Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-221/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dividendin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2- 2(115)-1193/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1997-ci ildən bu günədək ödənilməmiş dividentlərin "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci il tarixdən etibarən "xxxx" ASC-nin səhmdarlarından biridir. Lakin bu günədək cəmiyyətin fəaliyyəti ilə bağlı heç bir yığıncağa çağrılmamış və cəmiyyətin illik hesabatını almamışdır. Həmçinin cəmiyyətin bu günədək fəaliyyəti, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, gəlir və xərcləri, hesabat dövrü üzrə maliyyə göstəriciləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, cəmiyyətə məxsus səhmlərin hərəkəti və.s barədə məsələlərla bağlı məlumatsız olmuşdur. Cəmiyyətə ünvaladıqları məktuba verilən cavabdan da görünür ki, 1997-ci ildən 2003 və 2004-cü ilə kimi gəlir ilə işləmiş və səhmdarlara dividentlər müvafiq qaydada hesablanmışdır. 2003-cü ildə səhmdara 3.73 manat, 2004-cü ildə 4.42 manat ümumilikrə 8.15 manat pay düşmüşdür. Qalan illər üzrə isə maliyyə-təssərüfat göstəriciləri qənaətbəxş olmamışdır. Bütün bu göstərilənlər onu deməyə əsas verir ki,cəmiyyət fəaliyyəti ilə bağlı məlumatlar, eləcə də gəlir və xərc məsələsi barədə məlumatları düzgün göstərmir. Belə ki, cəmiyyət yarandığı gündən fəaliyyətini davam etdirmişdir, bu isə cəmiyyətin gəlirli fəaliyyətlə məşğul olduğunu deməyə əsas verir Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadı ilə (hakim K.Vəliyev) iddia ərizəsi, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadından narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmədən kənar həll qaydasına riayət olunmuşdur. Buna görə də qərardadı qanunsuz və əsassız hesab edir. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi aşağıda qeyd olunan maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5-ci maddsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmə. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Həmçinin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında göstərilə hüquqi mövqeyə istnad edərək qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi səhmdar cəmiyyəti nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Dividendlərin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Bu qərar 30 gün ərzində icra edilir. Göründüyü kimi dividentin ödənilməsi məsələsinə səhmdar cəmiyyətdə hər bir il üzrə keçirilən ümumi yığıncaqda baxılır. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Səhmdar olaraq divident almaq hüququ olan şəxsin hər bir il üzrə bölüşdürülən dividentin bölüşdürülməsində iştirak etmək, divident verilmədikdə və yaxud verilən dividentdən narazı qaldığı halda ümumi yığıncağının qərarından məhkəməyə şikayət etmək, belə bir yığıncaq keçirilmədiyi halda isə onun keçirilməsini tələb etmək hüququ vardır. Dividentin ödənilməsi vaxtaşırı xarakterli olduğundan qeyd edilənlər hər bir il üzrə ayrı-ayrılıqda həyata keçirilməlidir. İddiaçı əvvəlki illər üzrə ümumi yığıncaqların qərarlarını mübahisələndirmədən, hər bir il üzrə dividenti tələb etmədən 1997-ci ildən bu günə kimi olan dividentin ödənilməsi barədə iddia qaldırdığından onun ərizəsi mübahisənin məhkəməyə qədər həlli qaydalarına əməl etmədən verilmiş sayılır. Birinci instansiya məhkəməsi şikayətin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, divident şəxsin hesabında ayrılmış, lakin ödənilməmiş olduğu halda, yığışıb qalan pul vəsaiti kimi onun bir dəfəyə ödənilməsi tələb edilə bilər. Lakin, onun ayrılması barədə tələb divident almaq hüququ olan şəxsin hər bir il üzrə bölüşdürülən dividentin bölüşdürülməsində iştirak etmək, divident verilmədikdə və yaxud verilən dividentdən narazı qaldığı halda ümumi yığıncağının qərarından məhkəməyə şikayət etmək, belə bir yığıncaq keçirilmədiyi halda isə onun keçirilməsini tələb etmək yolu ilə irəli sürülə bilər. İddiaçı əvvəlki illər üzrə ümumi yığıncaqların qərarlarını mübahisələndirmədən, hər bir il üzrə dividenti məhkəmə qaydasında tələb etmədən 1997- ci ildən bu günə kimi olan son 25 il üzrə dividentin ödənilməsi barədə iddia qaldırır. Məhkəmə onu da qeyd edir ki, mübahisə bir il ərzində açılmalı idi ki, ona baxılması və həll edilməsi mümkün olsun. Müqayisə olaraq deyə bilərik ki, 1999-cu ildə dividentlərin bölüşdürülməsi səhmdarlarının ümumi yığıncağının qərarı ilə həll edilib və yaxud edilməyib. Hər bir halda 1999-cu il üzrə dividentlərin yenidən bölüşdürülməsi barədə mübahisəyə baxılması mümkünsüz olur. Dividentin ödənilməsi və bu barədə qəbul edilən qərarlar hər bir il üzrə vaxtaşırı xarakterli olduğundan qeyd edilənlər son 25 ilin hər bir ilində ayrı-ayrılıqda tələb olunmalı idi. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı kifayət qədər əsaslandırılmaqla, qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilinə münasibətdə əlavə olaraq isə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış 20 avqust 2003-cü il tarixli, 28 noyabr 2007-ci il tarixli, xx.xx.2011-ci il tarixli və 29 oktyabr 2022-ci il tarixli məktubları əlavə etmişdir ki, həmin müraciətlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ildə bir dəfə ümumi yığıncağının keçirildiyi, 2003 və 2004-cü illər üzrə mənfəət əldə edildiyi və həmin mənfəətin bölüşdürüldüyü, payına çatan mənfəəti mühasibatlığa müraciət etməklə əldə edə biləcəyi, qalan dövrlər üzrə isə Cəmiyyətin mənfəətinin olmaması səbəbi ilə dividendin hesablanmaması bildirilmişdir. Bundan başqa iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağının 14 iyun 2023-cü il tarixli protokolunu iddia ərizəsinə əlavə etmişdir ki, həmin protokoldan görünür ki, gündəlikdəki olan məsələlərdən biri 2022-ci ilin yekunu üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı, digəri də mənfəətin bölüşdürülməsi ilə bağlı olmuş, 2022-ci təsərrüfat ilinin 76135,86 manat zərərlə başa vurulması bildirilməklə, ümumi yığıncağın cəmiyyətin 2022-ci il üzrə illik balansı və Cəmiyyətin Təftiş Komissiyasının hesabatının təsdiq edilməsi qərara alınmışdır. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 iyun 2023-cü il tarixdə səhmdarlarının illik ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaqda, bir sıra qərarlarla yanaşı, həmçinin mənfəətin bölüşdürülməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilmişdir. İddiaçı isə ümumi yığıncağın qərarından şikayət verməyərək, 1997-ci ildən hazırkı vaxtadək ona dividend ödənilməsi ilə bağlı qeyri-müəyyən tələb irəli sürmüşdür. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən idda ərizəsində iddianın predmeti və qiyməti qeyd olunmaqla tələb irəli sürülməlidir. İddia ərizəsində qeyd olunanlar göstərilmədikdə isə iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş hesab olunur ki, bu da iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, dividend şəxsin hesabında ayrılmış, lakin ödənilməmiş olduğu halda, yığışıb qalan pul vəsaiti kimi onun bir dəfəyə ödənilməsi tələb edilə bilər. İddiaçı isə konkret olaraq hansı maliyyə-təsərrüfat ili üzrə nə qədər dividend tələb etməsini iddia ərizəsində göstərməmiş və buna müvafiq olaraq da mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı səhmdarı olduğu cavabdeh Cəmiyyətə də müraciət etməmişdir. Hazırkı işin hallarından isə göründüyü kimi iddiaçı ümumilikdə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən narazı qalmaqla, dolayısı ilə 1997-ci ildən hazırkı dövrədək məhkəmə qaydasında Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və həmin yoxlamanın nəticəsində isə Cəmiyyətin mənfəəti müəyyən edildiyi halda ona dividendlərin ödənilməsinə dair qərar qəbul edilməsi niyyətindədir. Halbuki, Mülki Məcəllənin 106-1-ci maddəsində nəzərə tutulan bir sıra hüquqlara, o cümlədən yuxarıda qeyd olunduğu kimi səhmdarın səhmdarlarının illik ümumi yığıncağında iştirak etməklə, gündəlikdə olan məsələlərin müzakirəsində və həllində iştirak etmək, qəbul edilmiş qərardan narazı qaldığı halda isə məhkəməyə şikayət vermək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-2(115)-1193/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-221/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-221/2023
15.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver