Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-218/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 436/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: "xxxx" ASC (icraçı) ilə “X4” MMC (sifarişçi) arasında bağlanmış 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli “Xidmət Müqaviləsi” ilə (bundan sonra – “müqavilə”) icraçı sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və s. xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14.000 manat (ƏDV xaric, yanacaq xaric) olmaqla müqaviləyə 3 nömrəli Əlavə imzalamışlar (2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokolu). Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, İcraçı Texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin edir. 3-cü bəndində isə göstərilir ki, Texnikanın sürücü-operatorunu yeməklə (gündə 3 dəfə) Sifarişçi təmin edir. "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 2021-ci il 29 oktyabrdan 2022-ci il 28 fevrala qədər “X4” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X4” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir (2022-ci il 28 fevral tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktı). 1 ədəd “Rokson” markalı texnikaya dair aylıq 14.000 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV hər ay üçün 2.520 manat olmaqla müəyyənləşmiş icarə haqqı 2020-ci ilin avqust, dekabr ayları üçün, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr ayları üçün və 2022-ci ilin yanvar ayı üçün cəmi 148.680 manat icarə haqqı üzrə borcunun olmasına dair "xxxx" ASC tərəfindən Cavabdeh MMCyə qaimə ötürülmüş, lakin qaimə sonuncu tərəfindən təsdiq edilməmişdir (2022-ci il 13 dekabr tarixli 532863 nömrəli elektron qaimə). Borcluya pretenziya göndərilərək yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edimişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3 nömrəli Əlavəsinə əsasən: - 2021-ci il 8 yanvar tarixli təhvil-təslim aktına görə - 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 4 gün Cavabdeh MMC-yə icarədə olmuşdur. Həmin aktı hər iki tərəf imzalamışdır. - 2021-ci il 19 mart tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin fevral ayında Cavabdeh MMC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 8 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 17 may tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin mart ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 1 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 6 iyul tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyun ayında "xxxx" ASCnin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 29 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 5 avqust tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyul ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 31 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 13 oktyabr tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyun ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 11 gün Cavabdeh MMC-də icarədə olmuşdur. "xxxx" ASC tərəfindən “ROKSON” markalı nəqliyyat vasitəsi ilə görülmüş xidmətlərə görə Cavabdeh MMC-yə göndərilmiş: - 2021-ci il 25 noyabr tarixli EBBY seriyalı elektron qaiməyə görə - 2021-ci ilin iyun ayı üzrə 14.000 manat, iyun ayı üzrə 13.533,33 manat, 2020-ci ilin oktyabr ayı üzrə 8.580,64 manat, 2020-ci ilin sentyabr ayı üzrə 2.800 manat; - 2022-ci il 31 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 2021-ci ilin aprel ayı üzrə 10.769,20 manat; - 2022-ci il 29 avqust tarixli EBBY seriyalı elektron qaiməyə görə - 2021-ci ilin yanvardekabr ayları üzrə 11.307,66 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 2021-ci ilin oktyabr ayı üzrə 12.384,58 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 16.692,26 manat; - 2022-ci il 29 avqust tarixli EBBY seriyalı elektron qaiməyə görə - 2020-ci ilin noyabr ayı üzrə 9.692,28 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 2021-ci ilin may ayı üzrə 12.923,04 manat ödəniş hesablamışdır. Birinci instansiya məhkəməsində icraat "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 148.680 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 39 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 28 oktyabr tarixində imzalanmış xidmət müqaviləsinə (bax § 1) 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavəyə əsasən, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000 manat olmaqla cavabdehə verilmişdir. 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil olmaqla 148.680 manat təşkil edir. Lakin cavabdeh texnikanın az istismar edildiyini esas gətirərək ödənişlərin aparılmasından imtina etmiş, göndərilmiş elektron qaimələri isə qəbul etməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T-387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci ilin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 11 gün istismar edilmişdir. Cavabdeh 2022-ci ildə 28 fevral tarixdə maşın və mexanizmlərin təhvil verilməsi barədə akt tərtib edərək iddiaçıya məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsinin son istifadə olunma tarixi 2021-ci il 29 oktyabr tarixindən 2022-ci il 28 fevral tarixinə qədər cavabdehdə istifadə olunmadığı və iddiaçı tərəfindən geri götürülmədiyi göstərilmişdir. Texnikalar cavabdehə son təhvil verildiyi kimi saz vəziyyətdə olmuşdur ki, texnikanın cavabdeh tərəfindən istismar olunmaması onu aylıq ödənişdən azad edə bilməzdi. Texnikanın geri qaytarılması üçün isə iddiaçıya bununla bağlı xəbər verilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi. Texnikanın qaytarılması isə yalnız 2022-ci il 28 fevral tarixdən sonra baş tutmuşdur. Tərəflər arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcud olmuş, xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. 2019cu il 28 oktyabr tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat, 2020-ci il 22 sentyabr tarixli protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(115)-436/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə 115.640 manat borc, ödənilmiş 400 manat mediasiya xərci və 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 366,64 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva). Məhkəmə §§ 1-3-də göstrilənlərə istinadla qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 2020-ci il 22 sentyabr tarixli qiymət razılaşma protokoluna əsasən cavabdehə təhvil verilmiş və həmin texnikadan istifadə olunması və son istifadə müddəti 2021-ci il 29 oktyabr göstərilmiş, həmin müddətdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmaması barədə akt tərtib edilmiş və tərəflərin hər ikisi tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında xidmət müqaviləsi bağlansa da, texnikanın 2021-ci il 29 oktyabr tarixədək istifadə olunması, həmin tarixdən isə iddiaçıya təhvil verilənədək, 2022-ci il 28 fevrala qədər istifadə olunmaması cavabdehin tərtib etdiyi aktla təsdiqini tapır. Çünki cavabdeh tərtib etdiyi aktda həmin texnikanın son istifadə etmə müddətini göstərməklə texnikanı iddiaçıya təhvil vermişdir. Müqavilənin xidmət müqaviləsi olması əsası ilə cavabdeh tərəfindən 2021-ci il 29 oktyabr tarixədək istifadə olunmuş texnikaya görə iddiaçının haqq tələb edə bilməməsi və iddianın həmin əsasla təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 2021-ci il 29 oktyabr tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14.000 manat olmaqla (ƏDV daxil 16.520 manat) cəmi 115.640 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin texnikanın son istifadə müddətinin 2021-ci il 29 oktyabr tarixi olmasını və həmin tarixdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmadığını nəzərə alaraq iddia tələbinin həmin müddət, yəni 2021-ci ilin noyabr, 2022-ci ilin yanvar ayı üçün ödənişin tələb olunduğu hissədə təmin edilməli olmaması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 752.1, 753.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən mübahisələndirilən 33.040 manat məbləğində pulun cavabdehdən tutulmasının rədd edildiyi hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intstansiya məhkəməsi işdə olan sübutlara qismən düzgün hüquqi qiymət verməmiş, istinad etdiyi sübutların isə nəticəyə gəlməsi üçün yetərli olmamasını nəzərə almamış, nəticədə iddianın rədd edilən hissəsində prosessual hüquq normaların pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 28 oktyabr 2019-cu il tarixdə QSZX 236/1019 nömrəli “Xidmət Müqavilə”si imzalamışlar. QSZX 236/1019 saylı, xx.xx.2019-cu il tarixli MÜQAVİLƏYƏ ƏLAVƏ 3 “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair 22 sentyabr 2020-ci il tarixli “QİYMƏT RAZİLAŞMA PROTOKOLU”NA əsasən 1 ədəd “ROKSON” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000(on dörd min) manat olmaqla cavabdehə verilmişdir. İlk müddətdə cavabdeh ödənişləri etsə də, sonradan “X4” bağlanmış və uzun müddət onlarla əlaqə saxlaya bilməmişlər. Ödənişlər dayanmış, texnika isə iddiaçı şirkətə qaytarılmamışdır. Eyni zamanda müqavilənin ləğv edilməsi barədə iddiaçıya bildiriş göndərilməmiş, məhkəməyə müraciət edilməmişdir bununla bağlı 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, 2021-ci ilin mart, 2021-ci ilin iyun, 2021-ci ilin iyul, 2021-ci ilin sentyabr, 2021-ci ilin noyabr və 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil 148680 (bir yüz qırx səkkiz min altı yüz səksən) manat təşkil edir. Lakin cavabdeh tərəfindən ödənişlərin edilməsindən imtina edilmişdir. Göndərilmiş elektron qaimələri isə qəbul etmirlər. Yeni rəhbərin təyin olunması bəhanəsi ilə təhvil-təslim aktları imzalanmamışdır. Əsas kimi göstərmişlər ki, texnikanın onlarda olan aylar üzrə az istismar etmişlər. Belə ki, cavabdeh sifarişçi tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T-387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci lin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 1 gün istismar edilmişdir. Digər tərəfdən “X4” ilə 28 fevral 2022-ci ildə maşın və mexanizmlərin təhvil verilməsi barədə Akt tərtib edilərək göstərilmişdir ki, "xxxx" ASC və xidmət müqaviləsinə əsasən, həqiqətən "xxxx" ASC-yə məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsi aşağıdakı cədvəldə göstərilmiş son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X4” MMC-də istifadə olunmamış və "xxxx"ASC tərəfindən geri götürülməmişdir. Texnikalar ”X4” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Qeyd edilməlidir ki, həmin aktla həqiqətən “Rokson” markalı nəqliyyat vasitəsinin 2020-ci ilin dekabr ayından “X4”nda olması müəyyən olunmuşdur. Bu işin mübahisə olunmayan halıdır. Birinci instansiya məhkəməsi iddianı 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər istifadə olunmamasına əsaslanaraq həmin hissədə, yəni 3 ay icarə haqqını cavabdehdən tutmamış, həmin hissədə iddianı təmin etməmişdir. Həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edirlər. Belə ki, birincisi onun istismar olunmaması cavabdehi aylıq ödənişin edilməsindən azad etmir, ikincisi isə həmin texnikanın qaytarılması üçün onlara xəbərdarlıq edilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi ki, onu geri götürsünlər. Ancaq texnikanın geri qaytarılması yalnız 28 fevral 2022-ci ildən sonra baş tutmuşdur. Həmin texnikanın istifadə olunub-olunmamasından onlara məlumat verilməmiş, ümumiyyətlə texnikanın harada necə işlətmələri də məlum deyildir. Bununla belə 22 sentyabr 2020-ci il tarixli “QİYMƏT RAZİLAŞMA PROTOKOLU”NDA qeyd şərtsiz xidmət haqqı aylıq müəyyən edilərək 1 ayı 14000 (on dörd min) manat müəyyən edilmişdir. Həmin protokolda texnikanın gündəlik görəcəyi iş və ya miqdarı müəyyən edilməmişdir. Cavabdeh “X4” ilə "xxxx" arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcuddur, ancaq xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. Belə ki, 28 oktyabr 2019-cu il tarixli protokolda konkret görüləcək işin 1 on mala görə 10, 13 və 18 manat qiymət müəyyən edilmişdir. Ancaq 22 sentyabr 2020-ci il protokola görə 1 ədəd “Rokson”texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir. Bu da faktiki olaraq tərəflər arasında icarə münasibətlərinin mövcudluğuna dəlalət edir ki, texnikanın aylıq haqqı 14.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin bu kimi hallarını nəzərə almamış, iddianı həmin hissədə rədd edərkən maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslanıdrmışdır ki, birinci instasiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi və prosessual hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsinə görə, iddiaçı/icraçı cavabdehin/sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq, əlavədə göstərilən şərtlərlə (sürücü operatoru öz hesabına təyin etməklə) malmaterialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən məlum olur ki, 1) icraçı xidmət göstərərkən öz hesabına sürücü-operatoru təmin etməli; 2) tərəflər arasında hər təqvim ayının sonunda göstərilən daşıma xidmətlərinə dair təhvil-təslim (və ya üzləşmə) aktı ımzalanmalı və sifarişçiyə elektron qaimə/hesab-faktura təqdim olunmalı idi. Bu əsaslardan birinin mövcud olmaması, icraçı tərəfindən xidmətlərin göstərildiyini istisna edir. İddiaçıya məxsus “Rokson” markalı texnikanın sifarişçiyə məxsus ərazidə müvəqqəti olması/qalması isə xidmətlərin göstərildiyinə dəlalət etmir. Odur ki, iddiaçı cavabdehə qarşı müqavilə üzrə xidmət haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsinin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və cavabdehə təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə işlər görülmüşsə, həmin işlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Lakin birinci instansiya məhkəməsi hüquq normasınını tələbini tətbiq etməmiş, bir daha maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Halbuki, iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə texnikanın 29 oktyabr 2021-ci il tarixədək istifadə olunması barədə nəticəyə gəlsə də, əslində məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Yuxarıda göstərildiyi kimi, tərəflər iddiaçı tərəfindən göstərilən xidmətlərə dair hər ayın sonunda təhvil-təslim aktı imzalamalı idi. Buna baxmayaraq, tərəflər arasında nə təhvil-təslim aktı imzalanmamış, nə də elektron qaimə cavabdehə təqdim olunmamışdır. Xidmət göstərilmədiyinə görə, cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixdə, yəni sonradan təqdim etdiyi elektron qaiməni qəbul etməmiş və ona etiraz etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov). Apellyasiya instansiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 700.1, 700.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-395/2024 saylı qərarı ilə (məruzəçi – B.Məmmədli, hakimlər – İ.Şəfiyev və Ə.Nurməmmədov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2- 2(104)-22/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. ...” “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 390. Müqavilə azadlığı ... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. ...” “Maddə 404. Müqavilənin təfsiri ... 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. ...” “Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-436/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-395/2024 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi hazırkı məhkəmə araşdırmasının predmetini birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilən hissəsi təşkil edəcəkdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, 2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokoluna uyğun olaraq 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000 manat olmaqla cavabdehə verilmiş, icraçı texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin etmiş, onun əmək haqqını ödəmiş, texnika 2022-ci il 28 fevral tarixli təhvil-təslim aktı ilə cavabdehdən geri götürülmüşdür. Həmin təhvil-təslim aktında qeyd olunanlara əsasən müəyyən edilir ki, sözügedən texnika son istifadə olunma tarixi 2021-ci 29 oktyabr olmaqla, həmin tarixdən 2022-ci il 28 fevral tarixinə qədər MMC-də istifadə olunmamış və iddiaçı tərəfindən geri götürülməmişdir. Texnika cavabdehə son təhvil verildiyi kimi saz vəziyyətdə olmuşdur. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-395/2024 saylı qərarındakı mövqeyindən də görünür ki, tərəflər özündə icarə və xidmət müqavilələrinin ünsürlərini ehtiva edən qarışıq müqavilə bağlamışlar. Mülki Məcəllənin 404.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. İş materiallarından görünür ki, tərəflər 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14.000 manat (ƏDV xaric, yanacaq xaric) olmaqla müqaviləyə 3 nömrəli Əlavə imzalamışlar (2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokolu). Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, İcraçı Texnikanın idarə edilməsi üçün sürücüoperatoru öz hesabına təyin edir. 3-cü bəndində isə göstərilir ki, Texnikanın sürücüoperatorunu yeməklə (gündə 3 dəfə) Sifarişçi təmin edir. Göründüyü kimi müqaviləyə 3 saylı əlavədə “Rokson” markalı texnikanın qeydiyyat nömrəsi, miqdarı və konkret məqsədi (böyük əhəng daşlarının xırdalanması) göstərilib. Bu icarə müqaviləsinə uyğun bir xüsusiyyətdir, çünki konkret əmlakın istifadəsi təmin edilir. Texnikanın aylıq icarə haqqı (14,000 AZN (yanacaq xaric)) açıq şəkildə qeyd olunub və bu məbləğ texnikanın istifadəsi üçün ödənilməli olan sabit məbləğ kimi göstərilib ki, bu, icarə müqaviləsində tez-tez rast gəlinən ünsürdür. Həmçinin müqaviləyə 3 saylı əlavədə texnikanın idarə edilməsi üçün sürücü-operator təmin edilməsi icraçının məsuliyyəti kimi qeyd olunub. Bu, xidmət müqaviləsinə uyğun görünə bilər, lakin texnikanın istifadəsinin əsas məqsəd olduğunu nəzərə alaraq, bu öhdəlik icarə müqaviləsinə zidd deyil. Texnikanın sürücü-operatorunun yemək təminatı isə sifarişçiyə aid edilmişdir. Bu, texnikanın effektiv istifadəsini təmin etmək üçün əlavə bir şərt kimi görünə bilər və müqavilənin əsas mahiyyətini (texnikanın istifadəsini) dəyişdirmir. Qeyd olunan Əlavədən görünür ki, əsas məqsəd texnikanın müəyyən bir iş üçün istifadəsidir. Əlavədə göstərilən məbləğin “icarə haqqı” kimi sabit olması, texnikanın konkret olaraq müəyyən edilməsi və istifadəyə verilməsi tərəflər arasında olan münasibətin icarə münasibətlərindən irəli gəldiyini göstərir. Xidmət müqaviləsi olsa idi, ödəniş yalnız faktiki xidmətlərin yetirilməsi ilə bağlı olardı. İşdə olan 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T- 387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X4” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X4” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Göründüyü kimi texnikadan son istifadə müddəti 2021-ci il 29 oktyabr göstərilmiş, həmin müddətdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmaması barədə akt tərtib edilmiş və tərəflərin hər ikisi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 2021-ci il 29 oktyabr tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14.000 manat olmaqla (ƏDV daxil 16.520 manat) cəmi 115.640 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin müvafiq qərarının 65-ci bəndində qeyd olunan göstərişinə münasibətdə qeyd edir ki, iş üzrə ekspertiza rəyindən də göründüyü kimi iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə xx.xx.2019-cu il tarixli QSZX 236/1019 saylı Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğinin icarə haqqı kimi, hansı məbləğinin isə çınqıl-qum-atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş üzrə tərəflərin nümayəndələri də bu halları müəyyən edə biləcək dəlilləri məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də cavabdehin borcunun məbləğini faktiki ödənişlərin hamısını nəzərə almaqla dəqiq müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəf özü də faktiki ödənişlərinin hansı hissəsinin tələb olunan icarə haqqı ödənişlərinə aid olduğunu aydınlaşdırmağa imkan verən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-436/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-218/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-218/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver