Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-220/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6- MCR-1-121-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu və 360 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 32213 (otuz iki min iki yüz on üç) manat 39 (otuz doqquz) qəpik məbləğində borc və 186 (bir yüz səksən altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27929,15 manat əsas borc, 3923,66 manat faiz borcu və 360,58 manat cərimə borcu olmaqla cəmi 32213,39 manat borcun, 186,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən "xxxx" MMC-yə İddiaçı ASC-nin MXD filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən "xxxx" MMC İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin yanvarın 12-dək “Taksi Brend-020 “ MMC-nin banka xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 27929,15 manat əsas borc, 3923,66 manat faiz borcu və 1442,3 manat cərimə borcu olmaqla cəmi 33295,11 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1442,3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 360,58 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona qarşı münasibətdə iddiaçının iddiasını təmin etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə iclasında zaminlərin iştirakları təmin edilməmiş, onların izahatları alınmamış, lakin borcun tutulması müştərək qaydada müəyyən olunmuşdur. Halbuki, o ödəməni öz iradəsindən asılı olmayaraq yerinə yetirə bilməmişdir. Onun tərəfindən ödəmələrin gecikməsi səbəbi maddi durumumun pisləşməsi olmuşdur. Məhkəmə də buna heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, "xxxx" MMC-yə biznes məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli Z/03132/23, Z/03131/23 və Z/03128/23 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 27929,15 manat əsas, 3923,66 manat faiz, 1442,30 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya uyğun olaraq 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmış, xx.xx.2023-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən "xxxx" MMC İddiaçı ASC-dən aylıq 1,67 % olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Bank müqavilə öhdəliyini yerinə yetirərək razılaşdıqları məbləğdə krediti cavabdehə (borcalana) vermiş olsa da, sonuncu müqavilə öhdəliyinə lazımi qaydada əməl etməmiş, yuxarıda göstərilən məbləğdə kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında 27 fevral 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra "xxxx" MMC ilə İddiaçı ASC arasında 27 fevral 2023- cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən "xxxx" MMC-yə biznes məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu, 360 manat 58 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. "xxxx" MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit verilməsinə dair razılaşma üzrə yaranmış 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu, 360 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 32213 manat 39 qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti borcalan tərəfindən yox, zamin tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, müqavilə şərtlərinə görə öhdəliyin icrası ilə bağlı zamin də əsas borclu ilə eyni dərəcədə, yəni müştərək məsuliyyət daşıyır. Ona görə də məhkəmə iddia tələbini zaminə münasibətdə də təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh2 məhkəmə bildirişi göndərmiş (o cümlədən SMS xəbərdarlığı edilmiş), cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-493/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-220/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-220/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver