Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-22/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 436/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-436/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsi üzrə 115640 (bir yüz on beş min altı yüz qırx) manat borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 39 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdehndən 366 (üç yüz altmış altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-436/2023 saylı qətnaməsinin qismən, mübahisələndirilən 33040 manat məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-436/2023 saylı qətnaməsinin qismən, yəni iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul tələbinə dair iddiasının təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 148680 manat pulun və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5” MMC ilə "xxxx" ASC arasında 28 oktyabr 2019-cu il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə İcraçı Sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq Əlavə(lər)də göstərilən şərtlərlə malmaterialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərir. Sifarişçi isə icraçının göstərdiyi bu xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Müqaviləyə 22 sentyabr 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14000 manat olmaqla cavabdehə verilmişdir. 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil olmaqla 148680 manat təşkil edir. Lakin cavabdeh tərəfindən ödənişlərin edilməsindən imtina edilmiş və göndərilmiş elektron qaimələri isə qəbul etməmişdir. Əsas kimi göstərmişdir ki, texnika onlarda olan aylar üzrə az istismar edilmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T-387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci ilin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 11 gün istismar edilmişdir. Digər tərəfdən “X5” 28 fevral 2022-ci ildə (maşın və mexanizmlərin təhvil verilməsi) barədə akt tərtib edilərək göstərilmişdir ki, həqiqətən "xxxx" ASC-yə məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsi son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X5” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar ”X5” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Qeyd edilməlidir ki, həmin aktla həqiqətən “Rokson” markalı nəqliyyat vasitəsinin 2020-ci ilin dekabr ayından “X5” MMC-də olması müəyyən olunmuşdur. O ki qaldı texnikanın 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər istifadə olunmamasına, birincisi, onun istismar olunmaması cavabdehi aylıq ödənişin edilməsindən azad etmir, ikincisi isə həmin texnikanın qaytarılması üçün onlara xəbərdarlıq edilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi ki, onu geri götürsünlər. Ancaq texnikanın geri qaytarılması yalnız 28 fevral 2022-ci ildən sonra baş tutmuşdur. Halbuki 22 sentyabr 2020-ci il tarixli “X2” qeyd şərtsiz xidmət haqqı aylıq müəyyən edilərək 14000 manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, texnika götürülərkən “X5” MMC həmin texnikadan 1 dəfə və yaxud bütün ay ərzində istifadə etməsi müəyyən edilmiş haqqın ödəniləcəyi barədə hər hansı qeyd göstərilməmişdir. Cavabdeh “X5” MMC ilə "xxxx" ASC arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcuddur, ancaq xidmətlərin növü və qiyməti fərqli müəyyənlşdirilmişdir. Belə ki, 28 oktyabr 2019-cu il tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat qiymət müəyyən edilmişdir. Ancaq 22 sentyabr 2020-ci il protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14000 manat müəyyənləşdirilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində cavabdehdən dövlət rüsumu kimi 439 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Həmin pulun 400 manatı mediasiya xərci, 39 manatı isə dövlət rüsumuna aiddir. Odur ki, iddianı dəqiqləşdirərək, Cavabdeh MMC-dən 148680 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 39 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intstansiya məhkəməsi işdə olan sübutlara qismən düzgün hüquqi qiymət verməmiş, istinad etdiyi sübutların isə nəticəyə gəlməsi üçün yetərli olmamasını nəzərə almamış, nəticədə iddianın rədd edilən hissəsində prosessual hüquq normaların pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 28 oktyabr 2019-cu il tarixdə QSZX 236/1019 nömrəli “Xidmət Müqavilə”si imzalamışlar. QSZX 236/1019 saylı, xx.xx.2019-cu il tarixli MÜQAVİLƏYƏ ƏLAVƏ 3 “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair 22 sentyabr 2020-ci il tarixli “QİYMƏT RAZİLAŞMA PROTOKOLU”NA əsasən 1 ədəd “ROKSON” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000(on dörd min) manat olmaqla cavabdehə verilmişdir. İlk müddətdə cavabdeh ödənişləri etsə də, sonradan “X5” bağlanmış və uzun müddət onlarla əlaqə saxlaya bilməmişlər. Ödənişlər dayanmış, texnika isə iddiaçı şirkətə qaytarılmamışdır. Eyni zamanda müqavilənin ləğv edilməsi barədə iddiaçıya bildiriş göndərilməmiş, məhkəməyə müraciət edilməmişdir bununla bağlı 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, 2021-ci ilin mart, 2021-ci ilin iyun, 2021-ci ilin iyul, 2021-ci ilin sentyabr, 2021-ci ilin noyabr və 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil 148680 (bir yüz qırx səkkiz min altı yüz səksən) manat təşkil edir. Lakin cavabdeh tərəfindən ödənişlərin edilməsindən imtina edilmişdir. Göndərilmiş elektron qaimələri isə qəbul etmirlər. Yeni rəhbərin təyin olunması bəhanəsi ilə təhvil-təslim aktları imzalanmamışdır. Əsas kimi göstərmişlər ki, texnikanın onlarda olan aylar üzrə az istismar etmişlər. Belə ki, cavabdeh sifarişçi tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T- 387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci lin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 1 gün istismar edilmişdir. Digər tərəfdən “X5” ilə 28 fevral 2022-ci ildə maşın və mexanizmlərin təhvil verilməsi barədə Akt tərtib edilərək göstərilmişdir ki, "xxxx" ASC və xidmət müqaviləsinə əsasən, həqiqətən "xxxx" ASC-yə məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsi aşağıdakı cədvəldə göstərilmiş son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X5” MMC-də istifadə olunmamış və "xxxx"ASC tərəfindən geri götürülməmişdir. Texnikalar ”X5” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Qeyd edilməlidir ki, həmin aktla həqiqətən “Rokson” markalı nəqliyyat vasitəsinin 2020-ci ilin dekabr ayından “X5”nda olması müəyyən olunmuşdur. Bu işin mübahisə olunmayan halıdır. Birinci instansiya məhkəməsi iddianı 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər istifadə olunmamasına əsaslanaraq həmin hissədə, yəni 3 ay icarə haqqını cavabdehdən tutmamış, həmin hissədə iddianı təmin etməmişdir. Həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edirlər. Belə ki, birincisi onun istismar olunmaması cavabdehi aylıq ödənişin edilməsindən azad etmir, ikincisi isə həmin texnikanın qaytarılması üçün onlara xəbərdarlıq edilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi ki, onu geri götürsünlər. Ancaq texnikanın geri qaytarılması yalnız 28 fevral 2022-ci ildən sonra baş tutmuşdur. Həmin texnikanın istifadə olunub-olunmamasından onlara məlumat verilməmiş, ümumiyyətlə texnikanın harada necə işlətmələri də məlum deyildir. Bununla belə 22 sentyabr 2020-ci il tarixli “QİYMƏT RAZİLAŞMA PROTOKOLU”NDA qeyd şərtsiz xidmət haqqı aylıq müəyyən edilərək 1 ayı 14000 (on dörd min) manat müəyyən edilmişdir. Həmin protokolda texnikanın gündəlik görəcəyi iş və ya miqdarı müəyyən edilməmişdir. Cavabdeh “X5” ilə "xxxx" arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcuddur, ancaq xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. Belə ki, 28 oktyabr 2019-cu il tarixli protokolda konkret görüləcək işin 1 on mala görə 10, 13 və 18 manat qiymət müəyyən edilmişdir. Ancaq 22 sentyabr 2020-ci il protokola görə 1 ədəd “Rokson”texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir. Bu da faktiki olaraq tərəflər arasında icarə münasibətlərinin mövcudluğuna dəlalət edir ki, texnikanın aylıq haqqı 14000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin bu kimi hallarını nəzərə almamış, iddianı həmin hissədə rədd edərkən maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslanıdrmışdır ki, birinci instasiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi və prosessual hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsinə görə, iddiaçı/icraçı cavabdehin/sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq, əlavədə göstərilən şərtlərlə (sürücü operatoru öz hesabına təyin etməklə) mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən məlum olur ki, 1) icraçı xidmət göstərərkən öz hesabına sürücü-operatoru təmin etməli; 2) tərəflər arasında hər təqvim ayının sonunda göstərilən daşıma xidmətlərinə dair təhvil-təslim (və ya üzləşmə) aktı ımzalanmalı və sifarişçiyə elektron qaimə/hesab-faktura təqdim olunmalı idi. Bu əsaslardan birinin mövcud olmaması, icraçı tərəfindən xidmətlərin göstərildiyini istisna edir. İddiaçıya məxsus “Rokson” markalı texnikanın sifarişçiyə məxsus ərazidə müvəqqəti olması/qalması isə xidmətlərin göstərildiyinə dəlalət etmir. Odur ki, iddiaçı cavabdehə qarşı müqavilə üzrə xidmət haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsinin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və cavabdehə təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə işlər görülmüşsə, həmin işlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Lakin birinci instansiya məhkəməsi hüquq normasınını tələbini tətbiq etməmiş, bir daha maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Halbuki, iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə texnikanın 29 oktyabr 2021-ci il tarixədək istifadə olunması barədə nəticəyə gəlsə də, əslində məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Yuxarıda göstərildiyi kimi, tərəflər iddiaçı tərəfindən göstərilən xidmətlərə dair hər ayın sonunda təhvil-təslim aktı imzalamalı idi. Buna baxmayaraq, tərəflər arasında nə təhvil-təslim aktı imzalanmamış, nə də elektron qaimə cavabdehə təqdim olunmamışdır. Xidmət göstərilmədiyinə görə, cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixdə, yəni sonradan təqdim etdiyi elektron qaiməni qəbul etməmiş və ona etiraz etmişdir. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-436/2023 saylı qətnaməsinin qismən, mübahisələndirilən 33040 manat məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-436/2023 saylı qətnaməsinin qismən - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul tələbinə dair iddiasının təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı tərəflərin nümayəndələrini dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apelllyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə “X5” MMC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı “Xidmət Müqaviləsi”ndən görünür ki, icraçı "xxxx" ASC sifarişçi “X5” MMC-nin verdiyi sifarişlərə uyğun olaraq Əlavə(lər)də göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və s. xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” X2n görünür ki, 1 ədəd “Rokson” markalı 05- T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14000 manat (ƏDV xaric, yanacaq xaric) olmaqla müqaviləyə 3 saylı Əlavə imzalamışlar. Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, İcraçı Texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin edir. 3-cü bəndində isə göstərilir ki, Texnikanın sürücü-operatorunu yeməklə (gündə 3 dəfə) Sifarişçi təmin edir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X5” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X5” MMCyə son təhvil verildiyi kimi saz vəziyyətdədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 532863 nömrəli elektron qaimədən görünür ki, 1 ədəd “Rokson” markalı texnikaya dair aylıq 14000 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV hər ay üçün 2520 manat olmaqla müəyyənləşmiş icarə haqqı 2020-ci ilin avqust, dekabr ayları üçün, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr ayları üçün və 2022-ci ilin yanvar ayı üçün cəmi 148680 manat icarə haqqı üzrə borcunun olmasına dair "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qaimə ötürülmüş, lakin qaimə sonuncu tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8644 saylı rəyi ilə İddiaçı ASC tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim Aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249861,87 manat ödənilməli məbləğin olduğu, “X5” MMC tərəfindən ödənilmiş ümumi məbləğin isə 290031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, “X5” MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır ki, iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə xx.xx.2019-cu il tarixli QSZX 236/1019 saylı Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğin icarə haqqı kimi, hansı məbləğin isə çınqıl-qum- atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa təqdim edilmiş iş materiallarında tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş maşın və mexanizmlərin təhvil verilməsi haqqında Aktda öz əksini tapmışdır ki, həmin Aktda "xxxx" ASC-yə məxsus “ROKSON” markalı xx.xx.2021-ci il olmaqla, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər “X5” MMC-də istifadə olunmadığı və "xxxx" ASC tərəfindən geri götürülmədiyi qeyd olunmuşdur. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş: 08 yanvar 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 4 (dörd) gün “X5” MMC-də icarədə olmuşdur. Həmin aktı hər iki tərəf imzalamışdır. 19 mart 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2021-ci ilin fevral ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 8 (səkkiz) gün “X5” MMC-də icarədə olmuşdur. 17 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2021-ci ilin mart ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 1 (bir) gün “X5” MMC-də icarədə olmuşdur. 06 iyul 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2021-ci ilin iyun ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 29 (iyirmi doqquz) gün “X5” MMC-də icarədə olmuşdur. 05 avqust 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2021-ci ilin iyul ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 31 (otuz bir) gün “X5” MMC-də icarədə olmuşdur. 13 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı əlavəyə əsasən 2021-ci ilin iyun ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 11 (on bir) gün “X5” MMC-də icarədə olmuşdur. xx.xx.2021-ci il tarixli EBBY seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsi ilə görülmüş xidmətlərə görə Cavabdeh MMC-yə 2021-ci ilin iyun ayı üzrə 14000 manat, iyun ayı üzrə 13533,33 manat, 2020-ci ilin oktyabr ayı üzrə 8580,64 manat, 2020-ci ilin sentyabr ayı üzrə 2800 manat hesablamışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 2021-ci ilin aprel ayı üzrə 10769,20 manat hesablamışdır. xx.xx.2022-ci il tarixli EBBY seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 2021-ci ilin yanvar-dekabr ayları üzrə 11307,66 manat hesablamışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 2021-ci ilin oktyabr ayı üzrə 12384,58 manat ödəniş hesablamışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 16692,26 manat hesablamışdır. xx.xx.2022-ci il tarixli EBBY seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 2020-ci ilin noyabr ayı üzrə 9692,28 manat hesablamışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı elektron qaimədən görünür ki, "xxxx" ASC ROKSON markalı nəqliyyat vasitəsinin icarəsi ilə bağlı Cavabdeh MMC-yə 2021-ci ilin may ayı üzrə 12923,04 manat hesablamışdır. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8644 saylı rəyi ilə İddiaçı ASC tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim Aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249861,87 manat ödənilməli məbləğin olduğu, "X5" MMC tərəfindən ödənilmiş ümumi məbləğin isə 290031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, “X5" MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır ki, iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə xx.xx.2019-cu il tarixli QSZX 236/1019 saylı Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğin icarə haqqı kimi, hansı məbləğin isə çınqıl-qum- atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa təqdim edilmiş iş materiallarında tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş maşın və mexanizmlərin təhvil verilməsi haqqında Aktda öz əksini tapmışdır ki, həmin Aktda "xxxx" ASC-yə məxsus "ROKSON" markalı xx.xx.2021-ci il olmaqla, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər "X5” MMC-də istifadə olunmadığı və "xxxx" ASC tərəfindən geri götürülmədiyi qeyd olunmuşdur. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, “X5” MMC ilə "xxxx" ASC arasında 28 oktyabr 2019-cu il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə İcraçı Sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq Əlavə(lər)də göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərməyi, Sifarişçi isə icraçının göstərdiyi bu xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə görə hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı (və ya üzləşmə aktı) imzalanır. 2.3-cü bəndinə görə isə bu müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdanvə ay ərzində göstərilmiş xidmətə dair elektron qaimə/hesab-faktura ”Sifarişçi”yə təqdim olunandan sonra 30 iş günü ərzində nağdsız qaydada, bank köçürmə yolu ilə həyata keçiriləcəkdir. Müqaviləyə 22 sentyabr 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14000 manat olmaqla cavabdehə verilmiş, icraçı texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin etmişdir. Həm iddiaçı, həm də cavabdeh tərəfin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş təhvil-təslim aktlarına görə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 3 saylı Əlavəyə əsasən "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 2020-ci ilin dekabr ayında 4 (dörd) gün, 2021-ci ilin fevral ayında 8 (səkkiz) gün, 2021-ci ilin mart ayında 1 (bir) gün, 2021-ci ilin iyun ayında 29 (iyirmi doqquz) gün, 2021-ci ilin iyul ayında 31 (otuz bir) gün, 2021-ci ilin sentyabr ayında 11 (on bir) gün “X5” MMC-də icarədə olmuşdur. İddiaçının cavabdehə göndərdiyi elektron qaimələrdən göründüyü kimi iddiaçı "xxxx" ASC “ROKSON” markalı nəqliyyat vasitəsi ilə görülmüş xidmətlərə görə Cavabdeh MMC-yə 2021-ci ilin iyul ayı üzrə 14000 manat (31 iş gününə görə), 2021-ci ilin iyun ayı üzrə 13533,33 manat (29 iş gününə görə), 2020-ci ilin oktyabr ayı üzrə 8580,64 manat, 2020-ci ilin sentyabr ayı üzrə 2800 manat, 2021-ci ilin aprel ayı üzrə 10769,20 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 11307,66 manat, 2021-ci ilin oktyabr ayı üzrə 12384,58 manat, 2021-ci ilin avqust ayı üzrə 16692,26 manat, 2020-ci ilin noyabr ayı üzrə 9692,28 manat, 2021-ci ilin may ayı üzrə 12923,04 manat hesablamış, həmin elektron qaimələr cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında həm də müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə 9 ay üçün ümumilikdə (ƏDV daxil) 148680,00 manat pul vəsaitinin ödənilməsi ilə bağlı EBCK seriyalı 532863 nömrəli elektron qaimə göndərmiş, lakin cavabdeh həmin elektron qaiməni qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 29 oktyabr 2021-ci il tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14000 manat olmaqla (ƏDV daxil 16520 manat) cəmi 115640 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, texnika son istifadə müddəti, yəni 29 oktyabr 2021-ci il tarixdən texnikanın iddiaçıya təhvil verildiyi 28 fevral 2022-ci ilə qədər istifadə olunmamışdır. Həmin müddət ərzində iddiaçı 2021-ci ilin noyabr, 2022-ci ilin yanvar ayı üçün ödəniş tələb edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 366 manat 64 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 29 oktyabr 2021-ci il tarixdən iddiaçıya təhvil verildiyi 28 fevral 2022-ci ilə qədər istifadə olunmadığından birinci instansiya məhkəməsi 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək hesablanmış icarə haqqı borcunu təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyaya təqdim edilmiş təhvil-təslim aktlarından və həmin aktlar əsasında tərtib edilmiş elektron qaimələrdən görünür ki, 22 sentyabr 2020ci il tarixli 3 saylı Əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnikanın işlədiyi günlərə əsasən cavabdeh “X5” MMC-yə borc hesablanmışdır. Yəni müqavilənin məzmunundan da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi yox, özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsidir. Hazırda isə iddiaçı "xxxx" ASC tərəflər arasındakı münasibətlərin icarə münasibətləri olduğunu qeyd edərək texnikanın cavabdehdə olduğu müddətdən hər bir ay üçün 14000 manat ödənilməsini xahiş edir. Bu isə onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun deyildir. Ona görə ki, iddiaçı cavabdehə yalnız texnikanı yox, həmçinin həmin texnikanı idarə edən sürücü-operatoru da vermiş, sürücü-operatora əmək haqqını iddiaçı özü ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan da göründüyü kimi icarə müqaviləsi ilə podrat müqaviləsi arasında oxşar cəhətlər olsa da, lakin həmin müqavilələr mahiyyətcə fərqlənir. İcarə müqaviləsinə əsasən icarə obyektindən istifadə edərək gəlir götürürsə, podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin tərəflər arasında bağlanmış xidmət müqaviləsinin icarə müqaviləsi kimi izah etməsini əsassız sayır. Bundan baqşa, ekspert rəyi ilə İddiaçı ASC tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim Aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249861,87 manat ödənilməli məbləğin olduğu, “X5” MMC tərəfindən ödənilmiş ümumi məbləğin isə 290031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, “X5” MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə xx.xx.2019-cu il tarixli QSZX 236/1019 saylı Xidmət müqaviləsinə əsasən “X5” MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcunun olmaması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsdində ləğv edilərək iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması nəticəsinə gələrkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası МPМ-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-436/2023 saylı qətnaməsi iddianın təmin edilmiş - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsi üzrə 115640 (bir yüz on beş min altı yüz qırx) manat borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 39 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və Cavabdehndən 366 (üç yüz altmış altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 200 (iki yüz) manat miqdarında pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-22/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-22/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver