə də, lakin tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndində təsbit edilmişdir ki, müqavilə iki səhifədən ibarətdir, Azərbaycan dilində tərtib olunmuş və tərəflərə təqdim olunur. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimədə (İ cild, səh. 41) mübahisələndirilən müqavilənin bağlandığı tarix və nömrəsi barədə məlumatlar göstərilmişdir. İşin bu halı da bir daha iddiaçı tərəfin göstərilən dəlillərinin əsassız mülahizələr olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası MM-in 339.3-cü maddəsini vurğulayaraq qeyd etmişdir ki, işin halları göstərilən hüquq normaları baxımından tədqiq olunduqda, iddiaçının cavabdeh tərəfindən aldadılmaqla müqavilənin bağlanması barədə nəticəyə gəlməyə əsas verən halların mövcud olmadığı görünür. İddiaçı könüllü olaraq cavabdehlə müqavilə bağlamış və hüquqi nəticələri görərək bunu arzu etmişdir. Bir sözlə tərəflər arasında bağlanmış əqd iddiaçının həqiqi iradə ifadəsini əks etdirmişdir. Həm də nəzərdən qaçırmaq olmaz ki, MMin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Hazırkı müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsi; malların dəyərinin ödənilməsi qaydası və s. bəhs olunur ki, göstərilən bəndlər olmadan ümumiyyətlə müqavilə bağlana bilməzdi. İşin göstərilən halı da bir daha onu deməyə əsas verir ki, əqdin mübahisələndirilən bəndlərinin etibarsızlığından söhbət gedə bilməz.
22. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin alğı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsi hissəsini də əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı və Ak Turan cavabdeh şirkətdə 50 faiz pay sahibidirlər. Bununla belə, tərəflər arasında bağlanmış müqavilənin şərtləri isə MM-in 567-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin predmeti malların alğı-satqısı deyil də, mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının satıcı tərəfindən alıcıya təqdim edilməsi olmuşdur. Eyni zamanda, müqavilədə alıcının da həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul etməsi nəzərdə tutulmuşdur ki, işin bu halı da müqavilədə göstərilən malların alğı-satqı predmeti olması halını birmənalı olaraq təkzib edir. Xüsusilə, tərəflər müqavilə şərtləri ilə razılaşmışlar ki, müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Əqdin ad olaraq "xxxx" kimi rəsmiləşdirilməsi, müqavilə tərəflərinin adının da “satıcı” və “alıcı” göstərilməsi əqdin alğı-satqı müqaviləsi olması anlamına gəlmir. Çünki, müqavilənin təfsiri zamanı əsas faktorlar iradə ifadəsi, müqavilənin şərtləri, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri və s. elementlərdir.
23. İddiaçı tərəfin “CD diskdəki səs yazılarını məhkəməyə təqdim etmişlər, səs yazısında cavabdehin nümayəndəsi müqaviləni oxuyub izah edir və malların cavabdehə satılmasını bildirir” barədə arqumentləri də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, əvvəla müqavilə şərtlərinin təfsiri nəticəsində əqdin alğı-satqı müqaviləsi olmadığı məlum olur. Digər tərəfdən də həmin səs yazısı müqavilə bağlandıqdan sonra qeydə alınmışdır.
24. Məhkəmə kollegiyası müqavilənin şərtlərini MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından tədqiq edərək, müqavilədə göstərilən malların alğı-satqı predmeti olmadığı və alıcının həmin malların dəyərini ödəmək öhdəliyi daşımadığını qənaətinə gəlmişdir. Belə ki, tərəflərin müqavilədən sonrakı hərəkətlərindən müəyyən edilir ki, müqavilədə göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təqdim olunmamışdır. İddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabdeh də malların ona təhvil verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə də bu məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nda elektron qaimənin forması müəyyən olunmuşdur. Həmin formaya görə elektron qaimədə müəssisənin rəhbəri, malları təhvil verən-təhvil alan və s. məlumatlar göstərilməlidir. Hazırkı işdə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimə isə göstərilən tələblərə cavab vermir. Bu halda, həmin elektron qaimə müqavilədə göstərilən malların cavabdehə təhvil verilmiş olması qənaətinə gəlməyə əsas sayıla bilməz. İstər alğı-satqı, istərsə də əvəzsiz istifadə müqaviləsi natamam ikitərəfli müqavilə olduğundan müqavilə üzrə hər hansı maddi obyekt alan üçün hüquq və vəzifələr müqavilə bağlandığı anda deyil, məhz satanın və ya əvəzsiz istifadəyə verənin müqavilə öhdəliklərini yerinə yetirməsi nəticəsi olaraq yaranır. Hazırkı işdə isə iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş olması müəyyən edilməmişdir.
25. “Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları qəbul etdiyini etiraf etmişdir” barədə iddiaçı tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında cavabdehi onun nümayəndəsi (təsisçi) Ak Turan və digər nümayəndəsi (vəkil) Vəkil2 təmsil etmişlər. Vəkil2 verdiyi izahatında elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir (İ cild səh. 180, məhkəmə iclas protokolu). Bununla belə, həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi (təsisçi) Ak Turan da iştirak etmiş, lakin Ak Turan malların onlara təhvil verildiyini bildirməmişdir. Əksinə, o bildirmişdir ki, real heç bir alğı-satqı əməliyyatı olmamışdır.
26. Kollegiya qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə işin nümayəndə vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Baxılan işdə nümayəndə (vəkil) Vəkil2 iddianı qismən etiraf edərək elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirsə də, nəzərə almaq lazımdır ki, vəkil hüquqi şəxsin təsisçisi, işçisi və ya digər məsul şəxsi deyildir. Yəni vəkil tərəflər arasındakı sahibkarlıq fəaliyyətinin bilavasitə və ya dolayı yolla iştirakçısı deyil. O, hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra hüquqi xidmət göstərilməsi barədə müqavilə əsasında işə cəlb edilmiş şəxsdir. Cavabdehin təsisçisi Ak Turandır, həmin şəxs də məhkəmə iclasında verdiyi izahatında malların onlara təhvil verilmədiyini bildirmişdir. Aparılan təhlilin yekunu olaraq, kollegiya malların qəbul edilməsi məsələnin həllində cavabdehin təsisçisi Ak Turanın məhkəmə iclasında verdiyi izahatın əsas götürülməsi qənaətinə gəlmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, iddianın etiraf edilməsinin qanuna zidd olubolmaması yalnız iddia tələblərinin öz-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab oluna bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə, iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul oluna bilməz.
28. Qeyd olunanlara əsasən kollegiya iddiaçının 2020-ci il 29 sentyabr tarixində 017 nömrəli müqavilədə göstərilən malların dəyərini cavabdehdən tələb etməkdə haqlı olmaması qənaətinə gəlmişdir. Bununla belə, müqavilədə göstərilən malların iddiaçı tərəfindən cavabdeh təqdim edilməsi sübuta yetirilmədiyindən, həmin malların əlavə dəyər vergisi də cavabdehdən tutula bilməz. Çünki, əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır (“Əlavə dəyər vergisi haqqında” Qanun maddə 1). Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuşdur ki, ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir. Belə qərarın qəbul edilməsi isə iş materiallarından müəyyən olunmamışdır.
29. Gəldiyi qənaətə uyğun olaraq kollegiya müqavilə üzrə borcun ödənilməsindən irəli gələn digər tələb üzrə (beş faiz borcu) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Çünki müqavilə üzrə borcun tutulması tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etmişdir.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.5, 339.3, 352, 390.1, 404.1, 404.2 və 567-ci maddələrinə və MPM-in 14.1, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyasında icraat:
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-392/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(104)-4/2025 nömrəli qətnaməsi qismən – pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamə müqavilənin qismən etibarsız hesab edilməsi barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
33. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin iddinın qismən etiraf etməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə buna hüquqi qiymət verməməsi dəlillər əsaslıdır.
34. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X5 tərəfindən imzalanmış iddia ərizəsinə dair etiraz təqdim edilmişdir (cild 1, i/v 92-95).
35. Həmin etirazda işin faktiki halları qeyd edilmiş və iddia tələbinin qismən təmin edilməsi xahiş edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi isə prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almayaraq cavabdehin nümayəndəsinin verdiyi ərizəyə və həmin ərizədə qeyd edilən faktlara ümumiyyətlə münasibət bildirməmişdir.
37. Bu baxımdan kollegiya hesab edir ki, pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləsinin adı "xxxx" olsa da, əslində müqavilə mahiyyətcə başqa əqd olmuşdur. Müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, satıcı mebel istehsalatında yaranmış mal qalıqlarını alıcıya təqdim edir, alıcı da qəbul edir, həmin müqavilənin 1.2-ci bəndində satıcı əvvəlki mebel istehsalcı fəaliyyətində yaranmış mebel qalıqları alıcıya keçdiyi qeyd olunub. İddiaçı və Ak Turan hər ikisi Cavabdeh MMC-nin təsisçiləri olmaqla MMC-də 50 faiz pay hüququna malik olublar. Müqavilənin predmeti və niyyətindən isə görünür ki, burada alğı-satqıdan söhbət getmir, sadəcə qalıq malların ötürülməsindən gedir, o da ki, əgər mal qalığı olmuşdursa. Bundan sonra İddiaçı iddia qaldırıb və mal qalığı adında verilmiş əmlakın dəyərinin ödənilməsini istəmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman tərəflər üzərinə hüquq və vəzifələr qoyula bilməz, burada əsas alğı-satqı predmeti olan əşyadan gedə bilər və iş materiallarında da mal qalıqları ilə bağlı sənəd mövcud olmamışdır. Həmçinin, tərəflərin əsas məqsədi MMC-nin nizamnamə kapitalının artırılması olmuşdur. Qeyd edilən dəzgah aparatlarını iddiaçının özü istifadə etmiş və 2017-2021-ci illərdə də həmin avadanlıqlar özündə olmuşdur. Digər tərəfdən, müqavilənin adının "xxxx" olmasının mahiyyətini MMC-nin təsisçisi Ak Turan bilməmişdir. Çünki, sonuncu Türkiyə Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasının qanunvericiliyi və hüquqi terminlər barədə anlayışı yoxdur. Həmin zaman isə MMC-nin təsisçisi Ak Turanın əvvəlki nümayəndəsi və vəkili Vəkil2 olmuş, bütün hüquqi prosedurları isə həmin şəxs aparmışdır. Bir müddət sonra nümayəndə olan Vəkil2 iddiaçı ilə əlbir olması müəyyən edilmiş, buna görə də Ak Turan müvafiq icra hakimiyyəti orqanlarına şikayətlər etmiş və əvvəlki nümayəndələr ilə də əlaqələr kəsilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
39. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh MMCnin Ak Turanın məlumatının və qanunvericlikdən anlayışının olmaması barədə qeyd etdikləri əsassızdır. Çünki, Ak Turan özü də birinci instansiya məhkəməsi icraatında iştirak etdiyi məhkəmə iclaslarında dəfələrlə iştirak etmiş, otuz ilə qədər ticarətlə məşğul olduğunu, xarici ölkələrdə olduğunu və kifayət qədər məlumatının olmasını qeyd etmişdir. Sonuncu dəfələrlə birinci instansiya məhkəməsində bu malları aldığını, lakin malların şərti fəaliyyətdən alındığı üçün dəyərinin ödənilməməsini bildirmişdir. Birinci deyirdilər ki, malları müqavilə şərtlərindən irəli gəlmədiyi üçün almamışlar, daha sonra isə malları ümumiyyətlə almadıqlarını qeyd etmişlər. Bundan əlavə təhvil-təslim aktının olmamasını bildirirlər. Bu isə müqavilənin şərti cavabdeh tərəfindən təqdim etdiyi müqavilə də, 3.1.2 və 3.2.2-ci bəndlərində malların təhvil verilməsi elektron qaimə ilə şərtləndirilir. Belə ki, cavabdeh tərəfə elektron qaimə göndərilmiş, sonuncu tərəfindən isə qaimə qəbul edilməklə ləğv edilməmişdir. Alıcı tərəfindən elektron qaimə heç bir reaksiya verilməmişdir. Göründüyü kimi, göndərilmiş malları qəbul etmişdir. Həmçinin, onlar tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsinə sorğu ünvanlanmış, verilmiş idaxl-ixracat məlumatlarından da görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC bugünə qədər hər hansı daxili alışı və idxalı olmadığı halda Qazaxıstan Respublikasında yerləşən şirkətə yataq və digər mebel dəstlərinin satışını etmişdir. Görünür ki, MMC iddiaçıdan aldığı mal əsasında satış etmişdir. Çünki, həmin ilin sentyabr ayında alınmış mal noyabr ayında da satılmışdır. Digər tərəfdən də təhvil-təslimlə bağlı müxtəlif yerlərdə fəaliyyət göstərmələri ilə bağlı qarşı tərəfin dəlilləri əsassızdır. Belə ki, alınmış aka əsasən tərəflər eyni ərazidə fəaliyyət göstərirlər. Mallar bir yerdən digər bir yerə daşınmır, çünki obyekt bir kompleksdə yerləşir. Eyni zamanda, cavabdeh tərəf Ak Turanın müqaviləni bilmədən bağladığını bildirir. Halbuki, iddiaçı tərəf müqaviləni imzalamaqla müqavilədə göstərilən şərtlərlə razılaşdığını bəyan etmişdir. Belə ki, “CD” diskdəki səs yazılarını məhkəməyə təqdim etmişlər. Həmin səs yazılarında Vəkil2 ilə Ak Turan birlikdə olmuşlar. Əgər, həqiqətən Vəkil2 yalnız olsa idi, bu zaman Ak Turanın aldadılmasını düşünmək olardı. Hansı ki, sonuncun özü də orada iştirakçı olmuş və üçlükdə danışmışlar. Hətda, səs yazısında İddiaçı şəkərinin çox olduğunu və müqaviləni özü oxumasını xahiş etmişdir, cavabdeh tərəf isə müqaviləni özü oxumuş və malların Cavabdeh MMC-yə satılması ilə bağlı bu şəkildə izah edir və o da buna razılıq verir. Lakin, onların isə alğı-satqı müqaviləsindən məlumatları olmamışdır. Tərəflərin təsisçisi olduqları MMC-nin ortaq hüquqşünası olaraq Vəkil2 olmuşdur və hər iki tərəfin işlərini görmüşdür. Müqavilə də onun tərəfindən təqdim edilmişdir. Onlar müqavilə barədə məlumatlı olduqdan sonra iddia həcminin artırılması barədə ərizə verərək, müqavilədəki müvafiq bəndlərin etibarsız hesab edilməsini xahiş etmişlər. Çünki, onlar müqavilənin ümumi şərtlərlə bağlanması barədə məlumatlı olmuşlar. Belə ki, xx.xx.2020-ci il tarixli 017 saylı alğı-satqı müqaviləsinin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin etibarsız hesab edilməsini tələblərinə əlavə etmişlər. Çünki, bu bəndlər danışıqlar zamanı nəzərdə tutulmamışdır. Hansı ki, əgər mal qalığının hesaba keçirilməsi barədə razılıq olsaydı, o zaman həmin malların siyahısı tərtib olunmalı idi. Qeyd olunan hallara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi (təsisçisi) Ak Turan apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı və Ak Turan hər ikisi Cavabdeh MMC-nin təsisçiləri olmaqla MMC-də 50 faiz pay hüququna malikdir. İddiaçı ilə birlikdə iş qurmuşlar. İddiaçı onu aldadaraq müqavilə bağlamışdır. Müqavilə alğı-satqı müqaviləsi olmamışdır, çünki iddiaçı ilə əvvəlki işlərlə bağlı alacaqları olmuşdur. İddiaçı onu aldadaraq elektron qaimə göndərmişdir, lakin reallıqda ortada heç bir mal olmamışdır. Elektron qaimə nədir və nəyə lazım olduğunu bilməmişdir. Əgər, iddiaçı tərəf malları təqdim etsəydi, onlar da malların vergisini ödəyəcəklərdi. X3 əvvəlki nümayəndəsi və vəkili olan Vəkil2 dəvət etmişdir. Belə ki, X7 Ərəbovun yanında işləmişdir və onun köməkçisi olmuşdur. Bütün işləri Vəkil2 görmüşdür və o da işləri Murad Bədəlova həvalə edirdi. Murad Bədəlovu isə cəmi bir dəfə görmüşdür. Muradı isə Vəkil2 işə götürmüşdür ki, rəsmi qeydiyyatda olsun. X8 şəhərində yerləşən “Təzə bazar” adlı ərazidə götürdükləri ofisdə oturmuşlar. Əvvəlki nümayəndələrinin və vəkilin etiraf etməsi barədə məlumatı olmamışdır. Etiraflar isə onun iradə ifadəsini əks etdirməmiş və etirafları qəbul etmir. Belə ki, sonradan nümayəndəsi və vəkili olan Vəkil2 iddiaçı ilə əməkdaşlıq etdiyini bilmiş, buna görə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayətlər etmişdir. Daha sonra ondan xahiş etmişdir ki, şikayəti geri çəksinlər yoxsa onlara cinayət işi açacaqlar. Mallar təhvil verilmədiyindən ƏDV ödənilməmişdir. Sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
41. İddiaçı və cavabdeh MMC-nin nümayəndəsi Ak Turan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında özlərinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
43. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
45. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
48. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
49. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
51. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir:
52. ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın:
53. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
54. Bənd 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
55. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
59. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
60. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
61. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
62. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
63. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
64. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
68. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
69. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
70. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
74. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
75. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
76. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
77. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
78. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
79. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
80. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
81. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
82. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
83. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
84. Məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.
85. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
86. Bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin iddianın qismən təmin edilmiş hissəsində mübahisələndirir. Lakin, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin əvvəlki baxışından qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnaməsini qismən, yəni – pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, iddia tələbi digər hissədə – müqavilənin qismən etibarsız hesab edilməsi – dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Qeyd edilən hallara əsasən, məhkəmə, Azərbaycan Respublikası MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız – birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehdən pulun tutulması hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən – pulun tutulması hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
88. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən – iddianın pulun tutulması hissəsində – maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
89. İlkin olaraq məhkəmə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
90. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
91. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
92. İddiaçı müqavilə predmeti olan malların cavabdehə satılmış olduğunu əsas gətirərək malların dəyərinin sonuncu tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə müqavilədə göstərilən malların alğı-satqı predmeti olmadığını, həmin malların mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarının təqdim edilməsi məqsədilə bağlandığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
93. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
94. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
95. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir.
96. 2020-ci il 29 sentyabr tarixində satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 017 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı mebel istehsalı fəaliyyətindən yaranmış malqalıqlarını (bundan sonra mal adlandırılacaq) alıcıya təqdim edir. Alıcı isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul edir. - 1.2-ci bəndinə əsasən, hazırkı müqavilə satıcının əvvəlki mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya keçirilməsi və alıcının fəaliyyətinin təmin edilməsi məqsədilə bağlanır. - 4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. - 4.3-cü bəndinə əsasən, alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir.
97. Məlumdur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM – maddə 567).
98. İlk öncə qeyd edilməlidir ki, iddiaçı və Ak Turan cavabdeh MMC-də 50 faiz pay sahibidirlər. Bununla paralel, tərəflər arasında bağlanmış müqavilənin şərtləri isə Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin predmeti malların alğı-satqısı deyil də, mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarının satıcı tərəfindən alıcıya təqdim edilməsi olmuşdur. Eyni zamanda, müqavilədə alıcının da həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul etməsi nəzərdə tutulmuşdur ki, işin bu halı da müqavilədə göstərilən malların alğı-satqı predmeti olması halını birmənalı olaraq təkzib edir.
99. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflər müqavilə şərtləri ilə razılaşmışlar ki, müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Əqdin ad olaraq "xxxx" kimi rəsmiləşdirilməsi, müqavilə tərəflərinin adının da “satıcı” və “alıcı” göstərilməsi əqdin alğı-satqı müqaviləsi olması anlamına gəlmir. Çünki, müqavilənin təfsiri zamanı əsas faktorlar iradə ifadəsi, müqavilənin şərtləri, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri və s. elementlərdir.
100. Məhkəmə müqavilənin şərtlərini Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından tədqiq edərək müqavilədə göstərilən malların alğı-satqı predmeti olmadığı və alıcının həmin malların dəyərini ödəmək öhdəliyi daşımadığını qənaətinə gəlir.
101. Məsələnin obyektiv həlli baxımından növbəti araşdırılmalı məsələ - tərəflərin müqavilədən sonrakı hərəkətləridir.
102. Qeyd edilməlidir ki, müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, məhz qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə, onda bu növ müqavilələr tam ikitərəfli (synallagmatic contract) müqavilə hesab edilir. Yaxud da, əgər müqavilə üzrə yalnız bir tərəf üçün öhdəlik əmələ gəlirsə, ya da müqavilə üzrə bir tərəfin öhdəliyi sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində deyil də, onun icra edilməsi nəticəsində əmələ gəlirsə belə müqavilələr tam ikitərəfli müqavilə hesab edilmir.
103. Natamam ikitərəfli müqavilələrdə bir tərəf üçün öhdəlik müqavilənin bağlandığı anda dərhal yaranır, digər tərəf üçün isə bunun əvəzində öhdəlik yaranmır. Həmin tərəf üçün öhdəlik, ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində əmələ gəlir. Məsələn borc, alğı-satqı, əvəzsiz istifadə və s. müqavilələri natamam ikitərəfli müqavilələrdir. Ona görə ki, borc/satan və ya əvəzsiz istifadə edənin hər hansı obyekti geri qaytarma, yaxud əşyanın dəyərinin ödənilməsi öhdəliyinin yarana bilməsi üçün heç şübhəsiz ki, əvvəlcə borc/satan və ya əvəzsiz istifadə edənin müqavilədə göstərilən obyekti müqavilənin digər tərəfinə təqdim etmiş olmalıdır.
104. İstər alğı-satqı, istərsə də əvəzsiz istifadə müqaviləsi natamam ikitərəfli müqavilə olduğundan müqavilə üzrə hər hansı maddi obyekt alan üçün hüquq və vəzifələr müqavilə bağlandığı anda deyil, məhz satanın və ya əvəzsiz istifadəyə verənin müqavilə öhdəliklərini yerinə yetirməsi nəticəsi olaraq yaranır.
105. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müqavilə üzrə irəli sürülən tələb məhz müqavilə predmetinin cavabdehə faktiki təqdim olunması faktına söykənməlidir. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe xüsusi əhəmiyyət daşıyır və mövcud mübahisənin həllində tətbiq edilməlidir. Həmin hüquqi mövqedə açıq şəkildə qeyd olunmuşdur ki, lazımi qaydada tərtib edilərək təqdim edilmiş və ləğv olunmamış elektron vergi-hesab fakturaları malların faktiki təqdim olunması, işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi faktını birbaşa və mütləq qaydada təsdiq etmir. Belə sənədlər iş üzrə digər sübutlarla birlikdə, müqavilənin şərtlərinə, tərəflər arasında yaranmış işgüzar münasibətlərə və öhdəliklərin icrasının rəsmiləşdirilməsi qaydalarına uyğun olaraq qiymətləndirilməlidir.
106. Bu hüquqi mövqe ondan irəli gəlir ki, elektron qaimənin mahiyyəti fiskal sənəd xarakteri daşısa da, malların faktiki təqdim olunduğu barədə qəti və dəyişməz sübut hesab edilmir. Elektron qaimə-fakturaların hüquqi mahiyyəti hər bir konkret halda tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktika, müəyyən sahə üzrə mövcud işgüzar adətlər və öhdəliklərin icrasının tərəflər arasında qəbul olunmuş rəsmiləşdirilmə üsulu nəzərə alınmaqla qiymətləndirilməlidir. Malların təhvil-təslim əməliyyatı hüquqi reallıqda yalnız aktlaşdırma, qəbz, təhvil-təslim aktı və ya digər yazılı təsdiqləyici sənədlərlə sübut edilə bilər. Elektron qaimə isə yalnız vergitutma məqsədilə rəsmiləşdirilən sənəd olub, malların faktiki hərəkəti və ya təhvil verilməsi barədə doğrulayıcı sübut rolunu daşımır.
107. Bu kontekst mübahisə predmeti olan öhdəliyin mövcud olub-olmaması və onun icra edilib-edilməməsi barədə obyektiv hüquqi nəticəyə gəlmək üçün məhkəmə yanaşmasının əsas elementlərindən biridir.
108. İş üzrə təqdim edilmiş sənədlərin təhlili göstərir ki, iddiaçı cavabdehə malların təqdim edildiyini sübuta yetirmək məqsədilə elektron qaimə-faktura təqdim etmiş, lakin həmin qaimə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun tərtib olunmamışdır. Qaydaların 2.1-ci və 3.1-ci bəndlərində açıq şəkildə göstərilmişdir ki, elektron qaimə-fakturalarda müəssisənin rəhbərinin, malları təhvil verən şəxsin, malları təhvil alan şəxsin, nəql vasitəsinin və digər zəruri məlumatların göstərilməsi tələb olunur.
109. Hazırkı işdə iddiaçı tərəfindən təqdim olunan elektron qaimədə bu məlumatların heç biri öz əksini tapmadığından, həmin sənəd malların faktiki təqdim edilməsi faktını sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz.
110. Məhkəmə vurğulayır ki, malların təhvil verilməsi faktını sübut etmək yükü MPMin 77-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin əsasını təşkil edən faktları tam sübuta yetirməlidir. Lakin, iş materialları belə sübutların mövcud olmadığını göstərir. Təhvil-təslim aktı, qəbz və ya malların real verildiyini təsdiq edən hər hansı digər sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi olan AK Turan məhkəmələrə verdiyi izahatda malların ona təqdim edilmədiyini açıq şəkildə bəyan etmişdir və bu izahat iddiaçı tərəfindən təkzib ediləcək səviyyədə konkret sübutlarla rədd olunmamışdır.
111. Bu hallar nəzərə alındıqda, məhkəmə müəyyən edir ki, iddiaçının müqavilə üzrə əsas öhdəliyi – yəni müqavilə predmetinin faktiki təqdim olunması – icra edilməmişdir. Bu nəticə natamam ikitərəfli müqavilələrin hüquqi mahiyyəti ilə tam uyğun gəlir. Belə ki, əgər müqavilə üzrə öhdəliklərdən biri digər öhdəliyin əmələ gəlməsi yox, onun icra olunması nəticəsində yaranırsa, bu cür müqavilələr natamam ikitərəfli müqavilələr hesab edilir. Alğısatqı və əvəzsiz istifadə müqavilələri də məhz bu kateqoriyaya daxildir. Bu müqavilələrdə alıcının müqabil öhdəliyi – yəni əşyanın dəyərinin ödənilməsi öhdəliyi – əşyanın faktiki olaraq ona təqdim edilməsi nəticəsində yaranır. Əgər, alıcı müqavilə üzrə predmet olan əşyanı almamışdırsa, onun müqabil öhdəliyi – pul vəsaitinin ödənilməsi – hüquqi cəhətdən yaranmır.
112. Hazırkı işdə iddiaçı tərəfindən malların cavabdehə verilməsi faktı sübut olunmadığından, cavabdeh üçün müqabil öhdəlik – yəni malların dəyərinin ödənilməsi – yaranmamışdır. Başqa sözlə, müqavilə üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün hüquqi əsas formalaşmamışdır. Bu, həm müqavilə hüququnun fundamental prinsiplərinə, həm də tərəflərin qarşılıqlı işgüzar adətlərinə, o cümlədən Konstitusiya Məhkəməsinin qəbul etdiyi hüquqi mövqeyə tam uyğun gəlir.
113. Məhkəmə əlavə edir ki, mülki dövriyyənin sabitliyi və müqavilə münasibətlərinin hüquqi müəyyənliyi prinsipi tələb edir ki, tərəflər müqavilə üzrə öhdəliklərinin icrasını təsdiq edən yazılı sənədləri təqdim etmədən müqabil tərəfdən öhdəlik tələb edə bilməzlər. Malların təqdim olunmaması şəraitində cavabdehdən pul vəsaiti tutulması tələb oluna bilməz və belə tələb hüquqi əsası olmayan tələblər kateqoriyasına daxildir. Bu baxımdan, iddiaçının yalnız elektron qaimə əsasında tələbin təmin edilməsinə dair mövqeyi hüquqi cəhətdən əsassızdır və qanunun tələblərinə uyğun gəlmir.
114. Mülki hüquqda tərəflər arasında əvvəlki əməliyyatlar, əməkdaşlıq modeli və öhdəliklərin icrası zamanı yaratdıqları davranış nümunəsi sonrakı münasibətlərin hüquqi mahiyyətinin müəyyənləşdirilməsi üçün mühüm göstərici hesab edilir. Hazırkı iş üzrə iş materiallarının təhlili göstərir ki, iddiaçı ilə cavabdeh arasında malların təhvil-təslimi, və öhdəliklərin icrasının təsdiqi ilə bağlı əvvəlki dövrlərdə tətbiq edilmiş müəyyən edilmiş bir “təcrübə” mövcud olduğunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Tərəflər arasında əvvəllər eyni tərzdə malların təqdim edildiyini və elektron qaimə-fakturanın hər dəfə təhvil-təslimi təsdiq edən əsas sənəd kimi qəbul olunduğunu sübut edən bir hüquqi praktikanın mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən, tərəflər arasında “oturuşmuş qayda” və ya “qarşılıqlı tətbiq edilən praktika”nın olduğu barədə nəticəyə gəlmək hüquqi cəhətdən mümkün deyil.
115. Bununla yanaşı qeyd olunmalıdır ki, ticarət dövriyyəsində malların təhvil-təslim edilməsi üzrə geniş tanınan işgüzar adət ondan ibarətdir ki, hər hansı bir malın və ya əmlakın təqdimetmə əməliyyatı mütləq qəbul-təhvil aktı, mal qaiməsi, daşıma sənədləri, qəbul edən şəxsin imzası, yaxud malın fiziki qəbulunu təsdiq edən digər yazılı sübut ilə rəsmiləşdirilir. Hazırkı işdə isə iddiaçı tərəfindən malların cavabdehə təqdim olunması faktını işlək kommersiya adətlərinə uyğun təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Elektron qaimənin özündə malları təhvil alan şəxsin kimliyi, imzası və təqdimetmə prosesinin tələb olunan formada rəsmiləşdirilməsi barədə məlumatlar olmadığından, sahə üzrə formalaşmış işgüzar adətlərə uyğun sübut kimi qəbul edilə bilməz.
116. Yuxarıda göstərilən bütün hüquqi və faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən kompleks şəkildə qiymətləndirilməklə belə nəticəyə gəlinir ki, iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını təsdiq edən mötəbər sübutlar təqdim etməməsi şəraitində cavabdehdən hər hansı məbləğin tutulması üçün hüquqi və faktiki əsas yoxdur.
117. Bununla yanaşı, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəf cavabdehin iddianın qismən etiraf etməsini bildirmişdir.
118. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X5 tərəfindən imzalanmış iddia ərizəsinə dair etiraz təqdim edilmişdir (cild 1, i/v 92-95).
119. Həmin etirazda işin faktiki halları qeyd edilmiş və iddia tələbinin qismən, yəni 30.240 manat ƏDV məbləğinin ödənilməsini hissəsinin təmin edilməsi xahiş edilmişdir.
120. Bununla paralel, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında cavabdeh MMC-ni onun nümayəndəsi (təsisçi) Ak Turan və digər nümayəndəsi (vəkil) Vəkil2 təmsil etmişlər. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 verdiyi izahatında elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir (cild 1, i/v 180).
121. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. İşin mahiyyəti üzrə həll edilməsi ilə bağlı məhkəmə icraatı işin məhkəmədə baxılmağa hazırlanması və məhkəmə baxışı mərhələlərindən ibarətdir. Cavabdeh tərəfindən iddianın etiraf olunması halına münasibətdə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 190 və 191-ci maddələrinin məzmunundan göründüyü kimi belə etirafın təsdiq edilib-edilməməsi məsələsi hazırlıq mərhələsində deyil, məhz işə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra həll edilir. Bu isə ondan irəli gəlir ki, cavabdehin etirafının qəbul edilməsi məhz işin mahiyyəti üzrə həllinin yekunu kimi qəbul edilən sənədin, yəni iddianın təmin edilməsi barədə qətnamənin qəbulu ilə nəticələnir.
122. Belə ki, Mülki Prosessual Məcəllənin 190-cı maddəsinə görə, işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
123. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (Mülki Prosessual Məcəllənin 191.4-cü maddəsi).
124. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, onun normalarının mahiyyətindən irəli gələn dispozitivlik prinsipi mülki prosesdə mühüm əhəmiyyət kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə, tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
125. Bu prinsip işdə iştirak edən şəxslərin mülki prosesin əmələ gəlməsi, davam etməsi və sonlandırılması ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur.
126. İddianın etirafı da cavabdehin iradəsindən asılı olmaqla məhz dispozitivlik prinsipindən irəli gəlir. Lakin belə iradə heç də həmişə məhkəmə üçün mütləq xarakter daşımır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etməyə bilər və bu halda işin mahiyyəti üzrə baxışı davam etdirilməlidir.
127. Cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul olunmamasının əsasları ilə bağlı qeyd olunmalıdır ki, cavabdehin iddianı etirafı qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsi).
128. Həmçinin, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 106.1 və 106.4-cü maddələrinin məzmunu isə belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə, o cümlədən iddianın etirafı ilə bağlı izahatlarını, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
129. Göründüyü kimi, iddianın etirafının qanunazidd olub-olmamasını müəyyənləşdirmək, zərurət yarandıqda üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozub-pozmamasını qiymətləndirmək işə baxan məhkəmələrin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Belə qiymətləndirmə isə bəzən tərəflərin izahatlarının dinlənilməsini, əldə edilmiş sübutların tədqiq olunmasını zəruri edə bilər.
130. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar aşkar olunmadıqda cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən təsdiq edilməməsi və məhkəmənin öz təşəbbüsü ilə işin digər faktiki hallarını müəyyənləşdirməsi, eləcə də mülki icraatı davam etdirməsi isə həm çəkişmə, həm də prosessual qənaət prinsipinin pozulması ilə nəticələnərdi.
131. Beləliklə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və həmin etirafın məhkəmə tərəfindən təsdiqi nəticəsində qəbul edilən iddia tələbinin təmin olunması barədə qətnamə işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2025-ci il 12 iyun tarixli Qərarı).
132. Odur ki, birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən halları yoxlamadan, yəni cavabdehin nümayəndəsinin (Murad Bədəlov) iddia tələbinə etirazında qismən, habelə digər nümayəndə (vəkil) Vəkil2 (elektron qaimənin qəbul edilməsi və malların balansa keçməsinə dair) etirafının qanuna zidd olubolamamasını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasını müəyyən etmədən, yalnız iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə üzrə işin hallarını araşdırması, o cümlədən prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almayaraq cavabdehin nümayəndəsinin verdiyi ərizəyə və həmin ərizədə qeyd edilən faktlara ümumiyyətlə münasibət bildirməmişdir.
133. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
134. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
135. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
136. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
137. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq müəyyən edir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi qismində çıxış edən X5 tərəfindən imzalanmış və iddia tələbinə dair təqdim edilən etirazda (cild 1, i/v 92-95) işin faktiki halları ilə bağlı bir sıra məlumatlar qeyd edilmiş, həmçinin iddianın qismən təmin edilməsi, yəni yalnız 30.240 manat məbləğində əlavə dəyər vergisinin ödənilməsi hissəsinin təmin olunması xahiş edilmişdir. İddiaçı tərəf bu sənədə istinad edərək cavabdehin guya iddianın müəyyən hissəsini etiraf etdiyini bildirmiş və bu arqumenti iddianın təmininə hüquqi əsas kimi təqdim etmişdir. Lakin, həmin etirazın hüquqi mahiyyətinin və faktiki dəyərinin müəyyən edilməsi üçün onun təqdim edilməsi şəraiti, müəllifinin statusu, informasiyanın etibarlılığı və cavabdeh MMC-nin faktiki mövqeyi arasında uyğunluğun araşdırılması zəruridir.
138. İş materiallarının təhlili və tərəflərin verdikləri izahatları göstərir ki, cavabdeh MMC-nin təsisçisi və faktiki təsərrüfat fəaliyyətinə bilavasitə rəhbərlik edən şəxs olan Ak X1 tanımasına baxmayaraq, onu yalnız bir dəfə gördüyünü, həmin şəxsin cavabdehin vəkili Vəkil2 köməkçisi kimi fəaliyyət göstərdiyini, hüquqşünas kimi onun tərəfindən işə cəlb edildiyini bildirmişdir. Ak Turan öz izahatında aydın şəkildə göstərmişdir ki, Bədəlov Murad cavabdeh MMC-nin müvəkkili və ya işçisi olmayıb, şirkətin daxili təsərrüfat fəaliyyətindən xəbərdar deyil və şirkət adından verilən hüquqi-əməliyyat xarakterli məlumatlar haqqında bilavasitə məlumata malik olmayıb və nümayəndənin etirafını qəbul etmir.
139. Mülki prosessual qanunvericiliyə əsasən, tərəflərin məhkəmədə özlərini nümayəndə vasitəsilə təmsil etməsi mümkündür və nümayəndənin prosessual hüquqları Mülki Prosessual Məcəllənin tələbləri ilə müəyyən edilir. Bununla belə, nümayəndə tərəfindən verilən izahatın və ya edilən etirafın işin maddi-hüquqi tərəfi ilə bağlı olması zamanı həmin nümayəndənin bu sahədə bilavasitə məlumatlı olub-olmaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sahibkarlıq subyektinin faktiki təsərrüfat əməliyyatlarını, malların hərəkətini, təhvil-təslim prosesini və əməkdaşlıq münasibətlərinin konkret şərtlərini bilmək üçün nümayəndənin sadəcə hüquqi təmsil səlahiyyəti kifayət etmir.
140. Hazırkı işdə X2 təqdim etdiyi etirazda onun cavabdeh MMC-nin faktiki mövqeyini əks etdirən və hüquqi nəticə doğuran səlahiyyətli ifadəsi hesab edilə bilməz. Bunun bir neçə hüquqi və faktiki əsası var: Birincisi, cavabdehin təsisçisi Ak Turan öz izahatında təsdiq etmişdir ki, Bədəlov Murad şirkətin işçi kimi Vəkil2 tərəfindən götürüldüyünün, özünü cəmi bir dəfə gördüyünü bildirmiş, yalnız vəkil tərəfindən hüquqi yardım üçün əvəzçi şəxs kimi prosesə daxil edilmişdir. Bu şəxs MMC-nin kommersiya əməliyyatlarına, müqavilə münasibətlərinə, malların təhvil-təslim prosesinə dair bilavasitə məlumatlı deyildir; İkincisi, Bədəlov Muradın təqdim etdiyi sənəddə malların faktiki təqdim edilərək qəbul edildiyi barədə məlumat yoxdur. Sənəddə sadəcə olaraq “iddianın qismən təmin edilməsi” barədə hüquqi mövqe bildirilmişdir ki, bu da fakt etirafı yox, hüquqi qiymətləndirmə xarakteri daşıyır. Mülki prosessual hüquqa görə isə faktın etirafı ilə hüquqi qiymətləndirmənin etirafı fərqli hüquqi nəticələr doğurur və yalnız maddi-hüquqi faktların etirafı sübut kimi qəbul olunur; Üçüncüsü, cavabdehin təsisçisi və müəssisənin fəaliyyətinə bilavasitə rəhbərlik edən şəxs olan Ak Turan bütün məhkəmə iclaslarında ardıcıl və birmənalı şəkildə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə heç bir real malgöndərmə həyata keçirilməmiş, alğı-satqı əməliyyatı gerçəkləşməmiş, mallar təqdim edilmədiyindən ƏDV məbləği də ödənilməmiş və nümayəndənin etirafını qəbul etmir.
141. Bu izahat cavabdehin faktiki mövqeyini və maddi-hüquqi faktları bilən şəxs kimi onun iradəsini əks etdirdiyindən, hüquqi qiymətləndirmədə üstünlük təşkil edir. Nümayəndələrdən fərqli olaraq, təsisçi kommersiya əməliyyatlarının birbaşa təşkilatçısıdır və malın qəbul edilib-edilməməsi barədə bilavasitə məlumat məhz onun səlahiyyət dairəsinə daxildir.
142. Eyni zamanda, iş materiallarına görə, birinci instansiya məhkəməsində Cavabdeh MMC-ni digər nümayəndə vəkili Vəkil2 təmsil etmişdir. Müxtəlif məhkəmə iclaslarında hər iki nümayəndənin iştirakı ilə izahatlar alınmış və bu izahatlar arasında açıq ziddiyyətlər müşahidə olunmuşdur. Vəkil2 öz izahatında elektron qaimə-fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir. Lakin həmin izahatın hüquqi çəkisi və faktın sübut olunmasına təsiri məsələsi ayrıca qiymətləndirilməlidir.
143. Belə ki, işə nəzər salınan zaman aydın olur ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında MMC-ni onun nümayəndəsi (təsisçi) Ak Turan və digər nümayəndəsi (vəkil) Vəkil2 təmsil etmişlər. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 verdiyi izahatında elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir. Bununla belə, həmin məhkəmə iclasında MMC-nin nümayəndəsi (təsisçi) Ak Turan da iştirak etmiş, lakin MMC-nin təsisçisi Ak Turan malların onlara təhvil verildiyini bildirməmişdir. Əksinə, o, bildirmişdir ki, real heç bir alğı-satqı əməliyyatı olmamışdır.
144. Məhkəmə bildirir ki, cavabdeh MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən şəxs olan Ak Turanın verdiyi izahat iş üçün həlledici əhəmiyyət daşıyır. Belə ki, məhz MMC-nin təsisçisi təsərrüfat fəaliyyətinə bilavasitə nəzarət edir və müəssisənin real kommersiya əməliyyatları, malların hərəkəti, təhvil-təslim prosesi və müqavilə münasibətləri haqqında məlumatlı şəxs hesab olunur. Ak Turan məhkəmə iclasında verdiyi izahatında qəti şəkildə bildirmişdir ki, iddiaçı tərəfindən MMC-yə hər hansı real malgöndərmə və ya alğı-satqı əməliyyatı həyata keçirilməmişdir və malların faktiki təhvili baş verməmişdir. Bu izahat iş materialları ilə, eləcə də iddiaçı tərəfindən təqdim edilməmiş təhvil-təslim sənədlərinin mövcud olmaması ilə tam uyğunluq təşkil edir.
145. Mülki prosessual hüquqa görə, tərəfin nümayəndəsi prosessual hüquqları həyata keçirə bilsə də, maddi-hüquqi faktlar barəsində ifadə vermək üçün həmin nümayəndənin bilavasitə məlumatı olmalıdır. Əgər, nümayəndənin izahatı ilə hüquqi şəxsin təsisçisinin və ya faktiki rəhbərinin izahatı arasında ziddiyyət yaranırsa, maddi-hüquqi faktları bilən şəxsin – yəni MMC-nin rəhbərinin – izahatına üstünlük verilməsi daha ağlabatandır.
146. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən bildirilmiş “malların balansa keçməsi” barədə izahat, yalnız elektron qaimə-fakturanın təsdiqi ilə bağlı təsərrüfat uçotu prosedurlarına əsaslanır və faktiki təhvil-təslim əməliyyatının reallığını təsdiq etmir. Qeyd edilməlidir ki, müəssisənin uçot sistemində malların balansda görünməsi halında belə göstərilən hallarla yalnız texniki uçot əməliyyatıdır və malların fiziki təqdim olunması barədə hüquqi fakt yaratmır. X10 bəyan etdiyi kimi, heç bir faktiki təqdimetmə olmadığı halda, uçot məlumatlarının özlüyündə hüquqi nəticə doğurması mümkün deyildir.
147. Nəzərə almaq lazımdır ki, iddianın etiraf edilməsinin qanuna zidd olubolmaması yalnız iddia tələblərinin öz-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə, iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz.
148. Əgər bu meyarlardan hər hansı biri mövcud deyilsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilir və məhkəmə bu etirafa hüquqi nəticə bağlaya bilməz.
149. Hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması göstərir ki, iddianın maddihüquqi əsasları sübut olunmamışdır. İddiaçı tərəfindən iddia tələbinin əsasında dayanan ən mühüm fakt – müqavilə üzrə malların cavabdehə faktiki təqdim edilməsi – sübuta yetirilməmişdir. Məhkəmə materiallarında malların təqdim olunmasını təsdiq edən təhviltəslim aktı, qəbz və ya digər mötəbər sübut mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura isə Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında göstərildiyi kimi malların təqdim olunmasını birbaşa təsdiq edən sübut hesab edilmir və özü-özlüyündə iddianın əsası kimi qəbul edilə bilməz.
150. Bundan başqa, cavabdeh MMC-nin rəhbər və təsisçisi olan Ak Turan məhkəmə iclasında aydın və ardıcıl şəkildə bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir real alğı-satqı əməliyyatı aparılmamış və iddiaçı tərəfindən cavabdehə heç bir mal verilməmişdir. Bu izahat iş üzrə təqdim olunmuş digər sübutlarla – xüsusilə təhvil-təslim sənədlərinin olmaması ilə – tam uyğunluq təşkil edir və hüquqi faktları bilən şəxsin ifadəsi kimi daha yüksək sübut qüvvəsinə malikdir.
151. İşin hallarına görə, cavabdehin nümayəndələrindən biri – Vəkil2 – elektron qaimə-fakturanın təsdiq edilməsi faktına əsaslanaraq iddianın müəyyən hissəsini qəbul etdiyini bildirmişdir. Lakin bu izahat hüquqi faktların etirafı olmayıb, yalnız texniki uçot mexanizmlərinə dair subyektiv hüquqi qiymətləndirmədir. Elektron qaimənin təsdiqi malların fiziki təqdim olunmasını sübut etmir və bu izahat iddianın əsaslı olması barədə hüquqi nəticə çıxarmaq üçün kifayət etmir.
152. Beləliklə, cavabdehin nümayəndələri tərəfindən edilmiş “iddianın qismən etiraf edilməsi” barədə izahatlar iddianın hüquqi cəhətdən əsaslı olduğunu təsdiq etmir və iddianın etirafının qanuna uyğunluğu üçün tələb olunan meyarların heç biri hazırkı iş üzrə mövcud deyildir. İddia hüquqi əsaslara malik olmadığından, cavabdehin rəhbəri etirazları qəbul etmədiyindən cavabdehin nümayəndələrinin etiraf bəyanatlarının da hüquqi əhəmiyyəti yoxdur və məhkəmə tərəfindən qəbul edilə bilməz.
153. Göstərilən hallarla bağlı paralel olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür: tərəflərin təsisçisi olduqları MMC-lərin hüquqi işlərinə uzun müddət ərzində eyni hüquqşünaslar – Vəkil2 və Murad Bədəlov xidmət göstərmiş və hər iki hüquqşünas təsisçilərin hər iki tərəf üzrə işlərində iştirak etmişdir. Belə vəziyyət nümayəndələrin həm iddiaçı, həm də cavabdeh tərəflərlə paralel şəkildə hüquqi münasibətlərdə olmasını və bu səbəbdən onların verdiyi izahat və mövqelərin müstəqil və neytral iradəni əks etdirib-etdirmədiyinin qiymətləndirilməsini zəruri edir.
154. Aparılan məhkəmə araşdırması göstərir ki, Cavabdeh MMC-nin təsisçisi Ak Turanın verdiyi izahatlar onun hüquqi münasibətlərində Vəkil2 və Murad Bədəlovun hər ikisinin əvvəllər tərəflərin ortaq hüquqşünası kimi çıxış etdiyini təsdiq edir. Ak Turan məhkəmə iclasında bildirmişdir ki, Murad Bədəlov onun qeyri-rəsmi şəkildə köməkçisi olmuş, şirkətin faktiki kommersiya əməliyyatlarında iştirak etməmiş və yalnız Vəkil2 tapşırıqları əsasında müəyyən sənədlərin hazırlanmasında iştirak etmişdir.
155. Bu şəraitdə həmin şəxslərin iddiaçı tərəfin maraqlarına uyğun mövqe sərgiləməsi, o cümlədən iddianın qismən etiraf edilməsi barədə təqdim etdikləri sənədlərin cavabdeh MMC-nin faktiki iradəsini əks etdirməməsi, əksinə, digər tərəfin təsiri altına düşmüş mövqe olması ehtimalı istisna edilmir. Belə bir halda, nümayəndə tərəfindən edilən etirafın cavabdehin təsisçisi və faktiki rəhbərinin iradəsinə uyğunluğunun yoxlanılması hüquqi faktların araşdırılması baxımından zəruridir.
156. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndələri Vəkil2 və Murad Bədəlovun həm iddiaçı, həm də cavabdehlə ortaq və davamlı hüquqi münasibətlərinin olması onların mövqelərinin obyektivliyini şübhə altına alır. Bu səbəbdən onların iddianı etiraf etməsi barədə mövqeyi maddi-hüquqi faktların mövcudluğunu təsdiq edən müstəqil, tərəfsiz və etibarlı iradə hesab oluna bilməz.
157. Əksinə, cavabdehin təsisçisi Ak Turan tərəfindən məhkəmə iclasında verilmiş ardıcıl və qəti izahatlar göstərir ki, iddiaçı ilə cavabdeh arasında heç bir real alğı-satqı əməliyyatı baş verməmiş, habelə mallar cavabdehə təqdim edilməmiş və iddianın etiraf edilməsi onun iradəsinə uyğun deyildir. Hansı ki, sonuncunun özü də nümayəndələrin iddiaçı tərəfin maraqlarına xidmət etməyini öyrəndikdən sonra bu barədə müvafiq orqanlara şikayət etdiyini və həmin şəxslərlə əlaqəni dayandırdığını bildirmişdir. Bununla belə maddi-hüquqi faktları bilən tərəfin – yəni şirkətin təsisçisinin – iradəsi nümayəndələrin verdiyi izahatlardan üstün olmalı və məhkəmə tərəfindən əsas götürülməlidir.
158. Bu baxımdan, nümayəndələrin iddianın qismən etiraf edilməsinə dair mövqeləri cavabdehin həqiqi iradəsini ifadə etmir, şirkətin faktiki rəhbəri tərəfindən təkzib olunduğundan qanuni qüvvə kəsb etmir və məhkəmə tərəfindən hüquqi faktın mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
159. Həmçinin, qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsi işdə iştirak edən şəxslərin prosessual hüquqlardan vicdanla istifadə etməsini tələb edir. Nümayəndə və vəkilin həm iddiaçı ilə işgüzar əlaqələrə malik olması, həm də cavabdehin təsisçisi Ak Turan tərəfindən etiraf edilməyən, onun iradəsinə zidd olan mövqe ifadə etməsi, özündə vicdanlı prosessual davranış tələbinin pozulması elementlərini ehtiva edir. Bu isə iddiaçı tərəfin nümayəndələrin etiraflarına sübut kimi nəzərə alınmasını əsassız olduğunu göstərir.
160. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddianın maddi-hüquqi baxımdan əsassız olduğu hallarda cavabdehin etiraf etməsi işin mahiyyətinə təsir etmir və iddianın təmin olunmasına hüquqi əsas yaratmır. İddianın etirafı yalnız o halda hüquqi qüvvəyə malik ola bilər ki, iddia maddi-hüquqi tələblərə uyğun olaraq sübuta yetirilmiş və iddiaçı tərəfindən irəli sürülən hallar öz təsdiqini tapmış olsun. Hazırkı işdə isə belə hallar mövcud olmadığından, cavabdehin nümayəndələrinin etirafı qanuna zidd hesab edilməli və hüquqi nəticə doğurmamalıdır.
161. Qeyd edilən hallara əsasən, habelə malların təhvil verilmədiyini və müqavilədə qiymətin nəzərdə tutulmadığı nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı 29 sentyabr 2020-ci il tarixdə 017 nömrəli müqavilədə göstərilən malların dəyərini cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
162. Beləliklə, yuxarıda göstərilən bütün hallar birlikdə məhkəmə kollegiyasına əsas verir ki, cavabdehin təsisçisi Ak Turanın məhkəmə iclaslarında ifadə etdiyi mövqe – malların faktiki olaraq təhvil verilməməsi, elektron qaimənin real əməliyyata əsaslanmaması, nümayəndəlik institutunun sui-istifadə olunması və nümayəndələrin ifadələrinin cavabdehin iradəsini əks etdirməməsi – birinci instansiya məhkəməsinin qətnaməsinə əsas götürülmüş etirafları etibarsız edir və həmin qətnamənin ləğvi üçün hüquqi əsas yaradır.
163. Bununla belə, müqavilədə göstərilən malların iddiaçı tərəfindən cavabdeh təqdim edilməsi sübuta yetirilmədiyindən həmin malların əlavə dəyər vergisi də cavabdehdən tutula bilməz. Çünki, əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır (“Əlavə dəyər vergisi haqqında” Qanun maddə 1). Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuşdur ki, ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə bir qərarın qəbul edilməsi isə iş materiallarından müəyyən olunmur.
164. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, müqavilə üzrə borcun ödənilməsindən irəli gələn digər tələb üzrə (beş faiz borcu) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki müqavilə üzrə borcun tutulması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
165. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
166. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
167. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
168. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
169. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
170. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
171. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
172. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
173. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş pulun tutulması hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməməlidir.
174. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli e-2-2(115)-433/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində, yəni – “Cavabdehndən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198 240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198 730 (yüz doxsan səkkiz min yeddi yüz otuz) manat tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.